27.08.2011

«Beloçka»

Akif Abbasov. Hekayə

Qatar Rostov stansiyasında axtamtərəfi dayandı. Qaranlıq get-gedə qovuşur, qürubun sumağı boyaları tündləşirdi. Vaqif vaqondan yerə atılıb yarım kiloqram kolbasa, iki butulka limonad, bir qutu «Rostov» siqareti və  çörək aldı. Onun yol yoldaşı sifətinin əti sümüyünə yapışmış bir qarı idi. Kiyevdə yaşayan oğlunun yanına gedirdi. Özü ilə balaca, ağappaq bir küçük də götürmüşdü. Küçük o qədər tüklü idi ki, bu tükün içərisində gözləri itib-batmışdı. Yalan olmasın hər qulağı yarım metr olardı.
«Beloçka» ara-sıra Vaqifə baxıb zingildəyir, onun baş-qulağını aparırdı. Küçük qarının qucağında oturmuşdu. Çox hay-küylü idi. Ən ləziz xörəyi də sahibəsi ilə bölüşürdü.
Vaqif aldıqlarını stolun üstünə qoyub dəsmalı götürdü. Qarının: «Yuyunmağa gedirsən?» sualına «hə» cavabı verib çıxdı. Əlüzyuyanın qarşısında növbə olduğundan bir qədər gözlədi. Baxışlarını açıq pəncərədən uzaqlara dikdi. Havada xəfif bir sazaq vardı. Göy qaş-qabağını  tökmüş, buludlar dolub durmuşdu. Sanki ürəyini boşaltmağa girəvə  axtarırdı.
Vaqif geri qayıdanda qarını da, küçüyü də əhvalı pozğun gördü. Limonad şüşələri də, siqaret də, çörək də yerində idi. Kolbasa isə gözə dəymirdi. Vaqif xəbər aldı:
-Babuliya, qde kolbasa?
Qarı qızardı:
-Sınok, «Beloçka» kolbasa istəyirdi. Sən qayıdana qədər hürür, sakitləşmək bilmirdi.  Axırda hirslənimb kolbasanı pəncərədən çölə atdım.
Qarı bunu deyib üzrxahlıq etdi:
-Bağışla, sən allah.
Vaqif:
-Eybi yoxdur, - desə də, əslində bərk dilxor oldu. Çırtma vursaydılar sifətindən qan damardı. Ərköyün küçüyə acığı tutmuşdu. «Sən bir işə bax… Gərək təzədən gedib yemək alım?»
Aradan xeyli keçdi. Vaqifin eyni yavaş-yavaş açılırdı. Arvad onu söhbətə tutub aclığını unutdurmuşdu. Birdən qarı ayağa qalxdı. Harasa getmək istədiyini bildirib, «Beloçka»dan muğayat olmağı Vaqifə tapşırdı. Sahibəsi gedəndən sonra küçük bir az da bərkdən zingildəməyə başladı. Vaqifin zəhləsini o yerə qədər tökdü ki, səbrini daşdırdı. Naəlac qalıb onu götürüb vaqonun açıq pəncərəsindən çölə tulladı.
Qarı qayıdan kimi küçüyü soruşdu. Qadının onun başına gətirdiyi oyunu xatırlayan Vaqif əli ilə çölü göstərib güldü:
-Getdi kolbasanın dalınca…
                                 Akif ABBASOV,
                  pedaqoji elmlər doktoru, professor,
Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü,
                   Azərbaycan Yazıçılar Birliyinin üzvü

Комментариев нет:

Отправить комментарий