18.01.2012

Azərbaycan Qorbaçovu niyə Beynəlxalq məhkəməyə verməyib?

1990-cı il yanvarın 20-də Bakıda Sovet ordusunun törətdiyi qırğınların 22-ci ildönümüdür. Hadisənin törədilməsinin əsas təqsirkarı Sovet İmperiyasının sonuncu prezidenti Mixail Qorbaçov sayılır. Qorbaçov başda olmaqla faciənin günahkarlarının beynəlxalq məhkəmə qarşısında dayanmaları üçün son illər Azərbaycanda rəsmi və qeyri-rəsmi səviyyətə müxtəlif təkliflər səsləndirilib. Hətta 2010-cu ildə Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsi ilə bağlı işin Haaqa beynəlxalq tribunalına verilməsi üçün Azərbaycan parlamentinə müraciət də qəbul edib.
Amma həmin təkliflər elə təklif olaraq qalır...



Bəs Azərbaycan bunun üçün hansı addımlar atmalıdır? Qorbaçovu Beynəlxalq məhkəməyə verə bilərikmi, bununla nəyəsə nail olamamız mümkündürmü?

Məsələylə bağlı Modern.az-a danışan hüquqşünas Aslan İsmayılov bildirib ki, Mixail Qorbaçovun Beynəlxalq məhkəməyə verilməsinin heç bir perspektivi yoxdur, bu ancaq söz-söhbətlərdir. 
“Ona görə ki, həm elə bir mexanizm yoxdur, həm də Beynəlxalq məhkəmə daha çox siyasi mahiyyət daşıyır, nəinki huquqi. Bunun üçün də Qorbaçovun məhkum olunması real deyil. Biz çalışmalıyıq ki, ancaq mətbuat vasitəsilə bu məsələni beynəlxalq ictimaiyyətə çatdıraq”.
Aslan İsmayılov deyib ki, 20 yanvar qrğını ilə bağlı tarixçi alim Çapay Sultanovdan başqa köklü yazılar yazan yoxdur. 
“Professor Çapay Sultanovun “Qanlı Yanvar”, “İmperatorluğun son dərbəsi” adlı kitablarında Qorbaçovun tam iç üzü açılır, ifşa olunur. Ancaq bu yolla ondan qisas almaq olar” - deyə A.İsmayılov fikrini tamamlayıb.

20 Yanvar hadisəsinin bütünlükdə Sovet sisteminin cinayəti hesab edən tarixçi alim Cəmil Həsənli Modern.az-a deyib ki, faciənin baş verməsi Sovet quruluşunun mənəviyyatsızlıq üzərində qurulduğunu üzə çıxardı.  
“O ki qaldı Qorbaçovun məhkəməyə verilməsinə, bu artıq  mümkün deyil. Çünki hadisənin baş verdiyi zamandan uzun müddət keçib. Soruşacaqlar o vaxt niyə vermədiniz məhkəməyə?  Həm də SSRİ-nin dağılma prosesinə görə Qorbaçov Qərbdə mütərəqqi bir şəxs kimi tanınır. Azərbaycan vaxtında bu işlə məşğul olmadığına görə, indi gecdir, heç nə əldə edə bilmərik”.

Sevinc İltifatqızı

Комментариев нет:

Отправить комментарий