22.08.2011

Nənəmin adı əslində Mariyadı

Mir Bağır 
Azad Yazarlar Ocağı

Cavanşirin I gündəliyi
                  
Mən  də  deyirəm  axı!  məndə  bu  fransız  ehtirası  hardandıı.

  Axşam  oldu,
  Günəş  söndü 
  Ay  göründü.
  Həyətimizdə  pomidor  zibil  kimidi.
  Nənəm  yığdı  bir  yeşik,
  Qiymət  ölüb  bazarda,
  Kilosu  cəmi  beş  qəpik.
  Somalidə  camaat  acından  ölür,
  Nənəmə  dedim  gəl  bir  siyəzi  də  badımcan  yığıb,
  Somaliyə  göndərək,
  Allaha   da  xoş  gedər.
  Nənəm  razı  olmadı,
  Dedi:İran  göndərib,
  Türkiyə də, ABŞ da
  Mən  bunların  puluna 
  Taxta  qəlit  alacam.
  Bala  məni  bağışla

Nənəm  gördüyünüz  kimi  o  qədər  də  qəlbi  beton  insan  deyil.  Lakin,  ailə  həyatı qurduqdan  sonra  çəkdiyi  möhnətlərin  çoxluğu  onu  hələ  də  ehtiatlı  olmağa  sövq  edir. Düz  42  il  pambıq tarlalarında  üzüm  əkinlərində   can  qoyub,  14  böyüdüb  boya  başa  çatdırıb, 11  qızını  ərə  verib, cehiz  salıb,  üç  oğluna  diplom  alıb.
Öz  aramızdı   hamısı  pul  istəyir.Nənəm  təhsilə  böyük  önəm  verir,  təhsili  olmayanı  asanlıqla  oğru  da  qatil  də  terrorçu  da  qayırmaq  olar.  Hər  şeyin  kökündə  özünüdərk  durur  deyir  nənəm.  Düzdür  təhsilli  çobanlar  da  az deyil.  Lakin, təhsilli olmaqla təhsili almaq arasında böyük bir fərq var, bunu  tutmaq  lazımdır, təhsil  cəmiyyətin  güzgüsüdür.  Təhsil  təkcə  millətin  gələcəyi  deyil,  həm  də  millətin  keçmişi  və  bu  günüdür.  Vallah  mənim  heç  bir  günahım  yoxdur  nənəm  belə   deyir. 
Bir  də  nənəm  deyir  ki  təhsil  Azərbaycanda  Avropa  ədəbiyyatında  Dantenin  “İlahi”  komediyası  kimi,  böyük  əhəmiyyətə  malik  olmalıdır.  Bir  də  nəməm  həm  də  belə  fikirləşir -  xarakterik  haldır  ki, Stolıpinin    fəaliyyəti  illərində  mühafizəkar  tənqidçilər  onun  şəxsində  rusiyanın  qənimini  görürdülər,  ancaq,  özlərini  liberal  sayan  kadetlər  Avropa  konteksində   əslən  radikallar  idilər. Stolıpini   muhafizəkar  adlandırırdılar.  Həqiqətdə  isə  o, liberal  idi. O, belə  hesab  edirdi  ki  inkişaf  etmiş  cəmiyyət  yaratmazdan  əvvəl, biz  vətəndaş  yaratmalıyıq  və  buna  görə  də  savadsız  kəndliyə  hərtəfli   hüquqlar  verməzdən  əvvəl  onun  təhsilini,  həyat  səviyyəsini  qaldırmalıyıq,  Azərbaycanda  isə  bunun  tamam  əksi  baş  verir. Mən  nənəmin  fikirlərini  başa  düşə  bilmirəm  axı  o  nələrdən  danışır?   Təkcə  onu  bilirəm  nənəm  dahidir,  160  manat  pensiyə  alır,  çox  da  verməsə  siqaret  pulumu  verir. Buna  görə  nənəmə  dəstək  oluram.  O  düz  danışır.  