28.07.2016

Bir adın iziylə - Təklə

Bilal Alarlı,
filologiya üzrə fəlsəfə doktoru

Təklə coğrafi ad kimi Türk dünyasının tərkibinə daxil olan bir çox ölkələrin ərazisində mövcuddur. Təklələr Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Qara dənizin şimal sahilində, Volqa boyu ərazilərdə məskunlaşıblar. Gürcüstanda Ağtəklə və Qaratəklə adlı kəndlər var. Borçalılar həmin kəndlərin adlarını “Təhlə” kimi tələffüz edirlər. Çində, İranda, Suriyada, İordaniyada və digər ölkələrdə də təklələrə rast gəlinir. İraqın Kərkük əyalətində məskunlaşmış təklələr, Mərkəzi Asiyada olduğu kimi, səpələnmiş halda yaşayırlar. Qazaxıstanın Taldu-Kurqan vilayətində Təkəli adlı şəhər var. 
Bu coğrafi adın yayılma arealına Azərbaycanın bir çox rayonları da daxildir. Müxtəlif tarixi və coğrafi mənbələrdə Takla, Takle, Tekle, Tekla, Təklo, Tokle, Teklo, Tekli və sair yazılış variantları bu coğrafi adın ауrı-ауrı xalqların dialekt təsirinə məruz qalmasından irəli gəlir. Bu fakt toponimin tayfa adı olmasını da sübut edir. Təklə tayfasının bır hissəsi Cənubi Azərbaycan ərazisində yaşayır, maldarlıqla məşğul olur, qışı Muğanda, yayı isə Savalan yaylaqlarında keçirir. Minlərlə çay, göl, dağ, yamac, zirvə, yayla, təpə, dərə, bulaq və çöl Təklə adıyla bağlıdır. Masallı rayonunda Təklə dərəsi, Təklə təpəsi, Təklə düzü, Cəlilabad rayonunda Təklə bulağı, Təklə dərəsi, Təklə dağı, Təklə yamacı, Təklə örüşü kimi yer adları mövcuddur. 
Toponimik araşdırmalar Təklə toponimlərinin səlcuq türklərindən olan eyni adlı Təklə türk tayfasının adından alındığını təsdiq edir. Türkmənistanın ən güclü etnik qrupu sayılan təklələrin toxuduğu xalılar, bəslədiyi atlar dünyada məşhurdur. 
Bəzi tədqiqatçılar Təkləni Azərbaycanın yerli tayfası saymırlar. Halbuki son zamanlarda aparılan tədqiqatlar təsdiqləyir ki, türklər Qafqazda və Anadoluda hələ eramızdan çox-çox əvvəllər yaşamışlar. Təklələrin Səfəvilər dövlətinin mədəni həyatında mühüm rol oynamaları isə tarixin maraqlı səhifələridir. Təklə-Təkəli tayfası Səfəvilər xanədanının ən çox etibar etdiyi tayfalardan biri olub. Buna görə də təklələr Səfəvilər imperiyasının müxtəlif ərazilərində məskunlaşıblar. Azərbaycan xalqının etnogenezinin formalaşmasında iştirak edən Təklə tayfası igid, qorxmaz bir tayfa olub və turk tayfaları arasında mədəni-ticari əlaqələri möhkəmləndirib. Azərbaycan xalqının təşəkkülü və formalaşması prosesinin başa çatması Səfəvilər dövlətinin qurulması ilə bağlıdır. Tarixin bu məqamında milli dövlətin qurulması və xalqın formalaşması prosesi bir-birini tamamlayır . Təklənin, yaxud təkəli tayfasının da daxil olduğu Qızılbaşlar Azərbaycan, Kiçik Asiya və Suriyada yaşamış türkdilli tayfa ittifaqı olmaqla, əvvəl şamlı, rumlu, ustaclı, təkəli, əfşar, qacar, zülqədər, varsağ, qaradağlı, sonra isə bayat, qaramanlı, baharlı, alpout, ərəşli, qazaxlı və sair türkdilli tayfaları birləşdirib. Təklələr əvvəllər oğuz tayfa ittifaqına daxil olub, Türkiyə ərazisində yaşayıblar. Təklə tayfasının Azərbaycanla bağlılığı haqqında müxtəlif mülahizələr var. Bəziləri Təklə tayfasının Azərbaycanın siyasi arenasında fəallaşmasını XVI əsrə, başqa tədqiqatçılar isə XVII əsrdən sonrakı dövrə aid edirlər. 
