03.01.2012

Küləkdə üşüyən yarpaqlar

Emin Piri
TELINDƏ XƏZAN YELLƏRI

Ağaclarda yarpaqlar,
əllərim tellərində
edam olunur
bu payız.

Əsdi sənin tellərində
xəzan yelləri,
qocaltdığın barmaqlarım
saçlarından düşür bir-bir.

Payız Təbiəti soyundurantək,
sən də soyundun məni
arzundan,
özündən,
sözündən.

Küləkdə üşüyən yarpaqlar
cumur torpağın canına.
Soyuq baxışlarında
titrəyir sözüm.
qorxuram qaçam ömrünə,-
buz heykələ dönə
ürəyim, sevgim.

Arının solmuş çiçəkdən
qopması kimi.
qopuram dodaqlarından.
Xəzana çevrilən öpüşün
bulud olmuş gözlərimin
yağmuru altında
çürüyür yanaqlarımda.

SƏNGƏRDƏKILƏRIN ACIĞINA

Aylardır səngərdəyik,-
sevgidən, qadından uzaq.

Elə bil
bizə,
bütün savaşlara,
düşmənimizə,
və bizi səngərdə isidən
düşüncəmizə
meydan oxuyur
öz öpüşləriylə
mərmilər altında
sevişən göyərçinlər.

TUTSA BULUDLARDAN ÇATAR TANRIYA 
Əlində gəlincək tutan
bu körpə qızın
arzuları özündən böyük,
istəkləri boyundan hündür.
Gözləri dikilib
Anasının dikdaban ayaqqabısına,-
Geysə, çatarmı arzularına?!

Bu körpə qızın arzuları
özündən uca.
Baxır ucalan dağlara
“Qalxsam çatarammı arzularıma?!”

Əllərini açıb göyə
dua eləyir Tanrıya.
Baxır buludlara:
“Tutsam ətəyindən çatarammı Tanrıya?!”

BU YURDA AĞLA

Gözlərimdən
axan damcıları silərək
məni qucaqlayıb,
“yanındayam, üzülmə”
deyən sevgilim.
Hardan biləsən ki,
sənin yoxluğuna deyil,
bu yurda ağladığımı.

Hər gecə sayıql ayaraq
”Geri dön” dediyimdə
Hardan biləsən səni yox,
Tanrını səslədiyimi.

SERGEY YESENINƏ

Eşitdim gəlibsən Azərbaycana,
Gəlib buralarda kef eləyibsən.
Ancaq arxivlərdə başqa şeylər var,-
Yazıblar...
...bir azca səhv eləyibsən.

Gördük ki, yaxşıca yeyib-içənsən,
həm də dediyindən dönən deyilsən.
Köhnə arabada fırladıb səni
Iran əvəzinə sırıya bildik
Bakı qırağında Şağan kəndini.

...Şehli çəmənlərdə gəzə bilmədin,
“Şaqanım, Şaqanım” yazdın qum üstdə.
Sənə bel bağlamaz çarşablı xanım,
Uzağı bir qurtum sərin su verər...


Комментариев нет:

Отправить комментарий