25.08.2011

“Həmid Herisçini sevmək və qəbul etmək hər adamın işi deyil”


Mən jurnalistikada gördüm ki, kişilər çox paxıl olurmuşlar. Amma bu mənim üçün lakmus kağızıdır. Kişilər paxıllıq etməyə, intriqalar qurmağa başladısa, demək ki, mən başarılıyam. Bu mənə daha da güc verirdi.İnsan yaşa dolunca, başa düşür ki, daha burda ləngiməli deyil, çünki ciddi jurnalistikaya burda yer yoxdur, heç ciddi insanlara da…
Elə bilirdim onu sonuncu dəfə elə dünən televiziyada görmüşəm. Amma televiziyadan 6 ildir uzaq olduğunu deyir. 6 ildir televiziyadan uzaq olsa da, o hələ də unudulmayıb. “Mediada qadınlar” rubrikasının bügünkü qonağı vaxtı ilə “ABA”, “Space”, “Lider” telekanalında işləyən İlhamiyyə Rzadır.
-Siz bir neçə telekanalın sevimli simalarından olmusunuz, bu aralar efirlərdən kənardasınız. Bunun səbəbi nədir? Efirlərdən bezdiniz, yoxsa artıq televiziyaların sizə ehtiyacı yoxdur?
-Bu aralar deyəndə ki, 6 il olacaq ki, televiziyadan uzağam. 6 ildir bu suala cavab verməkdən, inanın ki, yorulmuşam. Efirdən isə bezməmişdim. Televiziyaların mənə həmişə ehtiyacı olub, hazırda isə daha çox ehtiyacı var. Sadəcə, mənə televiziyada işləmək üçün lazım idi, məzələnmək üçün yox. Televiziyaların indiki halında isə mənim orada işləməyim mümkün deyil. Buna görə də,yollarımız ayrıldı.
-Deməli, indi televiziyalarda məzələnirlər? Bəs buna səbəb nədir? Auditoriya bunu tələb edir?
- Təklif edilən budur. Bundan sonra tələb yaranır.
-Niyə hamı televiziyaya tərəf tez qaçır və tez də televiziyadan bezib qaçırlar?
-Bu sual mənə aid deyil, mən nə televiziyaya qaçmışam, nə də televiziyadan.
-Bu gün jurnalistikadan uzaq durmaq sizə çətin deyil?
-Əslində mən jurnalistikdan uzaq deyiləm, nə iş görürəmsə görüm, bu sferaya dolayısı ilə də olsa dəxli var.
-Niyə bizdə daha çox gənclər televiziyaya meyl edir və bir az yaşlanınca hamı televiziyadan gedir?
-Çünki yuxarıda da dediyim kimi, televiziyalar əyləncə məkanına çevrilib. İnsan yaşa dolunca, başa düşür ki, daha burda ləngiməli deyil, Çünki ciddi jurnalistikaya burda yer yoxdur, heç ciddi insanlara da…
-Bəs Türkiyədə niyə əsas proqramları yaşlı insanlar aparır?
-Təkcə Türkiyədə deyil, dünyanın ən öndə gedən televiziyalarında sanballı verilişləri orta və yaşlı nəsil nümayəndələri aparır. Həmçinin, köşələri də yazanlar bir qayda olaraq cavanlar deyil. Çünki tamaşaçıya və oxucuya keçmiş xidmətləri ilə maraqlı olan bir şəxsin verdiyi məlumat, yorum daha maraqlıdır. Nəinki bir gəncin dedikləri. İctimaiyyətin etimadını qazanmış bir şəxsin dilindən deyilənlər daha inamla qəbul edilir. Peşəkarlıq da təcrübə və zamanla gələn bir şeydir. Əlbəttə, cavanlar arasında da peşəkar tapmaq, olar. Amma onun auditoriya qarşısında etimad qazanması üçün illər lazımdır. Həm də burda söhbət şəxsiyyət olaraq etimad qazanmaqdan gedir, tək peşə fəaliyyəti ilə deyil.
-Qadın olaraq jurnalistikada nə çətinliklərlə üzləşdiniz?
-Kişi paxıllığı ilə. İnanın ki, bu çox ciddi maneədir. Mən jurnalistikada gördüm ki, kişilər çox paxıl olurmuşlar. Amma bu mənim üçün lakmus kağızıdır. Kişilər paxıllıq etməyə, intriqalar qurmağa başladısa, demək ki, mən başarılıyam. Bu mənə daha da güc verirdi.