XIX yüzilliyin axırlarında Azərbaycanda yaşayan təklələr aşağıdakı hissələrə bölünürdü: I Təklə, II Təklə, III Təklə, Təklə-mirzəbabalı, Təklə-sofu, Təklə-şatullı, Təklə-abdulla, Təklə-xal, Təklə-axsaqlar, Təklə-ağamollalar, eyvazlılar (yaxud əmiralılar), boşçalar, talıbxanlı, budaqlı, ağamalılar, murtulu, əlipənahlı, avdallar, sarxanlı, bulutlu, hacılı, bozçalar, xəlfəqulular və aşıqlı. XVI əsrdə Şah Abbasın tərəfdarları tərəfindən təklə, qədirli, ilxıçı, beydili, qaradağlı, əhmədli və sair türkdilli tayfaların birliyi yaradılıb, həmin birliyə Şahsevənlər adı verilib. 
Göründüyü kimi, Təklə tayfası da həmin birliyə daxil olub. Coğrafiya elmlər doktoru, professor Nadir Məmmədov göstərir ki, təklo - təkləlilər tayfasının Azərbaycana gəlməsi tarixini XI əsrlə bağlamaq mümkündür. Çünki tarixi sənədlər də Səlcuq türklərinin Azərbaycana XI əsrdə gəlməsini təsdiqləyir. XIX əsr mənbələrində qeyd olunduğu kimi təkləlilər Mil və Qarabağ düzənliklərində məskən salıblar. Muğanda da təklələrin sayının artırılmasına aid bir çox sənədlər var . Qarayazı ərazisində olan "Ağ təhlə", "Qara təhlə" kənd adları ilə bağlı xalq yozumları da maraqlıdır. “Kür çayının şərq istiqamətdə axması Qarayazının Borçalı buğumlarından ayrı, "tək"-"tənha" düşməsinə gətirib çıxarıb. Elə bu qədim (Ağ və Qara) Təhlə yaşayış yerləri "təklə", "tənha", "tək" söz birləşmələri Ağqoyunlular, Qaraqoyunlular tayfaları ilə birləşib, indiki kimi səslənən Ağtəhlə və Qaratəhlə adlarını daşıyır”. Təklə haqqında yazılan kitab və məqalələrdə daha çox İ.P.Petruşevskinin, M.Andreyevin və Q.Qeybullayevin araşdırmalarına istinad edilib. Türkiyədə “Tekle” adlı kitab nəşp olunub. Azərbaycanda da Təklə tayfası və etnotoponimi ilə bağlı araşdırmalar aparılıb. Süleyman Əlisanın “Təklə eli, tərəkəmə dünyası” kitabında təkləlilərin tarixi, dünəni və bu günü tam genişliyi ilə tədqiq olunub. Süleyman Əlisanın yazdığına görə, Azərbaycanda kadusi, oğuz, qıpçaq, alban və bir çox məşhur tayfalar yaşayıb. Belə tayfalardan biri də Təkləli tayfalarıdır. Bu tayfalar dünyanın bir çox ölkələrində, Antalyadan tutmuş Çinədək, Qazaxıstanadək ərazilərdə özlərinə yurd-yuva qurublar. Təkləlilər Azərbaycanın da 10-dan artıq rayonunun, o cümlədən cənub bölgəsinin Masallı və Cəlilabad rayonlarının daimi sakinləridir. Süleyman Əlisanın müxtəlif elmi mənbələrə əsaslanaraq apardığı elmi araşdırmanın nəticəsi belədir ki, Təklə (Təkəli) tayfa, etnos adıdır və Qızılbaşların Təkəli tayfası ilə bağlıdır. Qədim Oğuz-Səlcuq türk tayfalarından biri belə adlanırdı. Bu tayfalar İranda, Türkiyədə, Azərbaycanda, Türkmənistanda, Gürcüstanda, Qazaxıstanda və digər yerlərdə məskunlaşıblar. Bu tayfanın adı Doğu Türküstandakı Təklə-Məkanla əlaqəlidir. Çin ərazisində