Həm  də  təsərrüfatla  məşğul  olur  həyətimizə  baxsan  bir  metr  boş  yer  tapa  bilməzsən,  əkir, tökür,  mən  də  narahat  oluram. 80  yaşı  var.  Allah  eləməsin  qəflətən soyuqlasa  mən  nə  edərəm? Hərdən  əsəbləşib  özümdən  çıxıram,  deyirəm: “  ay  nənə  içinə  azar  olmuş  bu  kartofdan,  xiyardan, pomidordan,  badımcandan  Azərbaycanda  nə  qədər  istəsən  var,  qiyməti  də  ucuz,  axı  niyə  özünü  əziyyətə  salırsan”  nənəm  də  kefini  pozmadan “  bala, həyət  malı  başqadır,  gözümün  qabağında  yetişir”  deyə  cavab  verir.  Eeh  ay  nənə!
Birazda  babamdan  danışım  yaxşı  çıxmaz,  kişi  inciyib  eliyər.  Həyat,  dünya,  insan,  elm  haqqında  kifayət  qədər  biliklərə  malik  olmasa  da,  o  bu  evin  kişisi  olub.  Çox  uşaqlı  olduğuna  görə  babama  tay-tuşları  mufta  qaz  Mirzə  deyərdilər.  Babam  qoçaq  kişi  olub,  buradan  fransaya – Tuluza şəhərinə  qədər  gedib  çıxıb  muharibə  dönəmində..  bəzən  insan  həyatının  dəyişməsi,  düşüncə  tərzinin  dəyişməsi,  cəmiyyətdə  inqilabi  sıçrayışın   baş verməsi  üçün  qanlı-qadalı  müharibələrin  olması  labüd  imiş.  Babamdan  atama,  atamdan  da  mənə  nəql  olunan  bir  maraqlı  hekayə  var, danışmaq  istəyirəm,  lakin,  qulağımın  dibində  vızıldayan  həşəratlar  fikrimi yayındırır,  zəhləmi  tökür  amma  mən  də  inadkaram,  dedimsə  danışacam deməli  danışacam.  Babam    Krımın  düşmənlərdən  azad  olunmasında  iştirak  edən  hərbi  hissənin  tərkibində  döyüşüb.  Jukov  Stalinə  nə  qədər  başa  salmaqa  çalışsa  da   biz  Krımı  almanlardan  geri  ala  bilmərik  deyə,  lakin,  köntö  Stalin   bildiyini  eləyib. Mənim  ordum  hər  şeyə  qadirdir  deyib  və  hücum  əmrini  verib.  Bəzən  dahilər  elə  uydurmalar  yaradıb  özlərini  buna  inandırılar  ki,  bunu  heç  körpə  uşaqlar  eləməz.  Babam  atama  deyirmiş  ki  11  nəfər  əsgərə  3  silahımız  var  idi.  Hər  kəs  həsrətlə  kimin  birinci  öləcəyini  gözləyirdi  ki  əlinə  silah  keçsin.  Stalinin   qızıl  ordusu  nə  qədər  çalışsa  da  Krımı  tuta  bilmədi  əksinə  almanlar  bizi  kürüyüb  leşlərimizi  ölmüş  heyvan  cəmdəkləri  kimi  qara  dənizə  tökdülər.  Mən  Qara dənizlə  Azov  dənizini  birləşdirən  kerç  boğazına  baxanda  dəhşətə  gəldim, suyun  üzü  insan  cəsədlərinin  çoxluğundan  görünmürdü,  sanki  insan  cəsədlərindən  bir  körpü  düzəldilmişdi. Almanlar  bizi  Krımda  əsir  alıb  Fransanın  Tuluza  şəhərinə  gətirdilər.  Hələ  o  vaxt  əsir  alınan  erməni  əsgərləriylə  insani  rəftar  edilirdi.  Hər  bazar  günü  Fransada  olan  erməni  lobbisinin  nümayəndələri   erməni  əsirləriylə  görüşüb,   onlara  təmiz   paltar,  qida  məhsulları:  çaxır,  siqaret, hətta  donuz  ətindən  hazırlanmış  yağlı  kolbasalar  gətirirdilər.  