14.01.2012

Tikanlı məftili əlimlə qırdım


Surxay SULTAN  

Sərhəd hərəkatının iştirakçılarına - 31 dekabr 1989-cu ildə hər cür müqavimətə baxmayaraq Araz çayı boyunca Sovet-İran sərhəd simlərini (tikanlı məftilləri) əliyalın qırıb dağıdan hər kəsə ithaf olunur 

Otuz bir dekabr… ilin son günü,
Kəfəni boynuma mən asan günü,
Köksümə dirədi düşmən süngünü,
Sərhəd simlərini əlimlə qırdım.

Mən qənim kəsildim o gün ovçuma,
Çox olub ovçunun üstə ov cuma,
Nifrəti, qəzəbi sıxıb ovcuma,
Tikanlı məftili əlimlə qırdım.

Bir qara qorxunu- o divi yıxdım,
Dözmədi qarşımda o qəvi- yıxdım,
Mənə zindan olan bir evi yıxdım,
Tikanlı məftili əlimlə qırdım.

İllərdir dilimə “haralı” salan,
Nisgilli könlümü yaralı salan,
Qardaşı qardaşdan aralı salan,
Tikanlı məftili əlimlə qırdım.
 
Arxamda Əlincə, öndə Ərk idi,
Tarixə dərs idi, ibrət, görk idi,
İradəm dəmirdən, daşdan bərk idi,
Tikanlı məftili əlimlə qırdım.


O anda öndərlər yenə öndəydi,
Əbülfəz Elçibəy tək zirvədəydi,
Səttərxan, Xiyabani, Pişəvəriydi,
Tikanlı məftili əlimlə qırdım.

Birləşdik biz o gün Araz boyunca,
 
O taylı bu taylı gəzdik doyunca,
Hamı uca idi, boyundan uca,
Tikanlı məftili əlimlə qırdım.
 
Təbriz yaxındaydı, Təbriz uzaqda,
Dağlardan enmişdi o yalquzaq da,
Yaxın görünürdü o gün uzaq da,
Tikanlı məftili əlimlə qırdım.

Güvəndim əzmimə, sərt inadıma,
Şərəfli bir tarix yazdım adıma,
Dünyanı mat qoydum hünər-addıma,
Tikanlı məftili əlimlə qırdım.

Neçə səddi qırdım, neçə, bilmədim,
Tikanı sonadək biçə bilmədim,
Yetişdim Araza… keçə bilmədim,
Sərhəd simlərini əlimlə qırdım. 

Комментариев нет:

Отправить комментарий