
Mütləqə İnam Ocağının Ruhani Başçısı
(Eyniadlı kitabıma önsöz)
Mənim – Safruh Atalı olaraq – İnam Ataya yazı həsr etməyim anlaşılmaz olar. Mənim Onsuz nəinki heç bir yazım yoxdur, ola bilməz, hətta ömrüm, hər anı, hər nəfəsi ilə, Ona həsrdir. Ancaq bu sonuncu kitabım və onun önsözü Atanın 77 yaşının tamam olması öncəsi (o Günə beş – altı gün qalmış) başa gəldiyi üçün bu ilsıra (tarix) uyğunluğunu... qutlayıram – yetkin yaşlı kişi sevinci, güvənci, sorumluluğu ilə!
Öz kitabıma bir önsöz yazmaq çətinliyi ilə üz-üzəyəm – həftələrdir! Sanki ağır yüklə sıldırım buz dağına qalxıram. Ayağımı hara atıramsa, sürüşüb qayıdıram başlanğıc nöqtəyə. Çünki yaman yerdə anqırdı eşşəyimiz, indi onun yükü də, öz iyrənc leşi də bizim çiynimizdədir.
***
Ağlım ilhamıma “uçma” deyir, “özünü aldatma, sənə bənzəyənləri, sənə inananları azdırma”. Bəşərin ruhani insan imkanı yoxdur daha, tükənib. Ruhani insan çağı keçib. Bu durumda sənin “ruhani iradə” dediyin nə edə bilər? O, “bazara” bəlkə nəysə çıxarar. Bu “nəysə”yə xiridar (alıcı, istehlakçı) da gərəkdir axı. Onu da mı sənin Ruhani İradən yetirəcək? Həm satanı, həm də alanı yetirmək – din Allahının işiydi. O Allah – tarixi bir hadisəydi, dövranını sürüb getdi. Dinlər və dinçilər (əslində yalnız dinçilər və dinçilərdən də çox dinsizlər) onu tutub, konservasiya edib, saxlamaq istəyirlər. Yüzillərdir! Sayagəlməz inanmayanları və öz səmimi-sadəlöhv inamlarında aldananları öz nəfsləri ücün işlətmək məqsədilə.
Əslində sənin harayını yaradan elə budur. Tək sənin harayını yox, bilənlərin uyarılarını da yaradan budur.
İstehsal və istehlak – anodla katod kimidir; işığın, istiliyin hasili üçün onların qarşılıqlı etkiləri gərəkdir. Ruhaniyyata susayanlar, onun təşnələri axtarılıb tapılmalı və yeniləri yetirilməlidir. İnam Ata Sivilizasiyası bunu hədəfləyir. İndiki neqativ gedişlə bəşərin dolub-daşması, bunun ardınca onun köpünün alınması və yalnız bundan sonra Mütləqə İnam Sivilizasıyası... Sənin ruhani insanın (hələlik diləklərinin ruhani insanı) bunun diləkçisi və qurucusu olmalıdır. O uzaq gələcəyə marafon yerişini bir an belə qırmadan getməyə nəfəsin çatacaqmı? Çataçaqsa – Yola çıx.
“Ölməsə – dirilməyəcək!” deyənlərin qarşısında sən “Ölsə – diriləcəkmi?” sualını qoyursan. O marafon yerişi (yürüşü yox, yerişi) qırılmazsa, o dirilmə (ölməmə) baş verəcək. İnam Ata o yerişin fəlsəfəsini yaratmışdır. (Burada ruhaniyyat da fəlsəfədir, onun içindədir). Onsuz Batının bayquş bilgələrinin müjdəsi (tarixin sonu), sənin Peyğəmbər Atanın Uyarışı (texniki tərəqqi yürüşü önlənməsə, bəşər məhv olar) gerçəkləşəcək. Mən burada o Müjdə və Uyarının öz məntiqlərini söyləyirəm, özümdən uzaqgörənlik eləmirəm.
Deməli, gözəgörünməz dərinləklərdə sən nikbinsən: ölməmə, dirilmə imkanına inanırsan...
Doğrudur, nikbinliyə bənzər halım ölməyib. Onu məndə yaşadan məqamlar var. Bu məqamların başında öz İstəyim gəlir – mən Anlamın (Allahın), Yaşamın, İnsanın əbədi var olmasını – İstəyirəm. (Bu mənim “Ruhani İradə” dediyimin özəyi, özülüdür).
