16.07.2012

Elxan Zal Qaraxanlının ən yaxşı şeirləri bizdə!

Qara gecə, qəmli dəniz
Ağlar söyüd hıçqırığı
Su üstündə rəqs eyləyir
Yarpaqların qışqırığı.


Dalğaların zümzüməsi
Həsrət dərir sini–sini
Xatirələr yırğalayır
Xoş günlərin nənnisini.


Yel yelləyən üfiqlərdə
Nə gəmi var, nə kapitan.
Tamaşaçı dəqiqələr
Çıxıb gedib dal qapıdan.


Göy üzünə su qaldırır
Fontanların ən şuluğu.
Bir az öpüş tamı verir
Yaş havanın turşuluğu.

Şam yandırır dan tanrısı
Tüklücə palmadır duam.
Gözlərimə girir Nargin
Gözdən uzaqdadır Quam.


«Sevgi sağlığına saqa»dan


İLKİN İBADƏT


Hər şey sevimlidir, hər şey şirindi,
Şərab olan yerdə üzüntü olmaz.
Astaca–astaca  yayılır muzik,
Dodaqlar ustundə öpüş əriyir.
Bayırda çovğun var, boran var, Anna,
Bəs, bu od, bu alov necə yığılıb?
Televizorda Savannanı göstərirlər,
Aslanlar sevgi işlərində asdır.
Qara deşik cəzbindədir püskürən istək.
Biz duyğuların maqnit sahəsində yarıməsirik.
Sevgi ilahəsinin hökmündədir insanlıq,
Fərqi yoxdur ona Krasa Pani desinlər,
ya Mehr Banu.
Qaranlıq damcı–damcı əriyir şamlarda,
Dansımızın vulkan püskürməsi həddindəyik.
Biz Nilufər şarkısının həzzində fırlanırıq,
Bu sonsuz qucaqlaşma ilkin ibadətimizdi.


SEVDALI GECƏNİN QOŞQUSU


Elə bilmə ki, gecə yoxsuldu,
Elə bilmə ki, gecə yalnızdı
Mutluluq gülüşü pul-puldu,
Hayana baxırsan ulduzdu.


Gecə soyuq və bayğındı,
Kefli cavanlar oxuyur.
Hörümçəyə dönmüş əlim
Əlinə əlcək toxuyur.


Pəncərələr sönür bir-bir,
İsti yuva gəzir pişik.
Dünya deyəsəndəyişir,
Ya biz dastandan gəlmişik.


Mən aypara ümmətiyəm,
Sən uduq, bilirsən xaçı.
Eşq virusuna yoluxanın,
Nə otu var, nə əlacı.


Üryan baxan ağacların,
Soyuqdan əsir qılçası.
Sən Gerta ol, mən Kay olum
Visla qarlar kraliçası.


Qaranlıqlar beyrək baxır,
Külək sıxılıb divara.
Yaman gəzməli havadı,
Sən avara, mən avara.


Elxan Zal Qaraxanlı

Комментариев нет:

Отправить комментарий