14.08.2011

Yuxum gəlmir, şahım!


Oktay Hacımusalı

Şah sağ olsun, mən yata bilmirəm. Bilirəm, ilk cümləni oxuyan kimi o dəqiqə qaşların çatıldı ki, bundan mənə nə? Şahım, ərz eləyim qulluğuna ki, məni yuxu yatmağa qoymayan “Facebook” sosial şəbəkəsində bizim millətin nümayəndələri olan bəzi “kişilərdir”. Yenə qaşların çatıldı ki, niyə dırnaqda? Deyim: onlar o qədər yabancılar demişkən centlimendilər ki, mən onları sadəcə və sadəcə dırnaq içərisində kişi cinsinə aid etmək məcburiyyətindəyəm.
Deməli belə... Bilmirəm, şahım, başqa ölkələrdə necədi, amma bizdə sosial şəbəkələrdə erkək millətindən dürlü – dürlü “kişi”lər girişib nəyə: qarşı cinsin nümayəndələrindən “dost” və ya “sevgili” tutmağa... Əvvəla, bu başlayır hər hansı bir xanımın yazdığı statusu bəyənməkdən, “Facebook” əhlinin sözü olmasın, “Like” məsələsindən... O qədər “Like” eləyir eləyir ki, axırda bəyənilən xanım həmin fanatına dostluq göndərir ki, bununla da həmin şəxs planının ilk pilləkənini uğurla qalxır.
Xub derkən belə - belə yazışmalar başlayır. Xanım bir səhər erkəndən oyanıb bilgisayarını yandırıb öz səhifəsinə daxil olan kimi nə görür: şahım, həmin dost dediyi insan ona bir şeir həsr eləyib... Şeir də nə şeir: demode sevgi şeirləri... Şah sağ olsun, elə bil rəhmətlik Nüsrət Kəsəmənli xortdayıb gəlib. Və onlarla adam da həmin şeiri bəyənib. Hələ üstəlik bir o qədər adam da bu şeirə şərh yazıb. Xanım qalır odla su arasında: sərt tədbirlər görüb həmin şəxsi dərhal qara siyahıya salsınmı? Ona baxanda baxanda xanım düşüncəlidir, gözləyir. Abrına qısılır. Deyir silərəm, deyərlər ki, od olmayan yerdən tüstü çıxmaz! Gözləyək, yeni növcavan Nüsrət Kəsəmənli onlayn olsun görək, dərdi nədir? Derkən, yeni növcavan onlayn olur, salam – kalamdan sonra xanım dövrün Molla Pənah Vaqifindən soruşur ki, Kür qırağının əcəb seyrangahı var ya yox? Növcavan da dərhal qayıdasan: var, əlbət ki, var! Vüqar Əhməd demişkən, mən hələ özümü qatmıram, hətta onu vəsf eləyən də o qədərdi ki. Yaxşı, bəs yaşılbaş sonası necə? Şəxsiyyət də ərz eləyir ki, mən səndən qeyri yaşılbaş sona filan tanımam! Hətta, nəinki tanımam, heç tanımamışam da! Ay tövbə, yeddi tövbə, əgər bir – birlərini görüblərsə, şahım! Elə - belə, söhbətdi də, eləyirlər. Xanımdan qısa müddətdə “yox” – cavabı alan müasir Məcnun neynir qarşılığında, keçir həmin xanımın dostluğunda olan insanlarla “razborka” təfəkkürü ilə danışmağa.
Şahım, elə biri bu günlərdə mənə yazırdı. Qalmışdım mat – məətəl. Utanmadan soruşurdu ki, sən dostluğunda olan filan xanımı tanıyırsan? “Hə” - cavabını alandan sonra cavabında yazdı ki, üzüm ayağının altına şahım, xəbərin var mən həmin xanımla görüşürəm? Hə, nə olsun? Nə nolsun, o olsun ki, o da məni sevir və dərdimdən dəli – divanədir. Günah – savab anlayışından xəbəri olmayan bu qafil sən demə, bizdən beş – on dəniz uzaqda yaşayırmış, şahım! Mən indi bu qafilə necə sual verməyim ki, sən onunla necə görüşürsən? Nə başını ağrıdım, qibleyi – aləm, həmin “Məcnun” axırda mənə nə desə yaxşıdır: “bundan sonra ona heç nə yazma. O, mənlikdir”!
Şah sağ olsun, bax belə - belə şeylərdir məni yatmağa qoymayan! Üstəgəl, həmin şəxs adi, nə bilim sıradan bir orta təhsilli insan olsa yenə dərd yarı olardı. Mən də deyərdim ki, cahildir də, qurban olsun bilmədiklərinə! Amma bu şəxs orda – burda ziyalı olmasından dəm vurur, onu hansısa məclisdə başa keçirirlər, danışmaq üçün ən birinci sözü ona verirlər. Cəmiyyətdə bu qədər ali hörmət görən birisi necə tanımadığı, bilmədiyi insana onu sevdiyini, onun üçün dəli – divanə olduğunu deyə bilər axı? Lap tutaq bir qələt qıldı, bunu dedi, bəs o, necə həmin xanımın ünvanına böhtan ata və onun günahına girə bilər axı?
Şahım, bunlar hələ nədir ki? Orda elə arsızlar, elə uğursuzlar var ki, bu onların yanında toya – bayrama getməlidir! Ürəyim doludur, ərz eləyim qulluğuna, sən də qulaq ver! Səhərdir, ya da günortadan sonra, işin qızğın vaxtıdır, sən də işləyirsən. Bir də görürsən biri sənə ismarıcla göndərib ki, filan səhifəni bəyən də! Salamsız – kəlamsız özü də! Birinə elə - belə də yazdım: “Gəl, burda mənim yerimə otur işlə, mən də sənin üçün bir – bir səhifə bəyənim! Qırıl da!” Ya da səni kimsə bir qrupa üzv eləyir. Məsələn qrupun adı belədir: “İctimai nəqliyyat vasitələrində sıxlıqdan əziyyət çəkənlər”. Dünyanın dürlü – dürlü hallarını görmüsən, şahım, özün de, bundan mənə nə? Yox, haşa, qrupda yazanlar mövzu ilə bağlı bir zad desələr, ya da nə bilim nəsə təklif versələr, deyərəm səd afərin! Vallah, gündə əlli dənə ismarıc gəlir, götürsən qırx doqquzunun qrupun içəriyinə heç bir aidiyyatı yoxdur. Vallah, yoxdur! Billah yoxdur! Olsa, deyərəm yüzünü yazsınlar!
Gecənin bir yarısıdır və şah sağ olsun, bu bəndeyi – həqirin hələ ki, yata bilmir. Onun dərdi böyükdür. Indi nə deyirsən, şahım, özün cəlladlarını göndərirsən bu “Facebook” andıra, yoxsa mən başlayım silsilə qətllərə bu mübarək Ramazan günündə?!

Комментариев нет:

Отправить комментарий