04.01.2012

Rüşvətxor məmurun demokrat oğlu

Samir Əsədli


Araz günümüzün reallıqlarını “Azad”da yazdı
Araz Bayramov – bu ad sosial şəbəkələrdəki gənclərin çoxuna tanışdır. Mən Arazla elə “Facebook”da bloqyazılarını oxuduqdan sonra tanış olmuşam. Ən çox sevdiyim bloqqerlərdəndir və yazılarını böyük həvəslə oxuyuram. Arazın yazı üslubu zövqümə uyğundur, axıcı dillə yazır və oxucunu yormur. Bir sözlə, Araz Azərbaycan türkcəsində çox gözəl yazır.
Həm də səmimi və mehriban gəncdir, söhbətidən doymaq olmur…
Arazın kitab yazdığını eşidəndə çox sevindim, çünki yazıları kimi kitabının da maraqlı və mənalı olacağını bilirdim. Araz nəhayət, kitabını nəşr etdirdi.
Kitab “Azad” adlanır – elə Arazdan azadlıq gözləmək olardı. Roman mərhum yazarımız Rafiq Tağının əziz xatirəsinə həsr edilib. Kitabı Azərbaycanın inqilab mərkəzi Sabirabada gedəndə yolda oxumağa başladım və birnəfəsə oxuyub bitirdim.




Cabbara həsr edilib…
Kitabda keçmiş vicdan məhbusu Cabbar Savalanlıdan və demokratik proseslərdən, azad yaşamaq uğrunda mübarizə aparan gənclərdən bəhs edilir. Baş qəhrəman rüşvətxor bir məmurun oğlu Orxan adlı şəxsdir. Bu gənc mənsub olduğu ailənin yaşam həyatından məmnun olmayan biridir.
Kitabda rüşvətxor, korrupsioner məmurlar, dar qafalı müəllimlər, varlı şəxslərə yaltaqlananlar, bayağı-süni adət-ənənələr, zövqsüz telekanallar, cəmiyyətdə olan süstlük tənqid olunub və azad tələbə düşüncəsi təsvir edilib.
Kitabda ölkə vətəndaşının azad və firavan yaşamasını, təhsilli-savadlı cəmiyyət görmək istəyən bir gəncin arzularından bəhs edilir. Romanın sujeti cəmiyyətdə olan eybəcərliklərə və avtoritar idarəçiliyə etiraz edən gənclərin fəaliyyəti üzərində qurulub, tələbə Cabbar Savalanlının cibinə narkotik maddə atıb həbs edənlər və bu üsullarla gəncləri zəhərləyənlər ciddi formada ifşa olunub. Yəni günümüzün reallıqları, eybəcər idarəetmə bədii əksini tapıb və təxəyyül, fantaziya yoxdur.
Romanın baş qəhramanı Orxanın atasını “şantaj” etməklə Cabbarın azadlığına nail olması, bu işindən qürur duyması  qeyd edilir.
Rüşvətxor oğlu…
Əsər dramatik və psixoloji səhnələrlə də zəngindir: Orxan  atasını şantaj etdiyinə görə, ata onun ölümünə qərar verir, Orxanın bacısı bunun qarşısını almağa gedərkən qəzaya düşüb ölür və bu, Orxana cox pis təsir edir, günlərlə Orxan özünə gələ bilmir. Nəticə etibarilə bir nəfərin həyatını xilas edən Orxan ən cox sevdiyi şəxsi itirir.

