05.10.2012

ÇƏKİL, MƏN DƏ OTURUM

Akif ABBASOV

Artistlər rayona qastrol səfərinə gəlmişdilər. Aralarında heç keçməli olmayanları da vardı. İcra başçısı imkanlılara tapşırmışdı ki, qonaqların qulluğunda dursunlar. Necə olsa rayonun adıdır.
Aktyorlar, aktrisalar bir neçə gün idi ki,  rayon mədəniyyət evində, kənd klublarında tamaşalar, konsertlər verib yorülüb əldən düşmüşdülər. Sabah Bakıya qayıdacaqdılar. İş adamları İbadulla ilə Həmdulla dünəndən qulluğunda durduqları Nargilə xanımla İlqarəyə arada qandırmışdılar ki, onlara qarşı biganə deyillər.
Dördlükdə yaxşı dincələ, yaxşı istirahət edə bilərlər. Xanımlar  bir söz deməsələr də, hər dəfə  gözlərini süzdürmiş, mənalı-mənalı onlara baxaraq etirazlarını da bildirməmişdilər.
İndi məqam yetişmişdi. Xanımları dəstədən yavaşca ayırıb aparmaq, xoş bir gün yaşamaq lazım idi. Odur ki İbadulla üzünü Nargiləyə tutaraq:
-Nara, dikdaban ayaqqabı demişdiniz, gedək anbara, baxın, xoşunuza gələni seçin.
İlqarə:
-Yəni deyirsən anbara getməyə dəyər? Xoşumuza gələn uzunboğaz çəkmə də olacaq?
-Çəkmə də, pal-paltar da olacaq. Özü də kefiniz istəyən.
Fazil bir kənarda dayanıb qulaq asır, söhbətin nə ilə qurtaracağını gözləyirdi.
Anbar da, dikdaban və uzunboğaz çəkmələr də, pal-paltar da əslində bir bəhanə idi. Xanımlar da, İbadulla ilə Həmdulla da bu gedişin nə üçün lazım olduğunu çox yaxşı bilirdilər. Beş günlük dünya idi. Sonradan peşman olmamaq üçün indidən kef-damaq içində yaşamaq lazım idi.
Həmdulla aktyorlara, o biri aktrisalara üzünü tutaraq:
-Siz gedib, mehmanxanada dincəlin, biz də Nargilə xanımla İlqarə xanımı aparaq bazaya, mallara baxıb gəlsinlər.
Artistlər Həmdullanın dediklərinə əməl edib mehmanxanaya tərəf hərəkət etdilər. Fazil yerindən tərpənmədi.
İbadulla maşının arxa qapısını açıb Nargilə xanımla İlqarə xanımın əyləşməsinə kömək etdi. İbadulla ilə Həmdulla maşının qabaq hissəsində oturdular.
Həmdulla maşını işə saldı:
-Gedirik “Qızıl qaya” motelinə. Dincəlmək üçün yaxşı otaqları, yataq dəstləri, mebelləri var. Yeməyimizi də ora gətirdərik. Motelin qiyamət saunası da var.
-Gedək.
Bunu İlqarə dedi.
-Biz hazır.
Bunu da Nargilə dedi. Maşın qalxmaq istəyəndə Fazil nəsə fikirləşib özünü maşına sarı atdı. Maşının qapısını açıb:
-İlqarə, bir az o tərəfə çəkil, mən də oturum.
Həmdulla İbadullaya, İbadulla Həmdullaya baxdı. Lakin bir söz demədilər. İstəmirdilər qanıqaraçılıq olsun, qonaq incisin. Gözlədilər ki, görsünlər xanımlar nə deyəcəklər.
Maşının qapısı açıq idi. Fazil:
-Birdən yadıma düşdü. Arvadım mənə də dikdaban, dəbdə olan ayaqqabı tapşırıb. Gedim mən də ayaqqabılara baxım. İlqarə, yanını o yana qoy.
İlqarə bəhanə gətirdi:
-Fazil, üç nəfər otursaq, darısqallıq olacaq.
-Olmaz. Moskvaya, ya da İstanbula getmirik ha. Buradan bura gedirik. Beş dəqiqəlik yolda zərlərin tökülməz.
Nargilə dilləndi:
-Fazil, orada sənlik iş yoxdur. Bizlikdir.
Fazil əl çəkmədi:
-Bəsdir, sən Allah. Qoyun mən də gedib mallara baxım. Arvada sürpiriz edim.
Nargilə başa salmağa çalışdı:
-Fazil, sən lişnisən...
-Zarafata salmayın, yaxşı, Nargilə, İlqarə çəkilmir-çəkilmir, sən yer ver, oturum.
Nargilə:
-Fazil, bilirsən, bu Həmdulla ilə İbadulla bizi hara aparır?
-Anbara, ayaqqabıları, pal-paltarı göstərməyə.
İlqarə gözlərini süzdürərək:
-Yox tapmadın, Fazil. Anbar, pal-paltar, ayaqqabı bir bəhanədir. Başa düş. Bunlar bizi aparırlar ki, onlara kef verək. İndi bildin? Sən də gedirsənsə, bir az o yana çəkilim, otur maşında.
Bunu eşidən Fazil maşının qapısını vurub, deyindi:
-...-nin biri.
İlqarə ilə Nargilə uğunub getdilər. Sonra İlqarə üzünü Həmdullaya tutub:
-Sür, getdik, - dedi.

E-mail: prof.akif@mail.ru
Tel: 050-321-26-23 (mobil); 4-93-96-21 (iş)

Комментариев нет:

Отправить комментарий