04.01.2012

“Naməlum qadının məktubu”

Stefan Şveyq

Məşhur belletrist R. dağa istirahətə getdiyi üç günlük səyahətdən səhər tezdən Vyanaya qayıdıb və vağzalda qəzet alıb, tarixə baxanda, birdən yadına düşdü ki, bu gün onun doğum günüdür.

Qırx birinci, – o tez hesabladı və bu fakt onu nə sevindirdi, nə də məyus etdi. Qəzetin şax vərəqlərinə cəld göz gəzdirdi, taksi saxladı və öz evinə yollandı.

Qulluqçu ona, o burada olmayanda ona baş çəkən iki nəfər ziyarətçi və bir neçə telefon zəngi haqqında məlumat verdi və padnosda toplanan məktubları gətirdi.

Yazıçı tənbəlcəsinə redaksiyadan gələn məktublara baxdı, bir neçə zərfi açıb, göndərənlərin soyadlarına baxdı; yad xətlə yazılan və ona olduqca böyük görsənən məktubu kənara qoydu.

Qulluqçu çay gətirdi. O kreslosunda rahat əyləşib bir daha qəzetə göz gəzdirdi, göndərilən kataloqlara baxdı, sonra bir siqaret yandırdı və kənara qoyduğu məktubu əlinə aldı.

Orada otuza yaxın səhifə vardı və yad qadın xətti ilə, tələsik və qeyri – səlist yazılmışdı.

Məktubdan çox əl yazısına oxşayırdı. R. qeyri – ixtiyari olaraq bir daha zərfi yoxladı, orda başqa bir qeyd yoxdur ki deyə.

Ancaq zərf boş idi və onun üstündə, məktubun özündə də olduğu kimi, göndərənin nə adı nə də ünvanı yox idi.

Qəribədir, o düşündü və yenidən məktubu əlinə aldı.

“Məni heç vaxt tanımayan sənə”, – o təəccüblə ya müraciət ya da başlığı oxudu… Bu kimə aid edilirdi? Ona, yoxsa uydurulmuş qəhrəmana?

Onda istər – istəməz maraq yarandı. Və o oxumağa başladı.

Mənim körpəm dünən öldü – üç gün və üç gecə mən balaca, cansız bədən üçün ölümlə vuruşdum; onun yazıq isti bədənciyi qızdırmanın içində yandığı qırx saat ərzində mən onun çarpayısından ayrılmadım.

Mən onun tərləyən alnına buz qoyurdum, səhər axşam kiçik narahat əllərini əlimin içində saxlayırdım.

Üçüncü gün, axşama yaxın güclərim məni tərk elədi. Mənim gözlərim biixtiyar bağlandı.

Üç, ya da dörd saat mən sərt stulda oturulu şəkildə yatdım və bu müddət ərzində ölüm onu apardı.

İndi o – kiçik, yazıq oğlan öz dar çarpayısında mən onu oyanarkən gördüyüm kimi uzanıb; onun ancaq gözlərini bağlayıblar, onun ağıllı, qara gözlərini…, Əllərini ağ köynəyin üzərində çarpazlayıblar və onun çarpayısının hər küncündə dörd şam yanır.

Mən ona baxmağa, yerimdən tərpənməyə qorxuram, çünki şamın odu tərpənir və kölgələr onun sifətində, sıxılı dodaqlarında oynayır və onda mənə elə gəlir ki, onun cizgiləri canlanır və mən inanmağa hazıram ki, o ölməyib, indicə oyanacaq və öz cingiltili səsi ilə mənə uşaqcasına, nəzakətli nəsə deyəcək. Ancaq mən bilirəm ki, o ölüb, mən ona baxmaq istəmirəm, çünki ümidin ləzzətini və təəssüf acısını dadmaq istəmirəm.

Mən bilirəm, bilirəm, mənim körpəm dünən ölüb, – indi mənim üçün həyatla sərbəst oynayan və mənim varlığımdan xəbərsiz olan yalnız sən varsan. Ancaq sən – məni heç vaxt tanımayan və həmişə sevdiyim sən…

Mən beşinci şamı yandırdım və onu arxasında oturduğum stolun üstünə qoydum.

Mən öz ölən körpəmlə tək qala və öz dərdimi qışqıra bilmirəm və bu çətin dəqiqələrdə səninlə danışmayıb, kiminlə danışa bilərəm, axı sən, həmişəki kimi mənim üçün hər şeysən!

Ola bilər ki, mən səninlə aydın danışa bilməyəcəm, bəlkə də sən məni anlamayacaqsan – mənim fikirlərim qarışıb, gicgahımda nəsə döyünür və bütün bədənim ağrayır.

Deyəsən, mənim qızdırmam var; bəlkə də, mən də indi evdən evə yayılan qripə yoluxmuşam və bu yaxşı olardı, çünki onda mən də öz körpəmin arxasınca gedərdim və hər şey öz özünə yoluna düşərdi.

Hərdən mənim gözlərim qaralır, ola bilər ki, mən, bu məktubu sona qədər yazıb qutara bilməyəcəm, ancaq mən bütün qüvvəmi toplayacam ki, heç olmasa bir dəfə, yeganə bu bir dəfə səninlə danışım, məni heç zaman tanımayan sevgilim.

Ancaq səninlə danışmaq istəyirəm, ilk dəfə sənə hər şeyi demək istəyirəm; sən mənim, həmişə sənə məxsus olan bütün həyatımı biləcəksən, baxmayaraq ki, sən onun haqqında heç vaxt heç nə bilməmisən.

Amma sən mənim sirrimi ancaq mən ölsəm biləcəksən ki, mənə cavab yazmaq məcburiyyətində qalmayasan, – ancaq əgər məni indi ağuşuna alan qızdırma sonun başlanğıcıdırsa.

Əgər indi mənə yaşamaq qismət olsa, mən bu məktubu cıracam və yenə də həmişə susduğum kimi susacam.

Ancaq əgər sən onu əlində tutursansa, bil ki, o məktubda ölən insan sənə öz həyatını danışır, o həyatını ki, özünü dərk edən ilk andan son saniyəsinə kimi sənə məxsus olub.

Mənim sözlərimdən qorxma, – ölmüş insan heç vaxt heç nə istəmir, nə sevgi, nə halına acımaq, nə sakitləşdirmək.

Mənim səndən yeganə istəyim budur ki, sən mənim acılarımın sənə dediklərinə inanasan. Hamısına inan, mən səndən ancaq bunu istəyirəm: heç kim öz yeganə balasının ölüm saatında yalan danışmaz.

Mən sənə bütün həyatımı danışacam, hansı ki, ancaq səni tanıdığım andan başlayıb.

O günə qədər hər şey tutqun və solğun idi, hansına ki, mənim yaddaşım heç vaxt çönüb baxmır və hansı ki sanki nə vaxtsa içində insanlar yaşayan hörümçək toru ilə örtülüb.

O insanlar ki, mən onları çoxdan ürəyimdən çıxartmışam.

Sən peyda olanda mənim on üç yaşım var idi və mən sənin indi əlində bu məktubu – mənim həyatımın sonuncu nəfəsini tutduğun evdə qalırdım; elə həmin mərtəbədə, sənin evinlə üzbəüz evdə. Sən yaqin ki,artıq bizi, çinovnikin dul arvadını və arıq yeniyetməni xatırlamırsan. Sən yəqin ki, heç vaxt bizim adımızı eşitməmisən, çünki bizim qapımızda heç vaxt ad olmayıb və heç kim heç vaxt gəlib bizi soruşmayıb.

Həm də bu lap çoxdan olub, on beş, on altı il bundan qabaq, yox sevgilim, sən, əlbəttə, bunu xatırlamırsan; ancaq mən – mən hər xirdalığı hərisliklə xatırlayıram, elə bil sənin haqqında ilk dəfə eşitdiyim, səni ilk dəfə gördüyüm o gün, o saat dünən olub, necə də xatırlamayım, axı onda mənim üçün dünya açılmışdı!

İcazə ver, sevgilim, sənə hər şeyi lap əvvəldən danışım, saatının dörddə birini mənə hədiyyə elə və səbirlə bütün həyatı boyu səni sevənə qulaq as.

Sən bizim binaya köçməzdən əvvəl, sənin evində iyrənc, əsəbi, pis adamlar yaşayırdılar.

Özləri kasıb olsalar da, qonşularının kasıblığına nifrət edirdilər, bizə nifrət edirdilər, çünki biz onlarla heç nəyi bölüşmürdük.

Ailənin başçısı içki düşkünü idi və yoldaşını döyürdü; biz tez – tez gecə yarısı aşan stulların və qırılan qab – qacağın səsindən oyanırdıq; bir dəfə o, tamamilə qan içində, saçları dağınıq şəkildə pilləkənə qaçdı; sərxoş əri qışqırıqla onun dalınca qaçdı, ancaq digər sakinlər onu polislə hədələdilər. Anam lap əvvəldən bu ailə ilə hər cür münasibətdən qaçmağa çalışırdı və mənə onların uşaqları ilə oynamağa qadağa qoymuşdu.

Onlar isə, hər imkan düşəndə məndən bunun intiqamını alırdılar.

Hər dəfə küçədə arxamca pis sözlər deyirdilər və bir dəfə məni qarla necə vurdularsa sifətimdən qan axdı.

Bütün bina bu ailəyə nifrət edirdi və bir dəfə nəsə oldu, – deyəsən ailənin başçısı oğurluq üstündə həbsə düşdü və həmin ailə də köçməli oldu.

Onda hər kəs rahat nəfəs aldı. İki – üç gün qapıda kirayə vermə haqda elan asıldı, sonradan oranı kirayəyə götürdülər və tezliklə məlumat yayıldı ki, evi hansısa yazıçı, tənha, səliqəli cənab kirayələyib.

O zaman mən birinci dəfə sənin adını eşitdim. Daha iki – üç gündən sonra ustalar və təmizlikçilər gəldilər və mənzili əvvəlki sakinlərdən qalma çirkdən təmizləməyə başladılar.

Onlar çəkicləyirdilər, yuyurdular, daşıyırdılar, ancaq anam sevinirdi və deyirdi ki, axır ki, qonşuluqda olan biabirçılığa son qoyuldu.

Köçənə qədər mən səni görməmişdim, bütün işlərə sənin qulluqçun baxırdı, o hündür, ağsaç, hər kəsə yuxarıdan aşağı baxan kişi.

O hər kəslə inanılmaz dərəcədə mədəni davranırdı, ancaq eyni zamanda da digər sadə qulluqçularla özünü bərabər tutmur və onlarla heç bir dostcasına söhbətlərə girişmirdi.

Mənim anama da o ilk gündən təzim və hörmətlə yanaşırdı və hətta mənə, qızcığaza qarşı mehriban və ciddi idi. Sənin adını o həmişə xüsusi hörmətlə çəkirdi və o dəqiqə hiss olunurdu ki, bu sadəcə adi qulluqçunun öz ağasına olan hörməti deyil. Və mən sonradan o qoca İohannı çox sevdim, baxmayaraq ki, həmişə sənin yanında olduğuna və sənə qulluq edə bildiyinə görə ona paxıllıq edirdim!

… Sevgilim, mən bunları, bu gülünc xırdalıqları sənə ona görə danışıram ki, sən lap əvvəldən mənim kimi  kiçik, qorxaq qızcığaz üzərində necə hakimiyyət qazana bildiyini dərk eliyəsən.

Hələ çox əvvəl, sən mənim həyatıma girməmişdəm qabaq, sənin ətrafında artıq bir növ nimb, varlılıq, qeyri adilik və sirlilik təcəssüməsi yaranmışdı; biz hamımız öz kiçik binamızda səbirsizliklə sənin gəlişini gözləyirdik.

Bilirsən axı, kiçik, dar bir aləmdə yaşayan insanlar necə hər şeyə maraqla yanaşırlar. Və mən bir dəfə məktəbdən qayıdanda evin qarşısında mebel olan furqonu görəndə məndə sənə qarşı qəribə bir maraq oyanmışdı!

Ağır əşyaların çoxunu işçilər artıq yuxarı qaldırmışdılar və indi də ayrıca, xırda əşyaları qaldırırdılar; mən qapının yanında dayandım ki, bütün bunları yaxşı görüm, çünki sənin bütün əşyaların məni çox təəccübləndirmişdi – mən belələrini heç yerdə görməmişdim – burda hind allahcıqları, italyan statuetkaları, iri, inanılmaz parlaq şəkillər və nəhayət, elə çoxlu və gözəl kitablar var idi ki, mən gözlərimə inanmırdım.

Onları qapının yanında sütunlarla düzmüşdülər, orda qulluqçu onları qəbul edir və hər birini xüsusi qayğı ilə otağa düzürdü.

Həddən artıq böyük maraqla mən ətrafda dolanırdım.