-Jurnalistikada kişilər üçün imkanlar daha genişdir. Belə çıxır onların bu rəqabət meydanında daha çox qalib gəlmə şansları var?
-İmkanlar eynidir. Sadəcə kişilərin bunlardan daha çox yararlana bilirlər. Kişilərdən fərqli olaraq qadınlar daha çox maneələr dəf etməli olurlar, qayğıları da daha çoxdur. Odur ki, döyüşüb bərkişirlər. Biz qadınlar hər sahədə az olsaq da, daha güclüyük.
-Çətindirmi bizim cəmiyyətdə jurnalist olmaq?
-Bizim cəmiyyətdə peşəkar olmaq çətindir. Çünki peşəkarlıq üçün təhsil almaq, savadlı olmaq lazımdır, bacarıqlarını tətbiq edə biləcək, özünü inkişaf etdirəcək, təcrübə qazanacaq bir mühitin olması vacibdir.
-Sizcə, bugünkü mediada qeyri -peşəkarlılığı əsas qeyri-ixtisas jurnalistlərlə bağlamaq olar? Yoxsa jurnalistikada ixtisas yoxdur deyənlərlə razılaşırsınız?
-Peşəkarlığı inkişaf etdirən mühit yoxdur. Jurnalistikada biznes mühiti inkişaf etdirilməyib. Azad rəqabət mümkün deyil. Çünki söz və ifadə azadlığı məhduddur. Yalnız bu azadlıqlardan istifadə edən KİV rəqabətdə qalib gələ bilər. Hazırda ancaq kənardan maliyyə dəstəyi və siyasi dəstək alan KİV- lər öndədirlər. Məncə, bunun səbəbi peşəkarlıqda deyil.
-Bəlkə də sizi şanslı hesab etmək olar. Həyat yoldaşınız da sizin olduğunuz mühitdədir, yəni sizi anlayır. Bu həqiqətən belədir, yoxsa problemlər yaranır?
-Həqiqətən belədir. Həyat yoldaşımın bu mühitdə olduğuna görə şanslıyam. Bununla yanaşı o, mənə kömək edir. Onunla işlədiyim illər ən məhsuldar işlədiyim zaman idi. “Space”də işlədiyimiz zaman, Həmid bütün gənclərə kömək edirdi, ideya verirdi, onlar Həmidi çox sevirdilər.
-Siz həm də anasınız. Bir ana olaraq jurnalistikada nə çətinliyiniz oldu.. Uşaqlarınızın tərbiyəsində ümumiyyətlə onların böyüməsində jurnalistika sizə mane oldu?
-Mane oldu deyəndə ki, mən televiziyadan gedəndə uşaq cəmi 4 aylıq idi. Məhz bu jurnalistikanın ümumi durumuna görə, mən işsiz qaldım. Odur ki, bunu ciddi maneə hesab etmək olar. Yəni bəlkə də başqa sahədə çalışsaydım, durumum daha stabil olardı və nəticədə uşağım ən azından diqqətsiz qalmazdı. Çünki həmin dövrdə ikimiz də işsiz idik və hər şeyi sıfırdan başlamaq çox çətin idi.
-Televiziyaların hazırkı vəziyyəti sizi qane edir?
-Yaxşı olar ki, siz sualı belə qoyasınız, televiziya kimi qane edir? Mənə çox maraqlı olardı bu suala müsbət cavab verən insanı tanımaq və görmək…
-Niyə biz bir şeyi işdən çıxandan sonra tənqid edirik. Bu gün televiziyada işləyən jurnalistlər öz işlərindən razıdır, amma işdən çıxan kimi televiziyadakı vəziyyəti pisləyirlər? Bu ittihamlar özü ədalətlidirki?
-Əvvəla mövzunun mahiyyətini kənara qoyub, onu kim dedi, və nə zaman dedi yanaşması düzgün deyil. Əgər iradlar və tənqidlər haqlıdırsa, bu suala nə hacət. Haqlı deyilsə, o zaman predmətə uyğun mübahisə açmaq olar. Amma bir halda ki, soruşursunuz, o zaman deyim, mən işlədiyim zaman indi mövcud olan problemlər yox idi. Olsaydı elə o zaman gedərdim. Nə zaman vəziyyət və ümumi abhava dəyişdi, işləmək mümkün olmadı, onda da biz televiziyadan getdik. Televiziyaların şou-biznes qaydaları ilə işləməsi təhlükəsi o zaman da var idi və “Gecə kanalı”nın 2-ci buraxılışındaca bunu müzakirə etmişdik. Gecə kanalı kifayət qədər tənqidi veriliş idi və cəmiyyəti narahat edən istənilən mövzuda mövcud olan reallıqları müzakirə edə bilirdik. Sözsüz ki, məhdud bir çərçivədə. O zaman da müxalif fikirli insanları dəvət etməklə bağlı qadağa vardı. Amma bunu müzakirə edib, inandırmaq və nəticədə nəyəsə nail olmaq mümkün idi. Yəni bizimlə bir diskurs var idi. İndi belə olduğunu düşünmürəm.