Bizimə  Krımda  əsir  düşənlərin  arasında  Gəncə  şəhərindən  olan  Tarverdi  adında  bir  oğlan  da  var  idi.  Biz  Krımda  vuruşsaq  da  bunu  yalnız  əsirlikdə  tanıdım.  Üzünün  cizgilərində  heç  nədən  qorxmadığı  açıq  aydın  hiss  olunurdu.  Sən  demə  o  erməni  dilini  ermənilərin  özündən  yaxşı  bilirmiş. Mənim  erməniləri  görməyə    gözüm  yox  idi.  Çünki onlar  1918-ci  ildə   Şamaxıda  qardaşıgildə  qonaq  olan  atamı  və  əmimin  ailəsini  amansızlıqla  qətlə  yetirmişdilər.  Bir  dəfə  Tarverdi  mənə  yaxınlaşıb  “  Mirzə,  ağlıma  bir  fikir  gəlib,  istəyirəm  həmin  o  erməni  köpək  uşaqları  gələndə  mən  də  qabağa  çıxıb  erməni  olduğumu  bildirim”  dedi.  Mən  nə  qədər  ermənilərin  oğraşlığı,  qancığlığı,  vəhşiliyi  barəsində  misallar  gətirib  onu  fikrindən  daşındırmağa  çalışsam  da  Nuh  dedi,  peyğəmbər  demədi.  Hətta,  yalvararaq erməni  kimi  özünü  qələmə  verib  düşmənin  malını  yeməkdənsə  burada  acından  ölmək  daha  yaxşıdır  dedim.  Yenə  razı  olmadı.  “Mirzə  mənim  3  oğlum,  1  qızım,  1  də  gənc və  mənim  yolumu  gözləyən  gözəl  həyat  yoldaşım  var.  Necə  olursa  olsun  mən  buradan  sağ  çıxmalıyam” dedi.  Mən  onun  fikrində  qəti  olduğunu  görüb  üstünə  çox  da  getmədim.  Lakin, bunu  etdiyi  təqdirdə  mənə  salam   verməməsini,  yanımda oturmamasını,  istədim.  Ümumiyyətlə  bundan  sonra  məni  tanımayacağını  söylədim,  bunu  bacarmaram  dedi.  Həqiqətən  də  hər  dəfə  erməni  nümayəndəliyi  öz  əsirləriylə  görüşməyə  gələndə  Tarverdidə  özünü  qabağa  verib  ermənicə  daışır,  onlarla bir  sıraya  durur,  verilən  payı  aldıqdan  sonra  bir  hücrəyə  çəkilib,  öz  işini  görürdü.  Bir – iki  dəfə  mənim  də  onunla  oturmağımı  təklif  etsə  də  qəti  etirazımdan  sonra  bu  istəyindən  əl  çəkmişdi.
Bir  gün  gecə  yanıma  gəlib,  mənimlə  söhbət  etmək  istədiyini  bildirdi.sadəcə  söhbət  dedi  “ Mirzə,  mən  sadəcə  erməniləri  ələ  salıram,  onlara  hələ  bu  da  azdır.  Mən  heç  vaxt  haradan  olduğumu  unutmaram,  inan  mənə”  deyə  yanımda  oturmaq  istədi.  Imkan  vermədim.  Sərt  şəkildə  yanımdan  rədd  ol  dedim.  O  artıq  bir  söz  demədən  yanımdan  uzaqlaşdı.  Gecə  yuxunun  şirin  vaxtları  atəş  səslərinə  oyandım.  Məni  soyuq  tər  basmışdı.  Narahat  şəkildə  səhəri  açdım.  əsirlərin  səhər  düzülüşündə  Tarverdini  görmədim.  Heç  günorta  da  gözlərimə  dəymədi. Həmin  gün  bazar  günü  olduğundan  erməni  lobbisinin  nümayəndələri  gəlsə  də  Tarverdini  erməni  əsirlərinin  srasında  da  görmədim.  