18.01.2012

Əllərini ver əlimə

imageFəxrəddin ƏSƏD

XXX

yaşamaq tamaşadı
ağlamalı gülməli
nə şair kimi şair
nə dəli kimi dəli
deyirsən bütün hisslər
ötüşüb keçəsidir
sənə hər gün hər saat
karnaval gecəsidir
 təkcə gözlərin qalıb
 o da hey axar, axar
 bu yolun sonu birdi
 aldanış ya intihar
məni arxanca çəkdin
yalana mən də girdim
səni gözlüksüz tapdım
gözlük altda itirdim

XXX

…bu da bir qismətmiş yaşamışıq biz
bu da bir oyummuş sevgi oyunu
mən sənə nə deyim necə yalvarım
deyimmi dön qayıt göstər boyunu
elə bil hardasa baş girləmişik
sevgiyə sevməyə gec gəldik deyən
həsrətdi xəyaldı xatirələrdi
daha mən deyiləm qapını döyən
bir pöhrə ümidi gül açammamış
eləcə qurudu göyərdəmmədim
daşa üz tutsaydım daş da dinərdi
mən sənə sevməyi öyrədəmmədim

PAYIZ KÖÇÜ

nəhayətsiz payız köçü
hamımız da köç içində
yəqin biz acıq çıxırıq
yoxsa nədən öc içində
yoxsa hardan çən dumanlıq
hardandı dumanda qayıq
üzüb gedəcək bir azdan
payız yağışları ayıq
yenə də qara buludlar
gəlir axışa-axışa
ömrü yollarda keçirmək
dəymədi o kor baxışa

XXX

ruhlar kimi dolaşır
bu səhrada boz duman
boz dumanın içində
ilğıma dönüb güman
keçidlərdə atları
alıb apardı dava
bircə içimlik su da yox
bir udumluq da hava
nə şöhrət nə sədaqət
nə yosundan bürüncək
gözləyirik suya dönsək
sarı qumlar sevinəcək

XXX

bulud dalından boylanıb
ulduzlar sərsəm oyanar
işıq zolağı sürünür
bizdən o tərəf o yana
yol gedir üzü yuxarı
yol gedir üzü yoxuşa
mən səni çox itirmişəm
düşüb borana yağışa
bax yenə yağış başladı
mənzilə çatmarıq daha
əllərini ver əlimə
gəl bataq nağıl günaha

Комментариев нет:

Отправить комментарий