04.01.2012

Mənim könlüm deyir ki...

         Mikayıl Müşfiq


Mənim könlüm deyir ki,
Hələ bunlar nədir ki...
Böyük günlər, şanlı günlər, şən günlər,
Yoluna düşən günlər
Hələ qarşımızdadır!

Hələ bunlar nədir ki...
Mənim könlüm deyir ki,
Həyat ondan küsənləri incidər
Möhkəm dəzgah, şirin əmək, inci tər
Hələ qarşımızdadır!

Babam derdi: "Keçən günə gün çatmaz!"
Mənim könlüm bu sözlərə heç yatmaz.
O düşünüb deyir ki,
Hələ bunlar nədir ki...
Ay işığı, dolu ürək, yaşıl bağ,
Qızğın günəş, sərin çeşmə, qarlı dağ
Hələ qarşımızdadır!

Комментариев нет:

Отправить комментарий