Qulluqçun məni qovmurdu, amma çox üz də vermirdi, ona görə də mən kitablara toxunmağa qorxdum, halbuki mən onların üz qabığına toxunmağı çox istəyirdim. Mən oğrunca onların başlıqlarına baxırdım – burada, fransızca, ingiliscə və tamamilə anlaşımaz dildə olan kitablar var idi.

Mən saatlarla onlara tamaşa edə bilərdim, ancaq anam məni evə çağırdı.

Və budur, səni tanımaya tanımaya bütün gecəni səni düşündüm. Mənim özümün 5 – 10 dənə üz qabığı cırılmış kitabım var idi ki, mən də onları dəfələrlə oxuduğumdan heç xoşlamırdım.

Mənə çox maraqlı idi ki, bu qədər gözəl əsər oxuyan, bu qədər dil bilən, bu qədər varlı və savadlı adam necə görsənir. Mənə elə gəlirdi ki, alimlər necəsə fövqal adi insanlar olmalıdırlar.

Xəyalən sənin portretini yaratmağa çalışırdım; mən səni qoca kişi kimi, eynəkli və uzun ağ saqqallı, bizim coğrafiya müəlliminə oxşar, ancaq daha xoş, yaraşıqlı və incə biri kimi təsəvvür edirdim. Bilmirəm niyə, amma hətta sənə mənə qoca kişi kimi görsənəndə də mənə elə gəlirdi ki, sən yaraşıqlı olmalısan.

Həmin gecə mən səni tanımaya tanımaya ilk dəfə yuxumda gördüm.

Növbəti gün sən köçdün, ancaq mən nə qədər çalışsam da səni görə bilmədim və bu mənim marağımı daha da artırdı.

Nəhayət, üçüncü gün mən səni gördüm və görəndə ki, sən mənim uşaq təsəvvürümün yaratdığı kimi “qocaman” deyilsən, çox təəccübləndim.

Mən eynəkli qoca kişi haqqında düşünürdüm və birdən sən peyda oldun – elə indi olduğun kimi, sanki illər səndə heç iz buraxmayıb.

Sənin əynində əsrarəngiz açıq – boz rəngdə idman kostyumu var idi və sən özünün inanılmaz yüngül, cəld addımlarınla, pilləkənləri iki – iki qalxırdın. Şlyapanı əlində tutmuşdun və mən sənin gənc, canlı sifətini və sarı saçlarını gördüm. İnan ki, mən çox qorxdum. Sənin gəncliyin, gözəlliyin məni silkələdi.

Və maraqlıdır ki, elə bu ilk anda mən səndə olan və məni heyran edən ikiliyi hiss elədim: sən vecsiz, yüngül düşüncəli, oyun və macəra həvəskarı olan biri, eyni zamanda da öz yaradıcılığında çox ciddi, dünyagörüşlü və savadlı adam idin.

Mən o saat hər kəs kimi anladım ki, sən xarici aləmə əks olunan şən cəhətlərinlə və daxili aləmə aks olunan və ancaq özünün bildiyin cəhətlərinlə ikili həyat yaşayırsan. Bu dərin ikilənməni, sənin varlığının bu sirrini, mən – 13 yaşlı qız ilk baxışdan hiss elədim.

Sevgilim, indi başa düşdün, sən mənim üçün – balaca uşaq üçün necə bir möcüzəyə sirrə çevrildin?!

Kitab yazdığı üçün, mənə yad olan bir dünyada məhşur olduğu üçün qarşısında baş əyilən bir insan, qəfildən gənc, şən, 25 yaşlı oğlan çıxdı.

Demək lazımdırmı ki, bu gündən etibarən bizim evimizdə, mənim uşaq dünyamda məni səndən başqa heç nə maraqlandırmırdı.

Mən bütün varlığımla, tərsliyimlə sənin haqqında, sənin həyatın haqqında düşünürdüm.

Mən səni, sənin vərdişlərini, sənə baş çəkən insanları öyrənirdim və bu mənim marağımı nəinki söndürmürdü, əksinə, daha da qüvvətləndirirdi, çünki sənin ikiliyin sənə baş çəkən qonaqlarının sayəsində daha çox nəzərə çarpırdı.

Gənc insanlar – sənin dostların gəlirdilər, hansılarla ki, sən deyib gülürdün; tələbələr gəlirdilər; hərdən maşınlarda qadınlar gəlirdilər; bir dəfə opera teatrının direktoru, məhşur dirijor gəlmişdi, hansını ki, mən ancaq əlində dirijor taxtası ilə uzaqdan görmüşdüm; kommersiya məktəbinə yeni qəbul olmuş qızlar gəlirdilər…

Ümumiyyətcə çox, lap çox qadınlar gəlirdi. Mən bu barədə çox düşünməmişdim, hətta bir dəfə səhər tezdən dərsə gedəndə sənin evindən çıxan qadını görəndə belə…

Mənim cəmisi 13 yaşım var idi və mən bilmirdim ki, mənim səni güddüyüm ehtiraslı marağın adı artıq SEVGİ idi…

Ancaq, sevgilim, mən çox yaxşı xatırlayıram, nə vaxt, hansı gün və saatda tamamilə sən bağlandığımı.

Gəzintidən qayıdaraq mən və rəfiqəm binanın girişində söhbət edirdik. Bu zaman bir maşın yaxınlaşdı və sən heç onun dayanmağına imkan vermədən məni heyran edən cəldliyinlə maşından endin.

Özümdən aslı olmadan mən binanın qapısına atıldım ki, onu sənin üçün açım və biz az qala toqquşacaqdıq. Sən mənə isti, incə, cəlbedici bir baxışla baxdın və incə şəkildə mənə gülümsədin – hə, məhz mənə incə şəkildə gülümsədin və dostcasına, astadan “çox sağ olun, froylayn” dedin.

Vəssalam, əzizim; ancaq elə o dəqiqədən, sənin incə baxışını üzərimdə hiss elədiyim andan mən sənin oldum.

Sonradan mən bildim ki, sən bu incə, cəlbedici baxışı sənin yanından keçən bütün qadınlara, dükanda gördüyün bütün qadın satıcılara, sənə qapını açan bütün qadınlara bağışlayırsan – bildim ki, bu baxış səndən aslı deyil və özündə heç bir hissi əks elətdirmir, ancaq sən qadınlara baxanda özü özünə belə isti və incə olur.

Ancaq mən, 13 yaşlı uşaq bundan şübhələnmirdim – məni sanki od yandırırdı.

Mən düşündüm ki, bu baxış mənim üçün, ancaq mənim üçündür və bu an məndə – yeniyetmədə bir qadın oyandı və o həmişəlik sənin oldu.

– Bu kimdir? – rəfiqəm məndən soruşdu. Mən ona həmən cavab verə bilmədim. Mən özümü sənin adını çəkməyə məcbur edə bilmədim. Bu an o mənim üçün müqəddəs idi, mənim sirrimə çevrilmişdi.

– Bizim binada qalanlardandı – mən birtəhər mızıldandım.

– Onda niyə belə qızardın? – rəfiqəm uşaq qəddarlığı ilə məni ələ saldı. Və o məni ələ salaraq sirrimə toxunduğu üçün qan daha bərk mənim üzümə vurdu. Utandığımdan mən kobud cavab verdim və qışqırdım:

– Axmaq!

Mən onu boğmağa hazır idim, ancaq o daha da bərkdən gülməyə başlayırdı; axır ki, gücsüz əsəbdən yaranan göz yaşlarım yanaqlarımdan süzüldü.

Mən geriyə döndüm və yuxarı qaçdım.

Bu andan mən səni sevdim. Bilirəm, qadınlar sənə bu sözləri tez – tez deyiblər. Ancaq inan mənə, heç kim səni belə qul sadiqliyi ilə sevməyib, necə ki, mən sevirdim və həmişə də sənə sadiq qaldım.

Çünki dünyada heç nə bir uşağın cavabsız, sakit, həyəcanlı sevgisi ilə müqayisə oluna bilməz. Ancaq tənha uşaqlar öz ehtiraslarını daxillərində boğa bilirlər, başqaları öz hisslərini rəfiqələrinə danışırlar ya da etiraf edərək açırlar – onlar sevgi haqqında çox eşidib və oxuyublar və bilirlər ki, o bütün insanların qaçılmaz cəzasıdır. Onlar sevgi ilə oyuncaq kimi oynayırlar, onunla oğlanlar ilk siqaretləri ilə fəxr etdikləri kimi fəxr edirlər. Ancaq mən – mənim etibar edı biləcəyim heç kimim yox idi.

Heç kim məni nəyəsə məcbur ya da qadağan etmirdi, mən təcrübəsiz və saf idim; mən öz taleyimə uçuruma atılan kimi atılırdım.

Daxilimdə yaranan hər hissdə mən sənə – xəyallarımın obrazına inanırdım; mənim atam çoxdan ölmüşdü, öz problemləri ilə yaşayan, kasıb dul qadın olan anamdan mən uzaq idim, yüngül düşüncəli məktəb rəfiqələrimdən uzaq gəzirdim, çünki onlar mənim üçün yüksək ehtiras hesab olunan şeylə amansızcasına oynayırdılar – və daxilimdə adi halda olan və qəfildən yaranan bütün hislər ancaq sənə ünvanlanmışdı.

Sən mənim üçün – necə izah edim – ayrılıqda götürülən bütün müqayisələr çox dardı – sən mənim üçün elə hər şey idin, bütün həyatım idin.

Hər şey səninlə aidiyyatı olduğu qədər mövcud idi, mənim həyatımda ancaq səninlə bağlı olan şeylər özünə məna qazana bilirdi. Sən mənim bütün həyatımı dəyişdin.

O vaxta kimi laqeyd və tənbəl şagird olan mən qəfildən sinif əlaçısına çevrildim; mən yüzlərlə kitab oxuyurdum, çünki bilirdim ki, sən kitabları sevirsən; anam təəccüblənirdi ki, mən birdən inanılmaz həvəslə royalda ifa etməyi məşq edirəm, belə ki, mənə elə gəlirdi ki, sən musiqini sevirsən.

Mən öz paltarlarımı təmizləyib tikirdim ki, sənin gözünə səliqəsiz geyimli çıxmayım və məktəb önlüyümün üstündə anamım paltarının parçasından tikilmiş dördbucaq formalı yamaqdan çox əzab çəkirdim.

Qorxurdum ki, sən bu yamağı görərsən və mənə rişxənd edərsən, ona görə də mən pilləkənlə qalxanda kitablarla dolu çantamı sol küncümə sıxaraq qaçırdım və qorxudan əsirdim ki, sən mənim geyimimdəki bu eybi görməyəsən.

Ancaq mənim bu qorxum nə qədər də gülməli idi, axı sən mənə heç vaxt, demək olar ki, heç vaxt baxmırdın…

… Ancaq yenə də: mənim bütün günü işim – gücüm ancaq səni gözləmək idi. Bizim qapımızda yumru gözlük var idi ki, ordan baxanda sənin qapın görsənirdi.

Bu deşik – yox, sevgilim, gülmə, hətta indi də mən onun arxasında keçirdiyim saatlara görə utanmıram – mənim dünyaya pəncərəm idi: orada, o soyuq dəhlizdə, anamın xəbər tutacağından qorxaraq, əlimdə kitab bütün gecəni həyəcanla oturub gözləyirdim. Sənin hər yaxınlaşmağında əsməyə başlayırdım.

Mən səni heç vaxt tərk etmədim; dayanmadan, gərgin bir diqqətlə səni güdürdüm, ancaq bu sənin heç nəzərinə də çatmırdı. Cibində daşıdığın və səninçün hər saniyəni dayanmadan gərginliklə işləsə də ancaq hər milyon saniyədən bir ötəri baxdığın saatın kimi…

Mən sənin haqqında hər şeyi bilirdim, bütün vərdişlərini, qalstuklarını, kostyumlarını tanıyırdım; mən sənin bütün tanışlarını tanımağa və tezliklə onları ayırmağa başlamışdım.

Mən onları xoşuma gələnlərə və nifrət etdiklərimə ayırırdım. 13 yaşdan 16 yaşa kimi mən ancaq səninlə yaşadım. Ah, mən nə qədər axmaqlıqlar edirdim!

Mən sənin əlinin toxunduğu qapı cəftəsini öpürdüm, evə daxil olmazdan əvvəl tulladığın siqaretin kötüyünü yığırdım və onlar mənim üçün müqəddəs idi, çünki onlara sənin dodaqların toxunmuşdu. Axşamlar mən min cür bəhanə ilə həyətə qaçırdım baxım ki, sənin hansı otağında işıq yanır.

Beləcə sənin mövcudluğunu daha yaxından hiss edirdim. Sən səyahətdə olduğun vaxtlarda isə, – mən hər dəfə qoca İohanı əlində sənin sarı çamadanınla pilləkənləri düşdüyünü görəndə ürəyim əsirdi – mənim həyatım uzun müddətlik öz mənasını itirirdi.

