22.07.2016

“Şakro”nun generallar və azərbaycanlı milyarderlərlə sensasion işbirliyi

Rusiyanın Federal Təhlükəsizlik Xidməti bu günlərdə həbs edilən məşhur kriminal avtoritet, “Ded Xasan”dan sonra kriminal aləmin kralı statusunu alan “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşovun işi üzrə sensasion detallar açıqlayıb.
Virtualaz.org xəbər verir ki, FTX müstəntiqləri “Şakro Molodoy”un Azərbaycan əsilli yəhudi milyarderlər Roman və Solomon Manaşirov qardaşlarına “krışalıq” etdiyini, onların formalaşdırdıqları mütəşəkkil qruplaşmanın güc qanadı olduğu qənaətinə gəliblər.
Life.ru-nun xəbərinə görə FTX əmindir ki, Rusiya İstintaq Komitəsinin bir sıra korrupsioner müstəntiqləri “Şakro Molodoy”la əlbir olub. Öz növbəsində “Şakro Molodoy” Moskvadakı “Şirvan qruplaşması”nın liderləri hesab olunan Roman və Solomon Manaşirovlarla bağlıdır, onların “krışası” və bir növ güc qanadı idi.
Xatırladaq ki, Roman Manaşirov ötən il həbs olunub. O, Azərbaycan əsilli digər yəhudi milyoner Januko Rafailovu həbsdən buraxdırmaq üçün İstintaq Komitəsinin müstəntiqlərin iri məbləğdə rüşvət verdiyi üçün həbs edilib. Rafailov isə hazırda müflis olan Telman İsmayılovun keçmiş ortağıdır, “AST Cargo” şirkətinin rəhbəri olub və Moskvada yüzlərlə vyetnamlını qul kimi istismar etdiyi üçün həbs edilmişdi.
Solomon Manaşirov isə iri məbləğdə vergidən yayınmaqda ittiham olunur. Lakin o, İsrailə qaçdığından həbsdən yayına bilib. Manaşirov qardaşları Moskvanın daşınmaz əmlak krallarıdır və onların çoxsaylı ticarət mərkəzləri, digər kommersiya daşınmaz əmlakları var. Eyni zamanda Manaşirov qardaşları iri biznesmenlərin hüquq-mühafizə orqanları ilə problemlərini “həll etmək” üzrə ixtisaslaşıblar.
Bildirilir ki, Manaşirovlar iri biznesmenlərə əvvəl problem yaradır, sonra isə problemi həll edirmiş. “DİN və İstintaq Komitəsindən olan güc strukturları əməkdaşlarının köməyi ilə biznesmenlərə qarşı yoxlamalar təşkil olunurdu, yaxud onlara qarşı cinayət işləri qaldırılırdı. Güc strukturlarının əməkdaşları bundan sonra biznesmenləri həbs edirdi, sonra Manaşirovlar onlarla əlaqəyə girirdi və kömək təklif edirdi. Problemi pulla həll edə biləcəyini deyirdi. Qalanı isə ancaq texniki iş idi. Manaşirovlar deyirdi ki, onların DİN və İstintaq Komitəsində güclü əlaqələri var, iri məbləğdə rüşvət verib məsələni həll etmək olar”- FTX-dəki mənbə deyib.
Əgər Manaşirovların partnyorlarla hansısa münaqişəsi yaranırdısa və qurban təklif olunan məbləği ödəmək istəmirdisə, problemi güc strukturlarındakı tanışların köməyi ilə həll etmək mümkün olmurdusa işə “Şakro” qarışırdı.
“Şakro Molodoy” iyulun 12-də həbs olunub. Onun Jukovka qəsəbəsindəki dəbdəbəli malikanəsində məxsusi olaraq pul saxlamaq üçün otaq aşkarlanıb. Otaqda 5 min rublluq kupyurlardan və avrolardan ibarət pul bağlamalarının yığıldığı rəflər olub. Otaqda tapılan pullardan təkcə avronun bir neçə milyon olduğu bildirilir. Daha sonra bu iş üzrə İstintaq Komitəsinin yüksək rütbəli əməkdaşları general Denis Nikandrov, Mixail Maksimenko, habelə onun müavini Aleksandra Limonova həbs ediliblər. FTX müəyyən edib ki, “Şakro”nun adamı italiyalı biznesmeni həbsdən buraxdırmaq üçün onlara 1 milyon dollar rüşvət verib.
Məlumata görə hazırda FTX Manaşirovların işini “Şakro Molodoy”un işi ilə birləşdirməyi nəzərdən keçirirlər. Gözlənilir ki, Manaşirovlara qarşı mütəşəkkil cinayətkar qruplaşma yaratmaq ittihamı da irəli sürüləcək.
Manaşirov qardaşları, “Şakro” və Rusiya güc strukturlarının generalları arasında bu cinayətkar iş birliyi Azərbaycanda fəaliyyətinə xitam verilmiş MTN rəhbərliyinin- Eldar Mahmudov və qruplaşmasının dəst-xəttinə xeyli oxşardır. Xatırladaq ki, Mahmudovun və Akif Çovdarovun “Akula Akif” ləqəbli ortaqları əvvəlcə biznesmenlər arasından qurbanı müəyyənləşdirir, onun barəsində məlumatları toplayıb MTN-ə verirdi. Sonra MTN-in qara maskalıları qurbana hücum edir və onu ağlasığmaz ittihamlarla həbs edirdi, yaxud oğurlayırdı. Bu zaman “Akula” işə qarışır və qurbanla təmasa girərək onun məsələsini “həll etməyi” təklif edirdi. Nəticədə biznesmenlərin talanan əmlakları, milyonlarla dolları “Akula”nın əliylə Mahmudov-Çovdarov qruplaşmasının əlinə keçirdi. “Akula Akif” hazırda beynəlxalq axtarışdadır. O, Mahmudovun vəzifədən uzaqlaşdırıldığı günün ertəsi Bakıdan qaçıb.

virtualaz.org

Комментариев нет:

Отправить комментарий