05.10.2012

“Pilotkamı günə vermədim”

"Sən əsgər olanda" rubrikası

İbrahim İLYASLI imzası ədəbiyyatevərlərimizə yaxşı tanışdır. Onun poeziyası təkcə respublikamızda deyil, ölkəmizin hüdudlarındanda kənarda tanınır və oxunur. Bir çox türkdilli ölkələrdə ədəbiyyatımızı təmsil edib. Çağdaş poeziyamızda özünəməxsus yeri olan şairin, görəsən ilk gənclik illəri necə keçib? Biz, Avropa.info olaraq dəyərli şairimizin çoxdan arxada qoyduğu əsgər illərinə birgə güzar edəcəyik və İbrahim İlyaslıya “SƏN ƏSGƏR OLANDA” deyib də onun xatirələrini vərəqləyəcəyik. Beləliklə:


- İbrahim bəy, Sən əsgər olanda neçənci illər idi və harda xidmət etmisən?
- Mən 1981-ci ilin may ayından, 1983-ci ilin may ayına qədər həqiqi hərbi xidmətdə olmuşam. 1983-ci ilin may ayının 12-də Voloqda qarnizonu Hərbi Tribunalının hökmü ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilərək, cəza çəkmək üçün “Disbata”a göndərilmişəm. 22 Mart 1984-cü ildə azadlığa buraxılmışam və ordudan tərxis olunmuşam.

- İki illik hərbi müddət ərzində özünü yaxşı aparmamısan deyəsən, ona görə də “Disbat”da olmusan. Bəs,"Molodoyluğun" necə keçdi, “stariklərlə” anlaşa bilirdin?
- Biz demək olar “molodoyluq” görmədik. Voloqda şəhərində karantin keçəndən sonra serjant məktəbində oxumaq üçün Arxangelsk şəhərinə göndərildim. 6 aylıq təhsildən sonra serjant rütbəsi ilə yenidən Voloqdaya döndüm və bölmə komandiri kimi xidmətimi davam etdirməyə başladım.

- O zamanlar eyni ölkə olsaq da, qəribçilik sayılırdı. Evdən, doğmalarından sarı, necə, darıxırdın?
- Doğmalarından uzaqlarda onlar üçün darıxmaq təbii haldır. Əlbəttə, darıxırdım. Amma mənim darıxdıqlarımın içərisində doğmalardan başqa “O” da var idi…

- Komandirinin tapşırıqlarını necə yerinə yetirirdin?
- İndikindən fərqli olaraq o zamanlar intizamlıydım. Tabeçiliyimdə olanlara qarşı da çox tələbkar idim. Əsgərlik yoldaşlarım bunu təsdiq edərlər.

- Əsgərlikdə komandirin qızı, yaxud arvadı ilə aranızda bir şey olub? Sənə də komandir polk demişdi qızımı al, səni inistita qoyum, şərait yaradım? Sənsə qoca ananın həsrətinə dözmədin? Sovet dönəminin azərbaycanlı əsgərlərinin çoxu belə deyir..
- Komandirimiz şovinist bir rus idi. Milli mənsubiyyətimə görə məni həmişə sıxışdırmağa çalışırdı. Buna görə də mən onun ailəsinin yaxın ətrafında ola bilməzdim. Mənim həbs olunmağımda da onun xidmətləri böyük oldu. Əlbəttə, mən komandirin zövcəsi ilə tanış olmasam da, pilotkamı günə də vermirdim…

- İbrahim bəy, heç “pol” yumusan?
“Serjant şkola”da bunu hər bir kursant edirdi və normal qəbul ounurdu. Ayrıseçkilik yox idi. Hər kəs növbəsi gələndə naryada çıxırdı və təbii ki heç kim onun əvəzindən pol yuyası, kartoşka soyası deyildi.

- Bəs, “samavolkaya” qaçmısan?
- “Uvolneniye” götürmək və ya şifahi icazə almaq mənim üçün asan olduğuna görə “samovolkaya” ehtiyacım olmayıb. Amma oğurluq şirin olduğundan onun da dadına baxmışam. 1-2 dəfə…

- Başqa millətlərlə davanız düşürdü?
- Bizim hərdbi hissədə güclü intizam vardı. Daxili Qoşunlarda xidmət edirdik. Düzü, mənim özümün içimdə də başqa millətlərə qarşı kin-kidurət olmayıb. Amma səlahiyyətlərimdən istifadə edib türklərin müdafiəsinə həmişə qalxmışam. Bəzən birbaşa, bəzən də dolayısıyla.

- Heç sənə “çurban” deyiblər?
- Yox, deməyiblər. Mən rus dilini müəyyən səviyyədə bilirdim. Politexnik İnstitutdan (axşam da oxuyurdum) getmişdim. Dünyagörüşümün olmağı, savadım və rəftarım görünür buna imkan verməyib.

-“Dembl” vaxtların necə keçdi?
-“Uvolneniye” haqqında Ustinovun 27 mart 1983-cü il tarixli əmri elan olunandan 3 gün sonra – aprelin 1-də həbs olundum. Bu da mənim “demblim” oldu.

- Tərxis əmrinə 100 gün qalmış hansı mərasimi keçirdiniz?
- Təbii ki, hamı kimi günləri saymağa, nə bilim təqvimdə keçən günə xətt çəkməyə başladıq. Ayrıca bir mərasim-filan olmadı. Amma həbs olunduqdan sonra bir-çox şeirlər yazmışdım, daha doğrusu əzbərdən səslənmişdim ki, onlardan birini oxucularınıza təqdim etmək istəyirəm.

MÜBARƏK

Rusiyanın Voloqda vilayətində yerləşən həbs düşərgəsindəkii təkadamlıq kameradan səsləniş

Bu da sənin təkotaqlı mənzilin,
Atam oğlu, ev-eşiyin mübarək.
Həyətində keşikçilər tətikdə,
Həyət-bacan və keşiyin mübarək.

Əvvəl-axır təpildinmi qınına?
Quşluğuyla quş səkəmməz yanına.
Xatirələr layla desin canına,–
Dəmir qapın, daş beşiyin mübarək.

Çox xatadan, çox bəladan sovuşdun,
Qismətinə, qədərinə yovuşdun.
HAQQ deyirdin–HAQQına da qovuşdun,
Bu da sonu HAQQ işinin, mübarək!

Hazırladı: Tural Balabəyli                  avropa.info

Комментариев нет:

Отправить комментарий