yerləşən bu səhranın uzunluğu 1000 km, eni isə 420 km-dir. Dünyanın ən tanınmış istirahət mərkəzlərindən olan Türkiyənin Antaliya və Alaniya arasındakı sahil boyu torpaqları Təklə eli kimi tanınır. Təkə eli adına Timurlu müvərrixi Şərəfəddin Əli Yəzdinin “Zəfərnamə” əsərində də rast gəlinir. XIV-XV yüzilliklərdə Üçoxlara tabe olan bəzi boy və oymaqlar Təkə elinə gəlib yerləşiblər. Beləliklə, türkmanlar (Oğuzlar) azərbaycanlıların etnogenezində iştirak etmiş türk tayfalarından biri kimi Səlcuqların tərkibində Azərbaycana və Orta Asiyaya gəliblər. Artıq XVI yüzillikdə Sarıq, Yomut və Təkə tayfaları “Təkəli” adı ilə tanınırdılar. Təklə tayfası Azərbaycan Respublikasının bir çox rayonlarında, xüsusən İmişli, Beyləqan, Bərdə, Qobustan, Masallı, Cəlilabad, Ağsu, Kürdəmir, Goranboy, Şamaxı və başqa rayonlarda, buradakı ayrı-ayrı kəndlərdə daha çox məskunlaşıblar. Eyni zamanda bu tayfalara Quzey Azərbaycanın və Gürcüstanın az qala hər guşəsində rast gəlmək mümkündür. Bundan əlavə Dərələyəzdəki “Təhlə düşən” toponimi bir daha isbat edir ki, haqqında söhbət gedən bu yer Ermənistan ərazisində yerləşsə də, azərbaycanlılara məxsusdur.
XIX yüzilliyin axırlarında Azərbaycanda Təklə tayfasının Təklə-Mirzəbaba, Təklə-Sofu, Təklə-Şatullu, Təklə-Abdulla, Təklə-Xol, Təklə-Ağsaqlar, Təklə-Ağamollalar, Boşçalar, Xəlifəqullular, Talıbxanlı, Budaqlı, Ağamalılar, Avdallar, Buludlu, Hacılı, Bozçalar, Aşıqlı və sair tirələri yaşayırdı. Tarixdə təklələr döyüşkən və mübariz tayfa kimi şöhrət tapıb. Heç də təsadüfi deyil ki, XIX yüzillikdə və XX yüzilliyin əvvəllərində təklələrin xələfləri bir çox məşhur hərbçilər, o cümlədən generallar nəsli yetişdirib. Məşhur sərkərdələr nəsli Yadigarovlar, o cümlədən İsrafil bəy Yadigarov, Həsən bəy Yadigarov və başqaları Borçalının Aran bölgəsində məskunlaşan Təklə tayfasındandırlar. Qarabağ xanlığında Təklə tayfasından olan Əlimərdan bəy Təklə, Cahangir bəy Təklə, Əmiralı bəy Əlimərdan bəy oğlu Təklə, Məmmədvəli bəy Təklə və başqa bəylər oba başçıları olublar. Süleyman Əlisa təklələrin Səvəfi xanədanlığındakı mövqeyi haqqında maraqlı məlumatlar verir: “Səfəvilərin 7 sütunundan biri- Təklə-Təkəli tayfası XV yüzillikdə Şah İsmayıl Səfəvinin tərəfinə keçərək Azərbaycana gəlmiş və Qızılbaşlara qoşulmuşdu. Onlar XVI əsrin əvvəllərində Şah I İsmayılın apardığı döyüşlərdə fəal iştirak edib və Səfəvi dövlətinin yaranmasında mühüm rol oynayıblar. Ona görə də Təbriz alındıqdan sonra göstərdikləri xidmətlərə görə Təkəli bəyi Sarı Əli möhürdar, bir qədər sonra isə Təkəli bəyi Burun Sultan Məşhəd əmiri təyin olunmuşdu. Bunlardan başqa Təkəlı Yekan Sultan, Çuxa Sultan, Rəis bəy və Şərafəddin bəy də hələ Şahqulu hadisələrindən öncə Şah İsmayılın yaxın tərəfdarları