17.08.2014

Şirin Xanım Kərimbəyli Şadiman - DOKTOR CAVADI

Bu gün Cavad Heyət Bakıda
torpağa tapşırıldı, məzar evi nurlu 
olsun, təbibliyindən, alimliyindən 
öncə, o böyük VƏTƏNDAŞ idi…

Dilindən düşmədi Vətən torpağı,
Qəlbdə dalğalatdı üçrəng bayrağı,
Güneydən Quzeyə gəzdi ayağı,
Çıxmaz qəlbimizdən işıqlı adı.
Yaşadar «Varlıq»ı doktor Cavadı.

Güneydə çalxatdı TÜRK varlğını,
Sevdi anasıtək bərk varlığını,
Etmədi çoxlartək tərk varlığını,
Oldu Vətənmizin nurlu övladı, 
Yaşadar «Varlıq»ı doktor Cavadı.


Müstəqil dövlətlə qürurlanırdı,
Ürəyi millətçin eşqlə yanırdı,
O Azərbaycanı canı sanırdı,
Canı qucağına aldı ustadı,
Yaşadar «Varlıq»ı doktor Cavadı.

Əlləri məlhəmli Cavad Heyəti,
Saldı dil-ağıza təbib qüdrəti,
Gəzdi Avropanı onun izzəti,
Xəstə ürəklərə yetdi imdadı,
Yaşadar «Varlıq»ı doktor Cavadı.

Təbib dil eşqiylə dərgi yaratdı,
Ana türkcəsinə məbəd ucaltdı,
Duyğusun, sevgisin «VARLIQ»a qatdı,
Heyrətdə buraxdı yaxını, yadı,
Yaşadar «Varlıq»ı doktor Cavadı.

Bu itgi eldəndir, ey gözəl insan!,
Yoxluğun Vətənə deyildir asan,
Araz da hönkürüb tökəcək leysan…
Necə ki gözümdə gürşadın dadı,
Yaşadar «Varlıq»ı doktor Cavadı.

Qarabağ deyirdin çıxışlarında,
Bir niskil yatmışdı baxışlarında,
Döyüldük dövranın sərt qışlarında…
Bu qopan tufanlar ruhun fəryadı,
Yaşadar «Varlıq»ı doktor Cavadı.

Şadiman ruhuna əyir başını,
Öpəcək Vətənin məzar daşını,
Basacaq bağrına VƏTƏNDAŞINI…
İnsanlıq sevənə örnək həyatı,
Yaşadar «Varlıq»ı doktor Cavadı.
Yaşadar «Varlıq»ı doktor Cavadı.

Комментариев нет:

Отправить комментарий