05.07.2012

Gənclərin feysbuk ixtiraları

Ramiz Talıbov
"Yeni Yazarlar" ədəbi-kulturoloji kursunun dinləyicisi


Avropa dövlətləri bəşəriyyəti irəli aparan kəşfləri ilə çox qürrələnirlər. Halbuki bizim müasir gənclərin virtual aləmdəki kəşfləri onlarınkından heç də geri qalmır. Buna rəğmən, bizim gənclərdə qətiyyən lovğalıq görmərsiz. Başları aşağı öz işləriylə məşğuldurlar.
Yazıda konkret faktlara və statistikaya müraciət etmək üçün ən məşhur və hal-hazırda 700 milyondan çox istifadəçiyə malik feysbukdan (facebook.com) bəhs edəcəyik. Azərbaycanda bu sosial şəbəkədən faydalananların sayı 400 mini keçir və cəmiyyət həyatında olduğu kimi feysbuk Azərbaycanında da fəallıq göstərən təbəqə gənclərdir. Bu cümləni faktla möhkəmləndirmək üçün əlavə edim ki, bizdə feysbuk istifadəçilərinin 82%-ini yeniyetmələr və gənclər təşkil edir.

Bir çox dünya dövlətləri sosial şəbəkələrin beynəlmiləlliyindən yararlanaraq öz milli ideyalogiyalarını virtual arenada təbliğ etməklə məşğuldur. Eyni zamanda belə dövlətlərin vətəndaşları sosial şəbəkələrdən daim yenilənən və sürətli sosial media kimi istifadə etməyi də bacarırlar.Məsələn,statistikaya görə ABŞ və Böyük Britaniya feysbukdan sosial media kimi istifadə etməkdə öncül yerləri tuturlar.
Lakin bizim gənclər əvvəldə qeyd etdiyim kimi gərgin araşdırmalar nəticəsində sosial şəbəkələrin daha “faydalı tərəflərini” kəşf etməyə müvəffəq olmuşlar. Mən sözügedən unikal kəşflərin canlı şahidi olaraq əminəm ki, texnologiya və təhsil sistemi baxımından inkişaf etmiş heç bir Avropa dövləti sosial şəbəkədən istifadədə bizimlə rəqabət apara bilməz.
Məsələn,gənclərimizin böyük bir qismi feysbuk sosial şəbəkəsində yüksək işgüzarlıq göstərərək böyük “kəşfə” nail olmuşdur. Bu kəşfə görə, bayrağımızın, Qarabağın, Milli Qəhrəmanlarımızın, bütövlükdə , özündə millilik əks etdirən istənilən fotonun və statusun layk (like / bəyəndim) edilməsi insanda vətənpərvərlik hisslərinin oyanmasına və artımıına səbəb olur. Bu səbəbdəndir ki, gənclər dayanmadan milli mövzuda şəkillər və statuslar paylaşıb, onların çoxlu layk yığmasını tələb edirlər,hətta yalvarırlar da.
Bəlkə də,bir çox insan anlamır,amma bu yalvarışlar bizim xeyrimizədir. Çünki belə paylaşımlarda layk sayı artıqca, milli duyğular bir o qədər qabarır. Daha çox layk , daha çox millətsevərlik və vətənpərvərlik deməkdir.Nə qədər qəribə görünsə də, sən demə,feysbukdakı laykların belə spesifik xüsusiyyəti varmış yoxsa bizim gənclər o qədər boş-bekar deyillər ki, vaxtlarının böyük hissəsini belə işlərə sərf etsinlər.Və çox “qürurvericidir” ki, belə sensasiyonal ixtiranın sahibi nə Amerika,nə də Avropadır.Bu nailiyyət bizə,bizim gənclərə məxsusdur.Düzdü,hələ “ixtiraçı” gənclərimiz öz icadlarına bir ad verməyiblər.Amma nəzərə almaq lazımdır ki,adsız dəyirmanda xoruz olur.Həm də digər dövlətlərin istifadəçiləri feysbukun fikir mübadiləsi aparmaq,faydalı tanışlıq, kütləvi öyrətmə və öyrənmə, geniş təbliğat kimi imkanlarını bir kənara qoyub,gənclərimizin bu kəşflərini mənimsəyib,öz adlarına çıxarma ehtimalları var.Buna görə mən həmin kəşfin “laykın (like) qüdrəti” adlandırılmasının tərəfdarıyam.
Onu da qeyd etməliyəm ki, feysbuk “fəallarımız” bu yenilikdən düşmənlərimizin əleyhinə də məharətlə istifadə edirlər. Bununla Ümid edirəm ki, bundan sonra feysbukda müntəzəm olaraq Ermənistan bayrağının və prezidentinin şəkillərini paylaşıb,başlıq olaraq da “ermənistana nifrət edənlər layk etsin”, “bu bayrağı tapdalamaq istəyən neçə nəfər var?” “sarkisyanı güllələmək istəyənlər layk eləsin,hər layk bir gülləyə bərabərdir”, “ermənistan bayrağına tüpürmək istəyən qeyrətli oğul və qızlarımızdan maksimum layk gözləyirəm” kimi başlıqları görəndə təəccüblənməyəcək və “vətənpərvər” gənclərimizi qınamayacaqsız. Çünki artıq siz də “laykın qüdrəti ”ndən,onun real qüvvəyə malik olduğundan xəbərdarsız. Və artıq siz də bilirsiz ki,bütün bu layklar, şərhlərdə yazılmış odlu-alovlu təhqir və təhdidlər Ermənistan xalqına psixoloji təzyiq göstərməyə xidmət edir. Əgər bu yaxınlarda Sarkisyanın onu və ölkəsinin bayrağını təhqir etdiklərinə,üstəlik maksimum layk yığaraq təhqirin təsir gücünü artıqlarına görə feysbukdakı “aktiv” gənclərimizi Avropa Məhkəməsinə verdiyini eşitsəz, sizə qəribə gəlməsin.Hətta mən Sarkisyanın yüzlərlə,minlərlə layk yığmış təhdidedici statuslardan qorxuya düşərək Qarabağ məsələsində bizə güzəştə gedəcəyinə də ümid bəsləyirəm.Necə deyərlər, Allahdan ümid kəsilməz.

Комментариев нет:

Отправить комментарий