Səssizliyə ehtiyacım var. Qaranlığa. Saat səsinin belə pozmadığı sükuta.
Zamanı unutmaq istəyirəm...
Izdihamın içində gəzdirdiyim tənhalığımı rənglərdən, səslərdən soyunmaq.
Dadını çıxarmaq yalqızlığın. Gecənin, qəhvənin, hüzurun.
Düşünmək istəyirəm...
Kimdim mən, nəydi istədiyim bir vaxtlar?
Bəs sən kimdin, niyə vardın yaxud nədən yoxsan?
Deməli, hər qurtum qəhvəni, hər udum havanı paylaşa biləcək kimsə yox bu dünyada. Və bütün dostluqlar, sevgilər,” ən böyük sənət” olan insan məhəbbəti də bir yerə qədər.
Pıçıldamaq istəyirəm:
-Eyy, adamlar, mən sizi sevdikcə tənhalığa vuruldum.
-Eyy, adamlar, sizə əsir olmaq xoşdu, sizdən azad olmaq daha xoş.
İnanmaq istəyirəm.
Bəlkə həyatın anlamı elə budu: susqun bir həftə sonu keçirmək bütün fırtınaların sonunda.
Və dərk etmək ki, sən öz tənhalığında bir ordusan...
Və anlamaq ki, bu həm də kədərlidi.
Və onu da anlamaq ki, bu hələ hamısı deyil, başqa nəsə söyləmək istəyir can üstündə olan bu gecə. Son sözünü dinləmək lazım ölümə məhkumların.
Dinləmək istəyirəm...
Hər gün yanından sakitcə ötüb keçdiyimiz qapıları bir-bir döymək.
Adını qoymaq bu boşluğun, səbəbini tapmaq.
Daha mühüm nə isə demək, daha mühüm.
Fikrimi toplamaq istəyirəm.
Susqunluğa ehtiyacım var. Saat səsinin belə pozmadığı səssizliyə.
Комментариев нет:
Отправить комментарий