18.01.2012

Uşaqlarımızın televizor sevgisi: körpələrimiz hansı təhlükə qarşısındadırlar?

Televizorlar insan həyatına 1873-cü ildə girib, amma o zaman görüntü yalnız fotoeffektdən ibarət olub. 1884-cü ildə isə mexaniki televizor yaradıldı. 1925-ci ildə televizorun təkmilləşməsi üçün icad olunan skanlaşdıran disk ağ-qara görüntülü televizorun istehsalını gerçəkləşdirdi. İlk ağ-qara görüntülü  televizorlar 1929-da Almaniyada, 1949-da isə SSRİ-də yaradıldı. Həm bizim, həm də uşaqlarımızın ən sevimli əşyasına şevrilən televizorların uşaq psixologiyasında və gündəlik həyatında buraxdığı izlər barədə araşdırmanı təqdim edirik.


Amerika telekanalları uşaqları hədəf götürüb

İnternetin kəşfindən sonra informasiya operativliyi baxımından bir qədər ləngiyən televizor bütün zamanlarda uşaqlarımızın ən yaxın dostu olub. İndi yaşlı nənə-babamızdan evdar qadına qədər hamımız onunla dostluq edirik. Maraqlıdır, müxtəlif serialları, şou-proqramları, mətbəx verilişləri ilə bir çox qadının saatlarla qarşısında oturduğu televizorlar uşaqların inkişafına hansı təsiri göstərir?


Amerikalı mütəxəssislər gündə 2 saatdan çox televiziya izləyən uşaqlarda irəliləyən yaşlarda ruhi problemlərə rast gəlindiyi barədə həyəcan təbili çalır. Maraqlıdır ki, dünya üzrə ən çox televizor izləmə statistikası da məhz bu ölkəyə aiddir. Elə psixi pozğunluqdan və intihara cəhdlərdən də ən çox əziyyət çəkən amerikan cəmiyyətidir.

Televizorun uşaqlar üzərində təsirini araşdıran ABŞ-ın Sietl Uşaq Xəstəxanasının “Televiziya Araşdırma və Məsləhətləşmə Mərkəzi” çox maraqlı nəticələr ortaya çıxardı. Bu araşdırmaya görə, amerikalı bir uşaq 12 yaşına qədər 100 min zorakılıq və şiddət götüntüsü izləyir ki, bu görüntünün də 8 mini cinayət tərkibli olur. Noyabr ayında aparılan başqa bir araşdırmaya görə isə Amerikada məktəbli uşaq həftədə orta hesabla 27 saat televizor izləyir. Amerikada uşaqlar üçün hazırlanan televiziya proqramlarında saatda 20 şiddət səhnəsi göstərilir. 6 yaşlı amerikalı uşaqların 40 faizi, 12 yaşlı amerikalı uşaqların isə 80 fazi yetkinlər üçün hazırlanan proqramları izləyir. Nəzərə alsaq ki, hətta uşaq proqramlarında belə, saatda 20 zorakılıq səhnəsi olur, o zaman yetkin amerikalı  insanlar üçün hazırlanmış proqramların uşaqlar üçün nə qədər təhlükəli olduğunu anlamaq çətin olmaz.

Televizorun uşaqlara 4 önəmli zərəri

Rusiya Tibb Elmləri Akademiyasının pediatrlarının fikrincə isə uşaqların gündə 1, ən çox 2 saatdan çox televiziya izləməsi son dərəcə zərərlidir. Əgər buna diqqət edilməzsə, bu vəziyyət uşaqlarda kompensasiyası mümkün olmayan yaralar aça bilər. Çünki çox televiziya izləyən uşaqda aşağıdakı əlamətlər müşahidə edilir:

1. Başqalarının çəkdikləri əzaba və ya çətinliklərə qarşı laqeyd münasibət,
2. Ətraflarına və müxtəlif hadisələrə qarşı səbəbsiz qorxu,
3. Başqalarına qarşı təcavüzkar və ya zərərverici davranışlar və ya buna meyllilik,
4. Davamlı olaraq televizor qarşısında oturduğu üçün çəki artması.

Çıxış yolları var, amma əməl etmək vacibdir

Həm pediatrlar, həm də psixoloqlar valideynlərə kiçik məsləhətlər verməklə problemi yüngülləşdirməyə çalışırlar. Bu da mütəxəssislərin, televiziyanın zərərli təsirlərinin qarşısını alacaq və uşağınızın psixoloji sağlamlığını qurtaracaq tövsiyələri:

- Uşaqların televizor izləmə saatlarını məhdudlaşdırın,
- Onlar üçün yaşlarına uyğun proqramları seçin,
- Uşaqdan öncə, mümkünsə, müntəzəm olan proqramı birinci dəfə özünüz isləyin,
- Ailəlikcə televiziya izləməyi bir vərdişə çevirin,
- Uşaqlarla barabər siz də onun izlədiyi proqrama baxın, 
- Proqramı həm ona izah edin, həm də suallarını cavablandırın, 
- Həftənin bir gününü “televizorsuz gün” elan edin,
- Mümkün olsa, evinizdə televiziya kanallarını açmayın, əvəzində uşağın seçdiyiniz disklərə baxmasına nail olun.