Təbiətin (doğa`nın) tükənməzliyinə, ölməzliyinə, onun yaranma-yaratma özəlliyinə inanıram və bunu ağlımın (idrakımın) gücü çatdığı dərəcədə görürəm. Bu – mənim nikbinlik işartımın ikinci əsasıdır.
Üçüncü əsasım – İnsan Körpələridir. İnsan Körpələri fizika (təbiət) və metafizikanın (ruhun) birliyidir. Onları çağdaşlaşdırmaq, xurafatlaşdırmaq, qondarmalaşdırmaq, çirkinləşdirmək, bədbinləşdirmək (gələcəyə inamsızlaşdırmaq), zümrələşdirmək, partiyalaşdırmaq, meşşanlaşdırmaq, irqçiləşdirmək... mümkün deyil. Yaşamın (bəşər varlığının) “materialı” da onlardır. Deməli, yeni sivilizasiya yaradılması üçün uyğun “material” həmişə var. Qurucu və İşçi gərək. Qurucumuz da var. İşçiləri də Onun Ocağı, yuxarıda deyilən sayaq yerişlə, yetirilə bilər.
Mənim “gözəgörünməz dərinliklərdəki” nikbinliyimin üç əsası bunlardır. Bunlar həm də mənim, 73-cü ilini yaşamaqda olduğum fərdi ömrümün sevinc qaynaqlarıdır.
Mənim “Üç Əsas”ımın gündəmə gəlməsi, bəşərin halına calaq olunması, onun psixologiyasını Mütləqə İnam Sivilizasiyasına doğru dəyişməsi üçün Ruhani İradə işləməlidir. Mənim “Ruhani İradə” dediyim fəlsəfənin “Loqos” anlayışına yaxındır, bir fərqlə: bu, canlı, konkret insanın (və ya son dərəcə az sayda olsa da, yenə canlı, konkret insanların) insan soyunu yaşatmaq istəyidir, onun yaşamasını istəməkdir, bunun üzərində ömürlə israr etməkdir. Mən onu belə təsəvvür və təqdim eləyirəm. Mən bir bütöv dünyabaxış sisteminin tərkib hissəsi olduğuma görə, axtarışlarımın gözardı edilməyəcəyi ümidindəyəm. Həmin İradə insan qövmündən Allah və ya Allah qövmündən İnsanı gerçəyə gətirə bilər.
Burada mən istər-istəməz rasional və irrasional fəlsəfə xətlərinin adını çəkməliyəm. Rasional fəlsəfə “necə var elə”ni öyrənir, gerçək varlıqlarla təmas duyğusuna, canlı duymalara: görmə, eşitmə, iyləmə, dadma, toxunma duyğularına əsaslanır. Buna sensualizm və ya elmi fəlsəfə deyilir. Və o, fəhmə, instinktə, vəcdə, vəyhə də əsaslanan irrasional fəlsəfəni yaxına qoymyr. İrrasional fəlsəfə, özəllikcə onun “obyektiv idealizm” adlanan qolu rasional fəlsəfənin dediklərini qəbul eləyir, ancaq varlığın izahı üçün onu yetərsiz sayır, “quru” sayır. Bu yön öz təbiətinə görə, idrakla inamı vəhdətə, “dostluğa”, insan naminə əlbirliyə çağırır. Aydındır ki, elmi fəlsəfə buna “hə” deyə bilməz – deyərsə, o daha elmi (rasional) fəlsəfə olmaz.
İndi ABŞ-ın, Batının, bütün qərbçiliyin dişiylə, dırnağıyla yapışdığı, yeritdiyi rasional fəlsəfə bəşərin gələcəyini şübhə altına salır. İnsanın maşınlaşacağını, maşınla əvəz olunacağını, belə demək mümkündürsə, Maşınqulu olacağını (bunu dinin Məmmədqulusuyla müqayisə edin) sayıqayır. Batının bu tövrü insanların yaşamında ölçüyəgəlməz sarsıntılar, pozuntular, bədbəxtliklər, qarabasmalar yaradır.
Ancaq şüur, canlılıq bu fəlsəfə ilə izah oluna bilmir. Bu fəlsəfə (elm) sübut eləyir ki, cansızdan canlı əmələ gələ bilməz və canlıdan, eləcə də fəhmdən (instikntdən) nitqli şüur əmələ gələ bilməz. Deməli, bunların üçü də (cansız, canlı(lıq), şüur) əzəlidir. Bunlar o biri fəlsəfə ilə də izah olunmur; irrasionalda (idealizimdə) bunlar Allahla bağlanır. Bu isə izah deyil, məsələni başdan eləməkdir, çünki məsələlər Allahla bağlandıqda da “necə, niyə, nə vaxt?” sualları bitmir.
