11.01.2012

Böyük yazıçılar bir-birlərini necə təhqir ediblər?



“Mürəkkəblə dolu yekə bir inək”


“Flavorwire” saytı ədəbiyyat tarixinin məşhur yazıçılarının bir-birlərinə ən sərt tənqidlərindən, hətta təhqirlərindən ibarət siyahı təqdim edib. Siyahıya Nabokov kimi çoxlarını öz tənqid hədəfinə çevirən yazıçı da var, Coys kimi təhqir olunanlar da, Folkner və Heminqueyin qarşılıqlı atmacaları da…

kulis.az oxucuların marağına səbəb olacaq “Yazıçıdan yazıçıya tənqid” (və yaxud təhqir) siyahısını sizə təqdim edir:

Qustav Flober Corc Sand haqqında: 

“Mürəkkəblə dolu yekə bir inək”.

Robert Lui Stivenson Uolt Vitman haqqında:

“Zənciri təzə açılmış böyük, tüklü bir it kimi…” 

Fridrix Nitsşe Aligyeri Dante haqqında:

“Qəbiristanlıq şairi”

Harold Blum C.K. Roulinq haqqında:

“”Herri Potter və Fəlsəfə daşı” əsərini necə oxumaq lazımdı? Hər şeydən öncə, bəlkə də elə son olaraq bunu deməliyəm: Niyə oxuyum ki?  Düzdü, əgər yaxşı kitablar tapıb oxuya bilmirsinizsə, Roulinqlə yola verə bilərsiniz”.

Vladimir Nabokov Fyodor Dostoyevski haqqında: 

“Dostoyevskinin zövqsüzlüyü, Freyd kimi insan kompleksləri ilə məşğul olaraq yaratdığı monotonluq, insan faciələrinin içində vurnuxub durması… Bütün bunları təqdir etmək çətindi…”

Gertruda Stayn Ezra Pound haqqında: 

“Kənd bələdçisi. Əgər siz nə vaxtsa kənd olmusunuzsa, əla, olmamısınızsa, apar tulla”.

Virciniya Vulf Oldiz Xakisli haqqında:

“Xam və çiy etirazlar”

Herbert Uells Bernar Şou haqqında:

“Xəstəxanada axmaq bir uşağın qışqırması kimi”

Lord Bayron Con Kits haqqında:

“Budur Kitsin altını batıran şeiri və Allah bilir, kim tərəfindən yazılan üç roman... Yalvarıram, bundan artıq Kits olmasın. Canlı-canlı dərisini soyun onun! Əgər siz eləməsiniz, özüm edəcəm. İnsanın uşaq axmaqlığı etməyinə dözə bilmirəm”.

Vladimir Nabokov Jozef Konrad haqqında: 

“Konradın həddiyə mağazasına oxşayan tərzini, butulkanın içinə qoyulmuş gəmilər və balıqqulağından hazırlanmış boyunbağılar kimi romantik klişelərini həzm edə bilmirəm”.

D.Tomas Kiplinq haqqında: 

“Kiplinq – başqa cür olmasını arzuladığım bu pis dünyada hər şeyi təmsil edir”.
Martin Emis Migel Servantes haqqında: 

“Don Kixotu oxumaq - sizdən yaşça böyük və sizə aidiyyatı olmayan bir qohumunuzun pis zarafatları, ziyanlı vərdişləri, bərbad xatirələri və düşük dostları ilə sonsuz bir ziyarətə gəlməsi ilə müqayisə oluna bilər. Bu sınaq bitəndə və ən son səhifəni (dialoqlar üçün boşluq buraxılmamış sıx bir esse formatında 846-cı səhifəni) oxuyanda göz yaşlarına boğulacaqsınız; rahatlama, ya da peşmanlıq deyil, qürur göz yaşları. Siz qalib gəldiniz, “Don Kixot”un bütün axmaqlıqlarına rəğmən”.

