08.07.2012

Bu da bir alın yazıdı

Qalib Şəfahət


Qaldı


Üzü qara çıxdı bu gecənin də,
Qələm vərəq üstə sərildi, qaldı.
Ömrümə qəsd etdi bu gecənin şam,
Yanmadı, dibində əridi, qaldı.


Gözümü tutmuşdu duman bu gecə,
Dilim bəndlənmişdi,inan,bu gecə.
Söz sözdən qaçırdı yaman bu gecə,
Çökdü ürəyimə, kiridi, qaldı.

Ayrı bir əlac yox, dözmək nə lazım,
Gəl çözmə dərdimi, çözmək nə lazım.
Başqa dərd arayıb, gəzmək nə lazım,
Sən vuran yaranın yeridi, qaldı.


Olmuşam


Mən də dilsiz bir insandım,
Qanadlanıb quş olmuşam.
Uçurdum səssiz-səmirsiz,
Bir ovçuya tuş olmuşam.


Ox atdı, qanım töküldü,
Ömrün binası söküldü.
Bədəndən ruhum çəkildi,
Yüz minillik daş olmuşam.


Əsrimin göz yaşı məndə,
Tarixin yaddaşı məndə.
Bu dünyanın yaşı məndə,
Hamıya sirdaş olmuşam.


YOXDU


Ömrümə fərman ve rilib,
Yerinə yetirən yoxdu.
Ölümüm çöldə vurnuxur,
Içəri gətirən yoxdu.


Bu da bir eşqin sazıdı,
Bu da bir qızın nazıdı,
Bu da bir alın yazıdı,
Heç yazıb bitirən yoxdu.


Toy elə toyuna gəlim,
Yoluna xalılar sərim.
Qəlbimə ölmüsən mənim,
Ölünü götürən yoxdu.

Комментариев нет:

Отправить комментарий