26.08.2011

Geopolitik insanın doğuluşu

Diqqət! Öncəgörmə! Həmid Herisçidən yeni şok açıqlamalar!


Həmid Herisçi 



“Qüdtətli xan həzrətləri, qüdrətli xan həzrətləri...Göyün 7-ci qatında Müştəri, Çəyvan, Mürrix, Ütəriyyə və Nahid ulduzları təxtisəltənətə, ölkəmizə qarşı təhlükəli vəziyyətdə asılıb qalıblar...Az qalıb, lap az qalıb...”
Həyatda təklənib, öz fəaliyyətimi facebook səhifələrinə köçürtdüyüm son vaxtlar, mən öz profilimin başlanğıcına tez-tez bax bu cür qorxulu xəbərdarlıqları çıxarırdım...
”Sehirli xələt” filmində səsləndirilmiş münəccimlərin bu qədim ovsununa, ikinci həyat verib, onu ikiəlli qapaz edərək çırpırdım  yekəbaşların keçəl kəlləsinə...
Deyirdim: “hamının...hamının xatirəsi nə vaxtsa bir dəqiqəlik söyüşlə anılacaq. Qədimlərdə islamı, dünən sosializmi, bu gün demokratiyanı imitasiya etdiniz...Siz, bütün dəyərlərin “psevdo, kvazi”si, qondarma şəkilisiz. İqtidar iqtidar olduğunu, müxalifət müxalifət olduğunu imitasiya edir...Sizi görüm bax bu sualtı minaya rast gələsiz...Amin” ( cümlələrimin sonuna, təsirli olsun deyə, bir sualtı mina təsviri də əlavə etmişdim).
Hə, bir cümləni saqqız edib elə hey çeynəyirdim-“Az qalıb, lap az...Sabah hamınızın xatirəsi bir dəqiqəlik söyüşlə anılacaq”...
“Xosunvay” nikli bir istifadəçi, öz acı həyat təcrübəsini hamıyla bölüşdüyü dar məqamda, mən onun diskusiyasına girib yenə bu sözləri əlavə etmişdim ora-“az qalıb, lap az”...
Facebook ordusu üzvləri bəzən mənim bu xəbərdarlıqlarimdan sevinər,  “bəyəndim” işarəsinin düyməsinə barmaqlarını basardılar.
8-ci kilometrdəki xalq bazarı yanıb havaya sovrularkən, “Bayquş” nikinin sahibi “Həmid deyirdi də bunu” kommentini yazıb, açdığım mövzunu şit zarafatlar müstəvisinə keçirtməyə cəhd göstərdi.
Julian Assanjın “Wikileaks” saytı köməyimə gəlməsəydi, qanım getmişdi, hamı intizarda qalacaqdı yoxsa...
Hə, Asanj Julian bu bəd ayaqda  köməyimə gəlib, facebookçuların gözləntilərini doğrultdu. Dediklərimin hamısı təsdiqləndi. Assanj, sanki məndən təsirlənərək başladı hamıya xəbərdarlıq göndərməyə.
Fürsəti əldən verməyib bir məktub göndərdim Juliana.
***
“Qədim Bakıda evləri tikərkən şimal tərəfə baxan divarı adətən kor qoyardılar. Qapı-pəncərə açmazdılar o tərəfə-bənnalar ağıllıydı, bilirdilər ki, xəzri küləyinə üz vermək olmaz. Vəhşi xəzrinin döydüyü kor divarlar zaman ötdükcə,  bir cür qara rəng alardı ki, onun təkrarını dünyanın heç yerində görə bilməzsən, Julian. Rəssam Rembrantın firçasına layiq bu qara divarların üzərinə, zaman ötdükcə bir balaca sarimtıl-göyümsov mamır qatı da əlavə olundumu, vəssəlam....

Sanki kamil rəsm əsəri yaranardı bundan, Assanj...
Qədim Bakı bənnalarının inkar etdiyi bu şimal səmti, sovet vaxtlarında, Rusiya ordadır deyə, yamanca hörmətə mindi-“xəzri” adı, ehsan kimi paylandı şair, kinoteatr, kafe, gizli cəsuslar,  hətta it-pişik arasinda.
Evləri də başladılar tikməyə üzü xəzriyə tərəf- təzə evimizin üç pəncərəsini həmişə xəzri silkələrdi.

