13.07.2012

İranda Şəhriyarın xatirəsinə həsr olunmuş beynəlxalq konqres keçiriləcək

Bu ilin sentyabr ayının 17-18-də İranda Məhəmmədhüseyn Şəhriyarın xatirəsinə həsr olunmuş I beynəlxalq konqres keçiriləcək. IRNA agentliyinin verdiyi məlumata görə, bu barədə İranın islami irşad və mədəniyyət naziri Məhəmməd Hüseyni bildirib.
Məhəmmədhüseyn Şəhriyarın müasir şairlərin ən görkəmlisi olduğunu deyən Hüseyni qeyd edib ki, indiyədək konqresin katibliyinə 120 məqalə ölkə daxilindən və 40 məqalə digər ölkələrdən göndərilib.
Nazir deyib ki, Şəhriyarın Təbrizin Xoşginab kəndində yaşadığı evdə bərpa işləri aparılır və gələcəkdə onun bu evi muzey kimi fəaliyyət göstərəcək.
Hüseyni əlavə edib ki, gələn il YUNESKO-ya "Şəhriyar ili"nin təsis olunması ilə bağlı müraciət ünvanlanacaq.
O, Məhəmmədhüseyn Şəhriyar haqqında 12 adda kitabın nəşr olunacağını da deyib.
İranda 2002-ci ildən Məhəmmədhüseyn Şəhriyarın vəfat etdiyi gün - 18 sentyabr İran milli şeir və ədəbiyyat günü kimi qeyd olunur. Bu münasibətlə İranın müxtəlif şəhər və rayonlarında Məhəmmədhüseyn Şəhriyarın xatirəsi anılır.
Seyid Məhəmmədhüseyn Behcət Təbrizi daha çox Şəhriyar təxəllüsü ilə tanınan böyük Azərbaycan və İran şairidir. Şeirlərini Azərbaycan və fars dillərində yazıb.
Şəhriyar 1906-cı ildə Təbriz yaxınlığındakı Xoşginab kəndində anadan olub. O, ibtidai və orta məktəbləri Təbrizdə bitirib, məşhur "Talibiyyə" ruhani mədrəsəsində isə görkəmli müəllimlərdən ərəb dili və ədəbiyyat dərsləri alıb. İlk şeiri Təbrizdəki "Məhəmmədiyyə" orta məktəbinin buraxdığı "Ədəb" jurnalında dərc olunub. Şəhriyarın ilk şeir kitabı 1931-ci ildə Tehranda üç böyük şair və alimin - Məliküşşüəra Baharın, Səid Nəfisinin və Pəjman Bəxtiyarinin müqəddimələri ilə nəşr edilib. Milli ədəbiyyatın, mədəniyyətin qorunması və inkişafı uğrunda fədakarlıqla çalışan vətənpərvərlərin səyi ilə "Heydərbabaya salam" əsəri 1954-cü ilin mart ayında Təbrizdə nəşr olunub. Həmin nəşrə müqəddimə yazmış alimlər - Mehdi Rövşənzəmir və Əbdüləli Karəng onu yüksək dəyərləndirib, haqlı olaraq bu poemanın dünya ədəbiyyatının bir sıra nadir əsərləri ilə eyni səviyyədə dayandığını deyiblər.


davam.az

Комментариев нет:

Отправить комментарий