04.10.2012

İsmin yeddinci halı (romandan parça)

Cavidan

Biz kəndə gecədən xeyli keçəndən sonra qayıdırıq.
Yorğunuq hamımız, qızlar oğlanların qoluna girib, başlarını çiyinlərinə qoyublar, Kolya hələ də gitarada aram və sakit bir melodiyanı çalır, Pakonun dodaq qarmonu məndədir, Kolyanın çaldığı melodiyaya köklənmişəm, əynimdə keçən il Viktoriya üçün tikdiyim, amma ona yaraşmadığı üçün mənə bağışladığı, o vaxtdan da geyinmədiyim uzun, qara zərif don var, addımlarımı atdıqca bayaq taladakı tikanlı kollardan birinə ilişib çırılan ətəyindən yalın ayağım görünüb-itir, qarşımda üzü mənə,
arxaya addımlaya-addımlaya gülümsəyən Pako, üstümüzdə səma, səmada topa-topa keçən qapqara buludlar, hərdən-hərdən onların arasından görünüb-itən Ay, sevgi, mən, Pako...
-          Səni sevirəm, mənim gözəl Portuqaliyam! – Pako arxaya daha bir addım atıb qışqırır, qollarını yana açıb, biz hamımız onun qucağına gedirmişik kimi astaca, yorğunca, xoşbəxtcə addımlayırıq...
Hə, biz hamımız xoşbəxtik!

***

-          Müharibə başlayıb! – Padrenin astanadaca bizə dediyi bu iki kəlmə sözlə hər şey bitir amma, hər şey dağılır, hər şey bir andaca ölür...

***

O, getdi...
Mən meşənin içi ilə qaçıb kəndin çoxdan bitdiyi yerdən keçən kələ-kötür yolda dayandım, o, Kolyanın, Alexandronun və daha üç nəfərin oturduğu at arabasıyla paytaxta doğru gedirdi. Kəndin bütün cavan kişiləri beləcə kiçik dəstələrlə at arabalarına doluşub paytaxta, müharibəyə yollanmaq üçün könüllü olaraq orduya yazılmağa gedirdilər.
Araba ikicə addımlığımda dayandı.
O, yoldaşlarından ayrılıb yanıma gəldi, bircə anlıq gözlərimə baxıb məni qucaqladı, bütün varlığımla sevdiyim insanın köksünə qısıldım, üzümü sinəsinə sıxdım, özümü nə qədər saxlamağa çalışsam da, ağlamaya bilmədim...
- Getmə, - dedim.
Saçlarımı oxşadı, əllərinin titrədiyini hiss edirdim, öpüşdüyümüz zaman gözlərindən dodaqlarıma hopan duzlu damlalar ürəyimə axdı, ruhum min yerdən gizildəyib yandı.
-          Getmə, Pako, - bir də dedim.
Dodaqlarımı ikicə sözlə qapadı:
-          Səni sevirəm...
Susdum...

***

-          Dua edək ki, övladlarımız sağ və qalib bitirsinlər savaşı, - Padre evin qarşısına yığışan adamlara səsləndi, - biz ölkədaxili və ölkəxarici siyasi gərginliyin müharibə  ilə nəticələnəcəyini daha qabaqcadan da başa düşürdük, amma bu müharibənin özü nəylə, nə vaxt, necə nəticələnəcək? Kimsə deyə bilərmi?
-          Doğrudur, hələ keçən ilin axırında Anqola ilə Mozambik üçün təhlükənin yarandığı məlum idi. Almanların Portuqaliya ərazisinə hücumu Almaniya- İngiltərə sazişinə hücum deməkdir, - adamlardan biri dedi,
-          Aydındır ki, Almaniya Portuqaliyaya birbaşa müharibə də elan edəcək, - daha birisi söhbətə qoşuldu, - bizim müdafiə dəstələrimiz Anqolaya da, Mozambikə də getməyə hazırdırlar, mən dünən Portuda könüllülərin necə qətiyyət və cəsarətlə döyüş meydanına getmək istədiklərini özüm gördüm.
-          Amma Portuda aclıq başlamasa yaxşıdır, adamlar müharibəyə yalnız ruhən hazırdırlar elə bil, - Portuda dünən olduğunu bildirənin yanında dayanan adam dedi.
-          Adamlar müharibəyə heç vaxt hazır olmurlar, adamlar müharibədən həmişə qorxublar, savaşa hər zaman yalnız ordu hazır olub, adamlarsa bütün müharibələrdə ağrı, qan, itki, aclıq, səfalət, xəstəliklə üz-üzə dayanmağa məcbur olublar, - Padre söylədi, - və bütün bunların əvəzinə O əzab çəkib, sizin, bizim, hamının günahının qarşılığında O çəkib ağrını. Bu dünyada səbrin və mərhəmətin tək mücəssəməsi olan O – İisus! O qədər səbrli olub ki, Onu anlamayıb çarmıxa çəkənlərin də əvəzinə ağrı çəkməyə tab gətirib. O qədər mərhəmətli olub ki, Onu çarmıxa çəkənlərin günahından keçməsi üçün o boyda ağrının içində də Tanrıya yalvarıb duasıyla: “ Ata, onları bağışla, çünki, onlar neylədiklərini bilmirlər...” İnsanlar savaşa, qana heç vaxt hazır olmurlar, amma çox təəssüf ki, onlar bunu yaratmağa hər zaman meylli olurlar. Hər kəsə hər zaman elə gəlir ki, bu dünyanın bütün qanı-qadası ondan yan ötəcək, heç kim yanında savaşan iki nəfərdən hansınınsa təsadüfi də olsa zərbəsini alacağını düşünmür. Onlar həmişə etdikləri günah üçün bir başqasının əzab çəkəcəyinə arxayındırlar sanki. Kim çəkməlidir başqasının günah əzabını? Hansı ata sevimli oğlu cani oldu deyə, onun əvəzinə asıldı ki dar ağacından? Hansı ana hansı məhkəmənin edam qərarını dəyişə bildi ki, övladına kəsilən haqlı cəza üçün? Hər kəs öz içindəki şeytaniliklə savaşsa, nə ailədaxili davalar baş verər, nə ölkələrarası müharibələr, inanın. İnanın və ürəyinizi Tanrıya bağışlayın, Tanrıya bağışlanmayan ürək bir gün mütləq İblis sığınacağına dönür və hər ürəkdəki İblis də ən azından bircə ruhu da olsa aparır özüylə - Məhşər günündəki ən böyük savaş üçün öz əsgəri edərək...