O  gündən  sonra  ümumiyyətlə  Tarverdini  görmədim. Ürəyim  o  qədər  kövrəlmişdi  ki, hətta  boşluğa  düşəndə  ağlamışdım  da,  axı  niyə  o  gecə  Tarverdini  yanımda  oturmağa  qoymadım.  Bəlkə  mənə  çox  vacib  bir  sözü  vardı.  Çox  peşman  olmuşdum.  Elə   indiyə  qədər  də  bu  peşmançılıq  mənimlədi.  Görəsən  Tarverdi  hara  yoxa  çıxdı?  Bəlkə  də  o  atəş  səsləri  onun  vaxtsız  əcəl  zəngi  idi,  ya  da  qaçarkən  arxasıyca   atılan  güllələrin  səsləri,  mən  bilmirəm.
Sənin  anana  gəldikdə isə  onu  Fransadan  gətirmişəm.  Muharibə  qurtardıqdan  sonra  1954-cü  ilə  kimi  Tuluzada  yaşadım. Necə  tanış  olduğumu  danışsam  qorxuram  başın  ağrıyar.
Stalin  öldükdən  sonra   muharibədə  əsir  düşənlərin  öz  vətənlərinə  qayıtmasına  icazə  verildi.  Mən  də  eləməyib  tənbəllik(daş  düşəydi  o  günə)  bu  fransız  qızını  da   götürüb   gəldim  Azərbaycana.  Əvvəllər  özünü  əsil  fransız  aristokrat  qadınları  kimi  aparan  bu  qadın  sonralar  burada  yaşamağın  nə   qədər  çətin  olduğunu  duyduqda  fransız  kübar  cəmiyyətinin  bütün  məziyyətlərini  buraxıb,  mənimlə  çiyin-çiyinə  verərək, pambıq  tarlalarında,  üzüm  əkinlərində  işlədi.  Ev qurduq,  sakit  və  mehriban  ömür  sürməyə  başladıq.  10  ildən  sonra  heç  kim  onun  fransız  olduğuna  inanmırdı,  heç  özü  də  fransız  olduğundan  qürurlanmaz,  əksinə  özünü  sovet  azərbaycanlısı  kimi  görmək  istədiyini,  hətta  gördüyünü  deyirdi. Düzdür  əlinə  kitab  götürüb  oxuyanda  ondan  zəhləm  gedirdi.  Özümü  gəlib  Azərbaycanda  halal  süd  əmmiş  bir  gözəl  qızla  evlənmədiyimə  görə  qınayırdım  da. Lakin,  Fransada  mənim  kimi  sadə  əsir  bir  müsəlmana  bu avropalı  qızın  göstərdiyi  dərin  ehtimad  yadıma  düşəndə  öz  fikirlərimə  görə  utanıb,  xəcalət  çəkirdim. Hansı  azərbaycanlı  və  ya  varlı  şərqli  qadını  bunu  edərdi.  Siz  deyin!  Bura  gəldikdən  sonra  ona  etdiyim  qəddarlığa  rəğmən  o  məni  dəlicəsinə,  əsil  fransız  romantikasına  xas  olan  qarşısıalinmaz  məhəbbətlə  sevirdi.  14  uşağın  olması  da  məhz  bu  sevginin  ən  bariz  nümunəsidir.  Öz  ailəsinə, ərinə  uşaqlarına  o  qədər  bağlanmışdı  ki,  heç  vaxt  Tuluza  şəhətində  olan  valideyinlərindən  sarı  darıxdığını  deməz,  mən  bizdələməsəm  heç  məktub  da  yazmazdı.  Qürbət  eldə  olan  mənəm, onlar  məni  axtarsınlar  deyirdi.  Məncə  də  haqlı  idi.
Bala,  əgər, mənə  hər  dəfə  cavan  olmaq  imkanı  verilsəydi  heç  şübhəsiz  həmişə  bir   fransız  qızı  ilə  evlənərdim.

Комментариев нет:

Отправить комментарий