Uşaqların beynini qocalmağa qoymayın


Keçən ayın əvvəllərində isə BBC telekanalı çox maraqlı bir süjet yayımladı. Həmin sujetdə bildirildi ki, uşaqların televiziya başında keçirdiyi hər saat, onsuz da hələ təkmilləşməyən zehinlərində saysız-hesabsız komplekslərə gətirib çıxarır və bu da gələcəkdə ruhi problemlərə səbəb olur. İngiltərə və Amerika araşdırmaçılarının ayrı-ayrılıqda apardıqları təcrübə zamanı 1345 uşağa gündə 3 saat televiziya izlətdirilib.

Nəticədə uşaqların yüzdə 35-də zehni qarışıqlıq aşkarlanıb. Çünki 2-3 yaşlı bir uşağın zehni gördüyü hər şeyi çox sürətli bir şəkildə qavrayır və bu informasiya qəbulunun yaşa görə çox olması beyni erkən yaşlarda qocaldır.

Rusiyada bir neçə il öncə aparılan eynitipli araşdırmada isə 1 ay ərzində uşaqların bir qrupuna Sovet dövründə çəkilmiş, digər qisminə isə müasir dövrdə Qərb ölkələrində çəkilmiş multfilmlər nümayiş etdirilb. "Soyuzmultfim"in istehsalı olan filmləri izləyən uşaqlarda sülhsevər, altruist psixologiyanın yarandığı, müsbət meyllərin artdığı, Qərb multfilmlərini izləyənlərdə isə eqoist əhval-ruhiyyənin, aqressiv psixologiyanın artması müşahidə olunub.

Psixoloqların fikrincə, heç bir halda qan, qorxu, şiddət, zorakılıq ifadə etməyən Sovet multfilmləri uşaqlar üçün təhlükəsiz və onların düzgün formalaşması üçün ideal idi. Rusiyada son illərdə uşaqlarına müasir multfilmlərin əvəzində SSRİ dövründə çəkilmiş multfilmləri izlədənlərin sayının artması da bu amillə bağlıdır.

Uşaqlarınız yaşına görə televizor izləsinlər

Pedaqoq Şura Qocayeva Milli.Az oxucuları üçün maraqlı və olduqca yararlı bir siyahı hazırladı. Bu, uşaqların yaşa görə televizor isləməsi qaydalarıdır. Pedaqoq bildirdi ki, əgər buna əməl olunsa, uşaqlar daha az zərər görər.

1-4 yaş arasında olan uşaqlar bir böyüklə birlikdə televiziya izlədikləri zaman bu onlar üçün çox faydalı olur. Uşağa izlədiyi proqram və ya film haqqında məlumat verə bilərsiniz. Bu yaşda olan uşaqlar tez-tez sual verir, çalışın, hamısını cavablandırasınız. Onun anlamadığı proqramları izləməsinə icazə verməyin. Uşağın qorxduğu şeyləri yaxşı bilmək lazımdır ki, içərisində belə görüntülər olan proqramları ondan uzaq tutasınız. Bu yaşda uşaqların yarım saatdan çox televiziya izləmələri təhlükəlidir. Uşaq televiziya izlədikdən sonra onu dərhal yatağına yatırtmaq doğru deyil. Uşağın cizgilərin dünyasından real dünyaya geri dönməsi üçün ünsiyyətə ehtiyacı var.

5-12 yaş arası uşaqların özündə şiddət, zorakılıq, qorxu və seks ehtiva edən proqramları izləməmələri lazımdır. Azacıq vaxt sərf etsəniz, bu yaşda uşaqların izləyə biləcəkləri proqramları təyin etməniz çətin olmaz. Ancaq o yaşıdlarının izlədiyi proqramlara baxmaq istəsə və bu istəyində israrlı olsa, sizin üzərinizə böyük məsuliyyət düşəcək. Belə ki, bu proqramların zərərini, uşaqda yaratdığı fəsadları onun öz dilində anlatmaq lazım gələcək. 5-12 yaş arasında olan uşaqlar üçün ən ideal verilişlər təlim proqramlarıdır. Uşaqlar bu verilişlər sayəsində yeni şeylər öyrənəcək, kağızdan, plastilindən, ağacdan yeni əşyalar hazırlamaq həvəsi yaranacaq. Eyni zamanda, uşaqlar üçün sənədli filmlər də izləyə bilərlər, heyvanlar aləmi barədə zorakılıq, qan və şiddət olmayan filmlər də. Bu yaşlardakı uşaqların 2 saatdan çox televiziya izləmələrinə icazə verilməməlidir.

"Pokemon"un lazeri 600 uşağın ölümünə səbəb olacaqdı...

Bir neçə ay öncə Yaponiyada qəribə bir hadisə baş verdi. Eyni saatda 600-dən çox uşaq xəstəxanaya çatdırıldı. Onların televizordan yayımlanan şiddətli işıq dalğasına məruz qalaraq şok yaşadıqları ortaya çıxarıldı.