İliyimə işləyən soyuq-şaxta, qapı-pəncərə dəliklərindən evimizə soxulub bizi xəstələndirdiyi vaxt, bərk əsəbləşdim, soyuq barmaqlarım arasında, mürəkkəbi donmuş qələmimi sıxdim.
Yazdığım şerin ilk sətirləri beləydi, Julian: “Sən həqiqəti axtaranda, həqiqət də səni axtarır...”
Qısası, həqiqəti axtarmaq eşqi, yekəbaşlıqdan o yana keçməyən bir ədabazlıqdır, deyirəm. Hə, get...get axtar həqiqəti, arxanca su da atarlar, elə, qara daş da, ancaq nə xeyri?-gözünü açıb görəcəksən tam tənhasan, soyuq universitet kitabxanasında dona-dona, masonlar barədə yazılmış qalın kitabı vərəqləyirsən...
Vərəqləyirsən...
Nəyisə dərk edibsən, hə, mənəvi qələbə sənlədir. Sənindir! Ancaq, bizim mərhum şair Baba Pünhan demiş, həqiqəti axtara-axtara gəlib onun kimsəsiz qəbrini tapıbsan, vəssəlam...
Xəzri küləyi yenə də əsir-Şimaldan gələn əcaib tale yazısı, alnına ömürlük həkk olunub...
hə, onu kimsə poza bilməz...
kitabxananın nə vaxtdır ki, silinməyən döşəməsi
zəif addımların altında cırıldayır...
xəzri yenə sənə həm sahib, həm də qalibdir..

Həqiqəti axtarmaq cəhdi o qədər də uğurlu olmur adətən. Düçar olduğumuz bu ağır aşırı vəziyyət, bilisizmi nə vaxt dəyişir? Həqiqət özü....bəli, məhz özü, hardansa qəfil peyda olub
başlayanda bizi axtarmağa...

Sizin Wikileaks inqilabını, mən indi ancaq bu cür qiymətləndirməyə
çağırıram...

Hə, biz-yazarlar, quşqovan müqəvvəlar kimi, talan olunmuş bostanların ortasında nə qədər, həqiqəti qorumaq istəsək, onu tapmaq istəsək də... bu, boş idi sən demə...
Ciddi iş o vaxt başlayır ki, həqiqət özü gəlib girişir bizi axtarmağa...
Xəzri küləyinin əbədi uğultusu Bakıdan bax o vaxt tam kəsilir...
Sizin, “Vikileaks” saytı bu cur gəlib tapdı bizləri-həqiqət axtaranları..."

İmza: Həmid Herisçi
 

***
İngiliscəyə, facebook istifadəçilərindən birinə tərcümə etdiyi bu mətn, getdi ee İnternet ümmanının dərinliklərinə
itdi orda...
yaxud ünvanına çatıb Julianı düşündürdü yamanca...

Mən bundan sonra da dinc durmadım-“Wikileaks” rəmzindəki iki dünya xəritəsini diqqətlə gözdən keçirdim, əlim getdi alnima, başladım onu ovuşdura-ovuşdura fikirləşməyə-“nə demək istəyir ee Julian bu iki xəritəylə?”
Facebookda açdığım yeni mövzunu, elə bu rəmzin müzakirəsinə həsr etdim:  “Vikileaks”sın bu rəmzi barədə nə deyərdiz? 1. Qum ssatımı? 2. Bilgisayarın donduğunu, dolduğunu bildirən “saat” rəmzimi? 3. İki aləmin vəhdəti? 4. Müqəddəs Qraalın qədəhimi?...Cavabınızı gözləyirəm”

“Sən həqiqəti axtar, həqiqət də səni axtaracaq” fəlsəfəsinə güvənərdim bu sorunun tək yelkənli gəmisini facebook dənizinə buraxarkən. Acı təcrübəmdən bilirdim-həqiqətin, məni axtarmağı vallah, daha mühümdü.
Mükəmməldi. Buna olan cılız, yekəbaş cəhdlərim isə...
türklər demiş, “bir hiç”
çayımı soyutmuşdum
isti olsa, dodaqlarımı yandırıb məni ayıldardı düşdüyüm bu dərin yuxudan...

