11.01.2012

Jurnalistin istintaqı yekunlaşır


Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılan “İslamazeri.com” saytının baş redaktoru Ramin Bayramovun istintaqı yekunlaşır
Jurnalistin vəkili Ramil Məmmədov “Media forum” saytına açıqlamasında deyib ki, yanvarın 9-da sonuncu dindirmə olub: “İfadəsi alındı. Heç bir ağırlaşdırıcı ittiham olmadı. Ümid edirik ki, qaldıracağımız vəsatətlər yüngülləşdirici hal yaradacaq”.
Vəkil hazırda prokurorun iş materialları ilə tanış olduğunu deyib: “Bundan sonra isə iş materialları müdafiə tərəfinə təqdim olunacaq”.Ramil Məmmədov Ramin Bayramovun səhhətindən və saxlandığı şəraitdən heç bir şikayəti olmadığını deyib.

Ramin Bayramov avqustda həbs olunub. O, Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə günahlandırılır.
Respublika Narkoloji Dispanseri Ramin Bayramov haqqında rəy verib. Rəyə görə, o, narkotik maddə istifadəçisi deyil.

Комментариев нет:

Отправить комментарий