05.01.2012

BU DÜNYA DAĞILACAQ


Zaur QeribogluZaur Qəriboğlu

Bu dünya dağılacaq,
Geci-tezi var.
Bəlkə də bir gün,
Maşına minən ərinə
Göydələnin 16-cı mərtəbəsindən
Əl edən gəlinin
əli göydə quruyacaq,
Bu dünya dağılacaq.
Bəlkə də,
Aylarla internetdə sevişən
İki gəncin ilk görüş günündə,
Oğlan qızın əlindən tutacaq,
İlk dəfə dilindən -
Sevirəm - kəlməsi çıxarkən,
dünya dağılacaq.

Bu dünya dağılacaq.
Necə deyək dağılmasın,
Necə xahiş edək?!
Atanın qızına gözü düşürsə,
Oğul ata-ananı öldürürsə,
Arvad da, ərini dəyişirsə,
Allahın torpağını
Bələdiyyə satıb,
Katibəsinə maşın alırsa,
Necə minnət edək Allaha?!
Bu dünya dağılacaq,
Toz – duman olacaq.
Günəşi,
Ayı da batacaq.
Qaranlığa boyanacaq,
Bu dünya dağılacaq.
Allah
Bu dünyanı yenidən yaradıb,
Palçıqdan
Yeni Adəm,Həvva yaradacaq,
Onlar da Cənnətdən qovulacaq...
Bu dünya yenidən -
yeni insanla qurulacaq !..


Комментариев нет:

Отправить комментарий