14.01.2012

Duyğusal olmaq istədim


Nicat Qafuroğlu

Qoca subayın şərqisi

Ac qaranquş tək uçdular,
tələsik getdilər ərə,
sevdiklərimiz…
bizi çoxdan unutdular
mahnılara, şeirlərə
qərq etdiyimiz….
onlar uşaq da doğdular…
bizsə həsrət şeirləri …
onlar övlad böyütdülər…
biz anasız sevgiləri….
verdiyimiz sözün ucundan tutub,
bu ucsuz-bucaqsız çöldə qocaldıq
qızlar oğrun oğrun cehiz yığanda
biz ləçək topladıq, qızıl gül aldıq,
demək, avam olmuşuq,
uşaq olmuşuq,
qızın qapısını elçi döyəndə
biz mahnı axtarıb, şeir yazmışıq,
hələ bilmirdik ki, Sevgi – doğuşçün
Sevgi – ər olmaqçün qısa bir sınaq
hələ bilmirdik ki,…

başımızda sevgi yükü
baş da, bu baş deyildi ha
içindəki ürək idi
yaşın keçər, saç ağarar,
ağıl gələndə başına
güzgü görüb hayqırarsan:
“Qoca subay, kül başına!!!”


Villadakı şeirlər

Kaş ki, bu borclarım imkan verəydi
Bir azca romantik olardım bəlkə…
Hərdən fikrə dalmaq istədim,
Duyğusal olmaq istədim,
Hətta darıxmağıma inanım deyə,
Siqaret də yandırdım.
Və başladım səni düşünməyə…
İkimiz də ağ paltarda
uçuşurduq
Qağayı tək öpüşürdük,
Durnalar tək ağlaşırdıq,
Sevinirdik, sevişirdik,
Bakının üzərində
Və… lənət şeytana,
“Rabitəbank”ın binası
canlanır nəzərimdə-
üç aydır ki, pul vermirəm
Xəbərdarlıq edib bu bank.
“Yavrucağım, səma bizim
Şimdi başka samta uçak”
Sən uçursan, mən qalıram
Qanadımı banklar qırıb
uçammıram,
uçammıram,
yıxılıb özümə düşürəm,
bax, gör nə günə düşürəm.
Gün keçdikcə,
cərimələr böyüdükcə
sərtləşirəm, itiləşirəm,
itləşirəm.
İndi məni sevmək çətin
Elə mənim sevməyim də…
Şeir yazmaq istəyəndə
Əlimə keçən borc dəftərinin,
Ya da resept vərəqinin
Götürüb arxasına yazıram.
“Romantik insanlar varlılardırsa
Ən gözəl şeirlər də
villalarda yazılır…”

Комментариев нет:

Отправить комментарий