Evdə əsəbi və darıxdırıcı şəkildə vurnuxurdum və qorxurdum ki, birdən anam ağlamaqdan şişmiş gözlərimi görüb nədənsə şübhələnər. Bilirəm ki, sənə danışdığım hər şey gülməli uşaq hərəkətləridir.

Mən əslində onlardan utanmalıydım, ancaq mən utanmıram, çünki mənim sənə olan sevgim heç vaxt o uşaq vaxtlarında olduğu kimi daha təmiz və odlu olmayıb.

Saatlarla, günlərlə sənə danışa bilərəm ki mən səninlə necə nəfəs alırdım, halbuki sən mənim üzümü heç tanımırdın da, çünki, biz hər dəfə pilləkəndə qarşılaşanda mən sənin məhvedici baxışlarından qorxaraq başımı aşağı salıb elə qaçırdım ki, elə bil oddan qurtulmaq istəyən adam özünü suya tullayır.

Saatlarla, günlərlə sənə o keçmiş, unudulmuş günlər haqqında danışa, sənin həyatının bütün təqvimini önündə aça bilərdim; ancaq mən səni darıxdırmaq, bezdirmək istəmirəm.

Mən təkcə sənə uşaqlığımın ən xoşbəxt anını danışacam və xahiş edirəm, mənə gülmə, çünki bu nə qədər mənasız olsa da, mənim üçün – balaca uşaq üçün sonsuz xoşbəxtlik idi. Bu, bazar günlərindən birində baş vermişdi; sən harasa hazırlaşırdın və sənin qulluqçun açıq qapıdan ağır xalçaları çıxardırdı.

Qocaya çətin idi və mən birdən cəsarətlənərək, soruşdum ki, komək edə bilərəm?

O təəccüblənsə də, təklifimi rədd eləmədi və beləcə mən sənin evinin daxilini, sənin aləmini, arxasında işlədiyin yazı stolunu – onun üstündə göy, billur vazada güllər var idi – sənin şkafını, şəkillərini, kitablarını gördüm.

Mən bunlara yalnız oğrun nəzər sala bildim, çünki sadiq İohann, əlbəttə, mənə daha yaxından baxmağa icazə verməzdi, ancaq bu yeganə baxışla mən öz daxilimə sənin mənzilinin atmosferini əks elətdirdim və bu mənim sənin haqqında olan bütün təsəvvürlərimə əlavə qida verdi.

Bu hadisə, bu qısa an mənim uşaqlığımın ən xoşbəxt anı oldu.

Mən bunu ona görə danışmaq istədim ki, məni tanımayan sən, bir insan ömrünün necə sənin üçün yanıb külə döndüyünü axır ki anlayasan.

Sənə bu hadisə və bir də başqa, dəhşətli bir hadisə haqqında danışmaq istəyirəm. Artıq dediyim kimi, mən sənə görə hər şeyi unutmuşdum, anama fikir vermirdim, heç kimi, heç nəyi vecimə almırdım. Ancaq hərdən bir görürdüm ki, bir yaşlı kişi, İnsburqdan olan tacir və anamın uzaq qohumu tez tez bizə baş çəkir.

Mən hətta buna sevinirdim, çünki hərdən o anamı teatra aparırdı və mən evdə tək qalaraq sənin haqqında rahatlıqla düşünə, təsəvvür edə bilərdim və bu mənim üçün ən böyük xoşbəxtlik idi.

Və bir gün anam məni təntənə ilə öz otağına çağırdı və dedi ki, mənimlə ciddi danışmalıdır. Mənim rəngim ağardı, ürəyim çırpınmağa başladı ki, görəsən anam mənim sirrimdən xəbər tutub, ya şübhələnməyib ki.

Mənim ilk fikrim sənin haqda – məni dünya ilə bağlayan sirr haqda oldu. Ancaq sanki anam özü utanırdı.

O məni öpdü (hansı ki, bunu heç vaxt etməmişdi), məni yanında divanda əyləşdirdi və hıqqına – hıqqına, qızararaq danışmağa başladı ki, onun qohumu olan tacir ona evlənmək təklifi edib və anam da ancaq mənim xatirimə təklifi qəbul edib.

Ürəyim daha da bərk döyünməyə başladı. – Amma biz burda qalacayıq, hə? – mən birtəhər soruşdum. – Yox, biz İnsburqa köçəcəyik, orda Ferdinandın əla villası var.

Bundan artıq heç nə eşidə bilmədim. Gözlərim qaraldı. Sonradan bildim ki, huşumu itirmişəm. Eşidirdim ki, anam qapı arxasında dayanan atalığıma deyir ki, mən qəfildən silkələnərək yerə yıxılmışam.

Sonrakı günlərdə nələrin baş verdiyini, mən – balaca uşaq böyüklərin istəyinə qarşı necə mübarizə apardığımı təsvir edə bilməyəcəm.Hətta indi, bu barədə yazanda mənim əllərim əsir.

Mən öz sirrimi aça bilmirdim, buna görə də mənim müqavimətim sadəcə uşaq şıltaqlığı kimi qəbul olunurdu. Heç kim artıq mənimlə danışmırdı, hər şey mənim arxamca edilirdi. Səyahətə hazırlıq üçün mənim məktəbdə olduğum saatları seçirdilər.

Hər gün evə qayıdıb görürdüm ki, daha bir əşyamız ya satılıb, ya da aparılıb.

Gözlərimin önündə evimiz və onunla bərabər mənim həyatım dağılırdı və bir dəfə mən məktəbdən qayıdanda bildim ki, bu gün bizə mebel daşıyanlar gəlib və hər şeyi aparıblar.

Boş otaqlarda yola düşməyə hazır olan sandıqlar qalmışdı və mən anamla burda daha bir, sonuncu gecəni keçirməli idik və səhərsi gün İnsburqa getməli idik. Bu sonuncu gün mən bütün aydınlığı ilə başa düşdüm ki, səndən uzaqda yaşaya bilmərəm.

Öz xilasımı ancaq səndə görürdüm. O vaxt nə düşünürdüm və ümumiyyətlə düşünə bilirdimmi – bunu heç vaxt bilməyəcəm, ancaq birdən anam harasa getdi və mən tez ayağa qalxdım və elə əynimdə məktəb paltarım sənin qapına yaxınlaşdım.

Yox, mən getmirdim, hansısa görünməz qüvvə məni sənin qapına itələyirdi. Mən əsirdim və donmuş ayaqlarımı güclə hərəkət elətdirirdim.

Mən hazır idim ki,heç nə istədiyimi də bilmədən sənin ayaqlarına yıxılım, yalvarım ki, mənə sənin qulluqçun kimi yanında qalmağa icazə verəsən.

Qorxuram ki, sən 15 yaşlı qızın bu hərəkətini ələ salıb güləsən, ancaq, sevgilim, sən bilsəydin ki, mən onda o soyuq koridorda qorxudan donaraq necə dayanmışdım və hansısa görünməz bir qüvvəyə tabe olaraq qolumu qalxmağa və sənin evinin zəngini basmağa necə məcbur etmişdim, heç vaxt gülməzdin.

Hələ də o zəngin sərt səsi və onu əvəz edən sakitçilik mənim qulaqlarımda səslənir. Bütün qanım donmuşdu, ürəyim döyünmürdü və gözləyirdim ki, sən qapıya çıxasan. Ancaq sən çıxmadın.

Heç kim çıxmadı. Yəqin ki, sən evdə deyildin, İohann da alış – verişə getmişdi.

Və mən qulaqlarımda zəngin ölü cingiltisi ilə dağılmış, boşalmış mənzilimizə qayıtdım və yorğunluqdan ölü kimi bir döşəyin üstünə yıxıldım. Atdığım dörd addım məni elə yormuşdu ki, elə bil qarlı havada saatlarla gəzmişdim. Ancaq heç nəyə baxmayaraq mən özümdə qərarlaşdırdım ki, məni burdan aparmazdan əvvəl mütləq səninlə görüşüb danışmalıyam.

Sənə and içirəm ki, o vaxt ağlımda başqa heç nə yox idi, mən hələ o vaxtlar heç nə bilmirdim, çünki səndən başqa heç nə haqqında düşünməmişdim. Mən ancaq səni görmək, yaxınlığını hiss etmək istəyirdim.

Sevgilim, bütün o uzun, dəhşətli gecəni mən səni gözlədim. Anam yerinə uzanıb yatan kimi, mən özümü dəhlizə atdım və sənin gəlişini gözləməyə başladım. Mən bütün gecəni, soyuq yanvar gecəsini gözlədim.

Yoruldum, bütün bədənim ağrımağa başladı, hətta bir stul da yox idi ki, oturum; onda mən birbaşa soyuq döşəməyə uzandım. Qapının arasından soyuq külək vururdu.

Bir nazik paltarda mən buz kimi soyuq döşəməyə uzandım və hətta heç nəyə bürünmədim ki, birdən canım istilənər və yataraq sənin addımlarını eşitmərəm.

Mən ağrıyırdım, ayaqlarımı əsə – əsə sıxırdım, əllərim əsirdi, hərdən bir qalxıb gəzirdim ki, biraz isinim.

Bu qaranlıq künc bax belə dəhşətli idi. Ancaq mən gözləyirdim, səni, öz taleyimi gözləyirdim.

Axır ki, – saat 2-3 arası olardı – mən binanın giriş qapısının səsini, sonra isə pilləkəndə addım səslərini eşitdim. O an mən daha soyuğu hiss eləmədim.

Əksinə sanki qızdırmam qalxdı. Astaca qapını açdım ki, sənin qarşına çıxım, ayaqlarına yıxılım… Ah, mən hətta bilmirəm ki, onda mən, axmaq qızcığaz nə edə bilərdim. Addımlar yaxınlaşırdı. Əsərək qapının cəftəsindən tutdum.

Bu sən idin, yoxsa kimsə başqası? Hə, sevgilim, bu sən idin, ancaq tək deyildin.

Mən boğuq gülüş səsi, paltar xışıltısı və sənin sakit səsini eşitdim – sən evə hansısa qadınla qayıdırdın… Mən o gecəni necə keçirdiyimi bilmirəm.

Səhər saat 8 – də isə məni İnsburqa apardılar; mənim artıq müqavimət göstərməyə gücüm qalmamışdı…

… Mənim körpəm dünən öldü, indi mən yenə də tək qalacam, əgər hələ yaşaya biləcəmsə. Sabah qara geyimli yad adamlar gələcək, özləri ilə tabut gətirəcəklər, və körpəmi – mənim yazıq, yeganə balamı o tabutun içinə qoyacaqlar.

Ola bilsin ki, dostlarım gələcək, özləri ilə çələng gətirəcəklər, ancaq güllərin tabutun yanında nə mənası var axı…

Məni sakitləşdirməyə çalışacaqlar, nəsə sözlər, sözlər, sözlər deyəcəklər…

Ancaq nə xeyri var?Bilirəm ki, onsuz da yenə də tək qalacam. İnsanlar arasında tənha qalmaqdan da daha dəhşətli nə ola bilər ki?Mən bunu hələ onda, İnsburqda keçirdiyim sonsuz iki ildə, 16 yaşdan 18 yaşına kimi öz ailəmdə əsir kimi yaşayanda başa düşmüşdüm.

Sakit adam olan atalığım mənimlə yaxşı davranırdı; anam elə bil ki, qarşımda günahlarını yumaq üçün bütün istəklərimi yerinə yetirirdi.

Cavan oğlanlar mənimlə münasibət qurmaq istəyirdilər ancaq mən onları rədd edirdim. Mən səndə uzaqda xoşbəxt olmaq, razı olmaq istəmirdim.

Mən qəsdən tənhalığın qaranlığına qapanırdım. Mənə alınan yeni paltarları geyinmirdim, konsertlərə və teatrlara baş çəkməyə, pikniklərə getməyə etiraz edirdim.

Demək olar ki, evdən çıxmırdım – inanırsan, sevgilim, mən iki il yaşadığım bu kiçik şəhərin heç 10 dənə küçəsin də tanımırdım.

Mən yanırdım və yanmaq istəyirdim, özümü kədər damcıları ilə sərxoş edirdim, ancaq bu da səni görməmək kimi bir dərdimi unutdura bilmirdi. Bundan başqa, mən istəmirdim ki, məni öz ehtirasımdan ayırsınlar, mən yalnız səninlə yaşamaq istəyirdim.

Mən evdə tək otururdum, günlərlə heç nə eləmirdim və ancaq səni düşünürdüm, səninlə bağlı xatirələri, hər görüşümüzü, hər gözlədiyim anı xatırlayırdım: sanki səhnədəymişəm ki, bu xırda hadisələrin hər birini öz təsəvvürümdə canlandırırdım.

