28.08.2011

Englandı belə səbirsizliklə gözləməyin!


Arzu Abdulla
arzuabdulla@rambler.ru
Liviyanın başı qalmaqalda olan lideri Müəmmar Qəddafinin gənclik illərində çəkilmiş şəklini facebook səyfəmdə profil şəkli etdiyim üçün məni qınayanlar və Qəddafini mənə tanıtdırmaq istəyənlərin sayı artmaqdadır. Mən isə bütün suallara və qınaqlara iki cümlə ilə cavab verirəm: “Qəddafi haqq-ədalət döyüşündə məğlub olsaydı sevinərdim. Qəddafi neft davasının qurbanıdır, bizim kimi”. 
O anda “demokratiya” döyüşçüləri “Qəddafi 42 ildir Liviyanı söküb-yeyir” deyirlər. Amma bu adamların heç birinin ağlına gəlmir ki, Böyük Britaniya krallığında artıq yüzillərdir ki, bir ailə hakmiyyətdədir. O zaman “demokratiya” döyüşçüləri hazırcavablıq edib deyirlər: “Böyük Britaniyada demokratiya var”. Aha, çox maraqlı cavabdır. Maraqlı olan daha bir məqam isə Britaniya  şahzadəsinin bu il Londonda keçirilən dəbdəbəli toy mərasimidir. Yəqin bilirsiz ki, bu toyda yalnız güllərə 800 min dollar xərclənib. Ümumilikdə isə toy 34 milyon dollara başa gəlib. İndi kim sualıma cavab verər? Böyük Britaniyanın adi vətəndaşları toylarına nə qədər pul xərcləyir?
Amma nədənsə oğluna sadə iranlıdan da sadə toy edən İran prezidenti Əhmədnecatın bu humanistliyi və insanlığı reklam edilmədi. Səbəbi bəllidir. 
Bayaq dedim, yenə də təkrar edirəm ki, biz Qəddafiyə çox oxşayırıq. Bizi acı tale birləşdirir.
Ən başlıca oxşarlığımız isə müsəlman olmağımızdır. Dünyanın o başından bu başına hücum çəkib sanksiya tələb edən ABŞ təşkilatları nədənsə İraqda günahsız insanları itinə parçalatdıran Lynndie England adlı amerikalı qadın əsgər buna görə cəmi 3 il həbs cəzası aldı. Üstəlik etdiyi vəhşiliklərdən ibarət “Tortured” (“Əzaba düçar olmuşlar”) adlı kitab buraxdı. Kitabının təqdimatında isə jurnalistlərin ona yönəltdiyi bəlli suala belə cavab verdi: “Peşiman deyiləm”. Yüzlərlə insanı ağlasığmaz işgəncələrə vadar edən amerikalı əsgər qadın cəmi üç il həbs cəzası aldı. Çünki o, iraqlıları, müsəlmanları təhqir etmişdi.
Azyaşlı uşağın başını kəsən, əsirləri işgəncə ilə qrup halında seksə məcbur edən, əsirlərin başına it xaltası bağlayıb sürüyən, müsəlman qadını itinə zorlatdıran England hazırda ABŞ-ın Virginia əyalətinin kiçik bir qəsəbəsi olan Keyserdə övladı ilə birgə yaşayır. Yenə də maraqlı sual doğur, nə əcəb Amerikada guya qüllələri partladan, dünyaya meydan oxuyan müsəlman terror təşkilatları  günahsız müsəlman bacı-qardaşlarının, körpələrinin qisasını almaq üçün ona toxunmurlar? Çünki belə “qisas” ABŞ-a sərf etmir.
Sualdan sual doğur, hamısı da cavabsız. Ey, məmləkətimin qrantyeyən “demokratiya” carçıları! Sizə bir məsləhətim var. Amerikalı ifritə Englandı belə səbirsizliklə gözləməyin! Ən azından it xaltasından ayıbdır. O gələsi olsa xalta ilə birgə gələcək!
Bu gün səhərdən həmkarım Elçin Bayramovun məsləhət gördüyü Oleq Platonovun “Amerika niyə məhv olacaq?” kitabını oxuyuram.
Yazımı elə yenicə tanış olduğum kitabdan bir parçayla başa vururam:  “Başqa ölkələri istismar etmək hüququnu təsdiqləmək və qoruyub saxlamaq üçün Amerika vaxtaşırı olaraq zorakılığın ən ifrat formalarına, ilk növbədə hərbi zorakılığa əl atır. İkinci dünya müharibəsindən sonrakı onilliklər ərzində ABŞ bəşəriyyətə qarşı o qədər cinayət törədib ki, bunlara görə Amerika sistemi Nürnberq prosesinə, onun administrasiyası isə hitlerçi canilərin taleyinə layiqdir.
1948-1953-cü illər ‒ Filippində hərbi əməliyyatlar. Filippin xalqına qarşı cəza əməllərində həlledici iştirak. Minlərlə filippinlinin qətli.
1951-1953-cü illər ‒ 1 milyona yaxın Amerika əsgərinin Koreyaya silahlı müdaxiləsi. 100 minlərlə koreyalının həlak olması.
1964-1973-cü illər ‒ Vyetanama qarşı hərbi təcavüz. Yarım milyondan artıq vyetnamlının məhv edilməsi. Hitlerin nümunəsilə bütöv kəndlər məhv edilir, sakinləri ilə birlikdə rayonlar napalmla külə döndərilir. Qadınların və uşaqların kütləvi qırğını.
1964-cü il ‒ Panama kanalı bölgəsində Panamanın hüquqlarının bərpasını tələb edən milli qüvvələrin qanına qəltan edilməsi.
1964-1973-cü illər ‒ 50000 ABŞ əsgərinin Laos respublikasına qarşı cəza əməliyyatlarında iştrakı. Yenə minlərlə qurban.
1982-1983-cü il ‒ 800 ABŞ dəniz piyadasının Livanda hərbi təcavüzü. Yenə çoxsaylı qurbanlar.
1986-cı il ‒ Liviyaya xaincəsinə basqın. Tripoli və Benqazinin bombardman edilməsi. Çoxsaylı qurbanlar.
1989-cu il ‒ Panamaya silahlı basqın. Minlərlə panamalı həlak oldu.
1991-ci il ‒ İraqa qarşı genişmiqyaslı hərbi əməliyyat. 450000 hərbi qulluqçu və minlərlə müxtəlif müasir hərbi texnikadan istifadə. 150 minədək dinc sakinin öldürülməsi. İraq əhalisini qorxutmaq məqsədilə dinc obyektlərin bilərəkdən bombardman edilməsi.
1992-1993-cü illər ‒ Somalinin silahlı işğalı. Dinc əhali üzərində silahlı zorakılıq, mülki şəxslərin qətli”.

Комментариев нет:

Отправить комментарий