Bütövlükdə fəlsəfə canlı və cansız aləmləri, eləcə də şüuru “əzəli, əbədi” deyə qəbul etməyə məcburdur. Bir şey var ki, irrasional (idealist) fəlsəfə aləmləri və şüuru yaradılmış, yəni öz gerçəkliyində başlanğıcı olan, ancaq sonu olmayan, əbədi sayır – şəkil, biçim, məkan (“o, bu dünyalar”) dəyişikliyinə yol verməklə.
İrrasionalın (idealistin, dinin) “qurtarışı” idraki baxımdan insanları inandırmır, ovundurmur, düzünə qalsa, heç çəkmir də. İnsanlar elə özləri yaşadıqları kimi yaşayıb, özləri öldükləri kimi ölmək istəyirlər; onları bunun əbədiliyi, sonsuzluğu maraqlandırır. Onların bu Marağının ödənilməsi üçün Ruhani İradələr işləməlidir. Onlar bu yazının başlanğıcında ifadə olunan inamsızlığı yenməli, onun yanlışlığını, əsassızlığını ömürləriylə, yaradıcılıqlarıyla sübut etməlidirlər. Bunun üçün burada göstərilən Üç Əsas yetərli zəmin ola, “metafizika” rolunu oynaya bilər.
Ruhani İradə kürəsəlçi psixologiyaya qarşı dönmədən ruhani mübarizə aparmalıdır. Çünki kürəsəlçilikdə fərdlər, ailələr, ölkələr, uluslar (millətlər), dövlətlər öz müstəqil iradələrini itirirlər; bu iradələrin işləmə yeri itir, özünə inamı qırılır. Kürəsəlçilik fərdləri, fərd-fail olmaqla ailələri, ölkələri, millətləri, dövlərləri azman və simasız Kürə ilə üz-üzə qoyur. Kürədə özəllik, sifət olmur, qoruyan isə özəlliyini, sifətini qoruyur. Beləliklə, kürəsəllikdə Yerə-Göyə sığmayan simasızlıq, çılğınlıq, harınlıq, haramlıq, zorakılıq... yaranır.
Kürəsəlçiliyə qarşı mübarizə insani sima (insan siması) uğrunda mübarizədir.
Doğu – Batı münasibətləri kürəsəlçilik kontekstinə daxildir. Doğu ilə Batı bir-birinə (daha doğrusu, Doğu Batıya) “inteqrasiya” etməməlidir; edə bilməzlər. (Batı Doğuya inteqrasiyanı ağlına belə gətirmir). Onlar ikisi birlikdə (sağ əllə sol kimi və ya solla sağ kimi) bəşərin bütövlüyünü ifadə eləyirlər. Onlar iki zəruri sifətlər və tərzlərdir – hərəsi öz yerində gərəkdir, zəruridir, mütləqdir. Örnək olaraq ərəb xalqı ilə rus xalqının adını çəkirəm.
Onlar bir-birinə qarışmalıdırlarmı? Kiminsə buna “hə” deyəcəyinə inanmıram. Rus xalqı rus sifəti kimi gərəkdir, ərəb xalqı ərəb sifəti kimi. Belədə hər kəs öz sifətilə bilinir, onu qoruyub yaşadır. Onlar bir-birinə qarışdırıldıqda isə... ara qarışır, sifət itir. Yer üzündə “neqativ” halların “pozitiv” halları üstələməsi həmin sifətsizlikdən irəli gəlir. (Mən bəşərin “xalqlar” quruluşunu maddənin atom quruluşuna bənzədirəm. Maddənin atom quruluşu pozulduqda isə, bəlli olduğu kimi, atom – nüvə alovu yaranır). Deməli, sifət – pozitivdir, sifətsizlik – neqativ. (Özlüyündə heç vaxt bir xalq o birinə, deyək ki, rus ərəbə, yaxud ərəb rusa qarışmaz; bir- birindən nəysə götürər, öyrənər. Onları bir-birinə yalnız onları üstələyən Zor, zorakılıq qarışdıra bilər, qarışdırmaq istər. Ona görə də mən yuxarıda “qarışdırılmaq” icbar felini işlətdim).