Və bu anları dəfələrlə xəyalımda canlandırdığımdan uşaqlığım mənim yaddaşımda elə ilişib ki, mən hər şeyi indi o vaxt olduğu kimi isti hiss edirəm.

O vaxtlar mən ancaq səninlə yaşayırdım. Sənin kitablarını alırdım, adın qəzetdə çəkilən gün mənim üçün bayram olurdu. İnanırsan, sənin kitablarını o qədər oxumuşdum ki, hamısın əzbər bilirdim.

Əgər məni gecənin bir yarısı oyatsaydılar və təsadüfi bir sətri desəydilər, mən hətta indi, 13 ildən sonra da o sətrin karıxmadan ardını deyə bilərdim. Sənin hər sözün mənim üçün evanqeliya, dua kimi idi. Bütün dünya ancaq səninlə əlaqədə mövcud idi.

Mən Vyana qəzetlərindən konsertlər, premyeralar haqqında oxuyurdum və düşünürdüm ki, onlardan hansı səni cəlb edə bilər.

Və həmin axşam gəlib çatanda mən uzaqdan uzağa xəyallarımda səni müşayiət edirdim: budur, sən zala daxil olursan, öz yerində əyləşirsən. Mən bunu min dəfələrlə təsəvvür eləmişdim, çünki səni bir dəfə konsertdə görmüdüm.

Ancaq bütün bu tənha uşağın yaşadığı mənasız əzabları danışmağın nə mənası var?

Bunları heç vaxt heç nədən şübhələnməyən, heç nəyi hiss etməyən birinə danışmağın nə mənası var axı? Əslində, mən o zaman uşaq idim mi?

Mənim 18 yaşım var idi, küçədə gənc oğlanlar mənə baxırdılar, ancaq bu məni lap əsəbləşdirirdi. Sevgi və ya səndən başqa kiminləsə sevgi oyunu mənə ağlasığmaz gəlirdi, hətta bu barədə düşünməyi belə sənə qarşı xəyanət kimi hesab edərdim.

Mənim sənə olan ehtirasım dəyişməz qalmışdı, ancaq uşaqlığımın bitməsi ilə bu daha da alovlu olmuşdu.

Və o vaxt sənin qapının zəngini basan qızın başa düşmədiyi indi mənim üçün arzuya çevrilmişdi: özümü hədiyyə etmək, sənə təslim olmaq…

Ətrafımdakılar məni kobud hesab edirdilər, vəhşi adlandırırdılar, mən isə dişlərimi sıxaraq sirrimi gizləyirdim. Ancaq mən qərarımı vermişdim. Mənim bütün düşüncələrim və cəhdlərim yalnız bir yerə ünvanlanmışdı: geriyə, Vyanaya, sənin yanına.

Və mənim bu istəyim nə qədər anlaşılmaz və mənasız görsənsə də mən istəyimə çatdım. Atalığım imkanlı adam idi və mənə öz qızı kimi baxırdı ancaq mən sərt olaraq dedim ki, öz həyatım üçün özüm pul qazanmaq istəyirəm və axır ki, mən Vyanaya qayıtmağa və bir qohumumuzun hazır paltarlar dükanında işə düzəlməyə nail oldum.

Məncə artıq təxmin eləyirsən mən dumanlı bir payız gecəsində, nəhayət ki, nəhayət ki, Vyanaya gəlib çatanda yollandığım ilk yer hara oldu… Çamadanlarımı vağzalda qoyub tramvaya mindim. Mənə elə gəlirdi ki, o sürünür, hər dayanacaq məni özümdən çıxardırdı.

Sənin pəncərəndə işıq yanırdı. Ürəyim ayaqlarımın altına düşdü. Ancaq indi məni bu qədər soyuq qarşılayan şəhər xəyalımda canlandı, ancaq indi mən özüm sənin, arzumun yaxınlığını hiss edərək canlandım.

Mən axı dərk eləmirdim ki, səndən uzaqda olanda, bizi dağlar, çaylar ayıranda da mən sənə yad idim, elə indi sənin pəncərənin altında dayananda da…

Mən dayanıb yuxarıya baxırdım; orda işıq, doğma ev, sən, mənim bütün dünyam var idi. İki il idi ki, mən bu saatı arzu edirdim və indi o mənə hədiyyə olunmuşdu.

Mən bütün gecəni işıq sönənə qədər sənin pəncərənin altında dayandım. Ancaq onda mən özümə yaşamaq üçün yer axtarmağa yollandım.

Hər gecə mən bax belə sənin pəncərənin altında dayanırdım. Saat 6 – ya kimi maqazində ağır, yorucu işlə məşğul olurdum.

Ancaq mən bu narahatıəğa sevinirdim, çünki o məni öz daxilimdəki narahatlıqdan uzaqlaşdırırdı. Və maqazinin dəmir qapısı arxamda bağlanan kimi mən sənin evinə qaçırdım.

Səni görmək, səninlə qarşılaşmaq mənim yeganə arzum idi; bircə dəfə, uzaqdan üzünü görmək…

Təxminən bir həftə keçdikdən sonra mən səni gördüm, tamamilə qəfildən, gözləmədiyim anda gördüm. Mən evin qarşısında dayanıb sənin pəncərənə baxırdım və bu an sən küçəni keçirdin. Və bu an mən yenidən 13 yaşlı uşağa çevrildim.

Qanın üzümə necə çırpıldığını hiss elədim və səninlə göz – gözə gəlmək arzumun əleyhinə gedərək başımı aşağı saldım və sənin yanından ox kimi sivişdim.

Mən sora bu qaçışımdan çox utandım – axı mən artıq məktəbli deyildim və nə istədiyimi yaxşı başa düşürdüm: mən səninlə görüş axtarırdım, istəyirdim ki, sənin üçün darıxdığım bu qədər qaranlıq ildən sonra sən məni görəsən, sevəsən…

Ancaq sən uzun müddət mənə fikir vermədin, baxmayaraq ki, mən hər axşam şaxtaya və sərt Vyana küləyinə baxmayaraq sənin küçəndə dayanırdım.

Hərdən elə olurdu ki, mən boş yerə gözləyirdim, hərdən sən axır ki, dostlarınla birgə evdən çıxırdın və iki dəfə mən səni qadınla görmüşdüm; və onda başa düşmüşdüm ki, mən artıq uşaq deyiləm və səni başqa bir qadınla əl – ələ tutaraq gəzdiyini görəndə mənim sənə qarşı olan sevgimdə bərk ağrıyan, qəlbimi parçalayan bir yenilik hiss elədim.

Bu mənim üçün yenilik deyildi, axı mən lap uşaq yaşlarından bilirdim ki, sənin yanında daima qadınlar olur, ancaq indi bu mənə fiziki əzab verirdi və mən sənin başqası ilə olan bu yaxınlığına paxıllıq hissi ilə baxırdım.

Bir dəfə uşaq kimi qürura aldanıb sənin evinə getmədim; və həmin gecə nə qədər də boş görsəndi mənim üçün…

Növbəti gün yenə də sakitcə sənin pəncərənin altında sənin bütün ömrüm boyu mənim üçün bağlı olan həyatın qarşısında dayandığım kimi dayanmışdım. Mən səni uzaqdan gördüm və bütün qüvvəmi topladım ki, səninlə görüşdən qaçmayım.

Təsadüfən küçədə nəsə yükləyirdilər və sən düz mənim yanımdan keçməli oldun. Ərincək şəkildə mənə baxdın və bu an mənim sənə dikilmiş baxışlarımı görən kimi, gözlərində artıq mənə tanış olan ifadə yarandı – bunu xatırlamaq mənim üçün necə də ağırdır! – həmin qadınlar üçün nəzərdə tutulmuş, incə, cəlbedici və eyni zamanda soyundurucu baxış.

O baxış ki, bir vaxt məni – balaca uşağı sevən qadına çevirmişdi. Bir neçə saniyə bu baxış məni dondurdu – mən gözümü səndən çəkə bilmirdim. Və budur, sən mənim yanımdan keçdin.

Ürəyim şiddətlə döyündü. İstəmədən addımlarımı yavaşatdım və qarşısıalınmaz bir marağa tabe olaraq çönüb baxdım: sən dayanıb mənim arxamca baxırdın.

Və sənin marağından və diqqətindən başa düşdüm ki, sən məni tanımadın. Sən məni nə onda, nə sonradan – heç vaxt tanımadın.

Sevgilim, o dəqiqənin kədərini sənə necə izah edim? Axı onda mən taleyimin mənim ömrümə yazdığı bəxti – sənin tərəfindən heç vaxt tanınmamaq ağrısını ilk dəfə hiss elədim. Kədərimi sənə necə çatdırım axı?

Bilirsən, İnsburqda yaşadığım iki il ərzində sənin haqqında düşünəndə və ancaq bizim Vyanadakı gələcək görüşümüzü arzu etdiyim anlarda, mən əhval – ruhiyyədən aslı olaraq özüm üçün sevincli və ya kədərli şəkillər çəkirdim.

Hər şey təsəvvürümdə yaşanmışdı; qəmli dəqiqələrdə mən təsəvvür edirdim ki, sən məni özündən itələyirsən, rişxəndlə məndən üz çevirirsən, çünki mən çox eybəcər və əhəmiyyətsizəm.

Mən xəyalımda sənin soyuqluğunun, laqeydliyinin yaradacağı bütün əzabları yaşamışdım, amma hətta bu kədər dəqiqələrində, özümü sənin sevginə layiq bilmədiyim anlarda belə mən bu cür qorxulu, ölümcül şey haqqında təsəvvür edə bilməzdim. İndi başa düşürəm ki, kişi üçün bir qızın, qadının sifəti necə də dəyişkən olur.

O sanki özündə o ehtirası, uşaq hissiyatını, ruhi yorğunluları özündə əks etdirən bir güzgüdür və yaddaşdan da güzgüdəki şəkil kimi tez silinib gedir.

Ona görə də kişi üçün qadını tanımaq çətindir, əgər illər onun sifətində işığın və kölgənin oyununu dəyişibsə və əgər paltar onun üçün yeni çərçivə yaradıbsa.

Əslində o adam ağıllıdır ki, öz taleyinə tabe olur. Ancaq mən hələ çox cavan idim və sənin unutqanlığını anlamırdım, çünki sənin haqqında çox düşündüyüm anlarda mənə elə gəlirdi ki, sən də hərdən məni düşünürsən və gözləyirsən.

Sənin üçün heç kim olduğumu bilərək necə yaşaya bilərdim axı?

Və sənin baxışların təsirindən yaranan ilk oyanma və mənə anladan ki heç nə məni sənə xatırlatmır, heç bir nazik belə olsa xatirə bağı mənə sənə bağlamır – mənim üçün ilk ağır zərbə, acı taleyimin ilk hissiyatı idi.

… Sən o dəfə məni tanımadın. Və iki gündən sonra məni yenidən görəndə və mənə demək olar ki, tanış bir insan kimi baxanda sən yenə də məndə səni bir vaxtlar sevən insanı yox, sadəcə iki gün əvvəl eyni yerdə rastlaşdığın qəşəng 18 yaşlı qızı gördün. Sən mənə təəccüblə və mehribanlıqla baxdın və dodağında yüngül gülüş oynadı. Yenə də yanımdan keçdin və addımlarını yavaşıtdın – mən əsirdim, həyəcanlanırdım və dua edirdim ki, sən mənimlə danışasan.

Başa düşürdüm ki, ilk dəfədir ki, mən sənin üçün canlı varlığam. Mən də sənin yanından sakitcə keçdim, səndən qaçmadım. Və birdən hiss elədim ki, sən mənim arxamca gəlirsən.

Geri baxmadan hiss elədim ki, indicə sənin sevimli səsini eşidəcəm və ilk dəfə mənə müraciət eləyəcəksən. Həyəcandan əsirdim, ürəyim bərk çırpınırdı, hətta az qalmışdı ki, dayanım, ancaq sən artıq mənə çatmışdın.

Sən mənimlə öz adi yüngüllüyün və şənliyinlə danışdın, sanki biz köhnə tanışlar idik – ah, sən axı heç nə bilmirdin, mənim həyatım haqda heç vaxt heç nə bilməmişdin – mənimlə elə sadəliklə danışdın ki, mən hətta sənə cavab vermək üçün özümdə güc də tapdım.

Biz küçənin tininə çatdıq. Sən bir yerdə şam eləmək təklif elədin və mən razılaşdım. Sənə necə etiraz edə bilərdim axı?! Biz birlikdə kiçik bir restoranda şam elədik – oranı xatırlayırsan? Yox, yəqin ki, sən o gecəni digər ona oxşar gecələrdən fərqləndirmirsən, axı mən sənin üçün kim idim ki? Yüzdən biri, təsadüfi macəra, sonsuz zəncirdə bir bənd…

Həm, axı məni sənə nə xatırlada bilər? Mən demək olar ki, heç danışmırdım, səninlə üzbəüz oturmaq, səsini eşitmək özü böyük bir xoşbəxtlik idi. Bu qızıl dəqiqələrin heç bir anını qaçırmamaq üçün mən artıq sual verməkdən, artıq söz deməkdən qorxurdum.

