22.08.2011

Duman Ərdəmə

Sayman Aruz
Sayman Aruz


       Gözəllik sənin möcüzəndir

Gözəllik,
sənin canlandırdığın möcüzədir.
Yoxsa bu mənim ağzımda və onun əllərindəki dəmir,
həqiqətin nöqsanıdır qısa-qısa dolanır ağız-əllərimizə.
Burda
qanun
ədaləti dilənməyə oturur
və yaşama oxşar bir şey cərəyandır.
Cərəyan dadır bütün hadisələr.
Sən isə girdə-dolaşıq bu girdabın ortasında qalırsan.
Qablayırlar sənə həyatı səsin çıxmır
və Qabili yox səni doğuran qəbiləni qaba tutub,
buyur donbal qabağında deyirlər, təzim elə!
Nə var-nə var səni salıb bu çirkabın kitabına fahişə!
Sonra da qəhbələrin başını kəsib “Ana yasa”ya yapışdırılar.
“Ana yasaq”dır deyirlər.
Gərək tüpürəm amma üfürürəm bu közə.
Qoy alışsın yansın.
Bir cərəyan "cəhrə"ciyı ilə yazılıb dostum!
Qaça-qaçırtdılar bizi ölkəmizdən.
Qurumsağı porsuqnan* qorxudan
Özü qorxudan öləcək
Və zindanların nəmişində Havay adalarını yadına salıb
“Pox yedim vallah məni buraxın” deyəcək.
Sonra da təvvab* olub Amerikaya gedəcək!
Adamda şərəf olsun gərək
Milli olanda nə olar!
Sözümü deyə bilmirəm axı neynirəm bu həyatı?
Dostum düşmənimdir divar olubdur damba-damb başıma çalınır.
Qeyrətim Araz kimi axır ortalıqda mənliyimi bölə-bölə sulanır.
Sülənir illər boyudur böyümür ağıllanmır.
Atana lənət deyirəm Araz!
Səni bizə ürcah eləyəni eləsinlər, 

eləsinlər, eləsinlər dura bilməsin üzümüzə.
Üzümüz çoxlu üzlər görür “Q”lanır.
Üzü üz görənin başını kəsirlər “Ana yasaqdır” düzəldirlər adamı.

Başımı ayağıma çırpıram,
Tfuuuu səin sifətinə məni gətirdin buraya!
Yeri yaraya-xoraya, bir də xatirəyə, bir də xuxana dolmuş buraya.
Dinmə-danışma lal ol! Laaaaləələəəəər... laaləələər...
Aşıq söz tapanmayanda nanay-nanay
Nanay-nanay aşiqəm
Mən aşiqəm o maşıqəm
Gəlin öldürün məni
Mən də Mikayıl Müşfiqəm!
Dinmə-danışma lal ol deport olarsan ha!
Göyərçini deport edirlər bu qağalar!
Ədə dami dəyişərik amma dəni dəyişmərik biz.
Adam olarıq amma ad-am olmarıq biz.
Nə olsun yaranı-xoranı bir də zəhrimarı uduram amma dinmirəm.
Tüpürüm o sözə ki dilimə yapışıb amma dillənə bilmir.
Vətəni istəyirəm mən, tənlərin tərini.
Zindanların zırramasında böyüyən cücələri.
Zəlimxan, zülümxan, zalimxan
Bu Elxandı, bu Telmandı, bu Sayman
Bu sənin imarətin o da onların türbələri...
Hardasa Hollivuddun filimlərini yada salır.
Öldürürürlər ölürük,
ölürük qəhrəman olmuruq.
Ortamızda vətən boyda fasilə var
Vətən boyda xəyanət.
Hardasa Bollivudun filimlərini yada salır
Yarı qəhrəman, yarı aşiq, yarı kasıb, yarı heç zad biz
Uzağı hardasa ya haçansa
Lirik bir mahnı ola bilərik
Və yazıq- yazıq hansısa axmağı ağlada bilək bəlkə də.
Bu həqiqətin nöqsanıdır dostum.
Qarşımda uzun bir yol var.
Səndən hərəkət, məndən bərəkət “Milli hərəkət”!
Yatanı oyadan olar, özünü yuxuya verəni yox!
Şirra-şir vətənin dibinə su qoşurlar
Və yuxularımda cavan uşaqları görürəm ki, ölürlər.
Səidimsən* heeeeyyyyy! Mən burdayam!
ədalətin nöqsanında
və həyat kimi hər şey cərəyandadır.

Biri alır, biri satır, millət isə qıra batır, qarmağa batır.
Uzaqdan baxırsan döyüşdür,
Yaxına gəlirsən öpüşdür, görüşdür!
ədə alın bu qara-quruların əlindən millətçiliyi
daşdı bu, dəmirdi bu, oddu bu, cızdı bu, cız-bızdı bu.
Ad deyil ki anlamdı bu, şərəfdi bu.
Adama verməzlər qazanmalısan, qanmalısan.
Biri alır, biri satır. Biri isə zindanda yatır...
Təbriz, Bakı, Ankara
Düşmən hara biz hara?
Araz axır, Kürd axır.
İsfahandan fars baxır.
Moskvadan Rus baxır,
Qarabağdan erməni.
***
Damarsız yarımın yarasını sarımağa durdum, sarıyammadım.
əlim qoluma bağlı idi, qolumsa qandala
mükafatımsa sən idin.
Gözəllik sənin möcüzəndir ,
Ay sənsən
Özünü bu qalmaqaldan bir qırağa çəkibsən
Və bizə baxırsan!

Porsuq: diksindirmək
Səidimsən: Səid Muğanlı və bütün zindanda olan milli fəallar nəzərdə tutulur
Təvvab: tövbə eliyib zindandan canını qurtarana deyərlər.

Комментариев нет:

Отправить комментарий