15.01.2012

“Yarpaqlar öləndə gözəl olur ki...”


Sayman Aruz                         

Fikrət Qoca poeziyası insan olmağa səsləyən, humanizmi aşılayan poeziyadır

 Bu yazımızda min illərdən süzülüb gələn, Azərbaycan poeziya sənətinin zirvələrində özünəməxsus yer tutan Fikrət Qoca yaradıcılığından danışacağıq. O Fikrət Qoca ki:

Günəşə bənzəməkçin yarpaqlar saraldılar,
Yerə şölə salmayıb yenə kölgə saldılar

-deyir. “Payız” şeirindən olan bu misralarda payıza xas olan rəng çalarları verilsə də, əslində sənətkar şairin lirik qəhrəmanının duyğuları bu rənglərin daxili alt qatında gizlənir. Mənası odur ki az qala özlərini Tanrı hesab edən bəzi kiçik varlıqlar (guya insanlıq naminə!) elə dəhşətli faicələrə yol açırlar ki, nəinki bir qrup cəmiyyətin, ümumiyyətlə bütün insanlığın üzərinə qara kölgələr düşür.


 Fikrət Qoca poeziyasının likir qəhrəmanı öz təxəllüsünə uyğun olaraq doğrudan da qocadır, uludur, müdrikdir. Qərinələrdən süzülüb gələn bu qocalıq onun zahiri görkəmində deyil, daxili aləmindədir. Özü də ilahi vəhdətlə birlikdə.

Yaşamaq hər kəsə gəlməsin asan,
Ya gənc, ya qoca ol, daim yoldasan.
Uzaq ulduzları gəzəcək insan
Yaşama eşqinə, həyat eşqinə.

 Bəli, yaşamaq eşqinə, həyat eşqinə insan nələrdən keçmir ki? Doğrudanmı bir gün gələcək:

Ömrünün sonuna doğrudur atdığım hər addım,
Hələ üstəlik
Atom bombası, böhtan, nüvə silahı, tənə,
Bunları da özümü öldürməkçün yaratdım

-deyən insan öz bəlaları ucbatından məhz həyat eşqinə, yaşamaq eşqinə ulduzları gəzəcək,-kim bilir! Bu an Orxan Pamukun “Şeir Allahın bəzi özəl qullarına pıçıldadığı sözlərdir” kəlməsi yadıma düşür. Əgər belədirsə, onda o pıçıltılarda ilahi bir hikmət var desək, yanılmarıq.
 Bu yaxınlarda həyatın özündə olan boşluqlardan çox darıxırdım. Kitab rəfini eşələyir, nəsə maraqlı bir şey tapıb rahatlanmaq istəyirdim. Əlimə şair Fikrət Qocanın şeirlər toplusu keçdi. Elə heyranlıqla oxudum ki, zamanın necə keçdiyini, havanın nə vaxt qaraldığını belə hiss etmədim. Telefonuma gələn zəng səsinə diksindim. Doğrudan da əsl poeziya bir nəfəsə oxunan poeziyadı. Dəhşətli aclığa, susuzluğa, zaman qıtlığına baxmadan.
 Həmin şeirlərdə zaman yaşayır. Bizim qayğı yükümüzə tab gətirən, dərd-sərimizə şərik olan qoynunda yaşadığımız zaman! Şeirlərin qüdrəti də məhz bundadır. Əgər səmimi qəbul etsək, həqiqətən Fikrət Qoca yaradıcılığı milli poetik fikrin ən böyük nailiyyətlərindən biridir. Zəngin Azərbaycan ədəbi ənənələri müqabilində bu cür nüfuz və şöhrət qazanmağın həddən artıq çətin olduğunu təsəvvürümüzə gətirsək, belə bir zamanda bunun nə qədər ağır olduğunu dərk eləyə bilərik.
 Lakin unutmaq olmaz ki, ənənələr yalnız və yalnız müasirliyin gərdişində, yeni yaradıcılıq nümunələrində yaşayır.

Gəzdirərəm ürəyimdə bürkünü,
Dağlar geyib yaşıl yarpaq kürkünü.
Mən ömürdən burda keçən hər günü
Ömür saydım, hədər saya bilmərəm.

