31.08.2014

QARANLIĞIN KEŞİYİNDƏ

Kamal Azər Yunus
  
 Qaranlıq... Kimini qorxudur, kimini isə səbirsizliklə bu zaman kəsiyini gözləməyə vadar edir işığın olmadığı və son dərəcə gecələrin səssizliyinin insanda vahimə yaratdığı bu tənha mühit.  Kimi isə gündüzlər görmədiyini, yalnız xəyallarının rəsmini çəkdiyi, hər zaman bir bəhanə ilə qarşılaşmaq, ona toxunmaq və ya sadəcə kənardan uzun-uzadı baxmaq istədiyi insanları  gecələr yuxularında görmək  xəyalı ilə yaşayır. Kimisi gecələrə, əyləncəli vaxt keçirmək, fikrini, pulunu dağıtdığı, boş-boş problemlərdən yüklənmiş beynini, ürəyini, ağlını şənləndirmək üçün, qısası  kef cəkmək üçün vaxt, kimisi tənha, yalnız qaldığı, özünü kimsəsiz, acınacaqlı vəziyyətdə sandığı ən qorxunc an, kimisi isə gecələməyə yer axtardığı, gözləri boş skamya axtaran insanların dəhşətlə, həyəcan və qorxu içində baxdığı vaxtdır...
 Qəribədir bu ucu bucağı olmayan, sonunun harada başlanıb və harada bitdiyini bilmədiyimiz dünyanın bir hissəsi gülümsəyən günəşin parlaq şüalarının ətrafa işıq saçması ilə gündüz olduğu vaxtda digər hissəsi isə, sanki unudulmuş, tərk edilmiş, şəfqətdən və qayğıdan uzaq düşmüş insanların məskunlaşdığı, günəşin isə yaddan çıxarıb işıqlandırmadığı yer, qaranlıq olur.  Xoşbəxtlik hər insana verilmədiyi kimi işiq da hər yerə eyni ötürülmür...
 Bəzən bu qaranlıqda itib batarsan, zəif olduğun üçün sınarsan problemlərin və ya həyatın sənə verdiyi asanlıqla dəf olunmayan dərdlərin qarşısında. Bəzən isə bu qaranlığa sinə gərərək güclü, yenilməz olduğunu isbat edib yaranan gərginliklərin öhdəsindən gələrsən. Bir çıxış yolu da var ki, həyatdan, insanlardan kənarda, qayğı və problemlərdən uzaq olmaq üçün qaçmaq. Əslində qaçmaq qorxaqların, iradəsinə güc gələ bilməyən və həyatın qarşısında əyilən insanların seçdiyi ən asan  yoldur. Problemlərdən yaxa qurtarmaq, səssizliyə çəkilmək, hər şeydən – insanlardan, onların yersiz mübahisə və münaqişələrindən, ədalətsizlikdən, yalanlardan yaxa qurtarıb getmək çoxunun arzusudu. Amma qalmaq isə hünər, cəsarət tələb edən işdir. Bacarırsansa qal...
 Gecəni sevməyənlər, ondan qorxanlar hətta qaçanlar olduğu kimi gündüzü sevməyənlər, ondan qorxanlar da var. Məsələn yarasalar...
 Necə də qəribə və insanda maraq, heyrət, təəccüb hissi doğuran həyata sahibdir bu heyvan. Gecələri ova çıxır sinsicə gündüzlər görmədiyi həyatı kəşf edər bu varlıq. Gecə quşu buna deyirlər yəqin...
 Mən də o yarasanın yaşadığı taleyi yaşayıram deyəsən. Gündüzdən qorxur, günəşin şüalarının gözümə düşməsindən hədsiz çəkinirəm. Mən qeyri adiyəm. Mən yarasayam yoxsa insanlardan, onların yaratdığı problemlərdən, həyatdan, dünyadan qaçan pessimist? Mən insanam. Yarasanın belə həsəd apardığı insan...
 Gündüzləri yatıram. Bütün problemlərdən, yaşanan gərginliklərdən uzaq olmanın ən gözəl üsuludur bu. Gecələr isə işim-peşəm yazmaqdır yalnız. Nədənmi yazmaq? Gecələrdən, onların səssizliyindən, kimisi üçün qorxunc olmasından, insanların yaşantısından yazıram. Qazancım atamdan gəlir. Necə ki, yarasalar yaşamaq naminə gecələr ova çıxır, mən də hər ayın başlığı gecə çölə çıxıb bank terminalından atamın göndərdiyi pulu götürürəm. Bəzən qaçmaq da gəlir ağlıma. Getmək. Geriyə belə baxmadan, haraya geəcəyvni bilmədən buralardan uzaqlaşmaqdır tək arzum... İnsanlardan qorxuram. Ikiüzlü, yalançı, satqın insanlar məndə ikrah hissi doğurur. Sonra fikirləşirəm ki bu insanlar hər yerdə var. Dayanacaqda, avtobusda, küçədə, parkda, binada, keçidlərdə. Hara gedim bəs? Robinzon Kruzo necə də şanslı imiş. Kaş onun yerində olaydım, hamidan kənarda tək-tənha yaşayardım. Yəqinki kimsəsiz bir adada insanlar olmaz.  