17.01.2012

Öylə bir tərcümə ki...


Azərbaycan dilinə tərcümə olunmuş kitablardakı biabırçı səhvlər nədən qaynaqlanır?

Son illərdə ölkədə nəşriyyat bumu yaşanır. Nəşriyyatların və kitabların sayı durmadan artır. Kitab mağazalarının rəflərində nüfuzlu müəlliflərin məşhur əsərlərinin bir-birindən nəfis tərtibatlı, gözoxşayan nəşrləri oxuculara gəl-gəl deyir. Lakin məlum olduğu kimi, kitabın dəyəri onun müəllifinin kimliyi, kağızı, tərtibatı, rəngi-filanı ilə deyil, nə dərəcədə səhvsiz və asan anlaşılan olması ilə də ölçülür.

Xarici nəşriyyatlarda (məhz Rusiya, Ukrayna, Britaniya və s.) dərc edilmiş kitablarda hərf səhvi tapmaq mümkün olmadığı halda, Azərbaycan dilinə tərcümə olunmuş kitablarda rüsvayçı səhvlərin sayı-hesabı yoxdur. Məhz bu faktor başqa dillərdən Azərbaycan dilinə çevrilmiş ədəbiyyatı oxuyan diqqətli oxucularda bu əsəri orijinalda oxumaq arzusu yaradır. Məşhur müəlliflərin kitablarının tərcümələrində rast gəldiyimiz birabırçı qüsurlar az qala hər səhifədə nəzərə çarpır. Sankı tərcüməçilər müəllifi rüsvay etmək üçün bütün bacarıqlarını ortaya qoyurlar.

Çingiz Abdullayevi rüsvay edənlər

Dünyaca məşhur yazıçı Çingiz Abdullayevin kitabları ən çox tələbat olan ədəbiyyat sırasındadır. Siyasi detektiv janrının atası sayılan yazarın dünyanın bir çox ölkəsində müxtəlif dillərə tərcümə edilərək on milyonlarla tirajla buraxılmış kitabları maraqla oxunur. Yazıçının Azərbaycanda da xeyli kitabı işıq üzü görür, istər rus, istərsə də Azərbaycan dilində.

Rus dilində nəşr olunan əsərləri ilə işimiz yoxdur, biz yazıçının Azərbaycan dilinə tərcümə edilmiş əsərləri barədə danışacağıq. Bəlkə də oxucuların əksəriyyəti detektiv əsərin təsirində olarkən bu səhvlərin çoxuna fikir vermir, amma fikir verilməsə belə, özünü zorla "gözə soxan" bu səhvlər saysız-hesabsızdır.

Dilin bütün qanunlarının kobud pozulması müşahidə olunan bu kitablarda orfoqrafik səhvlərə, erməni-budaq cümlələrinə, həddən çox uzun olduğundan dolaşdırılmış, rabitəsi pozulmuş cümlələrə tez-tez rast gəlmək olur. İki nəfərin dialoqunda bir necə dəfə "siz"dən "sən"ə və əksinə keçid baş verir. Dırnaq açılır, amma heç yerdə bağlanmır, bilmək olmur ki, xüsusi fikir, ya da sitat harada başa çatır.

Redaktoru filologiya elmləri namizədi olan "Məhəbbət və nifrətin zirvəsi" adlı kitabda səhvlər o qədər çoxsaylı və biabırçıdır ki, redaktorun ibtidai təhsilinin olması belə şübhə doğurur. Bu kitabın türk dilindən tərcümə edildiyi açıq-aşkar hiss olunur. Çünki "Dilmanc"ın ənənəvi tərcümə qüsurları bu proqramdan istifadə edən hər kəsə məlumdur.

Biz orfoqrafik-qrammatik səhvlərdən tutmuş hərfi mənada da yanlış anlaşılan qüsurlardan bəhs edirik. Bəzən o qədər kobud səhvlər edilir ki, yazıçının nə demək istədiyi anlaşılmır. O saat bilinir ki, bu əsər orijinaldan deyil, ikinci, ücüncü mənbədən tərcümə edilib.

Məsələn, "Siz onu hər daim aldatmısınız" (səh. 239). Xüsusilə də, toponim, oykonim və sair coğrafi yer adlarında belə hallarla çox rastlaşırıq. Məlum olduğu kimi, türklər bu adları ingilis dilindəki kimi yazır, ruslarla biz isə - öz tələffüzümüzə uyğun və öz hərflərimizlə.
Bir şey maraqlıdır, rus dilində yazılmış bir romanı nədən üçüncü mənbədən tərcümə etmək lazım olur? Axı Azərbaycanda rus dilini, demək olar ki, hər kəs bilir, bu boyda nəşriyyat rus dilindən tərcümə edən mütəxəssis tapa bilmir?

Fikrimizcə, tapa bilər, amma bu, ona sərf etmir. Çünki ruscadan türkcəyə tərcümə olunmuş əsəri "Dilmanc" elektron tərcümə sisteminə yerləşdirib bir az qüsurları düzəldirlər və bu, demək olar ki, pulsuz başa gəlir. Tərcüməçiyə isə pul ödəmək lazımdır. Beləliklə, nəşriyyat artıq pul qazanır, oxucu isə pis tərcümə olunmuş kitaba pul verir. Əsas zərbə isə yazıçıya dəyir, çünki əksər oxucular bu kobud səhvləri yazıçının etdiyini düşünürlər.

Elmi ədəbiyyatın tərcüməsi nə səviyyədədir?