 Bəli, Fikrət Qoca kimi sənətkarların nəinki hər günü, hər anı belə böyük bir ömür sayılır və hədər getmiş əslən sayılmaz. Mənə elə gəlir ki, Fikrət Qoca poeziyası bizdən sonra da gələn nəsillərin müasiri olacaq. Onun ürəkdən gəlmiş, səmimiyyət duyulan poeziyasının xalq ruhu, insan psixologiyası ilə bağlılığı, reallığı, insanlığı böyük məhəbbətlə tərənnüm edib sevdirməsi, vətəndaşlığı və ən əsası lirik düşüncə tərzi daim cazibə qüvvəsi ilə oxucuların qəlblərini ehtizaza gətirəcəkdir.

Gəl bir nəğmə oxuyaq,
Bir sözünü sən de,
Bir sözünü mən.
İkimiz də birdən oxuduq,
İkimiz də birdən dedik:
Vətən, Vətən.

 Gör nə qədər səmimi və təmiz səslənir bu misralarda “Vətən” kəlməsi! Və bu şeir daim vətəninə bağlı, yurdunu canından artıq sevənlərin ürəyində yaşayacaq, müəllifini ölməzliyə qovuşduracaq. Bir şairə də ən vacib olan məhz budur!
 Ədəbiyyatın, sənətin bitib tükənməyən, tükənməyəcək əzəli və əbədi mövzusunda, sənətkarların bütün zamanlarda dönə-dönə müraciət etdikləri hər bir bəşəri mövzuda Fikrət Qoca yazıb yaratmışdır. Onun poeziyasında məhəbbətin sehri, ucalığı, sevdanın qəlbi riqqətə gətirən qəribə şirinliiyi, ümid qapılarına dikilən baxışlar, sevən gəncin ürəyini qoparan sevgilisinin gül əllərindən giley-güzarı, şikayəti, hicran ümidinə qalmaq, hicrandan nicat gözləmək, qısqanclığın qəlbi yaxıb yandırması, qəlbdə fırtınalar qoparması, məhəbbətin neçə-neçə çaları, rəngi, acısı, şirini öz ifadəsini bütün ruhu ilə tapmışdır. Özü də emosional, musiqili, şairanə ifadəsini! “Heç ağlıma gəlməyib” şeirində sevən bir qəhrəmanın öz etirafını təsdiqləyən belə bir bənd var:

Sənə şirin söz demək,
Üzümə xoş baxmasan
Səndən küsmək, incimək
Heç ağlıma gəlməyib.

Daha sonra:

Gözlərin nə gözəlmiş,
Boy-buxunun elə bil
Arzulardan düzəlmiş.
Heç ağlıma gəlməyib.

 Az qala sevən gəncə demək istəyirsən ki onsuz da ağlına gəlməyəcək, çox da özündən demə. Fikrin onun nəhayətsiz baxışlarında əriyəcək, hələ sevdiyinin baxışı, duruşu, boy-buxunu sənin qəlbini çox incidəcək, sən də dözəcək, dözməlisən. Başqa əlacın yoxdur! Axı ortada sevgi adlı sehr var.
 Fikrət Qoca sənəti necə də təbiidir, səmimidir, ülvidi! Humanistliyi ilə seçilir. Ürəkdən gələndir. Məhz ürəkdən gəldiyi üçün də təsir edir, birbaşa ürəkləri fəth edir. Gözəl, təbii mənzərələr, lirik peyzaj ustasıdır Fikrət Qoca.

İşıqlı pəncərələr
Göz yumub qaralanda
Ay işığı sərilib
Damlar üstə qalanda
Dəniz nağıl danışır
Elə bil ulduzlara.

 Artıq Ay səmadadır, ulduzlar öz parıltılı şölələrini dənizin sularına düzüblər. Belə bir səxavətin qarşısında dəniz nə etməlidir bəs? Əlbəttə öz həzin dalğaları ilə- bu ecazkar səslə sevgi nağılını danışmalıdır ulduzlara. Fikrət Qoca hamımıza xas olan dünyəvi ehtiraslardan birbaşa zaman, məkan və fəzanın mücərrəd aləminə, bizim günlərin həyəcanlarına- dünyanın nüvə təhlükəsinə körpü-fikirlər, körpü-obrazlar atır. Yenidən hər birimizə, bütün nəsillərə, yenidən insana, öz qonşusuna, onun od-ocağına və bundan sonra bütün kainata üz tutur. Zənnimcə, oxucuların çoxu gün özünü, öz iç dünyasını və hiss-həyəcanlarını Fikrət Qoca poeziyasında tapa bilər.
 Bundan başqa mən Fikrət Qocanın görkəmli sənətkar, şair üstünlüklərini, bir çox güclü cəhətləri də diqqəti cəlb edir. Lirizm və vətəndaşlıq Fikrət Qoca yaradıcılığında ayrılmaz qoşa simlərdir. Və bu simlər onun şəxsi və ictimai dünyagörüşünün qüdrətinə bir daha şəhadət verir. O vətənpərvərdir, aqildir, sözün yaxşı mənasında nəsihət verən, yol göstərən sənətkardır.
 