Araz Bayramov
Kitabda ən çox təsirli səhnə bacı-qardaşın bir-birilərinə olan sevgisi, bir-birilərini hər sahədə anlamalarıdır. Hətta Orxan bacısı Sevilin Kamran adlı bir oğlanı sevməsini eşidəndə bunu anlayışla qarşılayır və onunla tanış olmaq istəyir…
Romanda tənqid hədəfləri rüşvətxor məmurlardır. Cəmiyyətin tarazlığını pozan, insanların olan-olmazını əlindən alan, haram, ah-nalələrlə var-dövlət yığıb lüks həyat sürən məmur sürüsü gözəl üslübda tənqid edilib, əsası da odur ki, romanın baş qəhrəmanının atası da belə məmurlardan olub. Öz atasının əməllərindən utanan Orxan atasına qarşı üsyan edir, eynilə bacısı Sevilin də elə atası ilə bu səbəbdən hər gün mübahisə etdiyi məlum olur. Bu, halal yaşamaq istəyinin təbliidir və müəllif romanında bunu gündəmə gətirməyə çalışıb.
Dar düşüncəli müəllimlər…
Kitabda dar düşüncəli, robotlaşmış, yaltaq, rüşvətlə qiymət yazan müəllimlərin tənqidi səhnələri də yerindədir. Burada savadsız, rus və digər xaricı müəlliflərin yazdıqlarını tərcümə edib öz adlarına çıxan, mühazirə yazdırıb üzündən oxuyan müəllim adına ləkə olanlar ifşa edilib. Çünki universitet auditoriyalarından gəncləri bu cür müəllimlər savadsiz nəsil kimi yetişdirməyə çalışır, həmçinin universitet rəhbərliyi, bəzi müəllimlər də tələbələrə elm vermək əvəzinə, rejimə qul kimi nökərçilik edən xidmətçilər formalaşdırmaq istəyir. Amma bütün bu təqib və qadağalara baxmayaraq, demokratik düşərgədən olan tələbələr öz yollarından çəkilmirlər, bu fədakarlığa görə də Orxan onlara qoşulur.
Romanda ata hesabına tələbə olan, pul verib qiymət alan tələbələr də tənqid edilib. Bir sözlə, “müəllim” və “tələbə” adına ləkə olanları Araz açıq ifşa edib.
Şou millətçilər…
Kitabda Arazın toxunduğu mövzulardan biri də bugünkü sifarişçi millətçilərdir. Haqlı olaraq müəllif məqsədli, pul müqabilində işləyən növbətçi millətçilərin, “millətçi” adına şou göstərənlərin simasını açıb göstərib. Hamıya məlumdur ki, bugünkü harınlamış məmurlardan pul alaraq onların tapşırığı ilə “millətçilik”, “türkçülük”, “vətənpərvərlik”, “dövlətçilik”, “turançıılq” və daha “nəçilik” edən gənclər var. Onların məqsədi nə millətçilik, nə türkçülükdür; bir maraqları var – kimdənsə pul alıb tapşırıq yerinə yetirmək. Onların pul və tapşırıq aldıqları məmurlar da hamıya məlumdur. Ölkədə insan hüquqları, qanunlar kobud şəkildə pozulur, 8 gənc həbsdədir səsləri çıxmır, amma Çin rejiminə qarşı “mübarizə” aparırlar, uyğurların haqlarını tələb edirlər… Araz romanında onların məqsədini gözəl təsvir edib.
Romanda hədəf yayındıran, milləti qəflət yuxusuna yönəldən, mənasız yarışmalarla efirləri dolduran kanalların da mahiyyəti açılır. Eyni zamanda, gənc yazar bölgələrin, rayonların da inkişafdan geri qaldığını, yolların bərbad halda olduğunu təsvir edib.

Arazın oxucuları
Sağol Araz…
Romanda qeyd olunan məsələlərdən biri də ciddi polemika, daha doğrusu, hakimiyyətin ideoloji təbliğatının ifçasıdır. Hakimiyyət “izah” etmək istəyir ki, Avropa pisdir, əxlaqsızdır və müxalifət də onlara işləyir. Araz bu hakim təbliğata da toxunub və məsələyə münasibətini ortaya qiyub.
Haqsızlıqlara, dar düşüncəli müəllimlərə, hakimiyyətə, hətta rüşvətxor atasına etiraz edən Orxan bu çıxılmaz sualların qarşısında “demokratik tələbələr” adlandırdığı yoldaşlarına qoşulur, öz həyatının mənasına qovuşur.
Roman alınıb, desək, yanılmarıq.
Bu roman münasibətilə Arazı təbrik edirəm və gənclərə bu kitabı oxumağı məsləhət görürəm.

Комментариев нет:

Отправить комментарий