24.03.2012

NİGAR RƏFİBƏYLİ – YAXŞI YOL

Yerdən gurultuyla qopub qalxan
Təyyarələrin dalınca
Baxa-baxa qaldım.
Uzaq dənizlərdə
Böyük gəmilərlə səni yola saldım.
Stansiyalardan ayrılıb gedən
Qatarların arxasınca
Kövrəlib ağladım.
Həmişə sabaha, vüsala
Ümid bağladım.
Havalar geniş,
Dəryalar dərin,
Nələr görür sənin işıqlı gözlərin…
Sən gəzməyi sevirsən,
Otu, çiçəyi sevirsən.

Şimşəkli, ildırımlı
Tufanları sevirsən;
Namuslu, mərd,
Alnıaçıq
İnsanları sevirsən;
Cənubda yaz yağışını sevirsən,
Şimalın garlı qışını sevirsən.
Küləyi, tufanları sevirsən;
Yaşıl budaqlı, ağ çiçəkli
Baharı sevirsən.
Yaxşı yol sənə,
Uğurlar olsun,
Hara gedirsən get,
Mənim dərya səbrimi qurtarma.
Hara gedirsən get,
Mənim Vətənə bağlı ürəyimi
Getdiyin uzaq yollara
Aparma, əzizim, aparma…
 

Комментариев нет:

Отправить комментарий