Mən həmişə təşəkkür hissi ilə xatırlayıram ki, sən həmin gün mənim düşüncələrimi necə də doğrultdun, sən necə diqqətcil, sadə və təbii oldun; elə ilk dəqiqələrdən sən mənimlə elə sərbəst, dostcasına danışdın ki, mən əgər artıq uzun müddətdən bəri sənin olmasaydım belə, sən elə həmin an məni özünə bağlayardın.

Ah, sən heç bilmirsən, mənim 5 illik gözləntilərimi doğruldaraq mənim necə böyük bir arzumu həyata keçirdin…

Biz stoldan qalxanda artıq gec idi. Restoranın çıxışında sən məndən evə tələsib tələsmədiyimi soruşdun. Mən səninlə getməyə hazır olduğumu necə gizlədə bilərdim?! Dedim ki, hələ vaxtım var.

Onda sən bir saniyə düşünərək bir az söhbət eləmək üçün sənin evinə getməyi təklif etdin.- Məmnuniyyətlə! – mən qeyri – bir hissə tabe olaraq dedim və o an hiss elədim ki, cavabımın belə tezliyi səni sevindirmək və razı salmaqla yanaşı, həm də çox təəccübləndirdi.

Mən indi sənin təəccübünü başa düşürəm: mən bilirəm ki qadınlar adətən tabe olmaq istəklərini gizlədirlər, hətta təklikdə istəkdən yansalar belə, özlərini qorxmuş və ya utanmış göstərirlər və ancaq uzun xahişlərin və yalançı vədlərin sonunda razılıq verirlər.

Mən bilirəm ki, ola bilər ki, bu cür dəvətə ya sevgini çörək qazanmaq üçün istifadə edən fahişələr ya da tamamilə təcrübəsiz qızlar belə cəld razılıq verirlər. Ancaq mənim cavabımda minlərlə darıxdırıcı günün nəticəsindən yaranan daxili istək, həvəs var idi.

Elə, ya da belə, sən təəccüblənmişdim, mən səni maraqlandırmışdım. Mən hiss edirdim ki, sən mənə oğrunca, təəccüblə nəzər yetirirsən.

Sənin səhvsiz hissiyatın, insanları tanımaq bacarığın o dəqiqə sənə demişdi ki, bu incə görünüşlü qızda nəsə bir tapmaca, qeyri adilik var. Səndə maraq oyanmışdı və sənin ehtiyyatlı suallarından başa düşürdüm ki, sən bu tapmacanı tapmağa çalışırsan.

Ancaq mən birbaşa cavablardan qaçırdım, öz sirrimi açmaqdansa sənin gözündə sadəlövh görsənməyi üstün tuturdum.

Biz sənin evinə qalxdıq. Sevgilim, bağışla, ancaq sən başa düşə bilməzsən mən hansı hisslərlə həmin pilləkənləri qalxdım. Başa düşə bilməzsən bu necə sərxoşedici, əzabverici, demək olar ki, öldürücü bir xoşbəxtlik idi.

Mən indi də bu bəradə düşünəndə gözüm yaşarır, baxmayaraq ki, mənim daha göz yaşım qalmayıb. Amma sən bir şeyi düşün ki, orda hər şey mənim ehtiraslı sevgimlə bəzənmişdi, hər şey mənim uşaqlığımın və əzablarımın simvolu idi: min dəfələrlə qarşısında səni gözlədiyim dəhliz, bütün ruhumla sənə can atdığım anlarda səni izlədiyim gözlük, bir zaman üstündə dizi üstə dayandığım sənin qapının önündəki kiçik xalça, açarın qapıda şıqqıltısı – bu səsi eşidəndə mən neçə dəfə yerimdən dik atılmışam!

Bütün uşaqlığım, bütün ehtirasım bu dar boşluqda cəmlənmişdi; burada mənim bütün həyatım məskunlaşmışdı və indi o mənim üzərimə çökürdü, axı hər şey, hər şey həyata keçmişdi, mən sənin yanınca gedirdim – sənin yanınca öz evimizə gedirdim.

Bəlkə də bu banal səslənir, ancaq mən bunu başqa cür təsvir edə bilmirəm – sənin qapına kimi olan bütün həyat – həqiqət, mənasız həqiqi günlər idi, qapının arxasından isə kiçik uşağın möcüzəli hökmdarlığı, Ələddinin çarlığı başlayırdı; düşün ki, mən min dəfələrlə indicə girdiyim bu qapıya alovlu gözlərlə baxmışdım və onda hiss eliyəcəksən, ancaq heç vaxt başa düşməyəcəksən ki, bu an mənim həyatımda bu necə təkrarolunmaz idi.

Mən bütün gecəni sənin yanında qaldım. Sən heç təxmin eləmirdin də ki, sənə qədər mənim bədənimi heç bir başqa kişi nə görüb, nə də ona toxunub.

Sən necə bunu təxmin edə bilərdin axı, sevgilim, axı mən səndən qaçmırdım, utanc hissimi özümdə boğurdum ki, sən mənim sevgimin sirrini bilməyəsən, axı o səni qorxuda bilərdi, çünki sən ancaq yüngül, çəkisiz, təsaddüfi şeyləri xoşlayırsan, sən kiminsə taleyinə qarışmaqdan qorxursan.

Sən özünü bölürsən, özünü bütün dünyaya verirsən və qurban istəmirsən. Sevgilim, əgər mən indi deyirəmsə ki, sən mənim birlikdə olduğum ilk kişi idin, xahiş edirəm məni tərs başa düşmə!

Mən səni günahlandırmıram. Sən məni aldatmadın, özünü sevdirməyə çalışmadın – mən, mən özüm gəldim, özüm sənin qucağına, öz taleyimin qarşısına atıldım. Heç vaxt,heç vaxt mən səni günahlandırmayacam, əksinə sənə çox minnətdaram,

Çünki mənim üçün o gecə elə zəngin, elə xoşbəxtliklə dolu idi ki! Mən qaranlıqda gözlərimi açıb səni yanımda görəndə təəccüblənirdim ki, mənim ulduzlu səmanın üzərində deyiləm.

Yox, mən heç vaxt heç nəyə görə peşman olmamışam, sevgilim, bu gecə hər şeyə dəyərdi. Və mən xatırlayıram ki, sənin yuxulu nəfəsini, yaxınlığını hiss edəndə mən qaranlıqda xoşbəxtlikdən ağlamışdım. Səhər mən getməyə tələsirdim.

Həm vaxtında maqazində olmalı idim, həm də sənin qulluqçun gəlməmiş getmək istəyirdim ki, o məni görməsin.

Paltarımı geyinib sənin qarşında dayananda sən məni qucaqladın və uzun müddət üzümə baxdın: sən keçmişdən qalma nələrisə xatırladın, yoxsa mən sadəcə xoşbəxtliklə nəfəs aldığım üçün sənin gözünə gözəl görsəndim?

Sonra sən mənim dodağımdan öpdün. Mən səni astaca itələdim və qapıya tərəf çöndüm. Sən soruşdun:

- Özünlə gül götürmək istəyirsən? Mən:

– Hə – dedim. Sən yazı stolunun üstündəki göy büllur vazadan (mən bu vazanı uşaq vaxtı sənin otağında olduğum andan xatırlayıram) dörd dənə ağ qızılgül çıxartdın.

O qızılgülləri mənə verdin və mən hələ bir neçə gün onları öpdüm. Biz bir dəfə də görüşməyə sözləşdik. Mən gəldim və yenə də hər şey möhtəşəm oldu. Sən mənə daha bir – üçüncü gecəni də hədiyyə etdin.

Sonra dedin ki, getməlisən – uşaqlıqdan bu səyahətlərə elə nifrət edirdim ki! – və söz verdin ki, evə qayıdan kimi mənə xəbər eliyəcəksən.

Mən sənə ünvanı verdim. Adımı sənə demək istəmədim, öz sirrimi qorumaq istədim. Sən yenə də sağollaşanda mənə qızılgüllər verdin.

Hər gün, iki, üç ay ard – arda mən çalışdım ki… yox, lazım deyil, axı bu gözlənti əzabların təsvir etməyin nə mənası var? Mən səni günahlandırmıram, mən səni olduğun kimi, unutqan, şən, etibarsız bir insan kimi sevirəm.

Sən çoxdan qayıtmışdın, mən bunu səni işıq yanan pəncərəndən görürdüm, ancaq mənə yazmırdın. Mənim bu son saatımda səndən bir misra belə qalmayıb, bütün həyatımı verəcəyim bir misra belə…

Mən hövsələ ilə gözləyirdim, ancaq sən məni çağırmadın, bir misra da yazmadın mənə… bir misra da…


… Mənim körpəm dünən öldü – o həm də sənin körpən idi. Bu həm də sənin körpən idi, sevgilim – həmin üç gecədən birinin körpəsi; sənə and içirəm və sən özün də bilirsən ki, ölüm qarşısında insan yalan danışmaz. Bu bizim körpəmiz idi, and içirəm, çünki mənə səninlə olduğum saatdan körpəm doğulan günə qədər bir kişi də toxunmamışdı.

Mən bədənimi sən ona toxunduğun andan etibarən müqəddəs hesab edirdim.

Mən axı özümü mənim üçün hər şey olan səninlə və təsadüfən qarşıma çıxan birisi ilə necə bölə bilərdim? Bu bizim körpəmiz idi, sevgilim, mənim dərin sevgimin və sənin qayğısız və axıcı sığallarının körpəsi, bizim körpəmiz, bizim oğlumuz, bizim yeganə uşağımız.

Ancaq sən məndən soruşa bilərsən – bəlkə qorxu ilə, bəlkə də, təəccüblə – soruşa bilərsən ki, niyə mən bizim uşağımız haqqında uzun illər susmuşam və bu barədə yalnız indi, o burada qaranlıqda uzanıb, gözlərini həmişəlik yumanda danışıram.

Amma mən bunu sənə necə deyə bilərdim? Sən heç vaxt mənə, naməlum qadına, heç bir müqavimətsiz, bircə sözünlə sənə təslim olan üç gecənin təsadüfi rəfiqəsinə inanmazdın, inanmazdın ki, mən həmişə sənə sadiq olmuşam və yalnız şübhə ilə bu uşağı özününkü hesab edərdin.

Hətta əgər mənim sözlərim sənə həqiqətəuyğun görsənsə belə, sən heç vaxt gizli bir fikirdən əzab ola bilməyəcəkdin ki, mən səni, varlı insanı yad bir uşağın qayğıları ilə bağlamağa çalışıram. Sən mənə şübhə ilə yanaşardın və bizim aramızda kölgə, qarışıq, nəzərəçarpmaz etibarsızlıq kölgəsi qalardı. Mən bunu istəmirdim.

Həm də mən səni tanıyırdım axı; mən səni sənin özünü tanıdığın kimi tanıyırdım, başa düşürdüm ki, sənə – qayğısız, yüngül şeyləri sevən, sevgidə ancaq oyun axtaran birinə ata olmaq, kiminsə taleyinə cavabdeh olmaq ağır gələrdi.

Sən – tam sərbəstliyə öyrəşmiş insan – özünü mənə bağlanmış hesab edərdin.

Və bilirəm ki, sən özündən aslı olmadan mənə səni özümə bağladığıma görə nifrət edərdin.

Bəlkə də, bir saatlıq, bəlkə də bir neçə dəqiqəlik mən səninçün ağırlıq, yük olardım – mən isə öz qürurumdan istəyirdim ki, sən bütün ömrün boyu mənim haqqımda qayğısız və narahatlıqsız düşünəsən.

Ancaq, təəssüf ki, sən mənim haqqımda heç zaman düşünmədin, məni unutdun…

Mən səni günahlandırmıram, sevgilim, yox, qətiyyən günahlandırmıram!

Əgər bu sətirlərdə bir damcı da olsun kədər hiss eliyirsənsə məni bağışla, axı mənim körpəm, bizim körpəmiz mənim yanımda, şam işığının şüaları altında ölü şəkildə uzanıb; mən yumruğumla Allahı hədələdim və onu qatil adlandırdım, fikirlərim çox qarışıb.

Şikayətimi bağışla, onları mənə bağışla! Axı mən bilirəm ki, sən qəlbinin dərinliyində mülayim və xeyirxahsan, sən hər kəsə, sənə müraciət edən yad insanlara belə kömək edirsən.

Ancaq sənin yaxşılığının da özünəməxsus xüsusiyyəti var, o hər kəs üçün açıqdı, hər kəs ondan əlinə sığdığı qədər nəsə qoparda bilər; o böyükdü, sərhədsizdi, ancaq bağışla məni, o tənbəldir, o xatırlanmağı, xahişi gözləyir.