Meşə ilə örtülü bir adada saysız yarasalar məskunlaşır yəqin. Yarasaları sevirəm. Onlar da mənim kimidi. Səssizliyi, tənhalığı sevir. Tənhalığı sevənlər özünə qapanan insanlardırsa demək yarasalar da özünə qapanır? Onlar ki, ağlı, düşüncəsi, şüuru olmayan, dilsiz, ağızsız bir heyvandır. Amma tənhalığı, səssizliyi və ən əsasda qaranlığı sevən heyvan...
 Yenə də həmin qaranlıq, səssiz, kimsəsiz gecələrdən biri idi. Çöldə bərk külək əsir, az qala evlərin damlarını qoparıb kənara atırdı kənara. Həmişəki adətimə sadiq qalaraq saatın 01:00 olduğunu görüb kompyuterin qabağından durdum. Çoxdandır təzəsini almağa imkanım olmadığı köhnə papaqlı poliverimi geyinib və yaxasını bağlayıb küçəyə çıxıb daş döşənmiş yolda cəld addımlarla irəliləyirdim. Hara belə getdiyimi bilmədən adımlarımın sadəcə qarşıya getdiyini bilirdim arxaya belə baxmadan tez-tez yeriməyə başladım. Hər yer qaranlıq idi. Sanki tənha idi Küləklər Şəhəri...
 Artıq insanda vahimə və qorxu hissi yaradan o dəhşətli külək dayanmış, ətrafa yağışın narın damcıları səpələnirdi. Göydən sakit və tələsmədən düşən saf, təmiz  yağış damcılarını sevirəm leysandan fərqli olaraq. Qollarımı açıb yağışın rəqs edən damcılarının üzümə düşməsinə imkan yaratmağa başladım. Sanki o, yağış damcıları qulağıma nə isə pıçıldamaq istəyirdi bunu onların sakit tərzdə yağmasından başa düşürdüm.
 Bir az daha irəlilədikdən sonra qarşıda yağışın altında titrəyən, övladları tərəfindən küçəyə atılmış bir qocanın ağladığını gördüm. Ona laqeyd yanaşıb fikir vermədən onun yanından uzaqlaşmaq istədikdə onun mənə məsum, kimsəsiz bir ifadə ilə baxmasının şahidi oldum. 
 Bir anlıq ona kömək etmək fikri ağlımdan keçdikdə düşündüm ki, övladları onu qovubsa nə üçün mən yardım etməliyəm? Qətiyyətlə oradan uzaqlaşıb yenidən bu narın yağış damcıları ilə danışa-danışa irəliləməyə başladım. Bir neçə saat gəzdikdən sonra saatın 05:00 olduğunun fərqinə vardım. Artıq qayıtmaq, evə - tənha yuvma getmək, özümə qapanmaq vaxtı idi. Gəldiyim yol ilə cəld addımlarla yeriməyə başladım ki, yenidən həmin qoca yerdə uzanmış şəkildə qarşıma çıxdı. Nəfəs alıb-almadığını öyrənmək üçün ona yaxınlaşdım. Nə nəbzi döyünür nə də ki, nəfəs alırdı. Qarşısında diz çöküb eşitməməsinə rəğmən “bağışla” dedim. 
 Göz yaşlarımı saxlaya bilmədən evə tərəf qaçmağa başladım. Bir daha çölə çıxmağa cəhd göstərməməklə yanaşı daha da bağlandım tənhalığa.. Amma o, hadisədən sonra anladım ki, insanlar laqeyd, dünya aləm vecinə olmayan varlıq deyilmiş. Bu sözlərin mənə və yarasalara aid olduğunu başa düməyim gec olsada çətin olmadı. Anladım ki, nə Bakı nə də onun sakinləri  tənha deyil. Tənha olan mən və yarasalardır. Tənhalığı sevmirəm artıq. Hətta tənhalığa nifrət edirəm desəm belə yanılmaram.  İnsanlardan da qorxmuram həmçinin. Tək qorxum özümədir yalnız.. Özüm-özümdən qorxur edəcəyim hərəkətlərin haqsızlığını indidən bilib bəraət qazandırmağa belə çalışmıram özümə. Mən yarasa deyiləm. Sadəcə həyata qarşı laqeyd olan və dünyadan təcrid edilmiş yalquzaq ömrü yaşayan insanam. İnsanın özü-özünün düşməni olduğunun fərqinə vardım. 
 Sən demə mən çoxdan acizlik göstərib həyatdan bir kənara çəkilərək qorxaqlıq nümayiş etdirmişəm...

Комментариев нет:

Отправить комментарий