Məlum oldu ki, Tokio televiziya kanalında hər gün 18:30-da  orta məktəb şagirdləri üçün yayımlanan "Pokemon'' adlı cizgi filmi seyr edən yüzlərlə uşağın qəfil pisləşməsinə səbəb filmin 20 dəqiqəsində, daha dəqiq desək, qəhrəmanın cildini dəyişdirməsi səhnəsində istifadə edilmiş qüvvətli qırmızı və mavi işıqlar uşaqlarda şok təsiri yaradıb. Həddindən artıq baş gicəllənməsi, görmə pozğunluğu, ürək bulanması, qusma ilə bərabər bəzi uşaqlar şiddətli titrəmə keçirib. Qeyd edək ki, Yaponiyanın bu cür video oyunları ABŞ, İngiltərə və Yaponiyada bənzər narahatlıqlara səbəb olmuşdu.

Bu səbəblə baş nazir xüsusi istintaq qrupu da yaratdı. Düzdür, istintaq qrupu konkret olaraq bir şey söyləmədi, uşaqların kəskin lazer effektindən zərər gördüklərini təsdiqləmədi, amma mütəxəssislər bu faktı təsdiqlədilər.

Uşaq otağına televizor qoymayın!


Bir çox valideynlər uşaqları üçün otaq dizayn edəndə orada televizorun olmasını doğru hesab edirlər. İstədiyi zaman istədiyi proqramı izləmək üçün hələ üstəlik peyk antena ilə də təmin edirlər. Günün böyük hissəsini öz otağına qapanan uşaq televizordan asılı vəziyyətə düşür.

Düzdür, televizor vasitəsi ilə onlar həm əylənirlər, həm məlumatlanırlar, amma eyni zamanda zərər də görürlər. Çünki valideynin olmadığı anda o elə bir səhnə izləyə bilər ki, bütün yaşamı boyunca bu səhnə onun şüurunda özünə yer eləyə bilər.

Bütün bunlar bütün uşaqlara şamil edilmir, amma yaşa görə proqram izləmək də olduqca vacib məsələdir. Çox televizor izləyən uşaq düşünmə, danışma, problem həll etmə, diqqətini cəmləmə və davam etdirmə və başqaları ilə ünsiyyət qurma kimi bacarıqlarını itirə bilər. Otağında televizor olan uşaqla ümumi televizordan istifadə edən uşağın dərs müvəffəqiyyətində də olduqca böyük fərq var.

Televiziyada nələr uşaqları qorxuda bilər?

Televiziya kəşf ediləndə bəlkə də bu qədər zərərli olacağı heç kimin ağlına gəlməmişdi. O zaman informasiya almaq, siyasi-mədəni-sosial durumdan xəbərdar olmaq üçün televizora tələbat olduqca böyük idi. Amma indi onun övladımıza vurduğu zərər də qaçılmazdır. Bu cür təsirlər uşaqda özünü bu əlamətlərlə büruzə verər: qorxu, ağlama, yuxuda sayıqlama, tək qala bilməmə, yaralanma, ya da öldürülmə qorxusu. Bəzən it, pişik, hörümçək qorxusu da yaranır.  Amma konkret olaraq yaşa görə bölməli olsaq, sizə psixoloq Naib Allahverdiyevin köməyi ilə aşağıdakı yaş sıralamasını təqdim edirik.

7-8 yaşlı uşaqlar - cizgilərdə mənfi qəhrəman kimi təqdim edilən və dəhşətli görüntü verilən heyvanlardan, xüsusilə canavarlardan, qəribə, dəyişdirilmiş, qrimlənmiş, maskalanmış xarakterlərdən daha çox qorxurlar. Bu yaşda uşaqlar eyni zamanda normal bir xarakterin anormal və ya qəribə bir xarakterə çevrilməsindən, ana-atanın ölümünü əks etdirən səhnələrdən, təbii fəlakətləri əks etdirən səhnələrdən də çox qorxurlar.

7-12 yaşlı uşaqlar - onlar daha çox uşaqların başına gəlməsi həqiqətən mümkün ola bilən daha həqiqi təhdid və təhlükələrdən çox qorxurlar. Bu yaş qrupunda olan uşaqlar şiddət və zorakılıqdan, uşaqların yaralandığı, zərər gördüyü səhnələrdən də çox qorxurlar.

13-16 yaşlı uşaqlar - onlar televizorda həqiqi fiziki zərər ya da zərər barədə hədələmələri əks etdirən səhnələrdən, cinsi zorlamadan, yadplanetlilərdən və əsrarəngiz, sirli varlıqlardan daha çox qorxurlar.

Hər bir vicdanlı valideyn uşaqlarının fiziki sağlamlığı ilə yanaşı, psixi sağlamlığını da qorumaq məcburiyyətindədir. Bu məsələdə səhlənkarlıq gələcəkdə təkcə həmin uşağın özü üçün yox, həm valideynləri, qohumları, dostları, hətta bütün cəmiyyət üçün də təhlükəli ola bilər. Biz cəmiyyət üçün sağlam insan böyütməyə borcluyuq.

Lalə Mehralı                  milli.az

Комментариев нет:

Отправить комментарий