05.08.2014

Ağ bayraq, və ya tanklar Ağdama çatdı

Ermənilər ağ bayraq qaldırdı. Tanklar Ağdama çatdı. Türkmənlər köməyə gəlir. Rusiya, Qırğızıstan, Tacikistan Azərbaycanın tərəfindədir.

Ağdamda sakitlikdir. Cəbhədə müharibə olmadı, ancaq Əli Həsənovun qəyyumluğu altında fəaliyyət göstərən püşəkar mediada isə böyük vətən savaşı bütün şiddəti ilə davam edir. Qəzet və portallar insanları çaşdıraraq məlumatlar uydurmaqda davam edirlər. Manşetlərə nəzər salaq: “Separatçı ermənilər Bakının qarşısında ağ bayraq qaldırdı”. Bu xəbəri musavat.com axar.az-a istinadən yayıb. Axar.az isə iddia edir ki, bu “ağ bayraq” bəyanatını Ukraynanın Glanoe.ua saytından götürüb. Glavnoe.ua-da çıxan müvafiq yazını (sərlövhə: Тревожные сообщения поступают из зоны Нагорно-Карабахского конфликта) ələk-vələk elədik, amma “ağ bayraq” sözünə rast gəlmədik. 

Gülüncdür! Ağ bayraq qaldırılbsa, bəs kiminlə vuruşuruq? İkinci manşet: “İraq türkmanları Qarabağa gəlməyə hazırdır”. Bu sərlövhə də axar.az saytına aiddir. Portal İrakın Ərbil şəhərindəki türkmən radiosunun rəhbəri Riyaz Dəmirçi ilə müsahibə aparıb. Dəmirçi deyib ki, “Qarabağ 24 saat içində düşməndən azad edilə bilər”. Cahillik dövrünə qayıtmışıq, ya Rəb! Dəmirçi bəy, belə qəhrəman idinizsə, İrakda yurd-yuvanızı İŞİD dəstələrindən və kürd peşmərgələrindən niyə qorumadınız? 
Və axar.az-dan üçüncü manşet: “Azərbaycan ermənilərin ərazisinə girməyə cəhd etsə, nəinki Rusiya, hətta Tacikistan, Qırğızıstan və Qazaxıstan onu (Azərbaycanı) müdafiə edəcəklər”. Axar.az və musavat.com yazır ki, bunu Qazaxstanın tanınmış siyasətşünası Yermek Taycibekov bildirib. Bildiribmi? Yoxladıq. Yermek Tacıbekovun İA REX saytına verdiyi müsahibəni tapdıq. Oxuyun: “…И вот Ильхам Алиев готовится вернуть Карабах. Силой. Естественно без геноцида 150 000 армян не обойдется. Вот как в такой ситуации России поступить?! Армения состоит в ОДКБ. Если Азербайджан вторгнется на территорию Армении, то не только Россия, но и Казахстан, Кыргызстан и Таджикистан обязаны согласно договору ОДКБ защитить Ереван”. (iarex.ru) 
Yaxşı oxuyun, diqqətlə oxuyun və müqayisə edin! Və son xəbər: müdafiə naziri Zakir Həsənov Bərdəyə vertolyotla gedib. Mətbuatın tankları Şamaxı perevalına çatıb, qırıcılar Bərdənin üstündə at oynadır, musavat.com-un müxbirləri isə Ağdamda rahat çay içirlər… /Mirzə Xəzər/

Комментариев нет:

Отправить комментарий