Ətrafımı sarmış zil zülmətin də, rəssam fırçasıyla çəkildiyinə inanardım bu halımda...
Nəysə... Profilimdəki qırmızı siqnalları görüb sevindim. Sualıma ilk cavablar elə anında gəlməyə başladı:
Xalis Məmmədli: yalanci dunyadan gerçək dunyanin yaranmasini bildirə bilər?
Rövşən Səfərli: Mənc, yuxaridaki dunya daha cirkli və qaranliqdir.Vikiliksin bəlgələrindən sonra daha aydin ve təmiz dünya yaranir. Asağidaki dünya da bunu ifadə edir.Və bu proses damla-damla baş verir (Vikileks bləgələri yayinladiqca).
Bir də təkrar olaraq “Vikileaks”-ın rəmzinə baxarkən qəfil  çaşdım, gözlərim bərələ qaldı bircə an -Azərbaycan yox idi ee bu ikinci xəritədə…
Barmaqlarım ixtiyarsız getdi hərflərin üzərinə:
Hamid Herischi: Aşağıdakı xəritədə bizim Qafqaz, Xəzər dənizi, Azərbaycanın coğrafi məkanı və s.i. sanki artıq yox olur.

Suyu buxarlanmış çaydanımızı, arada bir çırpıb atdım  qaz piltəmizin üstünə ki, səsinə bütün qəflətdəkilər oyansınlar. Təhlükəni duyub da…
Hə, o səsə deyəsən kimsə yuxudan ayıldı:
Xalis Məmmədli: məncə yox olmur...yeni yaranır.
Hə, həqiqət burda sanki özü başladı bizi axtarmağa:
Def Mef : Haralardan gəldiyi "bəlli olmayan" qara nəsnə sonradan "ağ"a çevrilir. Rusiya, Qafqaz, Şərqi Avropa+Bir neçə Cənubi Avropa ölkəsi, İran, Yaxın Şərq, Misir o cümlədən də Sibir ləkələnir…Üstü örtülür.
Canımda ikinci nəfəs duyaraq girişdim söhbətə:

Həmid Herisçi:  Yaxud, dairəvi mərkəzə, geopolitiklərin diliylə danışsaq, “hartland”a-dünyanı idarə edən nöqtəyə çevrilir. Dünya coğrafi xəritəsini tən ortadan yaran “Haushoffer qövsü” də (Rusiya+Azərbaycan+İran)  bu xəritənin tam mərkəzindədir.
Kamal H. Ələkbərov: Qaranlıq və şəffaf dünya görüntüsü. Qaranlıq dünya şəffaf dünyaya nüfuz edir. Damcı-dacmı, yəni yavaş-yavaş. Və şəffaflığın "arxa"sında "VİKİLEAKS" dayanır. Hər damcı (nüfuz) "VİKİLEAKS"in sahəsinə keçdikcə aydınlaşır.
Xəritəyə bir də göz atınca yenə  həyəcanlandım:
Həmid Herisçi: Bu nədir? Amerika yoxdur ki, bu hər iki xəritədə…
Burda, sarı simə toxundum sanki…
Xaqani Səfəroğlu: Deyəsən, Salvador Dali haqlıdı. "Geopolitik insanın doğluluşu" şəklini xatırlayın. İnsan əlini Bakının üzərinə qoyub.
Həmid Herisçi:  Bu xəritə, Atlantizmin inkarıdır.  Avrasiya coğrafi modelini təklif edir o bizlərə.
Def Mef :‎"Ləkələnmiş" ərazi Böyük Orta Doğu proyektinin xəritəsinin eynidi, buyurun baxın.
Həmid Herisçi: ləkələnmiş yoxsa təmizlənmiş?
Ceyhun Zali: yer kurrəsinin “osadka” verməsidir.
Ceyhun Hüseyn-zadə: Aşagi hissə o deməkdi ki, dunyada məlumat məxfiliyi( boshluğu) var.Yuxari hissə guman ki, wikileaksin özüdü və dunyaya(aşaği hissəy) məlumat sızdırır.
İlhamiyya Rza: “Axan zaman”(Salvador Dalinin  eyni adlı əsəri)

***
Yaranmış mübahisədə mənə ən maraqlı görünən söhbətimizə Salvador Dali dühasının qarışmasıydı desəm, buna gərək təəccüblənməyəsiz.

