13.06.2014

Türkiyə üzərindəki böyük oyun: BOR!!

Süphan Padarsoy

Amerikanın sabiq prezidenti Corc V. Buş hələ İraq müharibəsinə başlamazdan əvvəl “Xalqa Səsləniş” nitqində müharibəyə qarşı olan Amerikalıların fikrini dilə gətirmiş, “Amerikanı neftə asılılıqdan xilas etmək üçün bora əsaslanan hidrogenlə işləyən avtomobillər layihəsinə 1.2 milyard dollar vəsait ayrılacağını” bəyan etmişdi. Yaxın Şərqə əsgər yığıb İraqı işğal etmək necə İsrailin istəyi idisə, eləcə də hidrogenə keçib ərəbləri iqtisadi baxımdan çökdürmək də İsrailin arzusudur. Çünki həm Amerikanın, həm də İsrailin yanacağa olan tələbatının 99 faizini Ərəb nefti ödəyir. 2004-cü ildə amerikalı məşhur kino aktyor Robert Redford “ən böyük vətənsevərlik Amerikanı xarici neftə bağlılıqdan xilas etməkdir. Halbuki, nə respublikaçılar, nə də ki demokratlar bunun fərqindədir” deyə qışqırırdı. Əgər neft tərk edilib bora keçilsə, bu zaman ən çox mənfəət qazanan ölkə Türkiyə olacaq. Çünki bor mədənlərinin ana yurdu (ümumi bor rezervlərinin 70 faizi) Türkiyədir. Ancaq, neft rezervləri ərəblərin başına necə bəla olubsa, bor rezervləri də Türkiyənin başına elə bəla olub. Türkiyə üzərində oynanılan oyunların hamısı bor üstündədir.
Yuyucu tozlar, boyalar, diş məcunları, keramika, çini qablar hazırlanmasında və kosmetikada bordan geniş istifadə olunur. İzolyasiya ləvazimatı kimi inşaatlarda, kompyuter texnologiyasında, qırıcı təyyarələrin yanacağı istehsalında, böcəköldürücü kimi bütün kənd təsərrüfatı dərmanlarında, hətta İraq müharibəsində tez-tez eşitdiyimiz Tomhawk raketlərinin və görünməz qırıcıların hazırlanmasında bor metalı xüsusi yer tutur. Türkiyəli alim Sinan Aygün bildirir ki, kosmosa göndərilən “Challenger” maşınının da yanacağı məhz Türkiyədə, bordan istifadə edilərək hazırlanmışdır. Bu məsələ haqqında geniş tədqiqatlar aparan və bir kitab yazan S. Aygün, Türkiyənin sahib olduğu bor rezervlərindən heç nə qazanmadığını deyir: “Biz amerikalıya borun tonunu 140 dollara satırıq, amma türklərə 240 dollara satırlar, ona görə ki ABŞ ilə müqavilə var. Yəni amerikalı boru alıb öz ölkəsinə aparır və 140 dollara 50 dolar xərc də əlavə edib, eyni boru Türkiyəyə 600 dollara geri satır. Məhz bu araşdırmalarına görə də S. Aygün Türkiyədə böyük təzyiq altındadır, hətta bir dəfə maşını güllələnmişdir. Öz bor yataqlarında hasilatı dayandıran Amerika, Türkiyədən durmadan hər il orta hesabla 350 – 400 min ton işlənməmiş bor alır. Türkiyənin boru Amerikadakı bordan keyfiyyətcə qat-qat üstündür. Dünyadakı 488 milyon tonluq bor rezervinin 320 milyon tonu Türkiyədədir. Bu, o deməkdir ki, əgər bütün dünya yanacaq olaraq nefti tərk edib bora əsaslanan hidrogen yanacağına keçsə İsrailin də, ABŞ-ın da, Avropanın, Rusiyanın, Çinin və Yaponiyanın da gözü Türkiyəyə dikiləcək. Daha doğrusu, çoxdan dikilmiş vəziyyətdədir. Soyuq müharibə illərində Amerika Sovetlərin kosmosa göndərdiyi maşınlarda yanacaq olaraq bor istifadə etdiyini və bu borun Türkiyədən Yunanıstana, oradan da Sovetlərə satıldığını öyrəndikdə Türkiyənin Yunanıstana bor satmasını əngəlləmişdi. Digər məsələ, 1993-cü ildə nüvə enerjisi istehsalında uranın yerini toriumun ala biləcəyi sübut edildi. Uran yerinə toriumdan istifadə edilən stansiyalar 2 ildən sonra istehsala başlaya bilər. Bütün dünya isə bundan məmnun olacaq, çünki torium ətraf mühitə radiasiya yaymır. Amma bor necə dünyanın gözünün Türkiyəyə dikilməsinə səbəb oldusa, torium da elə olacaq. Amerikada 160 min torium rezervi olduğu halda, Türkiyədə ümumi rezerv 800 min ton təşkil edir. Üstəlik, Türkiyədəki torium 100 faiz oksidləşmiş toriumdur, bu isə istifadəyə daha çox uyğundur. Bir sözlə, dünya torium rezervlərinin yarıdan çoxu Türkiyədə- Əskişəhir, Beypazarı, Sivrihisar və Kızılcaören ərazilərindədir, yəni bor mədənlərinə çox yaxındır. C. V. Buş İraq müharibəsinə başlayarkən Türkiyədən bir neçə yeni baza istəyirdi. Bunlardan üçü-Tekirdağ Çorlu hava limanı, ikincisi İstanbul Sabiha Gökçen hava limanı, üçüncüsü isə Afyon hava limanı. Bu bölgələr İraqa ən uzaq bölgələrdir və Amerikanın “qırıcılarımız bu hava limanlarından qalxıb İraqı vurduqdan sonra geri qayıdacaqlar” söhbəti isə tamamilə yalandır. Bəs, bu bazalar Amerikanın nəyinə lazım idi ki? Diqqət etsək, bu hava limanları bor və torium yataqlarının yerləşdiyi Eskişəhir, Balıkesir, Bursa, Kütahya, Beypazarı, Sivrihisar və Kızılcaören bölgələrinə çox yaxındır. Amerika burada İraq müharibəsi ilə heç bir əlaqəsi olmayan nəzarət məntəqələri, məktəblər, kinoteatrlar və ticarət mərkəzləri açacaq. Məhz buna görə də ABŞ 7000 əsgərini artıq bura yerləşdirib. İndi, bildinizmi, İraq müharibəsi bəhanəsi ilə Türkiyədən istənilən bu hava limanları Amerikanın nəyinə lazım idi? ABŞ onsuz da İraqı vurmaq üçün Adanadakı İncirlik bazasından və Türkiyənin digər cənub şəhərlərindəki hava limanlarından geniş istifadə etmişdi. Dəyərli oxucular, yanacaq kimi neftdən istifadə dayanan kimi bütün dünyanın gözü Türkiyəyə yönələcək. Çünki ümumdünya bor ehtiyatının 70 faizi, torium ehtiyatının isə 50 faizi Türkiyədədir. İndi hamımız Türkiyə üzərindəki böyük geosiyasi və strateji oyunların səbəbini daha yaxşı anlamış olmalıyıq.

interpress.az

Комментариев нет:

Отправить комментарий