Bədii ədəbiyyatı qoyaq bir kənara, elmi ədəbiyyatın da tərcüməsi bərbaddır. Bu sahədə də ortaya "Dilmanc tərcüməçiləri" çıxıb. Türk dilindəki mətni proqram vasitəsilə "tərcümə edir" və bir az qrammatik səhvlərə əl gəzdirib çapa verirlər. Lakin ortaya elə biabırçı səhvlər çıxır ki, adam məəttəl qalır.

Sosioloq Əhməd Qəşəmoğlu da elmi ədəbiyyatların tərcüməsindən şikayət edir: 

"Adlarını alim qoymuş adamlar humanitar sahədəki elmlərdən elə tərcümələr edirlər və zorla tələbələrinə sırıyırlar ki, insan çaşıb qalır. Mənə çox maraqlıdır ki, insanlar niyə başa düşmədikləri şeyi tərcümə edirlər? Elə bil, hansısa bir tərcümə proqramı çevirib mətni. İnanıram ki, tərcümə etdiklərini özləri də izah edə bilməzlər".

Filoloq, tərcüməçi, əməkdar jurnalist Valeh Məhərrəmlinin sözlərinə görə, tərcüməçinin geniş dünyagörüşü, mükəmməl savadı və hər sahədən anlayışı olmalıdır: 

"Sovet vaxtı nəşriyyatlarda redaktorlar, korrektorlar çox təcrübəli və elmi dərəcəsi olan savadlı adamlar idi. O üzdən də onların tıəcüməsi orijinaldan fərqlənmirdi. İndi isə nəşriyyatlarda belələrini tapmaq çətindir, bundan başqa, indi hamı tərcümə ilə məşğuldur, ona görə də kitabın tərtibatı və kağızın keyfiyyəti yüksək olur, amma dəyəri və oxunma səviyyəsi aşağı olur".

Oxucular nə düşünürlər?

Bakı Dövlət Universitetinin filologiya fakültəsinin məzunu Roza Əlisoy deyir ki, bu günlərdə maraqlı bir kitabda belə qüsurlarla rastlaşıb: "Məşhur əfqan əsilli yazar Xalid Hüseyninin dilimizə tərcümə edilmiş "Çərpələng uçuran" adlı kitabını oxuyanda rastlaşdım belə qüsurlarla. Tərcüməçi bəzi ingilis sözlərini olduğu kimi saxlamışdı.

Məsələn, ingilis dilində "t-shirt" sözü var, bizim dilimizə tərcümə edildikdə "qolsuz köynək" anlamını verir.  Amma maraqlıdır ki, tərcümədə bu kimi sözləri olduğu kimi saxlamışdılar. İngilis dilini bilməyən bir oxucu necə bilsin ki, "t-shirt" nə deməkdir?"

Azərbaycan İctimai-Siyasi Universitetinin regionşünaslıq fakültəsinin məzunu Namiq Rəhimov bildirdi ki, "Pul, kredit və banklar" kitabından narazıdır: "Kitabı dilimizə tərcümə edilmiş kimi təqdim edirlər. Amma bu kitab Azərbaycan dilinə tərcümə olunmuş sayılmaz. Bir neçə səhifə oxudum, oxuduqca əsəbləşirdim. Türkiyə türkcəsində olan sözlərdən hədsiz dərəcədə çox istifadə olunmuşdu. Bəlkə də elə bu türkcədən tərcümə edilib.

Bizim ortaq sözlərimiz çoxdur, amma elə sözlər var ki, bizim oxucu onu anlamır, belə götürsən, heç Türkiyədə də anlaşılmaz. Olduqca qarışıq bir tərcümədir. Əgər müəllifə fikrini öz dilində düzgün ifadə eləmək çətindirsə, ya öyrənə, ya da ən pis halda kiməsə müraciət edə bilərdi. Çünki bu kitabdan istifadə edənlər Azərbaycan tələbələri olacaqlar, Türkiyə vətəndaşları yox".

Naxçıvan Dövlət Universitetinin məzunu Vüqar Səfərov deyir ki, nəinki tərcüməçilər, hətta axırıncı prezident seçkilərində namizədlərdən biri də canlı yayımda maraq doğuran bir söhbət etmişdi: "Eis Berg - alman dilində "buz dağı" deməkdir. Almanlar dərin, gizli məsələlərdə deyirlər ki, Eis Berg-in görünməyən tərəfi. Necə ki, bizdə bu durumlarda "aysberqin görünməyən tərəfi" deyirlər.

"Eis" sözünün tələffüzü rus dilində "aist"ə uyğun gəldiyindən (bu da rus dilində leylək deməkdir) bəzi tərcümə materiallarında yazırlar ki, "leyləyin görünməyən tərəfi". Həmin namizəd də oxuduğu kitabdan yadında qalan həmin ifadəni işlətdi, "aysberqin görünməyən tərəfi" demək əvəzinə, "leyləyin görünməyən tərəfi" dedi.

Göründüyü kimi, belə hallar oxucularda narazılıq yaradır. O üzdən kitab müəllifləri, tərcüməçilər, nəşriyyatlar bu problemin həlli üçün düşünməli və kitabın dəyərdən düşməsinə imkan verməməlidirlər. Bu elə də çətin bir iş deyil, sadəcə, işə peşəkarları cəlb etmək yetər.

Elçin Bayramlı                                        milli.az

Комментариев нет:

Отправить комментарий