Sən ancaq səni çağıranda, sənə ehtiyyac olanda kömək edirsən, utandığından və zəiflikdən kömək edirsən, yaxşılıq üçün hazır olduğundan deyil.

Sən – icazə ver bunu sənə deyim – köməyə ehtiyyacı olan insanı, özün kimi şən, qayğısız insanlardan heç də çox sevmirsən.

Ancaq sənin kimi insanlardan, lap ən xeyirxahlarından belə nəsə istəmək çətindir.

Bir dəfə mən uşaq olanda gözlükdən sənin qapını döyən bir dilənçiyə necə pul verdiyini gördüm.

Sən, o heç hələ səndən heç nə istəməmiş ona pul verdin, hətta çox pul verdin, ancaq bunu necəsə qorxu və tələskənliklə etdin, sanki istəyirdin ki, o tez çıxıb getsin; və sanki sən onun gözlərinə baxmaqdan qorxurdun. Mən bu səhnəni həmişəlik yadımda saxladım. Bax buna görə mən heç zaman sənə müraciət eləmədim.

Əlbəttə, mən bilirəm ki, sən onda hətta bu uşağın sənə məxsus olmasından tam əmin olmasan belə mənə kömək edərdin, mənə ürək – dirək verərdin, pul verərdin, çoxlu pul, ancaq bunların hamısını sadəcə xoşagəlməz haldan tezliklə canını qurtarmaq üçün edərdin; mən hətta düşünürəm ki, sən məni uşağı məhv etməyim üçün dilə tutardın.

Mən isə bundan çox qorxurdum, çünki əgər sən bunu istəsəydin, mən sənə necə etiraz edə bilərdim axı? Ancaq bu uşaq mənim üçün hər şey idi; axı o səndən idi, sənin özünün təkrarı idi, ancaq yenə də, xoşbəxt, qayğısız, heç vaxt əlimdə saxlaya bilmədiyim SƏN yox, mənə həmişəlik verilmiş SƏN idi – mən həmişə belə düşünürdüm – mənim bədənimə məhkum edilmiş, həyatımın ayrılmaz bir hissəsi olan SƏN idi.

İndi mən, axır ki, səni əldə edə bilmişdim, mənim daxilimdə sənin həyatının necə inkişaf etdiyini bütün varlığımla hiss edə bilərdim, səni yedizdirə, içizdirə, sığallaya, öpə bilərdim.

Bax buna görə də, sevgilim, mən sənin uşağını daşıdığımı biləndə çox sevindim. Bax buna görə mən bunu səndən gizlətmişdim – artıq sən mənim əlimdən qaça bilməzdin.

Sevgilim, o vaxtlar mən təkcə xəyallarımda canlandırdığım xoşbəxtlik anlarını yaşamadım; mənim bəxtimə həm də dəhşət və kədər ayları, insan alçaqlığına olan iyrənclik də düşdü.

Mənə çox çətin oldu. Son aylarda maqazinə gedə bilmirdim, çünki qohumlarım mənim vəziyyətimi görüb, valideynlərimə xəbər verə bilərdilər. Anamdan pul almaq istəmirdim və özümdə saxladığım bəzi qiymətli əşyaları satmaqla yaşayırdım.

Doğuşa bir həftə qalmış mənim skafımdan axırıncı pullarımı oğurladılar və mən doğum sığınacağında yatmalı oldum.

Ora, ağır ehtiyyacdan yalnız ən kasıb, unudulmum insanlar gedirdilər, orda o dilənçilər yuvasında sənin körpən doğuldu. Sığınacaqda hər şey dəhşətli idi – hər şey olduqca yad görsənirdi və orada uzanan bizlər bir – birimizə yad idik və nifrət edirdik; yalnız ümumi bədbəxtlik, ümumi kədər hamımızı bu boğuq, xloroform və qanla qidalanan, qışqırtı və çığırtılarla dolu palataya gətirib salmışdı.

Orada mən bütün alçaqlıqlarla, mənəvi və fiziki biabırçılıqla üzləşdim; məcburi yaxınlıqdan əzab çəkdiyim fahişələr və xəstələrdən, gülərək, örtüyü çəkərək, yalançı alim görünüşü ilə köməksiz qadınlara toxunan gənc həkimlərdən; orada insanın utancını baxışlarla iynələyir və sözlərlə alçaldırlar.

Səndən qalan sadəcə adın yazılan lövhəcik olur, kiçik rəfdə uzanan isə – sadəcə tərpənən at parçası, öyrənmək üçün ortalığa qoyulmuş əşya olur; hə, öz evlərində onları sevən, qayğıkeş ərlərinə uşaq verən qadınlar heç vaxt bilə bilməzlər, tənhalıqda, köməksiz şəkildə, az qala labarotirya stolunda doğmaq nə deməkdir!

Hətta indi, mən hansısa kitabda “cəhənnəm” sözünə rast gələndə mən özümdən aslı olmadan həmin palatanı xatırlayıram.

Bağışla, bağışla ki, bu haqda danışıram. Ancaq mən bunu birinci və sonuncu dəfədir ki edirəm; bir də heç vaxt, heç vaxt bu haqda danışmayacam.

Mən 11 il susmuşam və tezliklə həmişəlik susacam; ancaq heç olmasa bircə dəfə mən özümdə güc tapıb, car çəkməliyəm ki, mənim həyatımın xoşbəxtliyi olan və indi çarpayıda nəfəssiz uzanan körpə mənə necə baha başa gəlib.

Mən bunları çoxdan unutmuşdum, uşağımın gülüşündə, xoşbəxtliyində unutmuşdum; ancaq indi o öldükdən sonra kədər yenidən canlanır və mən qışqıra bilmirəm, ancaq heç olmasa bircə – yeganə dəfə ruhumu sakitləşdirməliyəm.

Ancaq mən səni yox, çəkdiyim əzabları bu qədər mənasız edən Allahı günahlandırıram.

And içirəm ki, səni günahlandırmıram və heç vaxt sənin əleyhinə olmamışam.

Hətta bədənim doğum əzabları ilə yananda, ağrı məni ruhumu parçalayanda belə mən səni Allah qarşısında günahlandırmamışam; heç vaxt o gecələrə görə peşman olmamışam, heç vaxt sənə olan sevgimi lənətləməmişəm; həmişə səni sevmişəm və görüşümüzü arzulamışam.

Və əgər sığınacaqdakı o dəhşətli saatlar təkrarlansaydı və mən əvvəlcədən məni nə gözlədiyini bilsəydim də belə, mən bunu bir daha edərdim, sevgilim, bir dəfə və min dəfə edərdim…

...Bizim uşağımız dünən öldü – sən onu heç vaxt tanımadın. Heç vaxt, hətta ani təsadüfi görüşdə belə sənin nəzərlərin səndən yaranmış balaca, işıqlı varlığa sataşmadı.

Mən uzun müddət səndən gizləndim; uşağım olandan sonra, mən səni sanki daha sakit sevgi ilə sevirdim, ən azından o artıq mənə dözülməz əzablar vermirdi.

Mən həyatımı səninlə oğlum arasında bölmək istəmirdim və mən özümü sənə – həyatı mənim yanımdan keçən  xoşbəxtlik avarasına yox, uşağa həsr elədim – hansına ki, mən lazım idim, yedirməli idim, hansını ki, öpə və qucaqlaya bilərdim.

Bu dünyaya həqiqətən mənə məxsus olan başqa bir “sən” gəldikdən sonra mən səni məni sənə bağlayan ehtiras əzabının hakimiyyətindən azad oldum; ancaq hərdən, çox nadir hallarda mən sənin evinə yaxınlaşırdım.

Amma hər il, sənin doğum günündə mən sənə eynən bizim sevgimizin birinci gecəsindən sonra mənə bağışladığın kimi ağ qızılgüllər göndərirdim.

Bu on, on bir ildə bir dəfə də olsun özün özünə sual verdinmi ki, bu gülləri kim göndərir axı?

Bəlkə heç olmasa bir dəfə belə qızılgüllər hədiyyə elədiyin insanı xatırladın? Mən sənin cavabını bilmirəm və heç vaxt da bilməyəcəm. Ancaq ildə bir dəfə o gülləri qaranlıqdan sənə uzatmaq və o görüş haqqında yaddaşını təzələmək – mən başqa heç nə istəmirdim. Sən bizim yazıq körpəmizi tanımadın – bu gün mən peşmanam onu səndən gizlətdiyimə görə, çünki məncə sən onu çox sevərdin.

Sən bizim yazıq oğlumuzu tanımadın, heç vaxt görmədin o necə gülümsəyir və özünün tünd, düşüncəli gözlərini – sənin gözlərini! – necə böyük açır. Ah, o elə şən, elə şirin idi ki… Onda sənin canlılığın, kəskin, dağınıq təsəvvürlərin təkrar olunurdu.

O saatlarla özünü unudub, sənin həyatla oynadığın kimi, öz oyuncaqları ilə oynaya bilərdi, sonra isə uzun müddət qaşlarını sallayaraq kitablarına gözlərini zilləyərdi.

Onda da artıq açıq – aşkar sənə xas olan ikilik, ciddiliyin və sərbəstliyin qarışığı əmələ gəlməyə başlamışdı və o sənə nə qədər çox oxşayırdısa mən onu bir o qədər də çox sevirdim.

O yaxşı oxuyurdu, fransızca yaxşı danışırdı, onun dəftərləri bütün sinifdə ən səliqəli idi və o özünün qara kostyumu və ağ matros kurtkasında necə də gözəl görsənirdi!

O harda olursa olsun həmişə diqqəti cəlb edirdi; mən onunla Qradoda çimərlikdə gəzərkən qadınlar dayanar və onun uzun, rəngli saçlarını sığallayardılar; o Zemmerinqdə buzda sürüşəndə insanlar heyranlıq hissi ilə ona baxırdılar.

O bax belə, gözəl görünüşlü və incə idi. Keçən il o Terezianumda internata qəbul oldu və öz forması və qılıncı ilə 18 – ci əsr cəngavərlərinə oxşayırdı – indi isə onun əyninda sadəcə köynək var və o əlləri sinəsində çarpazlanmış halda, göyərmiş dodaqlarla çarpayısında uzanıb.

Ancaq ola bilər ki, sən soruşasan mən körpəmi belə cah – cəlal içində necə böyütmüşəm, ona yüksək cəmiyyətin rahat, qayğısız həyatını necə hədiyyə edə bilmişəm. Sevgilim, mən səninlə qaranlıqdan danışıram, utanmıram, deyəcəm, ancaq sevgilim, təkcə qorxma – mən özümü satırdım.

Mən küçə qadını, fahişə adlandırılan insana çevrilməmişdim, ancaq özümü satırdım.

Mənim varlı dostlarım, varlı sevgililərim olurdu; əvvəlcə mən onları axtarırdım, sonra isə onlar məni, çünki mən – bilmirəm, fikir vermişdim, ya yox – çox gözəl idim.

Görüşdüyüm hər kəs mənə minnətdar olurdu, mənə bağlanırdı, hər kəs məni çox sevirdi – təkcə sən heç vaxt məni sevmədin, ancaq sən!

Bu etirafımdan sonra mənə rişxənd edirsən? Yox, bilirəm ki, sən bunu etməzsən; bilirəm, sən hər şeyi başa düşürsən, bunu da başa düşəcəksən ki, mən bunu ancaq sənə görə, sənin ikinci “sən”inə görə, sənin körpənə görə edirdim.

Bir dəfə doğum sığınacağının palatasında mən kasıblığın dəhşətinə toxunmuşdum, bilirdim ki, kasıbı həmişə tapdalayırlar, alçaldırlar, ki, o bu dünyada həmişə qurbandır və mən heç vaxt imkan verməzdim ki, sənin uşağın, sənin sarışın, incə körpən quyu dibində, aclığın, küçə vəhşiliyinin və alçaqlığının arasında, çirkli havada böyüsün.

Mən istəmədim ki, onun incə dodaqları kobud sözlər işlətsin, onun ağ bədənciyinə kasıblığın sərt, kobud paltarı toxunsun – sənin körpənin hər şeyi, bütün zənginlikləri olmalı idi, o sənə qədər, sənin həyat sferana qədər yüksəlməli idi. Buna görə, ancaq buna görə mən özümü satırdım.

Mənim üçün bunda heç bir qurban yox idi, belə ki, o şeylər ki, şərəf və biabırçılıq adlandırılır, onların mənim gözümdə heç bir mənası qalmamışdı; sən məni sevmirdin, yeganə şəxs ki, mənim bədənim məxsus idi, qalanları isə mənimçün maraqsız idilər.

