14.10.2012

Oxucu, sənə sözüm var!

Zahir Əmənov

Sirr deyil ki, hər qəzetin sərvəti onun oxucularıdır. Hər bir redaksiya, hər bir jurnalist min cür çətinliyə qatlaşıb, necə deyərlər, hər “çiçək”dən bir “şirə” toplayır ki, oxucusuna maraqlı yazı təqdim etsin.
Öncə isə hər bir qəzet də bilmək istəyir ki, oxucusu ondan nə gözləyir, hansı yazıların arzusundadır? Bax, elə bu nöqtədə bəzi problemlər yaşanır. Belə ki, çoxları bilmir ki, nə istəyir. Bu barədə sorğu-sual edəndə isə əksəriyyətin sözü bu olur – həqiqət istəyirik, yalan eşitməkdən bezmişik və sair. Təbii bir arzudur. Lakin o da sirr deyil ki, hərənin öz həqiqəti var. Həmin həqiqəti istəyən oxucunun öz yaxınlarının bəd əməlindən həqiqəti yazanda az qalır ki, yer-göy təlatümə gəlsin.

Bu gün “həqiqət istəyirəm” deyən oxucu əslində qəzetin hər sayında tənqid, özü də kəskin tənqid istəyir. İstəyir ki, onun bir manatına, bir qohumuna, tutduğu işə zərrə qədər xələl gətirmədən, ancaq tənqid yazaq, o da uzaqdan tamaşa etsin.
Əyalət oxucularının ən çox istəyi odur ki, icra başçısını, polis rəisini və daha böyükləri tənqid edəsən. İnsanlar qarşılaşdığı problemlərdə -- bəziləri kasıbçılığında, bəziləri üzləşdiyi haqsızlıqlarda həmin şəxsləri günahkar bilir.
Bizlərdə gözəl bir misal var:”Nə tökərsən aşına, o çıxar qaşığına”. Yəni, qəzetə hansı informasiyalar daxil olursa, hansı yazılar gəlirsə, qəzet də onların əsasında materiallar hazırlayır. Bəzi hallarda isə redaksiya özü araşdırmalar aparır, müsahibələr alır.
Bəs bizdə necədir? Müsahibə verməyə çəkinirik, sorğulara cavab vermirik, ziyalılardan ekspert kimi rəy soruşanda lal sükutla qarşılaşırıq, ətrafımızda baş verən hadisələr barədə susuruq, ... amma maraqlı qəzet istəyirik.
Bir həqiqəti unutmayaq ki, hər nəyimiz necədirsə, qəzetimiz də, futbolumuz da, təhsilimiz də o cürədir. Kimsə bir addım irəli gedə bilirsə, bunu böyük fədakarlıq, bir az partizanlıq, bir az da fanatiklik hesabına edir.
Bu yaxınlarda Astaradan bizə bir zəng olmuşdu. Xahiş etdilər ki, bir ağsaqqal var, onunla əlaqə saxlayıb şikayətini dinləyək. Biz də həmin şəxslə zəngləşdik. O, bildirdi ki, Astaranın Şahağacı kəndindəndir, kənd ağsaqqalıdır. Adı da Əzizdir. İcra başçısının bu kənddə onlarla ağacı kəsdirməsi onu ciddi narahat edib. Kəsilmiş ağacların şəklini də çəkib. Xahiş etdi ki, vaxt təyin edim, gəlib bizimlə görüşsün. Ötən cümə gününə razılaşdıq. Xəstə olsam da, işə çıxdım ki, ağsaqqal adamdır, yolu boş olmasın. Lakin ağsaqqal gəlmədi. Yenidən zəngləşdik, hiss etdim ki, tamam başqa adamdır. Bildirdi ki, elə kəsilmiş ağacların şəklini onları kəsdirənə - icra başçısına verdim. Daha şikayətim yoxdur.
Qəzənfər müəllimin Masallıda da yüzlərlə ağacı kəsdirdiyini bildiyimdən əslində bu xəbər mənim üçün təəccüblü deyildi. Təəccüblü olan sözünə
