17.01.2012

Heç kimə yazar olmağı məsləhət görmürəm

Çarlz Bukovski. Esse


Dəhşətlər evi

Yazmaq barədə danışmaq sevgi barədə, sevişmək barədə danışmaq kimi bir şeydir: haqqında çox danışmaq onu məhv edə bilər. 

Məxsusi axtarmasam da, təəssüf ki, uğurlu, ya uğursuz, bir xeyli yazarla qarşılaşmışam – uğur deyəndə onların sənətlərini nəzərdə tuturam. Bir insan kimi çox pis, çox xoşagəlməz, bədxah, xudbin, kinlidirlər. 

Az qala, hamısına aid ola biləcək ümumi bir cəhət var: hər biri öz əsərlərinin çox yaxşı olduğuna inanır, bəlkə də ən yaxşı olduğuna. Əgər uğur qazansalar, bunu təbii hadisə kimi qəbul edirlər. Əgər uğursuzluğa düçar olsalar, redaktorların, naşirlərin və tanrıların onların əleyhinə işlədiyini düşünürlər. 


Doğrudur, bazar taktikası ilə zirvəyə qaldırılan xeyli pis yazar var, səbəbi hər nə olursa -olsun. Amma o da doğrudur ki, nə qədər böyük yazar acından ölmüş, ya özünü öldürmüş, yaxud ağlını itirmişdir, sonradan isə onların böyük (ölmüş olsalar da) istedada malik olduqları aşkara çıxmışdır. 

Bu tarixi fakt pis olan yazarı ürəkləndirir. Bu yazar uğursuzluğunun istedadsızlığının deyil, bir sıra başqa səbəblərin nəticəsi olduğunu düşünməkdən xoşlanır. Nə isə, yəni məsələ bu cürdür.

Bir də, tanıdığım və əksəriyyəti şair olan yazarları düşününcə onların başqaları tərəfindən dəstəkləndiklərinin fərqinə varıram – mənim tanıdıqlarımın iqtisadi yükünü arvadları, daha çox da anaları daşıyır. 

Kifayət qədər də rahat həyat sürürlər; televizor, ağzına kimi dolu soyuducu, dəniz kənarında mənzil, yaxud ev - əsasən Venesiyada və ya Santa -Monikada, gündüzləri özlərini tragik hiss edərək günəşin altında uzanır, mənim bu kişi yoldaşlarım, gecələri isə bəlkə bir şüşə şərab içib çovdar çörəyindən sendviç yeyir, sonra haradasa, kiməsə öz yoxsulluqlarından və istedadlarının böyüklüyündən bəhs edib ağlaşma dolu məktublar yazırlar. 

Yetər ki, əsər yazmasınlar, çalışmasınlar, sözləri yan-yana düzməsinlər. Nə isə, bu, hər halda, dəlici dəzgahda işləməkdən yaxşıdır. Dəlici dəzgahda arvadları və anaları işləyəcək, siz ondan narahat olmayın. 

Və beləcə, şairlər xarici dünyanın gerçəkliyində yaşamadıqları üçün yazmağa bir şey tapmazlar və bunu böyük bir eqo ilə, həm də cansıxıcı şəkildə edərlər. 

Yazmaq haqqında yazmaq, demək olar ki, mümkünsüzdür. Xatirimdədir, bir dəfə bir şeir oxuma tədbirindən sonra tələbələrdən “Sualı olan varmı?” deyə soruşdum. Onlardan biri “Niyə yazırsınız?” deyə soruşdu. Mən də cavab verdim: “Sən o qırmızı köynəyi niyə geyinirsən?”.

Yazar olmaq lənətlənmiş və çətin bir işdir. Hətta istedadın varsa belə, bir gecə yatdığın yerdə o, səni əbədi tərk edə bilər. İnsanı oyun oynamağa təhrik edən şeyin nə olduğuna cavab vermək asan deyil. 

Həddindən ziyadə olan uğur zərərlidir; heç uğur qazanmamaq da zərərlidir. Bir az rədd edilmək insan ruhuna yaxşı təsir edir, fəqət tamamilə rədd edilmək əcaib, dəli, təcavüzkar, sadist, əyyaş və qadınını döyən kişilər yaradır. Həddindən ziyadə uğurun yaratdığı kimi. 

Mənim də yazmağın romantizminə uyaraq yolumdan azdığım hallar olub. Gəncliyimdə böyük sənətkar haqqında çoxlu film izləmişəm, bu filmlərdə yazarlar həmişə keçisaqqal, gözləri alışıb-yanan, davamlı olaraq ağzından səmimi həqiqətlər tökülən, olduqca qəribə və bir az da tragik tipdə olurdular. 

Ah, nə gözəl bir varoluş, deyə düşünərdim. Amma əslində, belə deyil. Tanıdığım ən yaxşı yazarlar çox az danışırlar; mən doğrudan da yaxşı yazanları nəzərdə tuturam. 

Hətta yaxşı bir yazardan daha darıxdırıcı bir şəxs düşünə bilmirəm. O, kütlə içində, hətta birisi ilə baş-başa olarkən belə hər şeyi şüuraltında qeydə almaqla məşğul olur. Bəlağətli nitq söyləmək, ya da şənliyin gözü olmaq onu maraqlandırmır. 

Acgözdür; yanacağını yazı makinasına saxlayır. Danışmaqla ilham pərisini söhbətə tutub onu tələf edə bilər, tanrının bəxş etdiyi dühanı məhv edə bilərsən. Enerji yalnız bu qədərinə çatar. Mən də acgözəm. Belə də olmalıdır.

Enerji yanacağının təmənnasız verilə biləcəyi yeganə zaman Eşq zamanıdır. Eşq insana güc verir; fitrətimizdə olan nifrətləri və yanlış mühakimələri qoparıb atır. Yazını daha da zənginləşdirir. Bundan savayı hər şey yazı üçün qorunub saxlanılmalıdır. 

Yazar mütaliəsinin çox hissəsini də gəncliyində edib qurtarmalıdır; formalaşmağa başlayanda mütaliə zərərli təsir göstərir – sanki qrammofonun iynəsini valın üzərindən götürürsən. 

Yazar həmişə formada qalmaq, hədəfinə davamlı olaraq vurmaq məcburiyyətindədir, əks təqdirdə səfillər məhəlləsinə yuvarlanacaq. 

Geriyə də yol yoxdur. Bir neçə il yazdıqdan sonra ruh, insan, varlıq başqa bir sahədə işləmək üçün yararsız olur. O, artıq haradasa işləyə bilməz haldadır. 

Pişiklər diyarında bir quş kimidir. Heç kimə yazar olmağı məsləhət görmərəm. Amma əgər yazmaq ağlını itirməyin qarşısını alacaq yeganə yoldursa, o zaman bəlkə yazar olmağa dəyər. 

Tərcümə: Rəşad Səfər                 kulis.az

Комментариев нет:

Отправить комментарий