Kişilərin qayğıları və hətta onların səmimi hisləri məndə heç nə oyatmırdı, baxmayaraq ki, mən onlara çox hörmət edirdim və öz bölünmüş sevgimi xatırlayaraq onlara yazığım gəlirdi. Tanıdığım hər kəs mənimlə mülayim rəftar edirdi, qayğıma qalırdı, hörmət edirdilər. Qoca dul kişi olan bir qraf məni öz qızı kimi çox sevirdi.

O, sənin oğlunun Terezaniuma qəbul olunması üçün çox çalışdı. Üç, dörd dəfə o mənə evlənmək təklif elədi – mən indi qrafinya, Tirolda əfsanəvi qəsrin sahibəsi ola bilərdim, bütün qayğıları ata bilərdim, belə ki, uşağım xoş qəlbli ata, mən isə mülayim, diqqətcil ər qazanardım.

Ancaq mən etiraz etdim, baxmayaraq ki, bu etirazımla ona çox böyük əzab verdim.

Bəlkə də mən başqa cür hərəkət etsəydim indi haradasa sakit bir yerdə yaşayardım və mənim körpəm də yanımda olardı, amma – niyə də etiraf eləməyim axı? – mən özümü kiməsə bağlamaq istəmirdim, istəyirdim ki, istənilən saatda sənin üçün sərbəst olum. Hardasa qəlbimin dərinliyində hələ də o keçmiş uşaq arzusu yaşayırdı ki, sən nə vaxtsa heç olmasa bir saatlıq da olsa məni çağıracaqsan.

Və yalnız bu yeganə mümkün saatdan ötrü mən özümdən hər şeyi uzaqlaşdırırdım, təki sərbəst olum və sənin ilk çağırışında özümü çatdırım.

Və bu saat həqiqətən də gəlib çatdı. Ancaq sənin ondan xəbərin yoxdu, o barədə heç şübhələnmirsən də, sevgilim! Sən məni bu dəfə də tanımadın – heç vaxt, heç vaxt tanımadın məni!

Mən axı bundan əvvəl də səninlə teatrda, konsertlərdə, Praterdə, küçədə qarşılaşmışdım – hər dəfə mənim ürəyim donurdu, ancaq sən mənə baxmırdın: axı mən xarici görünüşcə çox dəyişilmişdim, yöndəmsiz yeniyetmədən qadına çevrilmişdim; deyirdilər ki, mən qəşəngəm; mən həmişə bahalı geyinirdim və heyranlarımın ətrafında olurdum.

Sən məndə bir zaman qaranlıq yataq otağında gördüyün çəlimsiz qızı necə tanıya bilərdin?!

Hərdən mənim yanımda olan kişilərdən kimsə sənə salam verirdi; sən salamla cavab verirdin və mənə təsadüfi baxırdın, ancaq bu soyuq baxış sadəcə nəzakət, dəqiqəlik maraq əlaməti idi; bu məni tanımayan, yad, dəhşətli dərəcədə yad bir baxış idi.

Yadımdadır ki, bir dəfə bu vərdiş elədiyim tanınmazlıq mənə çox ağır əzab verdi: bu teatrda olmuşdu, mən öz dostumla lojada oturmuşdum, sən isə qonşu lojada.

Üvertura başladı, işıqlar söndü və mən daha sənin üzünü görə bilmədim, ancaq mən öz yanımda sənin nəfəsini həmin gecə hiss etdiyim kimi hiss edirdim.

Bizim lojalarımızı ayıran məxməri baryerdən isə sənin əlin görsənirdi, sənin incə, nazik əlin.

Və məndə inanılmaz bir istək yarandı ki, əyilib bu yad, bir zaman məni sığallayan sevimli əli öpüm.

Musiqinin səsindən narahatlanaraq mən özümü güclə saxlayırdım ki, o ələ dodağımla toxunmayım. Birinci aktdan sonra mən dostumdan xahiş elədim ki, məni aparsın.

Mən artıq qaranlıqda sənin yanında, sənə bu qədər yaxın və inanılmaz dərəcədə uzaqlıqda əyləşə bilmirdim.

Ancaq o saat gəlib çatdı, bir dəfə də çatdı, dağılmış həyatımda sonuncu dəfə çatdı.

Bu demək olar ki, bir il bundan əvvəl, sənin ad gününün səhərsi gün baş verdi.

Və maraqlıdır ki, mən bütün günü sənin haqqında düşünmüşdüm, çünki sənin doğum gününü mən həmişə bayram kimi qeyd edirdim. Səhər tezdən mən evdən çıxdım, ağ qızılgüllər aldım və həmişəki kimi sənin unutduğun saatın xatirəsinə sənə göndərdim.

Günorta oğlumla buzda sürüşməyə getdik, sonra onu Demelə apardım, axşam isə teatra getdik, mən istəyirdim ki, o da heç nədən şübhələnmədən erkən yaşlarından bu günü sirli bir bayram kimi xatırlasın.

Səhəri gün mən o zamankı dostum, artıq iki ildir ki, birlikdə yaşadığım Bryunndan olan gənc fabrikantla konsertdə idim; o mənə heyran idi, qayğı ilə əhatə edirdi, başqaları kimi o da mənimlə evlənmək istəyirdi və məndən həmin səbəbsiz etiraz alırdı, baxmayaraq ki, məni və oğlumu hədiyyələrə tuturdu; o ləyaqətli insan idi və onun bir qədər sadəlövh sevgisi başqa cür cavaba layiq idi.

Konsertdə biz tanışlarımıza rast gəldik və hamımız birlikdə Rinq küçəsində restoranda şam etməyə getdik və gülüş və zarafatların arasında mən təklif elədim ki, rəqs zalına – Tabarenə də baş çəkək.

Adətən, məni o cür yerlərə dəvət edəndə, mən getmirdim, çünki orada olan həddən çox səs – küy, sərxoş əyləncə xoşuma gəlmirdi, ancaq bu dəfə hansısa izaholunmaz, maqik bir güc mənə bu arzunu deməyə məcbur elədi və bu bütün kompaniya tərəfindən razılıqla qəbul olundu.

Özüm də bilmirdim ki, nə məni ora dartırdı, sanki orda nəsə qeyri – adi, gözlənilməz bir hadisə məni gözləyirdi.

Hər arzumda mənə yaranmağa çalışan dostlarım o dəqiqə ayağa qalxdılar və biz Tabarenə yollandıq, orda şampan içdik və mən əvvəllər heç vaxt hiss eləmədiyim inanılmaz şənliyi özümdə hiss elədim.

Mən içirdim, içirdim, mahnılar oxuyurdum – bir az da keçsəydi mən ya rəqs etməyə gedəcəkdim, ya da bütün zal boyunca qəhqəhə çəkəcəkdim.

Ancaq qəfildən mənim ürəyim buz soyuqluğu, ya da alov istisi ilə doldu – mən səni gördüm: sən qonşu stolda dostlarına oturmuşdun və heyranlıq, istək dolu baxışla  mənə baxırdın, o baxış ki, həmişə mənim varlığımın lap dərinliyinə kimi işləyirdi.

On ildə ilk dəfə sən yenidən sənə məxsus qəribəliklə mənə baxırdın. Mən əsməyə başladım və az qala əlimdəki bokalı yerə salacaqdım.

Xoşbəxtlikdən, bizim stolun ətrafında əyləşən heç kəs mənim bu vəziyyətimi hiss eləmədi…

Sənin baxışın daha sərt, daha alovlu olurdu, o məni od kimi yandırırdı. Mən çalışırdım başa düşəm ki, sən axır ki, məni tanıdın, yoxsa mən yenə də sənin üçün yeni, başqa, yad bir qadınam?!

Qan üzümə çırpıldı. Dostlarımın suallarına necə gəldi cavab verməyə başladım. Sən hiss etməyə bilməzdin sənin baxışın məni necə narahat edirdi.

Başının zəif hərəkəti ilə mənə işarə elədin ki, mən bir dəqiqəlik vestibülə çıxım. Sonra sən qəsdən yüksək səslə hesabı istədin, dostlarına sağollaşdın və bir daha məni gözləyəcəyini işarə edərək çıxdın.

Mən qızdırmalı kimi əsirdim, bir söz də deyə bilmirdim, məni bürüyən narahatlığı üzərimdən ata bilmirdim.

Elə bu an bir zənci cütlük ayaqqabılarını tez – tez yerə döyərək müasir bir rəqs ifa etməyə başladılar və bütün diqqətlər onlara yönəldi və bundan istifadə edərək, qalxdım, dostuma dedim ki, indi qayıdıram və sənin ardınca çıxdım.

Sən vestibüldə qarderobun yanında dayanıb məni gözləyirdin; mən yaxınlaşanda sifətin aydınlandı. Gülümsəyərək mənim qarşıma gəldin və mən o an başa düşdüm ki, sən məni tanımadın, məndə nə yeniyetməni, nə də ötən illərin qadınını tanımadın; yenə səni mənə nəsə yeni, anlaşılmaz bir şey cəlb edirdi.

– Mənə bir saatınızı ayıra bilərsiz? – sən soruşdun və sənin güvənli tonundan başa düşdüm ki, sən məni bir gecəlik almaq mümkün olan qadınlardan hesab edirsən.

– Hə, – mən həmin əsici və güvənli “hə”ni dedim, hansı ki, on il bundan əvvəl qaranlıq küçədə sənə yöndəmsiz qızcığaz demişdi.

– Nə vaxt görüşə bilərik? – sən soruşdun.

– Nə vaxt istəsəniz – mən sənin qarşında utanmadan cavab verdim. Sən təəccüblə mənə baxdın.

– İndə də mümkündür? – bir qədər inamsız şəkildə soruşdun.

– Hə, – mən cavab verdim – gedək, – və qarderoba yaxınlaşdım ki, mantomu götürüm. Bu an yadıma düşdü ki, qarderobun nömrəsi dostumda qalıb.

Geri qayıdıb uzun uzadı izahatla nömrəni istəmək mümkünsüz idi; ancaq səninlə keçirəcəyim və uzun illərdir arzuladığım saatı da qurban vermək istəmirdim.

Bir dəqiqə belə düşünmədən gecə paltarının üstündən şal atdım və rütubətli, dumanlı küçəyə çıxdım.

Nə mantom, nə də mülayim, məni sevən insan barədə düşünmədən, hansının ki hesabına artıq neçə il idi ki, yaşayırdım və hansını ki, ən anlaşılmaz və alçaldıcı vəziyyətə saldım: onunla artıq iki ildir ki, yaşayan sevgilisi yad bir adamın bir işarəsi ilə qaçır.

Ah, mən öz alçaqlığımı və hörmətsizliyimi, hərəkətimin bütün utanclığını başa düşürdüm, başa düşürdüm ki, səhv hərəkət edirəm və yaxşı insan, sadiq dostu ölümcül biabır edirəm – ancaq dostluq, həyatın özü sənin dodaqlarını yenidən hiss etmək, incə sözlərini eşitmək istəyi ilə müqayisədə mənim üçün nə məna verirdi axı?! Mən səni belə sevirdim: indi hər şey

bitəndən sonra mən bunu sənə deyə bilərəm. Mənə elə gəlir ki, sən məni can verərkən belə çağırsaydın, mən özümdə güc tapıb yanına gələrdim.

Çıxışda ekipaj dayanmışdı və biz sənin evinə getdik. Mən sənin səsini eşidirdim, yaxınlığını hiss edirdim və ilk görüşümüzdə olduğu kimi sərxoş, uşaqcasına xoşbəxt idim. Yenidən on illik fasilədən sonra bu pilləkənləri qalxırdım.

Yox, yox, mən izah edə bilmərəm necə bu an hər şeyi ikili hiss edirdim – keçmişdə və indidə və bunların hər ikisində də sənin varlığını…

Sənin otağında az şey dəyişmişdi: bir neçə yeni şəkil, kitab, yeni mebel və hər şey mənə elə tanış idi ki!

Yazı stolunda isə vaza və içində qızılgüllər var idi – mənim qızılgüllərim, hansıları ki, mən sənin doğum günündə heç vaxt xatırlamadığın, hətta indi də, o sənin yanında olanda belə və sən onun əlindən tutsan belə xatırlamadığın bir insanın xatirəsinə görə sənə göndərmişdim. Ancaq yenə də görmək xoş oldu ki, sən mənim güllərimi saxlayırsan, sənin ətrafında mənim “MƏN”imin bir parçası, sevgimin nəfəsi var.

Sən məni qucaqladın. Yenə mən bütün gecəni səninlə qaldım. Ancaq burda da məni tanımadın.

Xoşbəxtcəsinə mən sənin sığallarını qəbul edirdim və görürdüm ki, sənin ehtirasın sevdiyin və alınmış qadın arasında heç bir fərq tanımır.