-Qeyd etdiyiniz kimi həyat yoldaşınızla bərabər “Gecə kanalı” verilişini aparırdınız. İndi bizdə daha çox gecə vaxtı tam əyləncə xarakterli tamaşaçıların konturunu aparan proqramlar yayımlanır. Nə dəyişib bu gün?
-Doğrusu indi televiziyaya baxmıram. Bir müddət televiziyadan gedəndən sonra baxdım, amma daha mümkün deyil baxmaq. Həm də bilirsiniz, maraqlı bir veriliş olsa, o saat xəbər yayılacaq. Mən də baxıb öz fikrimi deyə biləcəyəm. Hələliksə, Bağdadda sakitçilikdir (Gülür).
-Nə əcəb qəzet və ya agentlik açıb birgə həyat və iş yoldaşınızla fəaliyyət göstərmədiniz?
-Sizcə, qəzet və agentlik açmaq bu qədər asandır? Bunun üçün vəsait və siyasi dəstək lazımdır. Məncə, bizdə bunların heç biri yoxdur. Mən heç QHT-ni qeydiyyatdan keçirə bilmədim. Dedilər ki, get Əflatun Amaşovdan arayış gətir, yəni tövsiyə məktubu. Bilirəm ki, qanunda belə bir tələb yoxdur. Amma reallıq budur. Bir reallıqda ki, 5 il baş redaktor olaraq işlədiyin, hər həftə sonları iki gün saat yarımlıq verilişlə efirə çıxdığın, əlində vəsiqəsi olan, üstəlik, təşkilatın blankında orda işlədiyin haqda arayış ola , milyonlarla tamaşaçın, verilişlərin arxivi olsun və orda işlədiyini sübut edə bilməyəsən, hətta məhkəmədə belə bunu bacarmırsansa, orda hansı agentlik, ya qəzet açmaqdan söhbət gedə bilər?
-Müasir ədəbiyyatla maraqlanırsınız?
-Əlbəttə, maraqlanıram, Təəssüf ki mütaliə üçün vaxt çatmır. Amma çalışıram xəbərdar olum. Həmid tövsiyə edən kitabları oxuyuram. Tövsiyəsiz nə kitab almıram əlimə, nə də filmə baxmıram, seçib sınamaq vaxtım və hövsələm qalmayıb. Amma bu heç də o demək deyil ki, tövsiyə edilən hər şeyi bəyənirəm.
-Sizin üçün də ədəbiyyat AYO və AYB-dən ibarətdir?
-Təbii ki yox, ədəbiyyat adlarla, simalarla, müəlliflərlə yaşayır. Təşkilatlarla deyil.
-Bəs yoldaşınızın yaradıcılığı, fikirləri və onun baxışı ilə tam razılaşırsınız?
-Mən yoldaşımı qəbul edirəm. Razılaşmaq məsələsi birmənalı deyil. Həmid qəliz insandır. Sadə deyil. O, maraqlı və dərindir. Həmidi sevmək və qəbul etmək hər adamın işi deyil. İndi onun haqqında nə desəm, fikirlərimi subyektiv qəbul edəcəksiniz. Yaxşısı budur deməyim, çünki ona biganə deyiləm
-Həmid Herisçi həm də sizin iş yoldaşınız olub. Həyat yoldaşı olaraq bir- birinizi, yoxsa iş yoldaşı olaraq anlamaq asandır?
-Həmidlə işləmək həddindən çox rahatdır, həm də maraqlıdır. Əvvəla çox dəqiq və səliqəlidir. İkincisi də hər zaman ondan öyrənməli şeylər var. İstənilən sahəni mütəxəssis qədər dərindən bilir. Bu, qüvvələrimizin qənaət edilməsi üçün gözəl fürsətdir. Mövzunu konseptual olaraq anlamağa , problemli məqamları tanıyıb vurğulamağa kömək edir. Həyat yoldaşı olaraq, deyə bilərəm ki, Həmid məişətdə çox köməksizdir. Amma kömək etmək niyyəti və təşəbbüsləri var. Məncə bu daha vacibdir.



































Günel Əbilova                  merkez.az

Комментариев нет:

Отправить комментарий