Şarl Bodler Volter haqqında:

“Fransada çox darıxdım və bunun əsas səbəbi isə burada hər kəsin Volterə bənzəməsidir…Axmaqlığın kralı, dayazlığın şahzadəsi, anti-sənətçi, boşluğun nümayəndəsi, “Siecle” redaktorlarının Gigon atası...”

Uilyam Folkner Ernest Heminquey haqqında: 

“Oxucuya lüğətdən istifadə etdirəcək bir söz işlətdiyinə rast gəlinməyib”.

Ernest Heminqueyin Uilyam Folknerə cavabı:

“Yazıq Folkner. O, həqiqətənmi böyük hisslərin böyük sözlərdən yarandığına inanır?” 

Qor Vidal Truman Kapot haqqında

“Bütün qərəzləri ilə həqiqi bir Kansaslı evdar qadın.”

Oskar Uayld Aleksandr Poup haqqında:

“Şeir sevməməyin iki yolu var: biri şeir sevməmək, digəri Poupun şeirlərini oxumaq”.

Vladimir Nabokov Ernest Heminquey haqqında: 

“Heminqueyi 40 yaşımdan sonra oxudum... İyrənc bir şey idi...”

Henri Ceyms Edqar Allan Po haqqında: 

“Poya heyran olmaq, düşüncənin keçilməsi şərt olan ilkin pilləsidir”.

Trumen Kapot Cek Keruak haqqında: 

“Bu, yazmaq deyil, yazı makinasını işlətməkdir”.
Elizabet Bişop C.D. Selincer haqqında:

“”Çovdarlıqda uçurumdan qoruyan”a  nifrət etdim. Kitabı oxumaq çox vaxtımı aldı. Hər dəfə yalnız bir səhifəsini oxuya bilirdim və qarşıma çıxan hər axmaq cümləyə görə onun yerinə utandım. Selincerin belə bir kitab yazmağına necə icazə veriblər?”

U.H. Oden Robert Brauninq haqqında:

“Robert Brauninqin yataqda yaxşı olduğunu düşünmürəm. Arvadı yəqin heç vecinə də almır onu. Ona görə də xoruldaya-xoruldaya 12 yaşlı qızlarla bağlı fantaziyalar qurur”.

İlvin Vo Marsel Prust haqqında: 

“Prustu ilk dəfə oxudum. Olduqca zəif idi. Düşünürəm ki, ruhi problemləri var…”

Mark Tven Ceyn Osten haqqında: 

“Kitabları tənqid etmək haqqım yoxdur və onlara nifrət yaranana qədər də etmirəm. Ceyn Osteni tez-tez tənqid etmək istəyirəm, amma kitabları məni dəli etdiyi üçün qəzəbimi oxucudan saxlaya bilməyəcəm. “Sevgi və qürur”u hər dəfə oxuyanda Osteni deşmək və öz sür-sümüyü ilə başını döyəcləmək istəyirəm”.

Virciniya Vulf Ceyms Coys haqqında: 

“”Uliss” – sızanaqlarını qaşıyan ürəkbulandırıcı bir tələbənin əsəridir”.

Uilyam Folkner Mark Tven haqqında: 

"Avropada heç dördüncü sinif sayılmayan, tənbəlliyi və dayazlığını ört-basdır etmək üçün öz sözünü demiş və uğurlu ədəbi qəlibi lazımınca yerli rənglərlə bəzəyən natamam yazıcı”

D.H. Laurens Ceyms Coys haqqında: 

“Ay Allah, Ceyms Coys nə sarsaq bir yeməkdir! Bu, boyat turşular, “İncil”dən sitatlardan ibarət bir şorba, jurnalistika suyunda vaxtından çox qalmış ətdən başqa bir şey deyil”.

Aqşin Yenisey Seymur Baycan haqqında:

"Seymur Baycan yazıçı deyil, yaxşı toyuq yeyəndir".

Tərcümə: Günel ƏSGƏRZADƏ

(Sonuncu Kulis.az-ın Aqşinə istinadən etdiyi əlavədir)

Комментариев нет:

Отправить комментарий