02.07.2012

Ailə söhbəti

Gülnarə Rəfiq


Əzizim, ürəyim yaman sıxıldı, bəlkə, bir az ali hisslərdən, sənətdən danışaq. Nə dedin? Xumar yaxşı müğənnidi? Marşrutda oxuyanda ona gözün düşüb? Bu saat kişilərin hamısının onunçün ürəyi gedir. Üstümə niyə şığıyırsan. Kimdi e.. mübahisə eləyən. Mənim özümün onları eşidəndə ürəyim axır, başım dumanlanır. Axır vaxtlar lap zəifləmişəm, deyəsən, marşruta çox minirəm. 
Mənə qalsa, gözüm Namiqi tutub, amma Aygün tutduğunu buraxandı ki, bizə də bir şey düşə? Xaricdə ulduzlar geyilmiş paltarlarını pərəstişkarlarına bağışlayır. Görən, zəhləsini tökəndən sonra onu neynəyəcək? Söz ver, hirslənməyəcəksən, sonra deyim. Müğənni səhnədə oxuyanda arxasında iki-üç cavan, çox vaxt lüt-ətcəbala ilan kimi qovrulur. Yəqin, mahnıdan ekstaza düşürlər. Elə xoşuma gəlir!.. Yalan demə, o gün Samir Bağırovun yanındakı qızlara necə baxdığını görmədim, bəyəm? 
Düz deyirsən, ayaqlar qulaqlarından başladısa, oxumaq nəyə lazımdı? Sənin ayaqların futboldan əyilməsəydi, düz ayaqlara belə həsədnən baxmazdın.Yaxşı da, özündən niyə çıxırsan? Uy, uy, qapazlama. Səniynən mədəniyyətdən, sənətdən danışmaq istədim! Sənsə? 

Bax, istəyirsən, televizoru da keçirim səninçün. İntim şərait yaradım, gözün məndən başqasını görməsin. Deyirsən, dözə bilməzsən? Televizorsuz yaşaya bilməzsən? Yaxşı, onda mən çəkildim qırağa. Sən Allahın, de görüm, kimi televizora dəyişə bilərsən? Ciddi deyirsən? Təsəvvür elə, evdə televizor əvəzinə tumbanın üstündə Röya oturub. Və oxuyur. Ay Allah, onu heç rozetkadan da çıxarmaq mümkün olmaz. Özün bil, hava haqqında da, futbol haqqında da, sənətdən də onunla danışmalı olacaqsan ha!.. Dözə bilərsən? Fikrin oxumağına getməsin. Nənəmin cehizi olan qədim komodun üstündə oturub danışmalı olsam, divar qonşumuz Şovkət xala elə biləcək ki, 15 ildə sənə demədiyim ürək sözümü dilimə gətirib 7 arxa dönənini söyürəm. Nə bilsin ki, özüm Röyanı evə buraxmışam?
Fikrim dağıldı, bağışla, biz nədən danışırdıq? Sənətdən? Onda Xumarın, Röyanın, Namiqin bura nə dəxli var?.. Axı bizim nəyimizə qalıb kim, harda, neyniyir? Bax, ütü yanıb, kartof qurtarıb, bu gün-sabah işığımızı da kəsəcəklər, televizora həsrət qalacaqsan. Sən evə yuksək səviyyəli kartof alanda mən özüm o qədər gözəl, ali hisslər keçirirəm ki, heç sənətə ehtiyac qalmır. Bu kartofu yağın içində elə çığırdaram, televizordakıların fonoqramlı oxumasından da yaxşı alınar. Bax ha, elə eləsən, hər axşam sənə şam əvəzinə Rəqsanənin kassetini qoyub gözünü də, qulağını da doyuraram. 
Mənə təzə ütü alsaydın, bu qədər deyinməzdim. Bu elə sənin də xeyrinədi. Xumar haqqında qaynar fikirlərinlə şalvarını ütüləməyəcəm ki. Elə demə, məncə, onlar xalqa çox lazımdı. Ütünü deyirəm e, onsuz heç olmur. Nə dedin, kim axmaqdı? Otaqda bizdən başqa birisi də var? Hə, televizoru deyirsən? Ürəyim düşdü. Bax, bunu lap düz dedin, nə qədər oyun, konsert, xit-parad olar?! Sən də insafsız, televizora axmaq demə. Bu da bir dəbdi də….
Sənə tam şüurlu şəkildə deyirəm, televizor Aygündən yaxşıdı. Çünki səni televtzorla başbaşa qoya bilərəm, onunla isə yox. Yenə də söyürsən? Yalandan başımı bişirirsən ki, komodun üstündə televizor əvəzinə Aygün olsa, onun sənnən işi olmaz. Eşit, inanma, guya onun barəsində deyilənlər hamısı şayiədi? Mən ayağımı bayıra qoyan kimi tumbanın üstündən sürüşüb sənə yalvaracaq. Bəli, bəli, elə bilirsən bilməyəcəm? «Arvadının bişirdiyi o kartof qızartmasından mənə də ver» deyib zəhləni tökəcək. Məndən gizlədiyin axırıncı pula içki alıb eyvanda gizlədiyim şorabayla «zakuska» edəcəksiz. Sən deyənlər hamısı şayiədi, kim deyir ki, o, …. yenə fikrim dağıldı.… veqetariandir. Xeyr, necə lazımdı yeyib-içəndi. Lazım olar, gedib artığını kəsdirər. Bilirsən, mən televizor məsələsində kompromisə gedərəm, amma evimdə çömçəni heç kimə etibar eləmərəm. Heç Aygün öz mikrofonunu mənə verər?
Bir az da sənətdən danışaqmı? Mən heç nə qanmıram? Bax, gəl mərc gələk. Televizoru açıb sənət rubrikasında yenə də bu söhbətləri eşitsək, bu gün qabları sən yuyacaqsan! Danışdıq? Səni televizorsuz qalasan!

Gülnarə Rəfiq (Manafova Gülnarə Rafiq qızı) 1970-ci ilin mayın 10-da Bakıda doğulub. Orta təhsilini Bülbül adına orta musiqi məktəbində alıb. 1993-cü ildə Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə fakultəsini əla qiymətlərlə bitirib. Musiqişünas kimi Cavanşir Quliyevin bioqrafı kimi çalışıb. Bəstəkarın nəşr edilmiş bütün notlarının və disklərnin musiqi redaktorudur. Hazırda 13 saylı musiqi məktəbində solfecio və musiqi ədəbiyyatından dərs deyir.
1995-ci ildən bəri dövrü mətbuatda mütəmadi olaraq yazıları dərc edilir. «Çağ», «Ekspress», «Xalq cəbhəsi», «Avropa» qəzetlərində çalışıb. «Qobustan», «Ulduz», «Miracle» jurnallarında yazıları dərc edilib. Hazırda «Bizim yol» və «Odlar yurdu» qəzetləri ilə əməkdaşlıq edir.
Ailəlidir. 2 oğlu və gələcəyə çoxlu planları var.
Elektron ünvanı: gulnarerefiq@gmail.com

Комментариев нет:

Отправить комментарий