15.08.2011

Ərizə


Akif Abbasov. Hekayə

N. rayonunda bir vur-çatlasın var idi ki, gəl görəsən. Hər yerdə canlanma hökm sürürdü. Hazırlıq görülürdü. Baş nazir rayona gəlirdi. İcra başçısı Əli Hüseynli müavinlərini, şöbə müdirlərini təlimatlandırmışdı: «Elə edin ki, qarşılanma mərasimində nəzərdə tutulmuş ssenaridən kənara çıxılmasın! Özbaşına Baş nazirə yaxınlaşıb nəsə demək, ərizə vermək halları gərək olmasın. O qədər başdan xarab adam var ki…»
         Saxsı boru zavodunun direktoru Vəli Zəliyevə xəbər çatdı ki, mühəndis Arsız Abırsızov ağzından qaçırıb ki, nəyin bahasına olursa-olsun, Baş nazirlə görüşüb yeni şeirlərini ona oxuyacaq.
Bu xəbər Vəli Zəliyevi bərk narahat etdi.  Tez Arsız Abırsızovu çağırtdırıb ona  dedi:
- Hüseynli yoldaş tapşırıb ki, gərək Baş nazirin qarşılanması zamanı artıq hərəkətə yol verilməyə. Eşitmişəm ona şeir oxumaq istəyirsən. Bunu başından çıxar. İcra başçısı atamızı yandırar. Qandın? Sonra səninçin yaradıcılıq gecəçi keçirərik, durub nə qədər istəsən şeir deyərsən…
Arsız Abırsızov başını qaşıdı. Təklif şirnikdirici olsa da, inandırıcı deyildi:
-Bu sözü həmişə veririsiniz… Amma nə gecə olur, nə də axşam. Vaxt-vədə  tamamə yetişəndə bir bəhanə ilə təxirə salırsınız.
Vəli Zəliyev dilə tutmağa çalışdı:
-Mənə inanmırsan? Dedim ki, keçirəcəyik.
O, Arsız Abırsızovdan səs çıxmadığını görüb hərbə-zorba gəlmək istədi, lakin fikrindən vaz keçdi. Belə məqamlarda hədə-qorxunun xeyiri olmur, adamlar bir az da acığa düşürlər. Odur ki dedi:
-Arsız yoldaş, özün cəhənnəmə, məni zibilə salarsan. Ağıllı ol.
Arsız Abırsızov özünü başa düşən kimi göstərib kabinetdən çıxdı. Onun ağlına bələd olan baş direktor ehtiyat tədbirləri gördü. Telefonun dəstəyini qaldırıb polis rəisi Milis Mayorovla danışdı. Polis rəisi baş direktoru arxayın saldı:
-Narahat olma, şöbəmizin əməkdaşı Uzun Dırazova tapşıraram mərasim boyu Arsız Abırsızovu gözdən qoymasın. Sən Uzun Dırazovu tanımırsan. Vurub qol-qabırğasını qırar. Arxayın ol, heç ona qımıldanmağa belə imkan verməyəcək.
Baş nazir çərşənbə günü gəldi. Uzan Dırazov bir ayağını Arsız Abırsızovun ayağının üstünə qoyduğundan o,  tərpənə bilmirdi. Lakin arada necə oldusa Uzun Dırazov ehtiyatı əldən verdi. Bundan istifadə edən Arsız Abırsızov ayağını onun 50 ölçülü ayaqqabısının altından çıxarıb özünü irəli atdı. İndi Baş nazirin qarşısında dayanıb ona həsr etdiyi davrıxdırıcı yorucu şeirlərini oxuyurdu.
Arsız Abırsızov qollarını geniş açaraq şeir oxuduqca Baş nazir icra başçısına, icra başçısı baş direktora, baş direktor da polis rəisinə baxırdı.  Uzun Dırazov cürət eləyib qabağa keçə bilmədiyindən od tutub alovlanırdı. O, yaxşı bilirdi ki, indi Milic Mayorov acığından zəncir çeynəyir.  Onun axırına çıxacaq.
Hamının görü Arsız Abırsızovda idi.
Baş direktorun qanı lap çox qaralmışdı. İşçi onunku idi. Demək,  Arsız Abırsızovun ipini çəkmək onun borccu idi. İcra başçısı baş direktorun aşını-suyunu  verəcəkdi. Vəli Zəliyev bunları fikirləşə-fikirləşə tez-tez gözlərini döyür udqunurdu. Fəqət artıq gec idi.
Vəli Zəliyev həmin gecəni çox narahat yatdı. Səhərə qədər dağı Arana apardı, Aranı dağa. Baş nazir qonşu rayona getmişdi. İcra başçısı hökmən Vəli Zəliyevi yanına çağırıb ondan izahat tələb edəcəkdi. Arsız Abırsızov işləri korlamışdı.
