15.01.2012

Tanrı girir aramıza


Emin Piri

Qalmışam Tanrıyla sənin aranda

Tanrıyla sənin aranda
qalıram hər səhər.
Yuxuya dalıb
sənin oluram
hər səhər.

Gecə bitməmiş,
Yaxındakı məsciddən ucalan
azan səsi oyadır məni
səndən doymadan.

Hər səhər azan səsi ayırır bizi
Tanrı girir aramıza
hər səhər.
Nə tanrıdan keçə bilirəm
Nə səndən.
Hər səhər səndən Tanrıya
Hər gecə Tanrıdan qaçıram sənə.

Allah çağırışına oyandığımda,
arxamca
göz yaşların qalır yatağımda.
Səni Tanrı ağladır,
Məni – sənin göz yaşların.

Hara qaçaq bu dünyadan!?
Nə tanrı girsin aramıza,
Nə kilsə zəngləri,
nə də azan səsi
oyadıb, ayırmasın bizi.

Bilmirəm,
sənmi qısqandın məni Tanrıya,
Tanrımı məni sənə.
Ya biz sevgi qurbanı,
Ya Tanrı bizim qatil.

Gecələr səni verən,
gündüzlər alır məndən.
Didir ciyərlərimi
Prometey kimi.

Sən sevgi uğrunda şəhid,
Mən Tanrının əsiri.
Bu yolda Allaha
Hansımız daha əziz?!

Sevgimiz titrədirkən göyləri
Tanrı oyanır hər səhər.
Ikiniz arasında qalıram
Hər sübh-obaşdan –
Gecə bitməmiş...

Yeməyin dadlı yeri

Hələ altı yaşımdaykən
süfrədə yeməyin dadlı yerini
Anamın atama verdiyini gördüm.
ilk dəfə
anladım ki,
tezlikə evlənməliyəm.

Комментариев нет:

Отправить комментарий