02.10.2012

RUSİYA SİQARETLƏ MÜBARİZƏYƏ BAŞLADI

«APA-ECONOMICS»in «RBK daily»ə istinadən verdiyi məlumata görə, qanuna əsasən, 2014-cü ildən uzaq məsafəyə hərəkət edən qatarlar və sərnişin gəmilərində siqaretin çəkilməsinə qadağa qoyulacaq. Eyni zamanda, hazırkı hava limanlarında siqaret çəkmək üçün ayrılmış yerlər ləğv olunacaq. Bununla yanaşı, vağzal və aeroportların girişi qarşısında da siqaret çəkmək mümkün olmayacaq. Siqaret çəkmək istəyənlər ən azı 10 metr sözügedən yerlərdən uzaqlaşmalıdır.
Bundan başqa, 2015-ci ildən etibarən hotel və gecə klublarında da siqaret çəkməyə, o cümlədən hazırda Rusiyada populyar olan qəlyanların çəkilməsinə qadağa qoyulacaq. Qanunda yaşayış binalarında siqaret çəkmək üçün xüsusi yerlərin ayrılması nəzərdə tutulub ki, bunun üçün siqaret aludəçiləri həmin binanın sakinlərindən razılıq imzası toplamalı olacaq.

Bu qadağalar həmçinin həbsxana və istintaq təcridxanalarını da əhatə edəcək.
Eyni zamanda, siqaretin pərakəndə satışı qaydaları dəyişəcək. Belə ki, 2013-cü ildən ticarət sahəsi 50 kv. metrdən az olan yerlərdə pərakəndə siqaret satışı qanunsuz hesab olunacaq. Hazırda Rusiyada pərakəndə siqaret satışı məhz sahəsi 50 kv. metrdən az olan yerlərdə aparılır.
Bir qədər iri ticarət obyektlərində isə siqaret məhsulları vitrinə qoyulmayacaq və alıcı siqareti xüsusi preyskurant vasitəsilə seçə biləcək.
Bununla yanaşı, Rusiya regionlarının öz qərarlarına əsasən, siqaretin satışı və istifadəsinə dair bir qədər də sərt məhdudiyyətlərin qoyulması üçün imkanın yaradılması təklif olunur.
Tərkibində tütün olan saqqız və buruna çəkilən tütün (burunotu) məhsullarının istifadəsinə də qadağa qoyulacaq.
Bundan başqa, ölkədə siqaret reklamlarına, sponsorluğa, o cümlədən xeyriyyə xərclərinə də tam qadağa qoyulması planlaşdırılır. Qanun qüvvəyə minəndən sonra çəkilən bədii filmlərin və televiziya verilişlərinin qəhrəmanlarına da siqaretdən istifadə etmək qadağan olunacaq.
Eyni zamanda Rusiya aksiz siyasətini korrektə etmək niyyətindədir. Belə ki, əgər sözügedən qanun layihəsi qəbul olunarsa, ölkədə siqaretin ən aşağı qiyməti 61 rubl (2,1 ABŞ dolları) olacaq.

Bakı. Nicat Mustafayev – APA-ECONOMICS.

Комментариев нет:

Отправить комментарий