05.07.2012

İsgəndərin buynuzu var, buynuzu

 Günel Eyvazlı


Əski zamanlarda, fatehlər bir ərazini ələ keçirməzdən öncə onlar haqqında gedən dəhşətli şaiyələr, işğal edəcəkləri əraziyə birinci ayaq basırdı. Əhali arasında qorxulu, əcaib məxluqların onların üzərinə gəlməsi xəbəri beyinlərə öz psixoloji təsirini göstərirdi.
Dəhşətdən şoka düşmüş insanlar evində, eşiyində nə varsa boğçasına yığar və əraziləri tərk edərdi.
Dediklərim biri vardı, biri yoxdu başlanğıcı ilə başlayan nağılların misalı olmasın. Bunlar həqiqətdir.

Səs demişkən, kainata nəzər salsaq, ən azından ildırımın çaxmasını müşahidə etsək görərik ki, işıq, səs sürətindən daha sürətlidir. Əlbəttə ki, bunlar kainat qanunlarında keçərlidir. Yer , kainatın bir zərrəsi olsa da alimlər, yeni sürət imkanlarını kəşf edənə qədər, yer üzünün vətəndaşları hələ ki,  arxaik sürətlərdən istifadə etməkdədirlər.
Sözümü çox dolanbac apardım deyəsən. Amma, su axıb , mütləq çuxurunu tapır. Mənimsə sözümün canı budur:
Nənəm rəhmətlik İsgəndərin buynuzunun olmasını elə canlı, elə təsirli təsvir edirdi ki, mənim lap inanmağım gəlmişdi bir zamanlar.
İndi anlayıram ki, əslində “Buynuz” söhbəti İsgəndərin özü haqqında yaratdığı bir mifdir. Yəni döyüş öncəsi bir balaca işini yüngülləşdirir. Lələ köçür , yurdu qalır. Bununla mən Böyük fatehin gücünün üzərinə kölgə salmaq istəmirəm. Sadəcə məntiqlə fikirləşirəm.
Son zamanlar çox qəribə hadisələr baş verir. İlin əvvəlini, dünyanın hər yerindən gələn əcaib səslərlə start verdik. Guya Sur səsi idi. Hətta, Bakıda belə bu səsləri eşidənlər oldu. Bilmirəm, eşitməmişəm.
Köhnə ilin sonunda proqnoz verildi ki, guya 2012-ci il dünyanın sonu olacaq.
Daha sonra Azərbaycan səmasında Evrovision həyəcanından dərhal sonra NLO həyəcanı yaşandı. Müxtəlif versiyalar səsləndi, hərə bir söz dedi.
Bu söz-söhbətdən sonra qəribə bir sükut çökdü üzərimizə.
Hələ ilin sonuna bir neçə ay var, bir Allah bilir hələ nələr eşidəcək bu qulaqlarımız. Hələ hansı səslər ayaq açacaq üzərimizə. Kim boğçasını yığacaq, kim gedəcək.
Bilmirəm.
Bildiyim budur ki, indiyənə qədər böyük fatehin döyüş taktikalarından, ordu quruculuğundan yetərincə istifadə ediblər. Köhnə ənənələr isə heç vaxt unudulmur.
Lap yəqin ki,  bütün bunların arxasında da buynuzlu bir adam var.
İsgəndərin buynuzu kimi...

Комментариев нет:

Отправить комментарий