Sən mənimlə, restorandan gətirdiyin qadınla elə incə və dəqiq, elə dostcasına səmimi və eyni zamanda elə həzz dolu ehtiraslı idin ki, mən on il əvvəl olduğu kimi yenə bütün gücümlə məni – balaca uşağı bir zaman məhv edən sənin əvəzolunmaz ikiliyini hiss elədim.

Mən hələ heç vaxt bütün varlığı ilə başqalarına öz ruhunu tamamilə açan – ancaq sonradan tamamilə hər şeyi unudan adam görməmişdim.

Ancaq mən özümü də unutmuşdum. Mən burda, bu qaranlıqda, sənin yanında kim idim?

Ehtirasla sevən qızcığaz, sənin uşağının anası, yoxsa restorandan olan yad qadın? Ah, həmin gecə hər şey elə tanış, ancaq eyni zamanda elə yeni idi ki! Və mən dua edirdim ki, bu gecənin sonu olmasın.

Ancaq səhər açıldı; biz gec oyandıq və sən məni qəlyanaltı eləməyə çağırdın.

Biz çay içdik və söhbət elədik. Sən yenə də mənimlə sadə və ürəkdən, ciddi suallarsız və az da olsa maraqsız danışırdın.

Sən soruşmadın, mən kiməm, harda yaşayıram; mən sənin üçün ancaq təsadüfi macəra və havada yoxa çıxan tüstü kimi yaddaşdan silinən dəqiqəlik biri idim.

Sən mənə dedin ki, Şimali Afrikaya böyük bir səyahətə hazırlaşırsan və bu təxminən 2 – 3 ay çəkəcək; mən qorxudan əsdim, sevinc kədərlə əvəz olundu, qulağımda səslənirdi ki: “Vəssalam, hər şey keçdi və bitdi!”.

İstədim sənin ayaqlarına yıxılam və qışqıram: “Məni də özünlə apar, onda sən axır ki, axır ki məni tanıyacaqsan.” Ancaq mən elə yöndəmsiz, kiçik qəlbli, sənə elə qul tək sadiq idim ki! Mən ancaq dedim:

– Təəssüf. Sən gülümsəyərək mənə baxdın:

– Doğurdan, təəssüflənirsən?

Bu an mən dözmədim. Ayağa qalxdım və uzun, sərt baxışla sənə baxdım. Sonra dedim:

– Mənim sevdiyim adam da həmişə gedirdi.

Sənə baxdım, düz gözlərinin içinə baxdım. “İndi, indi o məni tanıyacaq!”Mən qorxudan və ümiddən əsərək gözləyirdim. Ancaq sən mənə gülümsədin və sakitləşdirmək üçün dedin:

– Səyahətdən həmişə qayıdırlar axı.

– Hə, – mən cavab verdim, – qayıdırlar, ancaq unudaraq.

Bəlkə də mənim tonumda elə qeyri – adi nəsə səsləndi ki, indi də sən qalxdın və mənə təəccüblü və isti qayğı ilə baxdın. Əllərini çiynimə qoydun.

– Yaxşı şeylər heç vaxt unudulmur, səni mən heç vaxt unutmayacam – dedin və baxışlarını gözlərimin lap dərinliyinə yüklədin, sanki mənim obrazımı yaddaşında saxlamaq istəyirdin.

Və bütün varlığıma təmas edən bu axtarıcı baxışı hiss edərək düşündüm ki, axır ki, sənin gözündən pərdə qalxacaq. “O məni tanıyacaq, tanıyacaq!” Ruhum bu fikirdən titrədi. Ancaq sən məni tanımadın.

Yox, tanımadın və heç vaxt mən bu qədər sənə yad olmamışdım, yoxsa… yoxsa sən bir neçə dəqiqə sonra etdiyin hərəkəti necə edə bilərdin? Sən məni öpdün, bir daha ehtirasla elə öpdün ki, mən yenidən saçlarımı qaydaya salmalı oldum.

Və budur, güzgünün qabağında dayanarkən birdən gördüm ki, – az qaldı dəhşətdən və utancımdan yıxılım – gördüm ki, sən oğruncasına üst jiletimin cibinə iki böyük pul əskinası qoydun.

Mən özümü qışqırmamaq üçün, sənə sillə vurmamaq üçün güclə saxladım, – sən bu gecə üçün mənə, səni uşaqlıqdan sevənə, sənin körpənin anasına pul ödədin!

Mən sənin üçün Tabarendən olan fahişədən başqa heç nə deyildim, sən mənə ödədin, ödədin! Məni unutmağın azmış kimi, hələ bir alçaltdın da.

Tələsərək əşyalarımı yığmağa başladım. Ancaq gedim, tezliklə uzaqlaşım burdan, – mənə çox ağır idi. Mən yazı stolunun üstündə içində qızılgüllər, mənim qızılgüllərim olan vazanın yanından şlyapamı götürdüm. Bu an mənə güclü, idarə olunmayan bir istək gəldi: mən daha bir cəhd etmək qərarına gəldim:

– Bu ağ qızılgüllərdən birini mənə verməzsən?

– Məmnuniyyətlə, – sən cavab verdin və vazadan bir gül çıxartdın.

– Ancaq bəlkə onları sənə qadın – səni sevən bir qadın bağışlayıb?

– Ola bilər, – sən dedin, – bilmirəm. Onları mənə göndərirlər və mən bilmirəm kim göndərir. Buna görə də mən onları sevirəm.

Mən sənə baxdım:

– Bəlkə onlar da sənin unutduğun bir qadındandır?!

Sən təəccüblə mənə baxdın. Mən düz sənin gözlərinin içinə baxdım. “Tanı məni, tanı məni!” – mənim baxışım qışqırırdı. Ancaq sənin baxışın sevgi və korluqla işıqlandı. Bir daha məni öpdün. Ancaq tanımadın.

Mən tələsik qapıya tərəf getdim, çünki göz yaşlarım artıq axmağa hazır idi, bunu isə sən görməli deyildin. Mən elə qaçırdım ki, az qaldı dəhlizdə sənin qulluqçunla toqquşum.

O kənara çəkildi və qapını mənim qarşımda açdı və bu an – eşidirsən? – bu qısa an mən göz yaşları içində qocaya baxanda, onun gözlərində nəsə bir işıq parladı.

Bu an – eşidirsən? – bu yeganə an İohann məni tanıdı, baxmayaraq ki, uşaqlığımdan bəri bir dəfə də olsun məni görməmişdi.

Mən istədim ki, onun qarşısında diz çöküb əllərini öpüm ki, o məni tanıdı. Ancaq mən jiletimdən bu dəhşətli pulları götürdüm və onları qocaya verdim.

O diksindi, qorxaraq mənə baxdı – bu saniyədə o bəlkə də sənin həyatın boyu mənim haqqımda başa düşdüyündən çox şeyi başa düşdü.

Hər kəs mənə qarşı mehriban idi, təkcə sən, təkcə sən məni xatırlamadın, təkcə sən bir dəfə də olsun məni tanımadın!

Mənim uşağım, bizim uşağımız öldü, indi mənim bu dünyada səndən başqa sevəcəyim heç kəsim qalmayıb.

Ancaq sən mənim üçün kimsən, heç vaxt məni tanımayan sən, yanımdan parlaq suyun yanından keçən kimi keçən sən, məni ömürlük əzaba və gözləməyə məhkum edən sən! Bir dəfə mən elə zənn elədim ki, səni öz körpəmdə tutub saxladım. Ancaq o sənin uşağın idi: o da məni qəddarcasına tərk elədi və səyahətə yollandı, o məni unutdu və bir daha qayıtmayacaq.

Mən yenə yalnızam, heç vaxt olmadığım kimi yalnız, mənə səndən heç nə qalmayıb: nə uşaq, nə sözlər, nə misralar, nə sətirlər, xatirə olacaq heç nə və əgər sən mənim adımı eşitsəydin belə, o sənin üçün heç bir əhəmiyyət kəsb etməzdi. Əgər sənin üçün ölüyəmsə, niyə də özümə ölüm arzulamayım, əgər sən məndən getmisənsə, niyə mən də getməyim?!

Yox, sevgilim, mən səni danlamıram, mən sənin sevinclə bəzənmiş evinə öz dərdimi yükləmək istəmirəm.

Qorxma, mən daha səni bezdirməyəcəm, bağışla məni, amma körpəmin ölüm saatında içimi sənə boşaltmalı idim. Ancaq bir dəfə sənə hər şeyi danışmalı idim, – sonra yenidən qaranlıqda gizlənəcəm və həmişə sənin önündə susduğum kimi susacam. Ancaq sən mənim əzablarımı, mən sağ olduğum müddətdə eşitməyəcəksən, – ancaq əgər mən ölsəm sən bu məktubu, səni hər kəsdən çox sevən və heç vaxt tanımadığın, bütün ömrü boyu səni gözləyən, ancaq yenə də cağırmadığın qadının məktubunu alacaqsan.

Bəlkə də, bəlkə də, sən onda məni çağıracaqsan və mən ilk dəfə sənə sədaqətimi pozacam: səni qəbirdən eşitməyəcəm.

Sənə nə şəkil, nə də xatirə qoymayacam, necə ki, sən mənə heç nə saxlamamısan; heç vaxt məni tanımayacaqsan, heç vaxt. Həyatda mənim taleyim belə idi, qoy öləndən sonra da belə olsun.

Mən səni son saatıma çağırmıram, gedirəm və sən mənim nə adımı, nə də üzümü tanımayacaqsan. Mən rahat ölürəm, çünki sən bunu uzaqdan hiss eləmirsən.

Əgər mənim ölümüm sənə əziyyət versəydi, mən heç vaxt ölə bilməzdim.

Daha yaza bilmirəm… başımda ağırlıq var… bütün bədənim agrıyır, qızdırmam var… deyəsən, indi uzanmalı olacam. Ola bilsin ki, tezliklə hər şey bitəcək, ola bilsin ki, heç olmasa bu dəfə taleyin mənə yazığı gələcək və mən körpəmi necə apardıqlarını görməyəcəm… Mən daha yaza bilmirəm… Əlvida, sevgilim, əlvida, sənə minnətdaram. Heç nəyə baxmayaraq, nə olmuşdusa gözəl olmuşdu… mən sənə son nəfəsimə qədər minnətdar olacam.

Özümü yaxşı hiss edirəm, – sənə hər şeyi dedim, sən indi bilirsən, yox, sən ancaq təxmin eləyirsən mənim səni necə möhkəm sevdiyimi və eyni zamanda da mənim bu sevgim sənin üçün yük olmur. Sən mənim üçün darıxmayacaqsan – bu məni sakitləşdirir.

Sənin gözəl, işıqlı həyatında heç nə dəyişilməyəcək… mən öz ölümümlə onu qaranlıqlaşdırmayacam… bu məni sakitləşdirir, sevgilim. Ancaq kim… kim sənə doğum günündə ağ qızılgüllər göndərəcək?

Ah, vaza boş qalacaq! Sevgilim, qulaq as, səndən xahiş edirəm… bu mənim sənə ilk və sonuncu xahişimdir… onu mənim üçün həyata keçir: hər il öz doğum günündə – axı bu gün hər kəs sənin haqqında düşünür, – qızılgüllər al və onları göy vazaya qoy.

Elə bunu, sevgilim, başqaları ildə bir dəfə sevdikləri üçün gül çələngi sifariş etdikləri kimi elə. Ancaq mən artıq Allaha inanmıram və çələng istəmirəm, mən ancaq sənə inanıram və səndə yaşamaq istəyirəm…

Xahiş edirəm, sevgilim, bu arzumu həyata keçir… bu mənim sənə ilk və son xahişimdi… təşəkkür edirəm… səni sevirəm, sevirəm… əlvida…”

O, əsən əlləri ilə məktubu kənara qoydu.

Sonra uzun müddət düşüncəli şəkildə oturdu. Onda tutqun xatirələr oyandı – qonşudakı uşaqla, qızla, gecə restoranındakı qadınla bağlı xatirələr, ancaq aydın olmayan, solğun xatirələr.

Kölgələr birləşib, ayrılırdı, ancaq obraz yaranmırdı.

Nəsə xatirələri var idi, ancaq nə – xatırlaya bilmirdi. Ona elə gəldi ki, bütün bunları tez – tez yuxuda, dərin yuxuda görüb, amma ancaq yuxuda. Birdən gözləri önündəki yazı stolunun üstündəki göy vazaya sataşdı. O boş idi, uzun illərdən bəri ilk dəfə onun doğum günündə boş idi.

O diksindi: ona elə gəldi ki, qəfildən görünməz bir qapı açıldı və başqa bir dünyadan soyuq külək onun sakit otağına doldu.

O ölümün və ölümsüz sevginin nəfəsini hiss elədi; daxilində nəsə açıldı və o getmiş həyat haqqında keçmiş ehtiraslı bir mahnı kimi düşündü…


Tərcümə etdi: İlkin Seyidzadə                    azadliq.org

Комментариев нет:

Отправить комментарий