Bir gəzişmə (hasiyə). Doğu – Batı ilişkilərində nə üçün Batı hücumda sanılır, Doğu – qorunmada? Məncə, ona görə ki, Batı qorumalı olduğu sifətləri öz içində itirib – öz iç yaşamında rasionallığa həddindən artıq uyduğu üçün. İndi cəhənnəm yolunda özünə yoldaş axtarır! Xalq düz deyir ki, “Bu bığda kosa olmaz”. Ona bu yolda yoldaşlıq etməməli! Onun özünü də bu “yoldan” saqındırmalı! İnamın “Özümlü Şərq” ideyası bunları hədəfləyir.
Ruhani İradə Yavaş Yaşam Tərzi yerişinə üstünlük verir (“yürüş” qarşılığında) Doğa (təbiət) yüyürmür; onun hərəkət halını “yeriş” adlandırmaq doğru olar. Yeriş insan üçün doğaldır (təbii haldır), həm də için qurulmasına yarayır. Yürüş, yarış – doğaya (təbiətə) ziddir. Yer üzündə “meqativ” (olumsuz, olmamalı) hallarım “pozitiv” (olumlu, olmalı) halları üstələməsinin bir nədəni (səbəbi) də yerişin yürüşə, yarışa qurban verilməsidi, insanların daim tələsmələridir ki, mən bunu da kürəsəlçiliyin və Doğu-Batı ilişkilərindəki yanlışlığın bəlası sayıram.
Ruhani İradə insanların psixologiyasındakı “zaman axarı” anlayışına, təsəvvürünə qarşı ruhani mübarizə aparmalıdı. Hər bir insan ömrü (deyək ki, 70 il) bəşər ilsırası (tarixi) qədərdir – başlanğıcı, gəlişməsi (inkişafı), çöküsü, yenilənməsi ilə. Bundan qıraqda ayrıca (xüsusi) “zaman axarı, “sürətli” zaman qıjıltısı”, “zaman qısalığı”, “zaman uzunluğu”, sonsuzluğu (yoruculuğu, təkrarlığı) yoxdur. Hər bir insan Körpəsi (onun qadasını alım!) – bəşərin başlanğıcıdır. Ona qədər doğulan, iməkləyən, ayağa duran, yeriyən olmayıb. O, Yer üzünün bircəsidir, yeganəsidir! Bu – birbaşa Yaşam Həqiqətidir! İlsıra (tarix), saylar (nəsillər), mədəniyyətlər, sivilizasiyalar... – vasitəli anlayışlardır, bilikdir. Biliklər həqiqətləri zorlamamalı, onları fərdlərin yaşamından sıxışdırıb çıxarmamalıdır! Ruhani İradə hər ömrün öz yaşam həqiqətini duyub sevməsinə xidmət etməlidir.
Yavaş Yaşam Tərzi – Ruhani İradənin öyrətmənliyi ilə – öz insanını bəşər içində axtarar, tapar, yetirər. Bu insan özünü Yer planetinin fenomeni, yetirməsi sayır. Yerin nemətləri, eləcə də yer istisi və işığı ona yetər də, ötər də. Ruhani İradə onun istehlak əjdahası, kor qüvvə olmaqdan çıxması, Yer təbiətinin doğma, ülvi tərkib hissəsi olduğunu dərk və qəbul etməsi uğrunda çalışır (ruhani öyrətmənlik eləyir).
Ruhani İradə süslü, “lüks” yaşam tərzinə, kefə qarşı ardıcıl mübarizə aparmalıdır. Bunlar anti-bəşər halı kimi rədd olunmalıdır. Bunların olduğu yerdə Mənəviyyat olmur və Mənəviyyat olan yerdə bunlar olmur. Elmi, maddi-texniki inkişaf maddi bolluq yaradır. Ruhani insan öz iştahının qulu deyil, ağasıdır; yalnız ruhani deyil, normal mənəviyyatlı insan da. Maddi bolluq içində “adam oğlu kimi” yaşamaq maddi sıxıntı içində “adam oğlu kimi” yaşamaqdan çətindir. Bilərəkdən maddi sıxıntı yaratmaq da olmaz. Deməli, Ruhani İradənin bu cəbhədəki işi daha çoxdur. Ehtiyac – kənar tərbiyəçidir, əslində tərbiyəçi də deyil, qəlibdir, relsdir; onu eşitmək şəxsin qoçaqlığı sayıla bilər, ancaq bu, onun ucalığı olmaya bilər. Ruh isə hərtərəfli, zamanüstü, şəraitüstü, mühitüstü eyitici (tərbiyəçi) və öyrətməndir.