Onun “Geopalitik insanın doğuluşu” tablosunda, kiminsə iti barmağı məhz Bakını nişan alıb… Əsər, 1943-cü ildə Stalinqrad savaşının ən qızğın vaxtlarında kətan üzərinə köçürülüb…Bu döyüş isə əslində elə Bakı uğrunda gedən bir savaş idi.
“Wikileaks”-ın xəritəsində də bizim Avrasiya coğrafi məkanımız xüsusi olaraq dünyanın tam mərkəzi, “hartland” kimi işarələnib-ağ dairə çərçivəsinə alınıb.

Bəli, dünya siyasi xəritəsini tam ortadan yaran, Azərbaycandan keçən  məşhur  “Haushoffer qövsü” “Wikileaks”-ın da xəritəsində əks olunur.
Bu qövs, vaxtiylə, 20-30-cu illərdə alman geopolitiki Karl Haushoffer tərəfindən cizılıb.

O, deyirmiş: “Dünya geopolitik xəritəsini tən ortadan yaran meridial xəttlərə tam  sahib olun, vəssəlam, artiq Roma imperatorusunuz”.
Bu cür orta xətti, o vaxtki alman geopolitikləri məhz “Rusiya-Azərbaycan-İran” ərazisindən keçən meridial qövsdə aşkarlayırlar.
Almanlar bu səbəbdən 30-cu illərdə İrana təşrif gətirib bu ölkədə möhkəmlənirlər…Təhlükəni hiss edən Antanta 1941-də bu ölkəni işğal edir… Bu xəttlə Stalini silahlandırır…Stalinqrad döyüşü bu xətti kəsməliymiş…Salvador Dali o vaxt çəkdiyi “Geopolitik insanın doğuluşu” tablosunda…
1979-cu il İran inqilabı bu xəttdən anqlosaksları vurub çıxarır…
Lakin, Kreml caynağinda olan bu xəttdən 10 il istifadə etmir, dünyanı bu yolla ikiyə bölüb, NATO-nun dünyayla rabitəsini kəsmir…Nəticədə uduzur…
Deyəsən,  bu “Haushofferin qövsü” barədə dünya mətbuatinda ilk dəfə çixış edərək açdığım bu mövzu bir il ərzində çox şişdi, axırda “Vikileaks” rəmzində də əks olundu…
Bəli, biz həqiqəti axtaranda, həqiqət də bizi başlayır axtarmağa.
Salvador Dalinin “Geopolitik insanı” yenidən doğulub gəlir dünyaya…
Gəlib dünyaya.
Kimdir o?
Bizmi?
Julian Assanjmı?
Yox.
O, hələ öz div yuxusundadır…
yumurtadadır…
ancaq, Dalinin şəklindəki kimi, yenidən öz əlini o yuxudan, o yumurtadan çıxarır…
bir damla qan axıb ordan, yaxud hələ axacaq.

Bir körpə bu mənzərəni görüb də diksinir, anasının ayaqlarından yapışır…
Geopolitik insanın başı üzərində şahanə bir çətir var…

Ana, barmağını dünya xəritəsinə uzadıb orda Bakını göstərir…
1943-cü il Stalinqrad savaşı təzəcə bitib.
2010-cu il indicə qurtaracaq…

Geopolitik insan, Nitşenin “ubermensh”i, fövqəlinsanı yenə öz yuxusundan, öz yumurtasından çıxmaq istəyir deyəsən.
“Wikileaks”-dır indi bu geopolitik insanın adı.
“Sən həqiqəti axtar, o da səni axtaracaq” tənliyindədir bu yeni insanın sirri… 

Комментариев нет:

Отправить комментарий