25.01.2012

İlhama məktub


Sən uduzarkən millətinin pulunu qumarda
Mən uşaqdım
Soyuqdan donurduq qış gecələrində
Sən atanla üzünə neft yaxanda
Bizim çırağa tökməyə neftimiz yox idi
Sənin üzün güləndə mavi ekrandan
Bizim borcumuz çox idi.
Sən hakimiyyəti zəbt edəndə,
Mənim atamı tutdular
Sənin atanın qoçuları.
Sən prezident kimi and içəndə
İsbat olunmadı günahları
Buraxdılar.
O gündən atamın sabaha inamı öldü
Və biz ailəlikcə sizin ailəyə uduzduq
Qurduğumuz xəyalları.
Sən qızına toy edəndə,
Mən toyumdan qalan borcları qaytarırdım
Sən xaricə səfərlərə gedəndə
Mən kəndimizə getmək üçün pul axtarırdım.
Sənin kürəkənin konsert verərkən saraylarda
Mən diplom işi yazırdım qrup yoldaşlarıma.
Sən qadınına fəxri adlar verəndə
Mən qadınıma ümid verirdim.
Sən bahalı restoranlarda yemək yeyəndə
Mən quru çörək gəmirirdim.

Sən oğluna Dubayda villa alanda,
Mən oğluma beşik almaq üçün borca pul axtarırdım.
Sən “Qarabağ qayıdacaq” deyə ümid verəndə,
Mən Qarabağ qaçqınına
Kirayəni azaltsın deyə yalvarırdım.
Sən ən məhşur qadınlarla yatanda,
Mən məhkəmədə boşanırdım.
Sənin nazirinin oğlu
Ayı ətini şişə çəkdirəndə
Mən “Ayı qanı” adlı çaxır içirdim küçələrdə.
Sən gəncləri həbsxanalara dolduranda,
Mən xəyal qururdum həmin gənclərlə.
Sən idman sarayları tikdirəndə
Mən saralmış kitablara baxırdım
Sən təqaüdlər paylayanda debillərə,
Mən aclıq haqqında yazırdım.
Sən tumarlayanda oğlunun başını,
Mən oğlumun rəsimləriylə ovunurdum.
Sən şux yerişlə dolaşanda regionları
Mən işsizlikdən çıldırırdım.
Sən Sarkisyanla “qalstuksuz” görüşlərdə,
Mən Bakı küçələrində yürüşlərdə.
Sən bahalı şərablar dadanda,
Mən ən ucuz araq içirdim tində-dalanda.
Sən xalqı talayanda,
Pul gözünü tutanda.
Mənim otağıma günəş düşmürdü.
Sən sırtıqcasına güləndə ekranda,
Mənim acından başım dönürdü.
Sən yeni açılış üçün qırmızı lentlər kəsəndə
Mən damarımı kəsirdim.
Sən xalqın qorxusundan mühafizəçilərlə gəzəndə
Mən insanların içinə tələsirdim.
Amma unutma,
Gün gələcək
Mənim ulduzum yananda
Sənin çırağın sönəcək.
Və bütün incitdiklərin
Arxanca tüpürəcək.

Комментариев нет:

Отправить комментарий