Azər QARAMANLIPakistanda 14 yaşlı qızın Talibanın gülləsinə gəlməsi özləri özlərinə «postmodernist» ayaması verən bəzi yazarları həddindən artıq qəzəbləndirib. Mənim anlamadığım bu qəzəbin səbəbidi. Yəni dünyada hər gün yüzlərlə Malala siyasətin və başqa insan maniyasının qurbanı olur. Hər gün mənəvi və fiziki terrora məruz qalan bu qurbanların statistikası aparılsa və bu körpələrin ölüm səbələri araşdırılsa, o zaman dünyada özünə doğurdan insan deyən hər kəs dəli olmalıdır. Normalda.
Bir yazarın Pakistanda Talibanın qurbanı olan bir qızcığazın faciəsini öz köşəsinin qəhrəmanı eləməsi çox normaldı. Normal olmayan yazarın problemə meşşancasına yanaşmasıdır.
Çünki yazını oxuyan hər kəs hiss edir ki, bu yazarın problemi Malala deyil. Adam özünü «mədəni» insan olaraq nümayiş etdirmək istəyir. Ona görə adam bir mənalı olaraq islam dinini günahkar və qatil elan edir. Burda nə var ki, «mədəni» insan təbii ki, islam dininə nifrət etməlidi. Yoxsa onun mədəniliyi hardan bilinəcək k? Mədəni olmaq üçün hər bir müsəlman Avropa sivilizasiyasını göylərə qaldırmalı və öz mədəniyyətinin yeddi arxa dönəninin zatına söyməlidi. Yoxsa avropalılar və onlara yamsılamaq istəyənlər sənə mədəni deməzlər ki. Əgər islamı söyməsən, müsəlman olduğun üçün taleyinə lənət oxumasan, onda sən elə söymədiyin müsəlmanın astar üzü olacaqsan.
Nə isə bu məsələyə burda kiçik bir nöqtə qoyaq və keçək Malalaya və bu qızcığazı öldürən islam dininə. Öncə yazıdan kiçik bi misal gətirəcəm. Müəlif yazır: «... bütün islam ölkələrinin varlığı ancaq və ancaq onu üzə çıxarır ki, din - fərd çapından kənara çıxmamalıdır, sosiallaşmamalıdır, siyasiləşməməlidir, dövlətləşməməlidir!»
Bu iddiada məntiq belə yoxdur. Adi bir misal. Əgər 4-cü əsrdə Roma İmperatoru Yustian xristian dinini qəbul etməsiydi, o zaman indi dünyada bir dənə də olsun xristian tapmaq olmazdı. Xristian dini tam 4 yüz il kiçik sektalar halında yaşadı. Bu dörd yüz ildə xristinlığın tarixi haqqında heç kim heç bir şey bilmir. Sadəcə bir neçə xristianın mağarada yataraq 300 ildən sonra ayılması haqqında pritça var. Başqa heç bir şey. Amma Roma imperatoru Yustian xristianlığı qəbul edib Konstantin olduqdan sonra xristian dini yarım əsrin içində sürətlə bütün dünyaya yayıldı və dünyanın aparıcı dini oldu. Xristian dinindən fərqli olaraq islam dini elə ilk illərdən dövlətləşdi və yarım əsrin içində üç qitədə hökmran oldu. Deməli bir dinin yayılması üçün onun siyasiləşməsi və dövlətləşməsi zəruridi. Qaldı sosiallaşmaya, bütün dinlər ümumiyyətlə sosial mahiyyət daşıyır.
O da düzdür ki, siyasət dinin bir nömrəli düşmənidi və dinin mahiyyətini öldürür. Bunu tarix sübut edir. Amma din yaşamaq üçün siyasiləşməyə məhkumdu. Bunun başqa yolu yoxdu. «İnsan öz mahiyyəti ilə siyasi varlıqdır», deyən Aristotel çox haqqlıdır. İnsan hər nə qədər bioloji varlıqdırsa, bir o qədərdə siyasi varlıqdır. Allahın yolladığı dini hər zaman insanın siyasi mahiyyəti öldürür. Elə Allahın insanlara din yollamasının səbəbi də budur. Bu ziddiyəti tartışmaq belə ziddiyyət yaradır.
Qaldı bu gün islam ölkələrində xürafatın güclü olmasına, burda müəllif özünü hər nə qədər haqqlı göstərməyə çalışsa da, bir tərəflidi. Müsəlmanlar xürafata nə zaman təslim oldular? İntihab dönəminin sıçrayışını yaşayan Avropanın arxasınca sürünməyə başladıqdan sonra. Niyə Çin və Yaponiya orta əsrlərin qaranlıq dünyasını işıqlandıran müsəlmanlardan fərqli olaraq xürafata təslim olmadılar və niyə bu gün onların sivilizasiyası Avropa sivilizasisından geri qalmır. Çünki onlar Avropa mədəniyyətinin arxasınca sürünmədilər. Avropanın təcəvüzkar siyasətindən canlı sipər olaraq onları qoruyan islam sivilizasisı isə qurumuş ağaca döndü. Çin və Yaponiya vəhşi, qəsbkar və qatil Avropa sivilizasiyası ilə orta əsrlərdə və ondan sonra sadəcə rastlaşmadılar. Onların bəxti bunda gətirdi.
