16.10.2012

Ulusal savaşımızın tutsaq oğlunun qoşuğu

Bir az geciksəm də bu gün əlimə çatan bir qoşuğu bütün oxucularla paylaşmaq istəyirəm.
Bu qoşuğun özəlliyi onun çox böyük yazınsal dəyəri deyil. Dil bacarığı, bədii yaradıcılığının yüksəkliyi deyil.
Bu qoşuğun ən böyük özəlliyi onu yazan qoşuqçunun ulusal savaşımızın sıralarında olması, onu yazan qoşuqşunun öz dilindən desək illərcə Evin tytsaqlığında olması və bütün bunlarla birlikdə yurdumuzu sarsıdan son dəprəmlə ilgili yazılışıdır.
Sayın doktor Əsədi Vərziqan Əhər arasında yerləşən Dığdığan kəndindəndir. Dəprəm zamanı tutsaq olduğu üçün elinə yurduna baş çəkənməmişdir. Öz acılarını ağrılarını oxuyacağınız bu qoşuqda paylaşmışdır.

Qoşuğun formca quruluşca Şəhriyarın Heydərbaya salam qoşuğundan əsinləndiyi göz önündədir. Dilində də Heydər babaya Salam qoşuğu kimi bəlli bir ləhcədə yazılıbdır. Mən doktor Əsədinin yazına dilinə əl vurmadım. Necə yazıbsa eynən buraya köçürdüm.
Bu siz bu da bir ulusal savaşımızın tutsaq oğlunun qoşuğu:

Aərbaycan sənin başın sağ olsun
bu dağ görüm sənə axir dağ olsun,
illər gəlib səndə bir qonaq olsun
eşitmişəm nələr gəldi başuva,
dəprəm qopdu, dağlar uşdu başuva.

Dığdığanım, yaman viran olmusan
dar duvarın çöküb talan olmusan,
çox qocaydın, indi cavan olmusan
amma heyif qədim kətdən əsər yox
Əmməm qızı Tahirədən xəbər yox.

Mən dustaqda qaldım səni görmədim
o pis gündə sənə bir baş vurmadım
uşaqlara orda çadır qurmadım,
xəyal quşum gələr orda dolani
yoxlar bir bir yurdumuzda qalani.

Bir çıxaydım qəbristanın başına
daş çalaydım Hacı Babam daşına
qan qataydım gözlərimin yaşına
Qələ Qapın, xərmənlərin nə oldi
geçən geçdi, olan oldi sovuldi.

Təbibiydim başın üstə durmadım,
sən yanan gün bulut təkin dolmadım,
bir ağlıyıb başım tükün yolmadım
neçə ildi həsrətində qalmışam
yel gələndə, ətrüv ondan almışam.

Not: Fotoların ikisi də Dığdığan kəndindəndir. Onları sayın Arslan Sərrafinin facebook otağından almışam.

Hadi Qaraçay Qaraçay

Комментариев нет:

Отправить комментарий