Bu gözəl dünyaya, gözəl aləmə
Kədərlə boylanma, kədərlə baxma.
Gözlərim, dünyanı boyama qəmə,
Payız sularıtək kədərli axma.
Xəzəllər saralmış arzular deyil,
Yarpaqlar öləndə gözəl olur ki,
Gözəl qarşılansın yenə gələn il.
Bir cür gözəl olur, həm qürub, həm dan,
Günəş də dünyadan gözəl gedir ki,
Görənlər bezməsin gözəl dünyadan .
İnsan tək yaşasaq dünyada əgər,
Bir ömür insanın gen-bol bəsidir.
Böyüklər dünyaya “gözəlsən “deyər ,
Kədər acizlərin bəhanəsidir!

 Şeir sənəti barədə mühakimə yürüdərkən biz tez-tez poeziyanın sehri, sirri, musiqisi barədə danışır, adətən anlaşılması asan olmayan, predmeti dəqiq müəyyənləşməyən qeyri-adi məfhumları, duyğuları atmağa çalışırıq. Şeirlərin fövqəltəbii stixiyası ilham pərisinin qüdrətindədir. Və bu da gözəldir ki, hər bir kəs, hər qabiliyyətli adam onları oxuyanda həyəcanlanır, belə anlarda özündə nəsə qeyri-adi dəyişiklik hiss edir. Poeziyanın sehrli atributları o zaman intəhasız kamilliyə qadir olur ki, müəllifin fitri istedadı, mənəvi təcrübəsi başlıca rol oynasın. Tarix ələyinin dibində qalan inciləri, dünyanın poetik antologiyasını vunderkindləri deyil, zəngin mənəvi təcrübəyə malik olan qüdrətli şəxsiyyətlər yaratmışlar. Bu yöndə Fikrət Qoca fenomenial bir sənətkardır.

Haqqın yoxdur belə hökmü verməyə,
Çaylaq olsun, çayın daşı olmasın?
Heç olarmı göz yaransın görməyə,
Ağlamağa gözün yaşı olmasın?

 Poeziyanın meyarı hər şeydən əvvəl sənətkarın yetkinlik meyarıdır. Onun kollektiv təcrübənin həmahəng olan fəlsəfi və mənəvi müdrikliyinin meyarıdır. Bundan sonra şəxsiyyətin harmoniyası, epitetlərin gözəlliyi və daha sonra dövrün əsən yellərinə istedad yelkəni ilə sinə gərmək bacarığı gəlir. Dövrlər dəyişir, ömür keçir, lakin həqiqi sənət, dünyanı bizimçün əbədi, həmişəyaşar varlığa çevirir. Əlbəttə söhbət insandan- bütün əsrlərdə insan olmaq eşqi ilə yanmaqdan gedir. Elə Fikrət Qoca poeziyası da özünü “şüurlu məxluq” kimi aparan hər bir varlığı insan olmağa səsləyən, humanizmi aşılayan poeziyadır. Məhz buna görə də həmişə yaşayacaq, oxunacaqdır.
 Hərdən deyirlər ki, sənətka haqqında ən yaxşı sözü elə onun əsərləri deyir. Bu mənada fikirlərimi Fikrət Qocanın bizim uşaqlar tərəfəndən sevilən, seçərək gələcəkdə çapdan buraxacağımız “Azərbaycan şeir antologiyası”na saldığımız bir gözəl əsəri- “İnsan” şeiri ilə tamamlamaq istəyirəm:

Gecənin bəzəyi layla səsidi,
Gündüzü bəzəyir şirin nəğmələr.
İnsan bu dünyanın möcüzəsidi
İstəsə ağlayar, istəsə gülər.
Həyatı gah muğam, gah da cəngidi,
Amma dinləyəsən, yada salasan.
İnsan canlıların ən qəşəngidi,
Qoysan yaşaya, ləzzət alasan.
Zülmətin ən qatı burulğanında
Səsi bir səhranın günəşi olur.
İnsan elə şeydi lap son anında
Bir dodaq qaçımı gülüşü olur.
Əli əl tutmağa yaranıb onun,
Gözü gözəlliyin qədrini bilir.
Odur ki, dünyada insan yolunun
Yolçusu olmağa insanlar gəlir.

Комментариев нет:

Отправить комментарий