...Ruhani İradə öz cəbhəsində iş görərkən dünyanın üzləşdiyi çətinlikləri nəzərə alır. Silahlanma, əhali artımı, atmosfer dəyişiklikləri, enerji, su, qida qıtlaşmaları... Əslində dünya bunlardan çıxış yolu axtarır da, tapır da. Ancaq o tapıntıları, onlardan gözlənilən mənəvi səmərəni insanın əjdahalaşdırılması heçə endirir. Təsəvvür edin ki, okeanların dalğalanıb coşmasından əmələ gələn enerjini elektrik enerjisinə çevirən qurğular yaradılır, AES-lər tikilir (ki, “bircə tükü tərpənəndə” əlində bu dünyanın aciz qaldığı Çernobıl baş verir); hətta kosmosda aparatlar yerləşdirməklə onların orada topladığı Günəş enerjisini Yerə ötürən stansiyalar yaradılır (kosmosda, evrendə!). Daha ağıla gələn və gəlməyən qəribəliklər! Başqa planetlərin mənimsənilməsindən, onlarda da soğan-sarımsaq əkilməsindən danışılır...
Burada insan hədəqədən çıxır, öz kontekstini, anlamını, təbiət baxımından kimliyini büsbütün itirib İstehlak Əjdahasına çevrilir, Yerin-Göyün zərərverici həşaratı, ölət virusu halına gəlir.
Xalqlar, bölgələr çağdaş mədəniyyətə yetdikcə əhali artımının tempi aşağı düşür. Dövlətlər isə... bundan rahatsızlaşır, artımı həvəsləndirir, stimullaşdırırlar!.. Əhali çoxluğu, artımı 1N-li bəla sayıldığı halda! Loğmanlar azalma probleminin təbii həllini görürlər, dövlətlər təşvişə düşürlər: “Əhalisi çox olanlar məni yeyəcəklər!” Halbuki dövlətlər xalq kimliyi, kimlikli xalq hayında deyillər. ”Çağdaş, azad insan” adlı İstehlak Əjdahası və onun ”çağdaş dövləti” adlı təminatçısı peyda olub. Onlar Yer üzündə üzvi həyatın və ruhaniyyatın (yəni ülvi həyatın) qəsdinə durublar...
Ruhani İradə bəşərin problemlərini özünəməxsus qaydada həllidir: İnsan dünyanın tükədicisi deyil, aşiqidir; bir ünlü türk deyimçisinin dediyi kimi, o, dünyanı yeyəsi deyil, dünyanın yiyəsidir.
Ruhani İradə insanlığa bu yöndə xidmət eləyir, bəşərin gəlişməsini ona doğru çevirir. Bunun üçün İnam Atanın Adını, canlı yaşamda göstərmiş olduğu Ömür Örnəyini, Öyrətisini (Təlimini), İnamını, Kitabını, Ocağını Mütləqə İnam Sivilizasiyasının Anayasasına çevirir. Bu atributların vəhdədi göz bəbəyi kimi qorunur. Çünki Yeni Sivilizasiya gəlişinin təminatçısı bu vəhdətdir.
Bir sözlə, Ruhani İradə gedə-gedə, cizgisini İnam Atanın cızdığı Ruhani Dövləti gerçəkləşdirir.
***
“Ruhani İnsan uğrunda” kitabı bu qayğıların harayçısıdır. Və o, naşı nikbinliyindən uzaqdır. Ancaq Ruhani İnsana, onun əməyinə inamlıdır.
***
Kitabın “Saz” və “Söz” deyə iki bölümdə verilməsi şərtidir. “Saz” deyəndə burada mən deyimsəl yazılarımı (içsəs, haray, çikkə) nəzərdə tuturam, “Söz” deyəndə görünüşcə məqaləyə oxşayan, təhkiyə üslubundakı yazılarımı. Bunların birincisi fikrin bədii – irrasional, ikincisi mühakiməvi – rasional yön və ya tərzdə ifadəsi sayılır. İdarakın bu cür bölgüsünün gələnəyi qədimdir. Platonun ”İon” dioloqu buna yetərli örnək sayıla bilər.
Kitabda onların ikisinin də hədəfi birdir: Ruhani İnsan axtarışı!
***
Sonda ağlınıza yazın ki, Ruhani İradə sümüksüz ət deyil, ətli sümükdür.
***
Atamız var olsun!
Комментариев нет:
Отправить комментарий