İslam dinini Malalanın qatili elan edənlər niyə heç fərqinə varmırlar ki, ABŞ-ın, Avropa Birliynin, Rusiyanın dünyanın hər yerində mili maraqları var, amma Azərbaycanın heç öz sərhədləri arasında mili maraqları yoxdur. Niyə İslam terrorundan danışanlar bu terroru yaradan səbələrdən danışmırlır? Çünki terroru yaradan səbəb , ABŞ-ın, Avropa Birliynin, Rusiyanın dünyanın hər yerində milli maraqlarının olmasıdır.
Artıq Osmanlı imperiyasının süqutundan sonra vəziyyət o həddədir ki, müsəlmanlar özlərini ancaq xürafatla müdafiə edirlər. Çünki başqa cür bu dini yaşatmaq imkansız hala gəlib. Çünki başqa cür islam sivilizasiyası ölümə məhkumdur. Çünki bizdən mədəni olmaq üçün öz sivilizasiyamızı öz mədəniyyətimizi öldürmək tələb olunur. Ölməmək üçün başqa hansı alternativ var? Bundan danışmaq gərəkir.
Niyə ABŞ təyyarələrinin bombardmanları altında Əfqanıstanda yüzlərlə Malala öləndə buna qəbullanırıq? Niyə İsrail fosforlu bombalarla Fələstində malaları öldürəndə reaksiya vermirik? Niyə iki ay əvvəl ABŞ əsgəri «kayflanaraq» əfqan kəndinə girib 16 nəfər dinc insanı gülləbaran edəndə susduq? Onların arasında Malalar yoxdumu?
Niyə? Çünki ABŞ əsgərləri «mədəni»dilər. Çünki NATO səhfən günahsız insanları bombardman edəndə həmin bombaları atanlar bizim həsəd apardığımız mədəniyyəti təmsil edirlər. Biz bu qədər aşağılığıq və bu qədər aşağılı düşüncə sistemimiz var. Biz bu düşüncə ilə bir heçik. O zaman NATO bizi niyə öldürməsin ki?
İslam terroru niyə var? Çünki müsəlman ziyalıları öz mədəniyyətlərini inkar edirlər. Deyirlər ki, biz pisik, biz eşşəyik. Əgər mənim ziyalım məni ölümə tərk edirsə, o zaman mən nə etməliyəm? Ya heç olmalıyam, ya da savaşmalıyam. İmkanım nəyə çatırsa onunla savaşmalıyam. Dövlətim ABŞ-a, Rusiyaya, Avropaya xidmət edisə, mənim partizan olmamaqdan savayı seçim etmək imkanım mı var? İrandakı rejim qeyri-demokratikdir. Amma bu o demək deyil ki, ora ABŞ hökm etməlidir. ABŞ niyə İraqa demokratiya gətirə bilmədi? Niyə Səudiyyə Ərəbistanında insan haqqların pozulması Vaşinqtonun heç vecinə deyil. Çünki orda ABŞ-a müti olan kral oturub.
Malalaları kim öldürür? Talibanı kim yaradıb? Əl-Qaidani kim yaradıb? Ötən əsrin 70-ci illərində Rusiya Əfqanıstanı işğal etməsəydi indii Taliban olacaqdımı? Amerika sakitcə evində otursaydı, bu gün islam terroru olacaqdımı?
O zaman 14 yaşlı malalanın qatili kimdir? Ötən əsrin 80-ci illərində okeanın o tayından gəlib Talibanı yaradan ABŞ-mı, müsəlman ziyalılarının meşşanlığımı, yoxsa İslam dinimi?
Ötən əsrin ünlü hindistanlı müsəlman düşünürü İqbalın söylədiyi kimi: «Qəbahət islamda deyil, bizim müsəlman oluşumumuzdadır».
Son olaraq bir xristian pritçasını xatırlatmaq istəyirəm.
İntihab dönəmində bir fransız yəhudi ilə dostluq edir. Fransız bütün gücü ilə yəhudinin xristian olması üçün çalışır. Nəhayət uzun mübahisələrdən sonra yəhudi xristian olmağı bir şərtlə qəbul edir ki, əvvəl Romaya gedib Papa ilə görüşəcək. Fransız Papa sarayının yaşam tərzini yaxşı bildiyi üçün dostunu bu fikirdən daşındırmağa çalışır. Fransız yaxşı başa düşür ki, Papanın sarayını bir dəfə görən heç bir normal adam xristianlığı qəbul etməz Amma inadcıl yəhudi fikrindən dönməyib Vatikana yola düşür.
Bir neçə aydan sonra yəhudi geri dönür və dostuna xristian olmaq istədiyini deyir.
Fransız çaşqın halda soruşur:
- Sən Romada oldun?
- Oldum.
- Papanı gördün?
- Gördüm.
- Gördün Papa və kardinallar necə yaşayırlar?
- Gördüm.
- Bundan sonra xristian olmaq istəyirsən? - deyə tam çaşqına dönən fransız soruşur.
- Hə - yəhudi cavab verir, - məhz gördüklərimdən sonra xristian olmaq istəyirəm. Çünki Papa və onun kardinalları xristian dinini məhv eləmək üçün imkanları daxilində hər şeyi edirlər. Buna baxmayaraq xristian dini hələ də yaşayırsa, demək ki, bu din insanlardan deyil, Allahdan gəlir.
Belə. Bu qədər.
P.S. Bizim meşşanlığımız ancaq bir azərbaycanılının bir ermənini döyməsi ilə fəxr etməyə yetir.
Комментариев нет:
Отправить комментарий