Baş direktor çox fikirləşdikdən sonra axır ki, bir çarə tapdı. Ertəsi gün işə gələn kimi Arsız Abırsızovu çağırtdırdı. Mühəndis kabinetə girən kimi baş direktor cəld ayağa qalxıb irəli yeridi onu gülərüz qarşıladı:
-Sənin Baş nazirə  həsr etdiyin şeirlər hamımızın  xoşuna gəldi.
Arsız Abırsızov sevincindən baş direktoru qucaqladı:
-Amma siz mənə inanmayıb deyirdiniz ki, şeir oxumaq lazım deyil. Gördünüz
 Baş direktor sözünə davam etdi:
-İstəyirəm səni mükafatlandırım. Yəqin xəbərin var. Bir müavin yerim boşdur. Səni özümə müavin götürəcəyəm. Etiraz etmirsən ki?
Belə mükafatı xəyalına belə gətirməyən Arsız Abırsızov baş direktorun ayaqlarına düşməyə belə hazır idi. Odur ki, tez:
-Qətiyyən. Əlbəttə, razıyam.
-Elə isə, əyləş, müavin yerinə bir ərizə yaz. Yaz ki, xahiş edirəm məni baş direstorun müavini vəzifəsinə qəbul edəsiniz.
Arsız Abırsızov ərizəsini yazdı. Vəli Zəliyev ərizəni alıb, oxudu:
-Çox gözəl, -dedi. – Bu gündən sən mənim müavinimsənQolunu çək, altından da bu günkü tarixi yaz.
Arsız Abırsızov deyilənləri yerinə yetirdi. Vəli Zəliyev ərizəni alıb stolun siyirməsinə qoydu:
-İndi bir dənə ərizə yazmalı olacaqsan. Səni iki vəzifədə saxlamayacağam kiİndiki vəzifəndən azad olunmağa dair bir ərizə lazımdır.
Arsız Abırsızov bu ərizəni yazıb baş dirktora verdi. Vəli Zəliyev dedi:
-Hələlik öz yerində əyləşərsən. Otağın açarını keçmiş müavindən alıb şzüm verəcəyəm  sənə.
Görüşüb ayrıldılar. Baş direktor ikinci ərizəni stolun siyirməsinə atdı. Dərindən nəfəs alıb ayağa qalxdı. Narahatlığı artıq ötüb-keçmişdi.
Arsız Abırsızov  əvvəlki yerində əyləşsə , özünü direktor müavini kimi aparırdı. İki gün sonra Vəli Zəliyev özü  icra başçısının qəbuluna getdi.  Başcı acıqlı idi:
- Vəli Zəliyev, verilən tapşırığı  belə yerinə yetirirlər? Yarı-yarımçıq?
-Cənab Hüseynli, özünüz bilirsiniz Arsız Abırsızovda ar var, abır. Vəziyyəti ona başa salmışdıq. O da söz vermişdi ki, farağat dayanacaq
-Nəticəsi oldu? Baş nazirin yanında biabır olduq.
Vəli Zəliyev dəsmalla alnının tərini silə-silə:
- Bu hərəkətinə  görə Arsız Abırsızov layiqli cəza aldı
İcra başçısı qaşını qaldıraraq:
-O cəzadır? – deyə soruşdu.
-İşdən çıxardım?
-Şeir oxuduğuna görə adamı işdən çıxararlar? Özünü işə salarsan. O demaqoqun biridir. Aləmi tökər rayona.
-Cənab Hüseynli, işdən öz ərizəsinə əsasən azad olunur.
İcra başçısı inamsız:
-Öz ərizəsilə? Arsız Abırsızov kimisi ömründə öz xoşu ilə ərizə yazmaz, - dedi.
Vəli Zəliyev ərizəni göstərdi. İcra başçısı Arsız Abırsızovun ərizəsini alıb baxdı:
-Heç inanılası deyil. Necə oldu ki, Arsız Abırsız  ərizə yazdı?
Baş direktor çıxarıb ikinci ərizəni göstərdi. İcra başçısı çiyinlərini çəkdi:
-Bu, deməkdir?
Vəli Zəliyev izah etdi:
-Ərizələrdən birinə görə işdən azad olunur, ikinci ərizəsi isə cırılıb zibil yeşiyinə atılır. 
İcra başçısının qaş-qabağı açıldı: 
          -Yaxşı quraşdırmısan, ancaq lazım deyil. Yazıqdır, ailəsi var. Amma başa salın, rəsmi mərasimlərdə özünü ağır aparsın.   
                                     Akif Abbasov,
pedaqoji elmlər doktoru, professor, Rusiya Pedaqoji və Sosial
                        Elmlər Akademiyasının həqiqi üzvü

Комментариев нет:

Отправить комментарий