idilər. Səfəvilər dövlətinin siyasi həyatında mühüm rol oynayan təklələrin bir hissəsi sonralar mərkəzi hakimiyyətə qarşı çıxdığına görə, 1596-cı ildə I Şah Abbas tərəfindən məhv edilib, qalanları Azərbaycanın müxtəlif yerlərinə yayılıblar. Tarixdən məlumdur ki, “Səfəvi dövlətinin yeddi sütunundan biri” sayılan təklələr-təkəlilər 1514-cü ildə Şah İsmayılın Çaldıran döyüşündə Sultan Səlimə məğlub olmasından və Osmanlı İmperiyasının Səfəvilər dövlətinin işğalına yönələn siyasətindən narazı idilər. Bu və ya digər səbəblərdən əski Azərbaycan torpaqlarının geri qaytarılmasında Səfəvilər onların gücündən istifadə edə bilərdilər. Məlum olduğu kimi, Səfəvi dövlətinin qurulmasında rumlular mühüm rol oynamışdılar. Nur Əli bəy, Piri bəy və Div Sultan bu tayfanın ən tanınmış bəyləri idi. Şah İsmayılın və onun varislərinin dövründə hakimiyyətdə mühüm vəzifələri tutan bu rumlu bəylərinin yanında Təkəli bəylərinin də xüsusi yeri vardı. İmperiyaya müxalifətdə olan Ustaclılara qarşı mübarizədə böyük igidlik göstərən Burun Sultan Təkəli və Qaraca Sultan Təkəli öldürülsələr də, ustaclılar məğlub oldular. Şah Təhmasib dövründə hakimiyyətə yaxın olan Div Sultanı öldürtdürərək onun vəzifəsini ələ keçirən Çuxa Sultan təkəli bəylərini bir çox vilayətlərə rəhbər təyin etdirərək onlara xan rütbəsi, sultan dərəcəsi verdirdi”.
Süleyman Əlisa daha sonra yazır ki, təklələrin Səfəvi xanədanlığındakı hökmranlığı çox uzun sürmədi. Tezliklə Təkəli Üləma xan şaha qarşı üsyan qaldırdı. Hətta o, osmanlılarla Ferdinandın savaşına qatılıb osmanlı sultanına sədaqətini göstərdi. Səfəvi tarixində bu hadisə “Afəti Təkəli”, yəni Təkəli müsibəti adlanır. Çünki Şah I Təhmasib onların üsyanını amansızlıqla yatırtdı, Üləma xan Osmanlı sultanının himayəsində qaldı. O, fürsət tapan kimi qızılbaşlarla döyüşlər aparırdı. 1534-cü ildə Osmanlı Sultanı Süleyman Azərbaycana hücum edərkən Üləma xan da 10 min qoşunla ona qoşuldu və başda Təbriz olmaqla Azərbaycanın cənub hissəsinin, o cümlədən Təbrizin zəbt olunmasında iştirak etdi. Təkəlilər Səfəvi hökmdarı Şah Abbasın dövründə (1596-1597) öldürücü zərbə aldılar. Dövlət qulluğunda dəyərli yerlər ala bilməyən təkəlilər Amul hakimi məlik Bəhmənin hizmətinə daxil olduqları üçün Şah Abbas onların hamısının öldürülməsi haqqında əmr verdi. Sağ qalan təkəli camaatı ölkənin müxtəlif yelərinə dağılışmaqla canlarını qurtara bildilər. Bütün bunlara baxmayaraq, təkəlilər Səfəvi dövlətinin mədəni-siyasi həyatında mühüm rol oynadılar. Onların içərisindən şairlər, mahir bəstəkarlar çıxıb. Araşdırıcılar Təkəli tayfası ilə “Koroğlu” dastanı arasında bağlılıq görürlər. Həm Osmanlı, həm də Səfəvi imperiyalarında hərəkata başlayan tayfa eyni soykökə malik idi, Təklə-Təkəli tayfasıydı. “Koroğlu” dastanının