25.01.2012

Biləsuvar gömrüyündə "üsyan"


3000 insan keçid məntəqəsinin qarşısında süni maneələrlə üzləşdiyindən yürüş keçiriblər

Gömürk Keçid Məntəqələrində vəziyyətin dözülməz həddə çatıb. Birbaşa inhisarla bağlı olan bu dözülməzlik bəzən etirazlara səbəb olur. «Qırmızı Körpü», Biləsuvar, Astara, Yalama və digər Gömrük Keçid Məntəqələrində xaricdən gələn vətəndaşlarımızın gətirdiyi bir kilo almaya belə icazə verməyən gömrük işçiləri açıq şəkildə bəyan edirlər ki, bu onlarlıq məsələ deyil.

TİA.AZ-a daxil olan məlumata görə, Astara Gömrük Məntəqəsində yaranmış dözülməz vəziyyəti aradan qaldırmaq əvəzinə, pul qazanmaq yerinə çevirən gömrük işçiləri artıq adambaşına 20 manat rüşvət tələb etməyə başlayıblar. Bunu biznesə çevirən gömrük işçilərinə Sərhəd Qoşunlarının əsgər və zabitləri də qoşulanda durum daha da ağırlaşır. Elə bu səbəbdəndir ki, Astara Gömrük Keçid Məntəqəsindən keçə bilməyənlər, İrana getmək üçün Biləsuvara üz tuturlar.

Aldığımız son məlumatlara görə, dünən Biləsuvar Gömrük Məntəqəsində keçənlərin sayının çoxluğu səbəbindən vəziyyət ağırlaşıb. Xüsusən də biləsuvarlı və astaralı alverçilərin axın etdiyi bu məntəqədə gömrük işçiləri ilə onların arasında mütəmadi insidentlər yaranmağa başlayıb.

TİA.AZ-a daxil olan məlumatda deyilir ki, 3000-dən artıq vətəndaşımız gömrükdən keçə bilmədikləri üçün səhərdən axşama qədər orada qalmalı olublar. Narazılığın yüksəlməsindən sonra isə «üsyan» baş qaldırıb. Məlumata görə, 12 saata yaxın soyuqda qalan insanlar əvvəlcə pasportların yoxlanıldığı otağa daxil olub, daha sonra gömrük işçilərinin əyləşdiyi otağı «zəbt» ediblər. Maraqlı məqam odur ki, ilk yürüşü qadınlar ediblər.

TİA.AZ bildirir ki, Biləsuvarın da Astaraya çevriləcəyini görən gömrükçülər sərhədçilərlə birlikdə yeni qaydalar tətbiq etməyə başlayıblar. Artıq qərar belədir ki, bundan sonra İrana alver məqsədi ilə gedənlər həftədə iki dəfə bu istəklərini həyata keçirə bilərlər. Hətta bunun üçün konkret günlər də təyin ediblər. Belə ki, hər həftənin 1-ci və 5-ci günləri alverçilərin günü kimi qəbul edilir.

Bu qaydaları pozanlarla bağlı Biləsuvar gömrüyünün işçiləri maraqlı bir addım da atırlar. Məlumata görə, əgər başqa günlər də İrana gedib, oradan mal gətirməyə çalışılarsa, həmin alverçinin keçid limiti ayda iki dəfəyə endirilir. Bundan sonra qayda yenə də pozularsa, həmin şəxsin üzünə İran sərhəddi tamamilə bağlanır.

Комментариев нет:

Отправить комментарий