18.01.2012

Onun xudbin tamaşası

Canlı şəkillərLəman Məmmədova

Mən həyatıma daxil olan insanları, onu tərk edənləri, tərk etdiklərimi  heç vaxt unutmuram. Xatırlayıram, ancaq xatirələrini yenidən yaşamıram, həyəcanları qalmır. İndi yaşadığım binanın on birinci mərtəbəsinin pilləkənində oturub qarşımdakı eyvana açılan qapının şüşəsindən gecənin işıqlarıyla oynayan şəhəri izləyirəm. İçimdə bir durğunluq var. Gözlərim mənzərəyə baxır, qulaqlarım beynimin sözlərini dinləyib onları ürəyimə pıçıldayır, əllərim isə dizim üstdə başını qoyan insanın saçlarını sığallayır.


Onun bağlı gözlərinin tavanda hansı mənzərəni canlandıraraq izlədiyini təsəvvürümə gətirə bilməsəm də, bilirəm ki, o indi mənim yanımda deyil. Buna baxmayaraq, qulağımın pıçıltısıyla onun saçlarını oxşamağa davam edirəm. İlk dəfədir ki, birinin xatirəsini bütün həyəcanıyla yaşayıram. “Həyəcan” sözü biraz səs-küylü söz kimi görünsə də, mənim əhvalım sakitliyin ağuşunda bitməsini istəmədiyi bu dəqiqələri dəyərləndirməkdədir.
Qulağım durmadan beynimin eşitdirdiklərini ürəyimə axıtmağa davam etsə də, dodaqlarım susur, oxşadığım saçların sahibiylə bir kəlimə də kəsmirəm. Bəzən insanların səni anlamasını istədiyin üçün danışmağa başlayırsan, bəzən də onlarda səni anlamaq istəyi doğsun deyə susmaq məcburiyyətində qalırsan. Özümü susmağa öyrəşdirmişdim, indi də düşüncələrimlə baş-başa qalan hisslərimi susmaqla sınağa çəkirdim.
Ağlımdakı ismin ürəyimin hüzuruna gəlməsi üçün, ürək bütün hisslərini səfərbər etmişdi. Dilimin ucuna bir-birinə bağlanıb cümlə şəklini ala bilməyən sözlər gəldikdə məni çox  narahat etmişdi. O qədər qarışıq hisslər içimdə axtarış etmişdi ki, o adı tapmaq üçün, məni üzəndə də susmalı olurdum, gülümsədəndə də. İndi isə o ad dilimin ucunda, sahibi isə dizlərim üstdədir. Yenə də susuram amma narahatçılığım başqa şeyə görədir:
Bundan öncə özümü -“Necə də olsa, bir gün hər kəs gedir və sən öz düşüncələrinlə baş-başa qalıb özünə öyrəşirsən. O zaman da sən, heç kəsin həyatında uzunmüddətli qalmırsan. Deməli, kim nə düşünürsə düşünsün, insanların bir-birindən fərqi tərk edib getməklə ümumilik təşkil edir.”- fikrinə inandırdığım üçün, indi bu gözəl başın sahibinin həyatıma əbədi həkk olunmasını istəyirəm. İstəyirəm ki, mən burada oturub şəhərin işıqları gözlərimi qamaşdırarkən, onun üzü hisslərimi, düşüncələrimi qamaşdırsın və mən onun saçlarını oxşayaraq qamaşıb parçalanan düşüncə və hisslərimi bir araya yığmağa davam edim.
Həyatı futbol meydançası, oyun masası, teatr səhnəsi, sonsuz karvan və s. kimi bir çox qəliblərə salanları, insanlara oyunçu, tamaşaçı, artist, dərviş kimi rollar verənləri tanıyırdım. Amma məncə, həyatın bənzəri, insanların da konkret rolları yoxdur. “Konkret” dediyimiz məfhumları da o qədər çox vergüllü cümləylə açıqlayırıq ki, mənim insana konkret rol verməyə dilim gəlmir. Nə həyatdan teatr səhnəsindəki gözlənilən sonluğu gözləyir, nə də həyatın mənə tamaşaları təkrar seyr etdirəcəyinə inanıram. Bu inamsızlığıma görə də bilirəm ki, qulağımdan ürəyimə ötürülən hər şeyi unudub xəyalın saçlarını sığallamağa davam etməməliyəm. Pilləkəndə oturan yalnızlığımı parçalayıb özüm olmalıyam. Parçalarımla darıxmıram, bir çox insanların dünyasını parçaların üzərinə həkk edib, aralarına sözcüklər qatıb, boşluqları onların nə hiss edə biləcəklərini təxmin edərək doldurub öz portretimi yaradıram.
Avanqard, surreal və s.nə əcaib, kimsənin anlamağa tənəzzül etmədiyi və yüz il sonra dəyər verməyə başladığı nə ağıl qarışdıran janr varsa, salın bu rəsmi o janra! Sonra da atın onu türklərin “taxtalı köy” dediyi bir köşəyə! Yəqin ki, bilirsiniz nəyi nəzərdə tuturam. Xahiş edirəm, sonra boğazdan yuxarı ağlayıb, özünüzü qırxa kimi üzməyəsiniz. Çünki, mən o “köydə” sizin qayğınıza qalmayacağam. Odur ki, üzülməyi buraxıb, yaşamağınıza baxın!
Hirsləndiyimi, qulağımın onu susdurmağıma rəğmən, boş-boş danışmağa davam etməsi məni qıcıqlandırdığını və özümdən çıxarmağa çalışdığını hiss edirəm. Heç bir əsəb səhnəsində oynamaq fikrim yoxdu. Məni daha da qıcıqlandıran bu yersiz telefon zənginə cavab verib evimə gedəcəm.
İndi izlədiyiniz tamaşa teatra bənzətməyə öyrəşdiyiniz həyatın səhnəsinə atdığım kiçik bir parçanın monoloqu idi. Heç kəs heç nə eşitmədi, hər kəs məndən başqa heç kəsi görmədi. Pərdə bağlanır. Yandırmadığım  işıqları söndürürəm.  Rejissorluğum, ssenaristliyim bəyənilsə də, qarşınızda ərsəyə gətirdiyim işi alqışladığınıza görə baş əymək fikrində deyiləm. Onsuz da bəyənməsəydiniz “çox saq olun” deyəcəkdim. Alqışlarınızla sizin köləniz olmaq üçün hazırlamadım bu tamaşanı. Nə isə... Gecənin aşiqi olan mən, səhəri ilk dəfədir ki, bu qədər çox arzulayıram. Siz- tamaşaçılar- mənim canımı sıxırsınız artıq. Dağılışın. Bitdi!
Canlı şəkillər

Комментариев нет:

Отправить комментарий