Təbriz variantında Koroğlu Səfəvi hakimləri ilə deyil, əsasən Osmanlı paşaları, o cümlədən Osmanlı imperiyasına qatılan Dərbənd hakimi, Kürdüstan valisi və digərləri ilə vuruşur. Dastanda Cəlaliləri Səfəvi hakimiyyətinə bağlayan maraqlı faktlar var ki, bunlar Təkə-Türkman və Cəlali tayfalarının eyni soykökə bağlılığını göstərir. Süleyman Əlisanın dastandakı şeir parçalarından gətirdiyi nümunələr olduqca maraqlıdır. Koroğlu öz qoşmalarında fəxrlə deyir: “Təkə-Türkman, Cəlali tək elim var”, “Bolu bəg dutub Eyvəz balını, Deyün Təkəlidən ellərim gəlsin”. Koroğlunun özünü tanıdan türkülərində Yomut tayfasının adına da rast gəlirik: “Əslim gedər Təkə - Türkman - Yomuta”. Başqa bir yerdə Koroğlu öz tayfasının haralı olmasını belə söyləyir: “Muradbəyli derlər bizə, Meydanda mərdlik işləni”, “Ərəb paşa, sənə bir ərz eyləyim, Yerim xəbər alsan Muradbəyliyəm”. Koroğlunun sevimli aşığı Aşıq Cunun da əslən Təklə tayfasından idi. O, gənclik illərindən yaxşı tanıdığı Təkə-Türkman obasına gəlir. Burada qəssab Alının oğlu gənc Eyvazı yüz igidin içindən seçib bəyənir və onu Koroğluya və Nigar xanıma layiq bilir. Beləliklə, demək olar ki, Koroğlu indiki Ağdamın Muradbəyli, Eyvaz Bərdənin Türkmən, Aşıq Cunun isə Ağcabədinin Arasbar kəndlərində dünyaya gəliblər və Təklə tayfasındandırlar. 
Təklələrin təsərrüfat həyatı, mətbəx mədəniyyəti, toy adət-ənənələri tərəkəmə aləminə və prinsiplərinə aydınlıq gətirir. Təklələrin musiqi duyumu, dini inancları ayrıca araşdırılmağa layiqdir. Bütün bunları nəzərə alan Süleyman Əlisa Təklə yazarlarının əsərlərindən bəzi nümunələri, Təklə elinin söz boxçasını kitabına daxil etməklə bu elin inkişaf səviyyəsini açıb göstərir.
Professor Həsənbala Sadıqov yazır ki, Azərbaycanda kəndlilərin oturaq həyata keçmələri Səfəvilər dövründə tamamlanıb. Azərbaycan tərəkəmələri heç vaxt yaşadıqları kəndləri boş qoymurdular. Onların bir hissəsi mal-qaranı, qoyun-quzunu yaylağa aparanda bir qismi də kənddə qalıb əkinçiliklə, təsərrüfatla məşğul olurdular. Ona görə də tərəkəmə təklələr köçəri deyil, köçəri maldarlar idilər. Dünyanın müxtəlif guşələrinə səpələnmiş təkləlilərin qəbiristanlıqları onların həmin yerlərdə yaşadıqlarını əks etdirən daş salnamələrdir.
Tərəkəmələrin həyat tərzi tarixi ədəbiyyatda fərqlidir. Tərəkəmə təkləlilərin yaşadıqları məkanlarda iki yurd yeri və iki qəbiristanlığının olması onların həyat tərzinin müəyyən edilməsində mühüm rol oynayır. Belə ki, köçərilərin getdikləri yer olur, amma geri dönməli yerləri olmur. Tərəkəmə təkləliləri tarix boyu iki yurd yeri arasında hərəkət ediblər və hər iki yurdda öz daş kitabələrini əzizləri ilə birlikdə torpağın sinəsinə sancıblar.

xalqcebhesi.az

Комментариев нет:

Отправить комментарий