sahiblik etməyi bacarmayan ağsaqqalın mövqeyi oldu. Mən bu məqamda Qəzənfər Ağayevə təşəkkür etmək istəyirəm – vallah halaldır. Əgər bu cür vətənpərvər ağsaqqalı 2 günə 180 dərəcə döndərə bilibsə, orada bütün meşələri düzənliyə çevirsə də, ona söz demək günahdır.
Bir nümunəni də xatırlatmaq istəyirəm. Bu günlərdə Masallıda 10-a yaxın dindar gənci həbs etdilər. Haqlı tutdular, haqsız tutdular? Bu sonranın işidir. Bəs evlərdə axtarış aparmaq üçün qız-gəlinin üstünə 30-40 nəfərlə, qara maskalarda, avtomatla getmək normal sayılmalıdırmı? Bu barədə heç kimin cınqırı da çıxmadı – nə yaxşılığa, nə pisliyə. Ən yaxşı halda künc-bucaqda pıçıldaşdılar.
İcra başçısının 100 günü tamam olan ərəfədə 3 dəfə anons verdik ki, kimin sözü var – iqtidarlı-müxalifətli 2-3 nəfərdən özgə kimsənin səsi gəlmədi.
İndi bizim günahımız nədir ki, Masallının yeni icra başçısı əvvəlki başçı kimi 500-600
ağacı məhv etmədi, bir o qədər sahibkarı çörək-vay edib dükan-bazarını dağıtmadı, rayondakı su hovuzlarını zəbt etdirmədi, Abıyevlərlə vaxtaşırı “konsertlər” vermədi və sair.
Hamı susur, amma hamı maraqlı qəzet istəyir.
Bir vacib məqama da toxunaq. Qəzet kommersiya struktrudur. Yəni, qəzet özü-özünü dolandırmalıdır. Bunun da təmiz yolu abunə, satış, reklam və reklam xarakterli yazılardır. Qəzetin konüllüləri, fanatları az deyil. Çətin məqamlarda qəzetə maddi yardım edənlər də var. Amma o da faktdır ki, onu əzənlərə, alçaldanlara 10 mini, 50 mini oynaya-oynaya verənlər, bizdən qəhrəmanlıq tələb etdikləri halda qəzetə illik 10-15 manatlıq abunə pulunu ödəməmək üçün min dona girirlər.
Minlərlə müəllim ildə 2 dəfə zorla xoşlamadığı və ala bilmədiyi qəzetlərə abunə yazdırılır və bu məqsədlə il boyu 30-40 manatından keçməli olur. Amma özləri demişkən, böyük həvəslə oxuduqları qəzetimizi 40 qəpik verib kioskdan almaq əvəzinə gəlib bizdən pulsuz istəyirlər.
Bəziləri isə lap irəli gedir. Yazı yaza bildiyi halda yazmır, pulu olsa da abunə olmur və minnət də qoyur ki, qəzetinizi oxuyuram a, sizin təbliğatçınızam. Sanki qəzetimizi oxuduğu üçün biz ona nəsə verməliyik. Amma belələri unudur ki, qəzet maraqlı deyilsə, onun təbliğatçısı necə güclü olsa da, bunun ciddi faydası olmaz. Çünki qəzetin əsas təbliğatçısı elə onun özü, yəni mövqeyi və yazılarının yüksək səviyyədə və maraqlı olmasıdır.
Bax belə, yazının sonuna çatmaq üzrəyik. Bizi qınayanlardan kimsə deyə bilərmi ki, hansı kəskin mövzuda, lakin obyektiv yazı yazdı, biz onu çap etmədik. Başqalarından tələb etdiyimizin 100-də birini özümüzdən tələb etsək, qəzet də maraqlı olar, həyatımız da.
Mən sizi qəhrəmanlığa çağırmıram. Yaxşı bilirəm ki, aramızda istedadlı həkimlər, müəllimlər, mühəndislər ... var. Nə edək ki, əksəriyyətin başlıca şüarı susmaqdır.
Amma nigaran olmağa da dəyməz. Yaxşı nə iş olsa, onu da yazacağıq. Tənqiddən də heç kim sığortalanmayıb – nişangaha gələn olsa, “gülləni” havaya atmayacağıq.

"Cənub xəbərləri"

Комментариев нет:

Отправить комментарий