13.07.2012

Şur çisəsi

Kiyan Xiyav


Səksən yaşlı bir anadır yaşam
Titrəşən türküləriylə....


Türkünün şur havalısı
Gecənin çisəlisi
Bağın ardıclı, quşlusu
Və bir mələk
Xanım- xatın bir ananın səksən yaşlısı!...


Sevdiklərimlə dolu bir şəhər var burdan uzaqda
Burdan çoooox uzaq bir yerdə
Ürəyimin başında....

yaşam
Səksən yaşlı mələk xanım bir ananın
Titrəşən səsi
Ölüm
Gecə çisəsi...


Mən də bir göyərtiydim burdan uzaqda
Saçsız, saçaqsız sərilmiş ayaqların altına
Ayrılıqları andım
Yandım
Şehlərim oxunmaz qaldı
Şəhərimsə yazdıqlarımdan küsgün...


Gözlərim yaş
Ürəyim darmadağın
Ancaq hələ qocalmış ardıclar var gənc
Ağ birçək quşların qanadı mil- mil....


Doluram
Boşalıram
Ardıclar, quşlar üçün.
Və bir mələk
Xanım- xatın bir ananın titrəşən şur havası
Barışdırır kökümü şəhərimlə....


Türkü səsli bir gecədir
Burdan çoooox uzaq bir yerdə
Ürəyimin başında.


Ardıclı, quşlu bir bağ
Bir bahar
Və oxşar bir giləvar
ən incə bir göyərtini
kötüyündən qoparır!...
yumuşaq bir ölüm çisələyir bura!...

Комментариев нет:

Отправить комментарий