***

-          Padre, siz Tanrıya bağışlanmayan ürəkdən danışırdınız, - mən şam yeməyindən sonra onunla danışmağa cəhd etdim.
-          Sənin buna şübhən var? – o, gülümsədi.
-          Şübhə deməzdim, amma özümün də bu haqda bir qədər başqa cür düşündüyümü bölüşmək istərdim.
-          Yəni?
-          Mən düşünürəm ki, insan ürəyini Tanrıya bağışlamırsa, həmin ürəkdə sadəcə qaranlıq bir boşluq ola bilər, İblisin sığınacağı isə ürək ola bilməz.
-          ... - Padre sadəcə gözlərimin içinə diqqət kəsilib susdu, daha doğrusu, sözümün ardını dinləməyə hazır olduğunu bildirdi.
-          İblis insanın ürəyini deyil, beynini zəbt etməyə cəhd edər həmişə.
-          Maraqlıdır...
-          Sevgimiz ürəyimizdə, ağlımız beynimizdə olduğu üçün belə düşünürəm. İblis sevgi məkanında sığınacaq istəməz, sevgi yalnız Tanrıya gərəkdir – bizim ürəyimiz kimi. İblis yalnız və yalnız ağlımıza hakim ola bilər, o da əgər ürəyimiz qaranlıq və boşdursa.
-          Demək...
-          Demək əsl savaş doğrudan da ilk olaraq insanın öz içində gedir. Ağlımız və ürəyimiz arasında, Padre. Hətta bir insanı sevdiyimiz zaman belə ağlımızla ürəyimiz iki yolun arasında saxlayır bizi, gah Tanrının, gah İblisin istəyinə köklənirik, gah sevgimiz, gah ağlımız diqtə edir nə etməli olduğumuzu, hansını dinləsək, hansının hökmüylə davransaq, ondan asılı olacaq sevdiyimiz insanla münasibətlərimizin sonrası da.
-          Aşiq olmuş rahibəylə danışıram? – Padre güldü.
-          Siz Məhşər günü olacaq böyük savaşdan danışırdınız, amma bizim hər birimizin içində hər an Məhşər savaşı gedir, hər an Tanrının və ya İblisin tərəfinə keçmək üçün sınaqlarla üz-üzə qalmış oluruq və gah məğlub, gah qalib halımızla ətrafımızdakı insanları da həmin məqamda olduğumuz tərəfin ordusuna çəkmiş oluruq. Bu, bizdən asılı olmayan bir şeydir əslində. Çünki, biz tam mahiyyətimizlə sadəcə və sadəcə Tanrının və İblisin savaş meydanıyıq. Bütün Kainatda baş verənlərsə bu iki bir-birinə əks qüvvənin yüz milyardlarla bu cür  meydanlarda savaşlarından doğur.
-          Yəni?
-          Bizim ruhumuz – üçüncü qüvvədir və bu ikisindən hansının daha güclü olması məhz bizim ruhumuzun onlardan hansının tərəfində olmasından asılıdır. Amma biz hansının tərəfindəyik? Hər kəsin ürəyində və beynində olandan asılıdır bu da. Yəni hər kəsin sevgisindən və ağlından.
-          Mişel mənə demişdi, sənin ürəyinə İblis girib, mənsə indi görürəm ki, sən İblisin sənin beynində oturub ağlını almasından danışırsan, - Padre yenə güldü.
-          Mənim beynimdəki İblis hal-hazırda mənim ürəyimdəki Tanrıya aşiq bir vəziyyətdədir, Padre, aşiq olan İblis isə özü də öz ürəyini Tanrıya bağışlayıb demək, - mən də güldüm.

Комментариев нет:

Отправить комментарий